Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1720/2022 10.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********60- 10301 reyestr nömrəli çıxarışa əsasən 0,18 hektar torpaq sahəsində inşa edilmiş qeyriyaşayış binası üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********60-10301 reyestr nömrəli çıxarışa əsasən 0,18 hektar torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binası üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 11 aprel 2022-ci il tarixli **********76 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq, hazırki tələblə cavabdeh məhkəməyə müraciət etmişdir. X4, X7, X5 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının və ailə üzvlərinin mülkiyyətində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********60-10301 reyestr nömrəli çıxarışa əsasən 0,18 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsində 2001-ci ildə qeyri-yaşayış obyekti inşa etmişdir. Bununla əlaqədar həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsindən razılıq da alınmışdır. Tikilinin eskiz layihəsi mövcuddur. DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müraciət etmişdir. Oradan verilmiş cavabda bildirilmişdir ki, qeyri-yaşayış binasına dair Rayon İcra Hakimiyyətinin tikiliyə icazə verilməsi barədə qərarı, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir. Hesab edir ki, 2001-ci il tarixdə inşa edilmiş tikili üzərində qeydiyyat orqanının formal tələblərin irəli sürülməsi süründürməçilik halıdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Həmçinin hesab etsək belə ki, tikinti özbaşına tikilib və lazımi icazələr alınmayıb, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.3-ci maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Qeyd olunan torpaq sahəsi onun və ailə üzvlərimin mülkiyyətindədir, tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur, həmçinin fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmır. Göstərilənlərə əsasən, qeyd olunan məsələ ilə bağlı olaraq məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 19 sentyabr 2022-ci il tarixli məhkəmə iclasında iddiaçı iştirak etmiş, məhkəmə suallarına cavabında istismara qəbul aktının olmadığını, tikintiyə icazənin Quba rayon İHB-nın 2-ci Nügədi İƏV üzrə nümayəndəliyi tərəfindən verildiyini bildirmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 12.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüqularının dövlət qeydiyyatını aparır. Təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedlci sənədlər təqdim olunmamışdır. Belə ki, ərizədə qeyd olunan qeyri-yaşayış binasına dair Quba rayon İcra Hakimiyyəti Başçısının tikintiyə İcazə verilməsi barədə qərarı, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2. maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş çoxmənzilli binalara, qeyriyaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq İcra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Həmin Qanunun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan səbəblərdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1 -ci maddəsində göstərilir ki, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin məcəllənin 240.2-ci maddəsində göstərilir ki, torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Göründüyü kimi, bu norma da şəhərsalma və tikinti normalarını və qaydalarını tələblərin gözlənilməsi şərti ilə torpaq sahəsində binalar və qurğuların ucaldılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bildirirlər ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçrilməmiş, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir, həmin daşınmaz əmlakın digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst- üstə düşübdüşməməsi müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından aşağıda qeyd edilənlərə əsasən əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********60-10301 reyestr nömrəli çıxarışa əsasən 0,18 hektar torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binası üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini istəyir. Cavabdeh isə aşağıdakı əsaslarla iddianın təmin edilməsindən imtina edir : 1. ərizədə qeyd olunan qeyri-yaşayış binasına dair Quba rayon İcra Hakimiyyəti Başçısının tikintiyə İcazə verilməsi barədə qərarı, 2. tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.18 ha torpaq sahəsi İddiaçı, X1, X3, X2 ümumi birgə mülkiyyətindədir. (reyestr nömrəsi **********60-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) Quba rayon İHB-nın 2-ci Nügədi İƏV üzrə nümayəndəsinin 12 avqust 1999-cu il tarixli, 23 №li Sərəncamından çıxarışdan görünür ki, 2-ci Nügədi kəndində yaşayan İddiaçı özünəməxsus həyətyanı torpaq sahəsinin 88 kvadrat metrində mağaza tikintisinə icazə verilmişdir. İcra nümayəndəliklkərinin qeyri-yaşayış sahəsi ilə bağlı tikintiyə izazə verməsi 12 avqust 1999-cu il tarixində nədə hazırda qüvvədə olona qanunvericilikdə nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, tikintiyə icazənin səlahiyyətli olmayan nümayəndəlik tərəfindən verilməsi və aparılmış tikilinin istismara qəbul edilməməsi cavabdeh inzibati orqanın imtinası əsaslı olduğunu göstərir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən: 48.1. Tikintisinə icazə tələb olunan tikinti obyektlərinin, habelə məlumatlandırma icraatı qaydasında tikilməsi nəzərdə tutulan tikinti obyektlərinin layihələri layihəçi tərəfindən hazırlanır. Yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər layihəçi ola bilərlər. 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunmuşdur. Həmin Qanunun 8.0.10.1 -ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunmuşdur. Habelə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin 30 dekabr 1999-cu il tarixli, 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları” ilə tikintisi başa çatmış tikililərin istismara qəbul qaydaları müəyyən edilmişdir. Göründüyü kimi qanunvericiliyin tələbi olsa da, tikintiyə icazənin Quba rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilməsi, iddiaçının həyata keçirdiyi tikilinin istismara qəbul edilməsi müəyyən edilmir və iddiaçı qanunvericilyin tələblərinə tam əməl etmədən cavabdeh inzibati orqana müraciət etmişdir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Yuxarıda qeyd edilən normalardan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğunun tam olmadığı müəyyən edilmişdir. Beləki, mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas olan zəruri sənədlər inzibati orqana təqdim edilməmişdir. Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın mülkiyyət hüququna dair reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1720/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1720/2022
10.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver