Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1732/2025 22.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı iş üzrə (yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılma) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh ünvan 1 ünvanında yaşamayan, formal qeydiyyatda qalan X5, X1, X3 mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati mübahisəyə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxslər olan X5, X1, X3 ona məxsus Sumqayıt şəhəri, 20-ci mikrorayonda yerləşən 274A saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 20-ci mikrorayonda yerləşən 274A saylı fərdi yaşayış evi iddiaçıya məxsusdur və üçüncü şəxslər X10, X4 və X6 həmin mənzildə ünvan qeydiyyatındadırlar. İddiaçı həmin şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh orqana müraciətə etsə də, müraciəti təmin edilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin qərardadı ilə X10, X4 və X6 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 22 yanvar 2025-ci il tarixə təyin edilmişdir. İşə iddiaçının iştirakı ilə baxılmış və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Cavabdehin məhkəməyə ünvanladığı ərizədə işə onların iştirakı olmadan baxılması xahiş edilmişdir. Üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda onun ərizəsinin icrasından imtina olunmuş və məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. • İşdə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (RX seriyalı 0532586) əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi 20-ci mikrorayonda yerləşən 274A saylı fərdi yaşayış evi iddiaçının adına qeydiyyata alınmışdır. • Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.1996-cı il təvəllüdlü X10, xx.xx.2017-ci il təvəllüdlü X6 həmin fərdi yaşayış evində qeydiyyatdadırlar.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İşdən göründüyü kimi iddiaçı hazırkı tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan tərəfindən iddiaçının ərizəsinin icrasından imtina edilmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilmişdir ki, sözügedən fərdi yaşayış evi İddiaçı məxsusdur. Həmin mənzildə üçüncü şəxslər - X10 (iddiaçının gəlini), X4 və X6 (iddiaçının nəvələri) qeydiyyatdadırlar. Hazırki iş üzrə iddiaçı üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin həmin orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası qismən əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxslərin mənzildə qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq həmin mənzildə yaşamırlar. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının gəlini - üçüncü şəxs X7 münasibətdə təmin olunmalıdır. Çünki onun yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən yaşayış sahəsinə əmlak hüququ olmamaqla qeydiyyatı formal xarakter daşıyır. Məhkəmə eyni zamanda qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 3-cü hissəsinə görə “On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır”. Həmin qanunun 2-ci maddəsinin 4-cü hissəsinə görə “On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.” Üçüncü şəxslərdən X1 və X3 yetkinlik yaşına çatmadıqlarını və iddiaçının nəvələri olmalarını nəzərə alaraq məhkəmə qərar çıxararkən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə istinad edir. Belə ki, işin araşdırılan halarından görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017ci il təvəllüdlü X3 atası X2 da qeydiyyatı Sumqayıt şəhəri, Corat qəsəbəsi 20-ci mikrorayonda yerləşən 274A saylı fərdi yaşayış evidir. Belə olan halda məhkəmə qeyd edir ki, yetkinlik yaşına çatmayan uşaqların qeydiyyat ünvanı onların mövcud qeydiyyatı olan valideyninin yaşayış yeri hesab olunmalıdır. Həmin uşaqların təhsil almalarını və digər halları nəzərə alaraq onların mübahisəli fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları bir sıra hüquqlarını məhdudlaşdırmış olar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, üçüncü şəxslərdən X5 iddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 20-ci mikrorayonda yerləşən 274A saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalı, qalan hissədə isə iddia tələbi təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Üçüncü şəxs X5 iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 20-ci mikrorayonda yerləşən 274A saylı yerləşən fərdi yaşayış evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev