Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-173/2024 29.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Binəqədi rayon İcra Hakimiyyəti başçısının 30 noyabr 2000-ci il tarixli 1869 nömrəli sərəncamı ilə ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında Sumqayıt Məhkəmə Kompleksində açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 20 noyabr 2000-ci il tarixli, 1869 nömrəli sərəncamına əsasən faktiki olaraq Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən X2 adına olan 0,06 ha (600 m2) torpaq sahəsi üzərində olan mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq tanınmasına dair çıxarışın verilməsi öhdəliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Binəqədi rayon İcra Hakimiyyəti başçısının 30 noyabr 2000-ci i tarixli, 1869 nömrəli sərəncamı ilə ayrılmış Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının 20 noyabr 2000-ci il tarixli 1869 nömrəli sərəncamına əsasən Xırdalan qəsəbəsində, Xocasən qəsəbəsinin inzibati ərazisinə aid olan hissədə qəsəbə nümayəndəliyinin təsdiq etdiyi çizgi çərçivəsində iddiaçının mərhum anası X3 fərdi yaşayış evinin tikilməsi məqsədilə bağ-bostan sahəsindən 0,06 ha torpaq sahəsi ayrılmışdır. Anası xx.xx.2016-cı ildə vəfat etmişdir. Anasının birinci növbədə vərəsəsi olduğuna görə notariat ofisinə müraciət edərək vərəsəlik işi açılmışdır. Qeyd olunan torpaq sahəsi üzərində anasının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın, eləcə də torpaq sahəsinin plan və ölçüsünün alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh təşkilat torpaq sahəsi ilə bağlı müraciətinə xx.xx.2023-cü il tarixli məktublarla cavab verərək ərizənin icrasından imtina etmişdir. Cavabdeh öz imtinasını qanunsuz otaraq iki əsasla əsaslandırmışdır: birincisi sözügedən torpaq sahəsinin Neft Şirkətinin ərazisində yerləşməsi və ikincisi arxiv məlumatlarında saxlanılan məlumatlarla təqdim edilən sənədlər arasında uygunsuzluğun olması. İddiaçı hesab edir ki, cavabdehin gətirdiyi gətirdiyi əsaslar qanunsuzdur. Belə ki, sözügedən torpaq sahəsinin Neft Şirkətinin ərazisində yerləşməsi tamamilə əsassızdır. Hal-hazırda həmin ərazidə və ətrafında bir-birinə bitişik minlərlə fərdi yaşayış evi tikilmişdir. Fərdi yaşayış sahələrinin ayrılmasına dair müvafiq icra hakimiyyəti orqanlarının razılığı olmuşdur. Cavabdehin gətirdiyi digər arqumentə münasibətdə bildirir ki, iddiaçının təqdim etdiyi sənədlərlə arxivdə saxlanılan sənədlər arasında uygunsuzluğun olması absurtdur. Belə ki, cavabdeh məlumatlar arasında uygunsuzluğun olmasına istinad etsə də, heç bir dədiq və əsaslı arqument göstərməmişdir. Bu onu deməyə dəlalət edir ki, cavabdeh inzibati orqan əsassız bəhanələrlə ərizəmin icrasından yayınır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa həmin torpaq sahəsi iddiaçının mülkiyyətinə eyni əsaslarla verilmiş 0.06 ha torpaq sahəsi ilə eyni hasarın daxilində yerləşir. Cavabdehin gətirdiyi bütün əsaslar qanunsuz olduğundan iddia tələbinin təmin oluinmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin məhkəməyə ünvanladığı etiraz ərizəsindən görünür ki, aparılan araşdırma zamanı mübahisə predmeti olan torpaq sahəsinin Abşeron rayonu, Xırdalan səhərində yerləşən 0,06 ha torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft şirkətinin kontrakt ərazisində yerləşdiyi, arxiv əsaslarında saxlanılan məlumatla təqdim edilmiş sənəd arasında uyğunsuzluq olduğu aşkar edilmişdir. İş materiallarında olan: -Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti başçısının 30 noyabr 2000-ci i tarixli, 1869 nömrəli sərəncamından görünür ki, Xırdalan qəsəbəində, Xocəsən qəsəbəsinin inzibati ərazisinə aid olan hissəsində yerləşən və uzun müddət bağ-bostan sahəsi kimi istifadə etdiyi 600, kv m təşkil edən torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün təqdim edilmiş cizgi əsasında X3 ayrılması qərara alınmışdır. - AZ-İ 777236 nömrli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. -Bakı şəhəri 11 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, mərhum X2 birinci növdən vərəsəsi İddiaçı ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müyyən olunmuşdur. -Xırdalan bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı anası-mərhum X3 məxsus olan və ünvan 3 ünvanında yerləşən rəsmi qaydada tam sənədləşdirilməmiş torpaq sahəsi üzrə xx.xx.2016-ci il tarixdən hal-hazıra kimi vergini ödəyir. - FM seriyalı, 031522 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X6 mülkiyyətinə verilmişdir. - xx.xx.2022-ci il tarixli, **********8-10301 reyestr nömrrəli çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. - xx.xx.2022-ci il tarixli texnki pasportdan görünür ki, həmin sənəd İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının mərhum anası X4 Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 1869 nömrəli sərəncamı ilə ayrılmış 0,06 ha torpaq sahəsinə aid hüquqmüəyyənedıci və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim edilmədiyindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt ərazisində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Lakin elektron məlumat bazasına əsasən İddiaçı faktiki istifadəsində olan 0,0601 ha torpaq sahəsi tam olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt ərazisində yerləşir. İddiaçının anasına ayrılmış torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim edilmədiyindən torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki istifadəsində olan torpaq sahəsinn koordinatlarının uyğun gəlib- gəlməməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçının mərhum anasına ayrılmış torpaq sahəsi X7 mülkiyyətində olan torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim edilmədiyindən sualın cavablandırılması mümkün olmamışdır. - Məhkəmənin sorğusuna əsasən Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 30 noyabr 2000-ci il tarixli, 1869 nömrəli sərəncamı və ona əlavə sənədlərin tədiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Azərbaycan Respublikasının Abşeron və Bakı şəhəri Binəqədi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respubikası Qanununa görə Bakı şəhəri Binəqədi rayonu ərazisindən Abşeron rayonunun Xırdalan qəsəbəsinə, ona həmsərhəd olan hissəsindən 462 ha (Sulutəpə qəsəbəsindən 208 ha, 28 May qəsəbəsindən 254 ha – xəritəyə uyğun olaraq) verilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki,cavabdehin imtina cavabl iki dəlildən ibarət olmuşdur : 1)Mübahisə predmeti olan torpaq sahəsinin Dövlət Neft Şirkətinə məxsus ərazidə yerləşməsi; 2) arxiv arasında saxlanılan məlumatlarla təqdim edilmiş sənəd arasında uyğunsuzluğun mövcud olması. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0, 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Digər tərəfdən, hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqan tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur. Təqdim edilmiş ortofoto xəritədən və iş marterialları ilə sözügednə torpaq sahəsinin ətrafında fərdi yaşayış evlərinin yerləşdiyi, eyni zamanda həmin torpaq sahəsi ilə bitişik iddiaçının atasına ayrılmış torpaq sahəsində fərdi yaşayış evinin inşa edildiyi və həmin ev üzərində mülkiyyət hüququnun qeydə alındığı müəyyən edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının atası X8 həmin ərazidən (mübahisəli torpaq sahəsi ilə eyni hasar daxilində yerləşən) Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli (eyni tarixli) 1871 saylı sərəncamı ilə 0.06 ha torpaq sahəsi ayrılmışdır, həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququ qeydə alınmışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Cavabdehin ikinci dəlili ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən torpağın ayrılmasına dair sərəncam məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilən sərəncamla eynilik təşkil edir. Cavabdeh uyğunsuzluğun mövcud olmasına istinad etsə də, nə imtina cavabında, nə də iddia ərizəsinə etirazında həmin uyğunsuzluğun nədən ibarət olmasını qeyd etməmiş və əsaslandırmamışdır. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Məhkəmə onu da qeyd eməyi zəruri hesab edir ki, torpaq sahəsinin ayrılmasına dair sərəncam qüvvədədir, qanunvericiliklə qaydada etibarsız hesab edilməmiş və ya ləğv edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 30 noyabr 2000-ci il tarixli 1869 nömrəli sərəncamı ilə ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı mərhum anası X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Binəqədi rayon İcra Hakimiyyəti başçısının 30 noyabr 2000-ci i tarixli, 1869 nömrəli sərəncamı ilə ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı mərhum anası X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-173/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-173/2024
29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver