Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1724/2022 05.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsə qarşı “xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün əlillik müavinətinin birdəfəlik olaraq iddiaçıya ödənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müracət edərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün əlillik müavinətinin birdəfəlik olaraq iddiaçıya ödənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edlməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya cavabdeh orqan tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixə kimi 2-ci qrup əlilliyə görə müavinət təyin edilmiş və əlillik müddəti bitdiyi üçün xx.xx.2021-ci il tarixindən müavinətin ödənilməsi dayandırılmışdır. İddiaçı yenidən həkim müayinələrindən və komissiyalarından keçdikdən sonra 2-ci qrup əlilliyi bərpa edilmiş və xx.xx.2021-ci il tarixdən yenidən müavinət ödənilməsi davam etdirilmişdir. Lakin arada olan 6 ay müddət üçün ödəmə aparılmamışdır. Bu barədə cavabdeh təşkilata müraciət etdikdən sonra cavabdeh imtina verərək onunla izah etmişdir ki, təkrar qiymətləndirmədən 6 ay müddət keçdiyi üçün həmin dövr üçün ödəmə aparıla bilməz. Cavabdehin imtinası qanunsuzdur. Çünki iddiaçının əlilliyi gözlə bağlıdır. Bu əlillik xx.xx.2016-cı il tarixdə müəyyən edilmiş və həmin əlillik bugünə kimi davam edir. Arada keçən 6 aylıq müddət iddiaçının günahı deyil. Müayinələrin uzanması, həkimlərin səhlənkarlığı və sistemdə yaranmış problemlərlə bağlıdır. Mübahisə edilməyən fakt odur ki, ilk əlillik təyin edilən gündən bugünə kimi iddiaçının əlilliyi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Beləliklə, bürokratik maneələr, həkim səhlənkarlığı və müayinə nəticələrinin sistemə vaxtında vurulmaması onların haqqı olan illik müavinətin ödənilməməsi üçün hüquqi əsas ola bilməz. Qeyd edilməlidir ki, əlillik gözlə əlaqədardır və cavabdehin təyin etdiyi əlillik 2016-cı ildə mövcud olmuş, hazırda da mövcuddur. Belə olan halda vətəndaşdan asılı olmayan səbəblərdən təkrar əlillik təyin etmənin 6 ay uzanması əlilin qanuni haqqı olan müavinətdən məhrum edilməsi ilə nəticələnə bilməz. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, imtina qanuni və əsaslı olmuşdur. Belə ki, İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəz filialına müraciət edərək, əlilliyə görə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş müavinətin hesablanıb ödənilməsini xahiş etmiş, cavabdeh orqanın xx.xx.2022-ci il tarixli cavab məktubunda iddiaçının əlillik dərəcəsinin xx.xx.2021-ci il tarixdə bitdiyini və əlillik dərəcəsinin bitdiyi tarixdən təkrar müəyyən edildiyi tarixədək 6 aydan çox müddət keçdiyindən (xx.xx.2021-ci il) qeyd olunan dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsinin mümkün olmadığı qeyd edilmişdir. Bundan sonra iddiaçı “əlilliyə görə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş müavinətin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddiasını onunla əsaslandırmışdır ki, ötürülən 6 ay onun ucbatından deyil, müayinələrin uzanması, həkimlərin səhlənkarlığı və sistemdə yaranan problemlərlə əlaqədar ötürülmüşdür. “Əmək pensiyaları haqqında’’ Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında" xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Sözügedən Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Sözügedən Qanunun 3.3-1-ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Sözügedən Əsasnamənin 4.26-cı bəndinə əsasən, əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına, işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, "qanuni gözlənti” və “hüquqi müəyyənlik" prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.” İddiaçı əlillik statusunu xx.xx.2021-ci il tarixində “qazanmışdır”. İddiaçıya qeyd olunan tarixdə əlillik verildiyindən həmin tarixdən etibarən əlilliyə görə pensiya bərpa edilib ödənilir. Lakin 6 ay ötürüldüyündən sözügedən qanunun 3.3-1-ci maddəsinin tələblərinə müvafiq olaraq mübahisələndirilən dövrün ona ödənilməsi qanunun tələblərinə ziddir. Qeyd edilənlərə əsasən cavabdeh orqan iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etirazla eyniməzmunlu izahat verərək təmin olunmamasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara daxildir: • İş materiallarında olan cavabdeh orqanın məktubundan görünür ki, iddiaçının müraciətindən imtina olunmuşdur. • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 12 saylı Tibbi Sosial Ekspert Komissiyasının müayinə olunan şəxs barədə məlumatına əsasən iddiaçıya xx.xx.2016-cı il tarixdə ikinci dərəcə əlillik təyin edilmişdir. • Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair arayışla müəyyən olunur ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə yenidən ikinci dərəcəli əlillik müəyyən edilmişdir ( diaqnoz – irsi retinal distrofiyalar, OU-torlu qişanın kolbacıq distrofiya VİZUS OU) • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2021-ci il tarixli tibbi rəyinə əsasən iddiaçıya H54.1- Binokulyar, ağır görmə pozğunluğu; H35.5-İrsi retinal distrofiyalar; H52.2-Astiqmatizm diaqnozları qoyulmuşdur. • TQS № 088 arayışdan da iddiaçının ikinci dərəcə əlil olması müəyyən edilir. Həkim Məsləhət Komissiyasının xx.xx.2021-ci il tarixli bildirişində qeyd olunmuşdur ki, iddiaçı 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin Həkim Məsləhət Komissiyası tərəfindən müayinə olunmuşdur və bu barədə göndəriş “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil edilmişdir. • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının arayışlarında iddiaçının ikinci dərəcə əlillik olması müəyyən edilmişdir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyyarlardan biridir. İşdən göründüyü kimi hazırkı işdə iddianı mümkünsüz edən hər hansı bir hala rast gəlinməmişdir. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. İş materiallarından göründüyü kimi iddiaçı ikinci qrup əlildir. İlkin olaraq iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək İİ qurp əlilliyə görə müavinət təyin edilmişdir. Həmin əlilliyin müddətinin bitməsi səbəbindən müavinətin ödənilməsi xx.xx.2021-ci il tarixdən etibarən dayandırılmışdır. Daha sonra iddiaçının əlilliyi xx.xx.2021ci il tarixdən xx.xx.2026-cı il tarixədək yenidən müəyyən edilmiş və xx.xx.2021-ci il tarixdən İİ dərəcə əlilliyə görə müavinət təyin edilmişdir. Beləliklə, iddiaçıya xx.xx.2021-xx.xx.2021ci il aralığında əlilliyə görə müavinət ödənilməmişdir. Bununla bağlı iddiaçı tərəf müvafiq olaraq cavabdeh orqana müraciət etməsinə baxmayaraq, cavabdeh orqan əlilliyin təkrar qiymətləndirilməsi tarixindən, yəni xx.xx.2021-ci il tarixdə yenidən bərpa edildiyindən müavinətin həmin tarixdən ödənilməli olmasını əsas gətirərək iddiaçının müraciətindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətindən imtinası əsaslı olmadığından iddia təmin edilməlidir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər (3.1.). “Əmək pensiyaları haqqında’’ Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında" xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının (TSEK) müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir (3.1.). Şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (3.3.). Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir ( 3.3-1.). Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının ərizəsinin təmin edilməsinə dair etirazı əsassızdır. Hazırkı iş üzrə iddiaçının ikinci qrup əlil olması işin mübahisəsiz tərəfidir. Belə ki, xx.xx.2016-xx.xx.2021 və xx.xx.2021-xx.xx.2026-cı illər üzrə iddiaçıya əlillik müddəti təyin edilmişdir. xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək 6 aylıq müddət ərzində iddiaçıya əlilliyin yenidən təyin edilməsinin uzanması iddiaçının təqsiri deyildir. Yəni, 6 ay ərzində iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində onun İİ dərəcə əlilliyi müəyyən edildiyi üçün ötürülmüş həmin müddət də daxil olmaqla iddiaçı əlilliyi olan şəxs hesab edilir. Həmin 6 aylıq müddət ərzində iddiaçıya müavinətin ödənilməməsi onun hüquqlarının və qanuni mənafeyinin pozulmasına səbəb olar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, iddiaçı iddia tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır, iddiaçıya əlilliyə görə ödənilmiş müavinətin dayandırıldığı xx.xx.2021-ci il tarixdən yenidən bərpa edildiyi xx.xx.2021-ci il aralığında olan dövr üçün əlillik müavinətinin iddiaçıya ödənilməsi təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün əlillik müavinətinin birdəfəlik olaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-1724/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1724/2022
05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver