Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1733/2025 27.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Abaszadə (Abbasov) Əlif Ağababa oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Üçüncü şəxs X3 iştirakı ilə İddiaçı Abaszadə (Abbasov) Əlif Ağababa oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “xx.xx.2002-ci il tarixdə 01 nömrəli reyestr kitabında 114 səhifədə 454 reyestr nömrəsi ilə qeydə alınmış inventar işi № 307 olan qeydiyyat vəsiqəsi əsasında mülkiyyətə verilmiş fərdi yaşayış evi və evin yerləşdiyi 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və vahid daşınmaz əmlak kimi dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı Abaszadə (Abbasov) Əlif Ağababa oğlu, xx.xx.2002-ci il tarixdə 01 nömrəli reyestr kitabında 114 səhifədə 454 reyestr nömrəsi ilə qeydə alınmış inventar işi № 307 olan qeydiyyat vəsiqəsi əsasında mülkiyyətə verilmiş fərdi yaşayış evi və evin yerləşdiyi 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və vahid daşınmaz əmlak kimi dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Şamaxı rayon Çuxuryurd kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-cl il tarixli 17 saylı qərarına əsasən evin əvvəlki mülkiyyətçisi X3 adına 0.12 ha olmaqla JN-306F, kodu 41017018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Həmin torpaq sahəsini və torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 45,6 kv.metr olan fərdi yaşayış evini X2 xx.xx.2022-ci il tarixli, 165371 saylı müqavilə əsasında sonuncuya 50.000.000 manat pul ödəməklə almışdır. Sonradan həmin torpaq sahəsinə dair adına JN-306F, kodu 41017018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əldə etmişdir. Fərdi yaşayış evinə dair isə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 454 nömrəli qeydiyyat vəsiqəsi verilmiş və bu barədə adına xx.xx.2002-ci il tarixdə 01 nömrəli reyestr kitabına müvafiq qeydiyyat aparılmışdır. Lakin adına JN-306F, kodu 41017018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,12 ha torpaq sahəsini və fərdi yaşayış evini bir mülkiyyət sənədi üzrə, yəni hüquqların dövlət reyestrində qeydiyyata aldırmaq istəmişdir. Bununla bağlı Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarə tərəfindən xx.xx.2024-cü il tarixli məktub ünvanlanaraq evin yerləşdiyi 0.12 ha həyətyanı torpaq sahəsi X9 mülkiyyətində qaldığına görə, həyətyanı torpaq sahəsinin qeydiyyata alınmasının mümkün olmadığı bildirilmişdir. İddiaçı qanunvericiliyin tələblərinə riayət edərək torpaq sahəsini alqı-satqı qaydasında əldə etmişdir. Lakin həmin dövrdə səlahiyyətli olmuş məmurların səhlənkarlığı ucbatından adıma verilmiş JN-306F, kodu 41017018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə qeydiyyata alınmamış və yaxud qeydiyyata alınmışdırsa da, həmin qeydiyyat sənədləri tapılmır. Sözü gedən sənədləri sadalamaqda məqsədi ondan ibarətdir ki, mübahisəli 0.12 ha torpaq sahəsinin iddiaçının istifadəsində və sərəncamındadır, həmin torpaq sahəsinə dair subyektiv hüququnun olmasını sübuta yetirilir. Göründüyü kimi hazırki iddia üzrə məhkəmə araşdırmasının predmeti daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasıdır. Çünki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra - Mülki Məcəllə) və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həyata keçirilir. JN-306F, kodu 41017018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qeydiyyat sənədlərinin olmaması iddiaçının səhvi ucbatından yaranmamışdır. Hazırda şəhadətnamə mövcuddur və ona veren qurumun səlahiyyətli şəxsləri tərəfindən imzalanmaqla, möhürlənmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, iddiaçı Abaszadə (Abbasov) Əlif Ağababa oğlu tərəfindən təqdim olunmuş onun adına olan JN-306F, kod 41017018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə barədə məlumatlar kadastr baza məlumatlarında öz əksini tapmamışdır. Şamaxı rayon Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evinin 0 12 ha həyətyanı torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xərıtəçəkmə Komitəsi tərəfindən JN-306F, kod 41017018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il tarixli 17 saylı qərarına əsasən evin əvvəlki mülkiyyətçisi X4 adına tərtib edilmişdir.Torpaq İslahatı zamanı Şamaxı rayon Çuxuryurd kəndi ərazisindən torpaq almaq hüququ olan subyektlərin siyahısında 306 nömrə ilə X4 adı qeyd olunmuşdur. Evin yerləşdiyi 0.12 ha həyətyanı torpaq sahəsi X4 qızının mülkiyyətində olduğu üçün, fərdi yaşayış evini və onun yerləşdiyi həyətyanı torpaq sahəsini Abasov (Abaszadə) Əlif Ağababa oğlunun adına vahid daşınmaz əmlak kimi qeydiyyata alınması mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X8 məhkəmə icraatına üçüncü şəxs qismində (adi cəlbetmə) cəlb edilmişdir. Məhkəmə iclasında üçüncü şəxs X8 iştirak etmiş, iddiaçı ilə torpaq sahəsi və fərdi yaşayış evinə münasibətdə alqı-satqı müqaviləsi bağladığını, həmin vaxtdan daşınmaz əmlakın iddiaçıya təhvil verdiyini, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmiş, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: JN 306F, KOD 41017018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il tarixli 17 saylı Qərarı ilə 0.12 ha torpaq sahəsi X10 mülkiyyətinə verilmişdir. 165371 saylı, 11 oktyabr 2002-ci il tarixli müqavilədən görünür ki, X6 rayonu, Çuxuryurd kəndində yerləşən 1500 kv.m torpaq sahəsində yerləşən yaşayış evini X2 almışdır. 11 oktyabr 2002-ci il tarixində 01 №li reyestr kitabında 114 səhifədə 454 reyestr nömrəsi ilə qeydə alınmış, inventar nömrəsi 301 olan qeydiyyat vəsiqəsindən görünür ki, 11 oktyabr 2002-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən yaşayış evi X11 adına qeydə alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli məktubu ilə Şamaxı rayon dövlət notariat ofisində 01 oktyabr 2002-ci il tarixdə 4-Ə-3-391 reyetr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin təsdiq edilmiş kserosurəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-3-41/2- 1786/2024 saylı məktubu ilə JN 306F, KOD 41017018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və digər sənədlərin (fərdi yaşayış evinin fevral 1990-cı ildə tərtib edilimiş texniki pasportunun, 01 oktyabr 2002-ci il tarixli, №165371 müqavilənin) surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 23 avqust 2024-cü il tarixli, 10566/2024 saylı məktubu ilə 14 saylı Şamaxı Ərazi İdarəsinin arxivində aşkar edilmiş sənədlər məhkəməyə təqdim edilmişdir. Cavabdehin 22 noyabr 2024-cü il tarixli, 3-21-3-41/2-2739/2024 saylı məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, fərdi yaşayış evi və torpaq sahəsinə naturada baxış keçirilmədiyindən müayinə aktı tərtib edilməmişdir. Araşdırma elektron baza məlumatları və arxiv materiallarına əsasən aparılmışdır. 14 saylı Şamaxı Ərazi İdarəsinin arxivində mövcud olan JN 306 F, KOD 41017018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə X5 adına olmaqla 0.12 ha-dır. DBF siyahısında 306 nömrədə X5 adı olmaqla qanuni istifadəsində 0.12 ha torpaq sahəsi qeyd edilmişdir. Torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına aiddir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 09 yanvar 2025-ci il tarixli 3-21-3- 41/2-22/2025 saylı məktubu ilə torpaq sahəsinin 06 dekabr 2024-cü il tarixli müayinə aktı və ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. Müayinə aktında qeyd edilmişdir ki, torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aiddir, torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcuddur, mühafizə və sürüşmə zonasında yerləşmir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.2002-ci il tarixdə 01 nömrəli reyestr kitabında 114 səhifədə 454 reyestr nömrəsi ilə qeydə alınmış inventar işi № 307 olan qeydiyyat vəsiqəsi əsasında mülkiyyətə verilmiş fərdi yaşayış evi və evin yerləşdiyi 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və vahid daşınmaz əmlak kimi dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsini istəyir. Cavabdeh orqan imtinasını onunla əsaslandırır ki, iddiaçı Abaszadə (Abbasov) Əlif Ağababa oğlu tərəfindən təqdim olunmuş onun adına olan JN-306F, kod 41017018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə barədə məlumatlar kadastr baza məlumatlarında öz əksini tapmamışdır. Şamaxı rayon Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evinin 0 12 ha həyətyanı torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xərıtəçəkmə Komitəsi tərəfindən JN-306F, kod 41017018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il tarixli 17 saylı qərarına əsasən evin əvvəlki mülkiyyətçisi X4 adına tərtib edilmişdir.Torpaq İslahatı zamanı Şamaxı rayon Çuxuryurd kəndi ərazisindən torpaq almaq hüququ olan subyektlərin siyahısında 306 nömrə ilə X4 adı qeyd olunmuşdur. Evin yerləşdiyi 0.12 ha həyətyanı torpaq sahəsi X4 qızının mülkiyyətində olduğu üçün, fərdi yaşayış evini və onun yerləşdiyi həyətyanı torpaq sahəsini Abasov (Abaszadə) Əlif Ağababa oğlunun adına vahid daşınmaz əmlak kimi qeydiyyata alınması mümkun olmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; İş materiallarına əlavə edilmiş sənədlər və məhkəmə araşdırması əsasında müəyyən edilmişdir ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il tarixli 17 saylı Qərarı ilə 0.12 ha torpaq sahəsi X10 mülkiyyətinə verilmişdir. 165371 saylı, 11 oktyabr 2002-ci il tarixli müqavilədən görünür ki, X6 rayonu, Çuxuryurd kəndində yerləşən 1500 kv.m torpaq sahəsində yerləşən yaşayış evini X2 almışdır. 11 oktyabr 2002ci il tarixində 01 №li reyestr kitabında 114 səhifədə 454 reyestr nömrəsi ilə qeydə alınmış, inventar nömrəsi 301 olan qeydiyyat vəsiqəsindən görünür ki, 11 oktyabr 2002-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən yaşayış evi X11 adına qeydə alınmışdır. Məhkəmə araşdırması zamanı Şamaxı rayon dövlət notariat ofisində 01 oktyabr 2002-ci il tarixdə 4-Ə-3-391 reyetr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmiş, JN 306F, KOD 41017018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və digər sənədlərin (fərdi yaşayış evinin fevral 1990-cı ildə tərtib edilmiş texniki pasportunun, müqavilənin) surəti iş materiallarına əlavə edilmişdir. Göründüyü kimi iddiaçının torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə hüququn qeydə alınmasına əsas verən hüquqmüəyyənedici sənədlər mövcuddur. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində çıxış edən iddiaçının adına olan JN-306F, kod 41017018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə barədə məlumatların kadastr baza məlumatlarında öz əksini tapmamış olması iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş X1 Batım Ağakərım qızının qanun üzrə vərəsəsidir. Həmçinin 11 oktyabr 2002-ci il tarixli alqı-satqı müqaviləsi iddiaçı ilə X8 arasında bağlanmışdır. Məhkəmə iclasında izahatı zamanı üçüncü şəxs iddiaçıya yaşayış evini torpaq sahəsi ilə birlikdə satdığını təsdiq etmiş, daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına etiraz etmədiyini bildirmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı cavabdehin 22 noyabr 2024-cü il tarixli, 3-21-3-41/2-2739/2024 saylı məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, fərdi yaşayış evi və torpaq sahəsinə naturada baxış keçirilmədiyindən müayinə aktı tərtib edilməmişdir. Araşdırma elektron baza məlumatları və arxiv materiallarına əsasən aparılmışdır. 14 saylı Şamaxı Ərazi İdarəsinin arxivində mövcud olan JN 306 F, KOD 41017018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə X5 adına olmaqla 0.12 ha-dır. DBF siyahısında 306 nömrədə X5 adı olmaqla qanuni istifadəsində 0.12 ha torpaq sahəsi qeyd edilmişdir. Torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına aiddir. Cavabdehin 09 yanvar 2025-ci il tarixli 3-21-3-41/2-22/2025 saylı məktubu ilə torpaq sahəsinin müayinə aktı və ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. Müayinə aktında qeyd edilmişdir ki, torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aiddir, mühafizə və sürüşmə zonasında yerləşmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən: Maddə 88.1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Qeyd olunan hüquq normalarının tələblərindən göründüyü kimi torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ başqa şəxsə keçərkən həmin evin yerləşdiyi torpaq sahəsinə dair hüquq da əvvəlki mülkiyyətçiyə məxsus olan həcmdə əldə edənə keçir. Göründüyü kimi iddiaçının fərdi yaşayış evi və torpaq sahəsi ilə bağlı zəruri sənədləri mövcuddur və torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması onun gözlənilən hüququdur. Hazırkı iddia tələbi üzrə torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin xx.xx.2002-ci il tarixdə 01 nömrəli reyestr kitabında 114 səhifədə 454 reyestr nömrəsi ilə qeydə alınmış inventar işi № 307 olan qeydiyyat vəsiqəsi qüvvədədir və bu da iddiaçının hüquqlarının qorunması üçün əsas təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Məhkəmə torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun başqa şəxsə keçərkən həmin evin yerləşdiyi torpaq sahəsinə dair hüququn da əvvəlki mülkiyyətçiyə məxsus olan həcmdə əldə edənə keçməsini və torpaq sahəsi və torpaqla möhkəm bağlı olan əşyanın vahid daşınmaz əmlak olduğunu nəzərə alaraq qeyd edilən halların iddiaçının 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas təşkil etdiyini qeyd edir. Belə olan halda iddiaçı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını tələb etmək üçün gözlənti mülkiyyət hüququna malikdir. Göründüyü kimi iddiaçının torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasını istisna edən hal müəyyən olunmur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. xx.xx.2002-ci il tarixdə 01 nömrəli reyestr kitabında 114 səhifədə 454 reyestr nömrəsi ilə qeydə alınmış inventar işi № 307 olan qeydiyyat vəsiqəsi əsasında mülkiyyətə verilmiş fərdi yaşayış evi və evin yerləşdiyi 0.12 ha torpaq sahəsi üzərində Abaszadə (Abbasov) Əlif Ağababa oğlunun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və vahid daşınmaz əmlak kimi dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-1733/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1733/2025
27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver