Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1726/2022 21.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı “ona əlavə 12 kv.metr yaşayış sahəsi olan yeni 1 (bir) otaqlı mənzil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o ailə üzvləri ilə birgə X4 yaşayış sahəsi 78 kv.metr olan binasında yaşayırmış, 05 fevral 2019-cu ildə Şamaxıda baş verən güclü zəlzələ nəticəsində onların da qəzalı vəziyyətə düşmüş yaşadığı yataqxanadan çıxarıb, rayonda tikilən binadakı sahəsi əvvəlkindən xeyli az yaşayış sahəsinə malik olan (66,22 kv. metrlik) evlə təmin ediblər. İddiaçı bundan narazılıq edib aidiyyəti Dövlət Orqanlarına çoxsaylı şikayətlər yazıb bildirdirmiş ki, yeni evi darısqaldır və faktiki olaraq sahəsi 12 kv.metr az olan mənzilə köçürülmüşlər. Bir ildən çoxdur ki, dövlət orqanlarına müraciətlər etsə də məsul şəxslər müraciətlərini bir-birinin üstünə ötürür və nəticədə şikayətinə baxan yoxdur. X4 rəhbərliyi tərəfindən ona verilmiş 27 saylı, 25 sentyabr 2021ci il tarixli Arayışdan görünür ki, həmin Liseyin balansında olan onların yaşadığı xidməti binanın 11 nömrəli mənzilinin ölçüsü 78 kv.metrdir. Çoxsaylı müraciətləri əsasında Şamaxı Rayon İcra Hakimiyyətindən ona göndərilmiş Ş- 03-1868 saylı, 05 oktyabr 2021-ci il tarixli cavab məktubunda yazılmışdır ki, 05 fevral 2019-cu ildə Şamaxı rayonunda baş vermiş zəlzələ nəticəsində evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlar üçün Azərbaycan Respublikasının Fövqəladə Flallar Nazirliyi tərəfindən Şamaxı şəhərində yaşayış binaları inşa olunmuş və vətəndaşlar yeni mənzillərə köçürülmüşlər. Mənzillər Fövqəladə Flallar Nazirliyinin tərtib etdiyi siyahı əsasında nazirliyin əməkdaşlarının iştirakı ilə vətəndaşların əvvəl yaşadıqları evlərin sahəsinə uyğun püşkatma yolu ilə paylanmışdır. Sonda püşkatma əsasında onlara Şamaxı şəhərində M.Hadi küçəsində yeni inşa olunmuş 110 mənzilli binanın 9 saylı mənzilinin püşkatma yolu ilə verilməsi yazılmışdır. Müraciətlərinə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən də ona 37/Q-00469 saylı, 04 mart 2021-ci il tarixli cavab göndərilmişdir. Bu cavabda da yuxarıda qeyd etdiyi eyni məlumatlar təkrarlanaraq onlara ünvan 1 ünvanında Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilmiş, elektrik enerjisi, su və qazla təchiz olunmuş 110 mənzilli binada 2 otaqlı, 66,22 kv.metr sahəsi olan mənzil verildiyi yazılmışdır. Bundan əlavə, mənzillərin bölüşdürülməsi prosesinin X5 rəhbərliyinin təsdiq etdiyi siyahılar əsasında Şamaxı Rayon İcra Hakimiyyəti keçirilməsi və buna görə müvafiq icra hakimiyyətinə müraciət etməyi ona tövsiyyə olunmuşdur. Yenidən Şamaxı RİH müraciət etsə də ona müsbət cavab verilməmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesində iştirak edən Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının istifadəsində olmuş yaşayış sahəsi peşə litseyi tərəfindən ona xidməti mənzil kimi verilmiş və həmin mənzilə dair iddiaçının mülkiyyət hüququ tanınmamışdır. Şamaxı rayonunda baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədi ilə rayon ərazisində FHN-i tərəfindən yüksəkmərtəbəli yaşayış binası inşa edilərək qəzalı vəziyyətə düşmüş mənzilin sakinlərinin istifadəsinə verilmişdir. Qeyd olunan 3 blokdan ibarət yaşayış binasının balansaxlayıcısı yoxdsur. Mənzillərin bölgüsünə gəldikdə isə rəsmi sənədlərə malik sakinlərə müvafiq mənzillər paylanılmışdır. Şamaxı Rayon İcra Hakimiyyəti də mənzillərin bölgüsü zamanı atılmış püşkatmada iştirak etmişdir. Müvafiq yaşayış binasının hansı qurumun balansına verilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə sorğular göndərilmiş, lakin hələ həmin yaşayış binası Şamaxı rayon İcra Hakimiyyətinin balansına verilməmişdir. İddiaçıya əlavə yaşayış sahəsinin verilməsi faktiki olaraq Şamaxı Rayon İcra Hakimiyyətinin səlahiyyətində deyil. Sadəcə olaraq Yerli İcra Halimiyətinin Əsasnaməsinin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binanın sakinləri yeni inşa edilmiş yaşayış binasına köçürülmüşdürlər. Bu səbəbdən də iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəməyə mübahisə predmetinə dair sənədlər təqdim edilmişdir. Həmin sənədlərə: X4 20 nömrəli, xx.xx.2001-ci il tarixli əmrin surəti, 27 nömrəli, xx.xx.2021-ci il tarixli arayışın surəti, cavabdehin 05 oktyabr 2021-ci il tarixli, 03-1868 nömrəli məktubu, FHN tərəfindən verilmiş məktubların surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi X5 tərəfindən 78 kv.metr olan yaşayış sahəsi ayrılmışdır. 05 fevral 2019-cu ildə Şamaxıda baş verən zəlzələ nəticəsində həmin yaşayış binası qəzalı vəziyyətə düşmüş, iddiaçı müvafiq qəzalı yataqxanadan çıxarılıb və rayonda dövlət tərəfindən tikilən yeni yaşayış binasından 66,22 kv.metr sahəsi olan yeni yaşayış səhasi ilə təmin edilib. İddiaçı yaşayış sahəsinin əvvəlki mənzilindən kiçik olduğundan narazılıq edərək, cavabdehdən əlavə yaşayış sahəsinin verilməsini tələb etmiş və iddiaçının tələbi cavabdeh tərəfindən müsbət həll edilmədiyindən iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olduğundan iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçının sahibliyində olan yaşayış sahəsi üzərində onun mülkiyyət hüququ tanınmamış, yəni məzil xidməti yaşayış sahəsi kimi iddiaçının istifadəsinə verilmişdir. Şamaxı rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında yeni inşa edilmiş binaya köçürülmə ilə bağlı olan münasibətlər hər hansı bir mülki hüquqi əqdlərə əsaslanmamış və iddiaçının yeni inşa edilmiş yaşayış binasına Şamaxı Rayon İcra hakimiyyəti tərəfindən köçürülməsi “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.7-ci bəndində göstərilmiş vəzifələrin yerinə yetirilməsindən irəli gəlmişdir. Belə ki, həmin Əsanamənin 3.9.7-ci bəndinə əsasən yerli icra hakimiyyətləri qəza vəziyyətində olan yaşayış sahələrinin bərpası üçün tədbirlər görürlər. Nəzərə alınmalıdır ki, xx.xx.2019-cu ildə Şamaxı rayonunda baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırıması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarının icrasının həyata keçirmək məqsədi ilə yerli icra hakimiyyəti orqanları vətəndaşların təhlükəsizliyin təmin edilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsində iştirak etmişdirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qəzalı vəziyyətdə olan mənzillərin sakinlərinə verilmiş yaşayış sahələri onların mülkiyyətinə deyil istifadəsinə verilmiş və həmin mənzillərin vətəndaşların istifadəsinə verilməsini Şamaxı Rayon İcra Hakimiyyəti həyata keçirmişdir. Lakin, Şamaxı Rayon İcra Hakimiyyətinin mənzillərin sahəsi ilə bağlı həmin sakinlərin qarşısında hər hansı bir öhdəliyi olmadığına görə ona qarşı bu səpkidə qaldırılmış iddiaların təmin edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilən xüsusatlara və maddi hüquq normalarına əsasən hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81.1 və 85.1 maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı “ona əlavə 12 kv.metr yaşayış sahəsi olan yeni 1 (bir) otaqlı mənzil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1726/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1726/2022
21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver