Məhkəmə qərarları › İş №2-1(118)-1722/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1722/2021

26.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1722/2021 26.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı regional ərazi filialına qarşı “əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı narazı qalaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci ildə Quba rayonu, İqriq kəndində anadan olmuşdur, 1973-cü ildə Azərbaycan Politexnik İnstutunun mexanika fakültəsinə daxil olmuşdur və 1978-ci ildə oranı bitirmişdir, təyinatla Sumqayıt şəhərində olan «Tekstil» Trikotaj Fabrikində əmək fəaliyyətinə başlamışdır, baş usta, sex rəisi vəzifəsində 2002-ci ilə qədər işləmişdir. Müəssisədə əmək fəaliyyəti 23 il 9 ay olmuşdur. İddiaçının əmək kitabçasında aparılmış qeydlər və əmək stajı əsasında pensiyaya çıxmaq barədə DSMF-nun 2 saylı regional ərazi filialına müraciət etmiş, iddiaçıya bildirilmişdir ki, işlədiyi müəssisədən əmək stajı ilə bağlı arxiv arayışı almalıdır. Halbuki, iddiaçının əmək kitabçasında iddiaçının bu müəssisədə işləməsi ilə bağlı qeydlər yazılmışdır, lakin pensiya təyinatı idarəsi bu qeydlərlə qane olmayaraq arxiv arayışının verilməsinə lüzum görmüşdür. Qeyd edilənlərdən görünür ki, iddiaçının 1973-1978-ci illərdə İnstututda təhsil aldığı 5 il mövcud qanunvericiliyə görə staj hesab olunur. Əlavə olaraq bildirmişdir ki, Sumqayıt şəhərində olan <<Tekstil>> Trikotaj Fabrikinin hazırki, varisi Azərbaycan Sənaye Korporasiyası <<Tekstil>> Fabriki MMC-nin direktoru cənab Polad Böyükkişiyevə 25.06.2021-ci ildə arxiv arayışının verilməsi ilə əlaqədar müraciət etmişdir. Həmin müəssisənin 01.07.2021 -ci il tarixli cavab məktubunu almışdır. Bildirirlər ki, arxiv sənədlərinin onlarda olmaması ilə əlaqədar arxiv arayışını verə bilmirlər. Digər tərəfdən DSMF-nun 2 saylı regional ərazi filialı tərəfindən 03.08.2021-ci il tarixdə iddiaçıya 10.12.2020-ci il tarixli **********4 nömrəli məktubla yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə,inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə dair iddialara (mübahisələndirmə haqqında iddia): inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara(məcburetmə haqqında iddia): Maddə 14.Sübut etmə vəzifəsi Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərinin mövcudluğunu sübut etməlidir. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X2 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmdən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, İddiaçı 1973-cü il tarixdən 1978-ci il tarixədək Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsində təhsil aldığını, həmin təhsil müəssisəsini bitirdikdən sonra təyinatla Sumqayıt şəhərində yerləşən “Tekstil” Trikotaj Fabrikində əmək fəaliyyətinə başladığını və 2002-ci il tarixədək işlədiyini iddia edir. İddiaçı ona pensiya təyin olunması üçün Fondun 2 saylı regional ərazi filialına müraciət etmişdir. Fondun 2 saylı regional ərazi filialının 10 dekabr 2020-ci il tarixli **********4 nömrəli məktubu ilə iddiaçıya pensiya təyin edilməsindən imtina olunmuşdur. İmtinanın əsası kimi, iddiaçının qanunla tələb olunan 25 il sığorta stajı olmadığı qeyd olunmuşdur. İmtinadan narazı qalan iddiaçı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq işə münasibət bildirərək hesab edirlər ki, cavabdeh tərəfindən verilən imtina qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün iki şərt mövcud olmalıdır: 1) iddiaçı qanunla müəyyən olunmuş yaş həddinə çatmalı, 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq və ya azı 25 il sığorta stajı olmalıdır. İddiaçı xx.xx.1955-ci il tarixində anadan olmuşdur, iddiaçı ona pensiya təyin edilə bilməsi üçün qanunla müəyyən olunmuş yaş həddinə 15.06.2020-ci il tarixdə çatmışdır. İddiaçıya hal-hazırda pensiya təyin edilə bilməməsinin səbəbi 2-ci şərtin ödənilməmisidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” nin 3-cü Maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İddiaçının əmək kitabçasında həmin əmək kitabçasının 02 iyul 1979-cu il tarixdə tərtib olunduğu qeyd edilmişdir. İşlədiyini iddia etdiyi illər əmək kitabçasında qeyd olunmasına baxmayaraq, kifayət qədər ziddiyyətli məqamlar mövcuddur. Belə ki, iddiaçının işlədiyini iddia etdiyi dövrlər əmək kitabçasından başqa hər hansı sənəddə öz təsdiqini tapa bilmir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsində sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. Sözügedən iş üzrə 02.12.2020-ci il tarixdə Fondun 1 saylı regional ərazi filialı tərəfindən “Sumqayıt Üst Trikotaj Fabriki’hin mühasibinin iştirakı ilə tərtib edilmiş aktdan məlum olur ki, İddiaçı əmək stajının və əməkhaqqı, əməkhaqqından məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi faktının yerində qarşılıqlı yoxlanılması, həmin dövrlərin sənədlərinin olmamasından mümkün olmamışdır. Həmçinin, iddiaçının işlədiyini iddia etdiyi müəssisə barədə 01.06.2021-ci il tarixli **********766200 nömrəli Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin məktubunda “Sumqayıt Üst Trikotaj” fabrikinin 30.01.1995-ci il tarixdə D-970 saylı şəhadətnamə ilə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alındığı, Azərbaycan Respublikası Əmlak Nazirliyinin 05.12.2000-ci il tarixli sərəncamına əsasən “Sumqayıt Trikotaj” Açıq tipli Səhmdar Cəmiyyətinə çevrildiyi və Ədliyyə Nazirliyində 20.12.2000-ci il tarixdə D-3061 nömrəli şəhadətnamə ilə yenidən qeydiyyata alındığı qeyd olunmuşdur. Bundan başqa, 23.09.2008-ci il tarixli 01/08 nömrəli protokola əsasən müəssisə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Göründüyü kimi qeyd edilən nüans iddiaçının 08.08.1978-ci il tarixdən qeyd olunan müəssisədə işləməsi faktını şübhə altına alır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 29 iyul 2021-ci il tarixli 01/3- 1750 nömrəli məktubunda “Sumqayıt Üst Trikotaj” fabrikinin 21 iyun 1996-cı il tarixdən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olduğu göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 noyabr 2020-ci il tarixli **********626000 nömrəli məktubuna əsasən “Sumqayıt Üst Trikotaj” fabrikinin 30.01.1996-cı il tarixdə D-970 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Əlavə olaraq, “Sumqayıt Üst Trikotaj” fabriki 2004-cü il tarixdən hazırki dövrədək inverntarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. İddiaçı 08.08.1978-ci il tarixdən 14.05.2002-ci il tarixədək işlədiyini iddia etdiyi halda həmin müəssisənin 1995-ci il tarixdən (Vergi Xidmətinin məktubuna əsasən 1996-cı il tarixdən) qeydiyyata alınması, iddiaçının 1978-2002-ci illərdə Sumqayıt Üst Trikotaj fabrikində işlədiyi müddətin mötəbərliyini şübhə altına alır. Həmçinin, qeyd olunmalıdır ki, qanunvericiliyə əsasən, hüquqi şəxsin dövlət qeydiyyatına alınması hələ onun fəaliyyət göstərməsi demək deyil. Hüquqi şəxsin fəaliyyət göstərməsi üçün dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilməlidir. Dövlət Vergi Xidməti tərəfindən 26.10.2020-ci il tarixli məktubda qeyd olunur ki, Sumqayıt Üst Trikotaj Fabriki 2004-cü ildən hazırki dövrədək inventarlaşmadan keçərək yeni VÖEN almaq üçün qeydiyyatdan keçməmişdir. İddiaçının qeyd etdiyi müəssisənin qeydiyyatdan keçdiyi 30.01.1995-ci il tarix onunun həmin tarixdən işləməsini güman edilməsinə səbəb olsa belə, İddiaçı pensiya təyinatı aparılması üçün kifayət etməyəcəkdir. İddiaçı məhz 1978-ci il tarixdən 2002-ci il tarixədək həmin müəssisədə işlədiyini iddia edirsə, həmin müəssisənin həmin ildən faktiki fəaliyyət göstərdiyi, iddiaçının həmin tarixədək orada işlədiyi şübhələrdən azad sübutlarla təsdiq olunmalıdır. Belə ki, təkcə iddiaçının deyil, həm də ümumiyyətlə müəssisənin fəaliyyətinə dair məlumatların iddiaçının onun əmək fəaliyyətinə dair təqdim etdiyi sənədlərdəki məlumatlarla uyğunluq müəyyən olunmalıdır. Əlavə olaraq qeyd edirlər ki, əmək kitabçasında iddiaçının işdən çıxması barədə aparılan qeyd də qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək Məcəlləsinə deyil, qüvvədən düşmüş Əmək Qanunları Məcəlləsinə istinad edilərək aparılmışdır. İddiaçı işdən çıxarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsi qüvvədə olmuş, (01,07.1999-cu il tarixdən) Azərbaycan SSRİ-nin 1971-ci il 10 dekabr tarixli Əmək Qanunlar Məcəlləsi isə qüvvədən düşmüş hesab edilmişdir. 14.05.2002-ci il tarixli qeyd də məhz göstərilən səbəbdən şübhəlidir. Həmçinin qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən təqdim edilmiş 01.07.1978-ci il tarixli B-1 № 003919 nömrəli diplomda onun 1973-cü il tarixdən 1978-ci il tarixədək Azərbaycan Politexnik İnstitutunda (hazırki Azərbaycan Texniki Universiteti) yüngül sənaye maşınları və aparatları ixtisası üzrə təhsil aldığı qeyd olunsa da, həmin təhsil formasının əyani və ya qiyabi olması göstərilməmişdir. İddiaçının təhsil formasının müəyyən olunması məqsədilə cavabdeh tərəfindən Azərbaycan Texniki Universitetinə 28 sentyabr 2021-ci il tarixdə **********7 nömrəli sorğu göndərilmişdir. Lakin, hal-hazırki tarixədək sorğuya müvafiq cavab təgdim edilməmişdir. “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” 25 noyabr 1992-ci il tarixli 638 nöömrəli Əsasnamənin 8-ci bəndində qeyd olunur ki, ali, orta ixtisas və peşə texniki tədris müəssisələrini bitirmiş şəxslərin əyani təhsil müddəti, habelə aspirantura, doktorantura və klinika ordinaturasında, kadr hazırlayan, ixtisasını artıran və yeni ixtisas verən məktəb və kurslarda təhsil müddəti diplom, vəsiqə, şəhadətnamə, eləcə də təhsil müddətləri göstərilməklə arxiv məlumatlarına əsasən verilən arayış və digər sənədlərə əsasən təsdiq olunur. Həmin əsasnaməyə əsasən, sənədlərdə belə məlumatlar olmadıqda təhsil müddətini təsdiqedici sənəd kimi həmin təhsil müəssisələrində müvafiq illərdə əyani təhsil müddəti barədə verilən arayışlar əsas götürülə bilər, bu şərtlə ki, sənədlərdə təhsili tam başa vurması göstərilmiş olsun. Bundan başqa, iddiaçının fərdi hesabının qanunla tələb olunan pensiya kapitalı da mövcud deyil. Ümumilikdə, müəyyən olunur ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün iddiaçı qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər sığorta stajı və ya tələb olunan pensiya kapitalı olmadığı üçün ona pensiya təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iştirak etmiş, etirazı müdafiə etmiş, iddianın rədd edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının təhsil aldığı dövrlər nəzərə alınır, lakin iddiaçının kifayət qədər sığorta stajı və ya tələb olunan pensiya kapitalı olmadığı üçün iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Quba rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 11.12.2020-ci il tarixli 158 saylı Qərarına əsasən İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. 02.12.2020-ci il tarixdə Fondun 1 saylı regional ərazi filialı tərəfindən “Sumqayıt Üst Trikotaj Fabriki’hin mühasibinin iştirakı ilə tərtib edilmiş aktdan məlum olur ki, İddiaçı əmək stajının və əməkhaqqı, əməkhaqqından məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi faktının yerində qarşılıqlı yoxlanılması, həmin dövrlərin sənədlərinin olmamasından mümkün olmamışdır. 01.06.2021-ci il tarixli **********766200 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin məktubunda “Sumqayıt Üst Trikotaj” fabrikinin 30.01.1995-ci il tarixdə D-970 saylı şəhadətnamə ilə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alındığı, Azərbaycan Respublikası Əmlak Nazirliyinin 05.12.2000-ci il tarixli sərəncamına əsasən “Sumqayıt Trikotaj” Açıq tipli Səhmdar Cəmiyyətinə çevrildiyi və Ədliyyə Nazirliyində 20.12.2000-ci il tarixdə D-3061 nömrəli şəhadətnamə ilə yenidən qeydiyyata alındığı qeyd olunmuşdur. 23.09.2008-ci il tarixli 01/08 nömrəli protokola əsasən müəssisə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunidir və hər hansı bir pozuntuya yol verməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının təhsil aldığı illərin sosial sığorta stajı kimi nəzərə alınsada, iddiaçının ümumilikdə 25 il sığorta stajına malik olmadığı üçün ona pensiya təyin edilməsindən imtina olunması əsaslı olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı 08.08.1978-ci il tarixdən 14.05.2002-ci il tarixədək “Sumqayıt Üst Trikotaj” fabrikində işlədiyini qeyd etsə də, iddiaçının əmək stajının, əmək haqqı, əmək haqqından məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi faktının yerinin qarşılıqlı yoxlanılması həmin dövrlərin sənədlərinin olmamasından mümkün olmamışdır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 31.2-ci maddəsinə əsasən Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Lakin hazırki işdə iddiaçının 08.08.1978-ci il tarixdən 14.05.2002-ci il tarixədək “Sumqayıt Üst Trikotaj” fabrikində işlədiyi dövrlərə aid iş stajı əmək kitabçasında qeyd edilsədə gigər sənədlərlə öz təsdiqini tapmamışdır. Mübahisəli dövrlər nəzərə alınmadıqda isə, hazırda qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının pensiya hüququ yaranmır. Bu halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın qeyd edilən dövrləri nəzərə almaqla iddiaçıya pensiya təyin edilməsindən imtinası əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar