Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1734/2025 17.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X16 Təşəkkül oğlunun sədrliyi, X8 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “JN-250F KOD 41017018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində verilmiş 0.24 ha torpaq sahəsinin faktiki 0.2271 ha hissəsi üzərində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq vahid çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən JN-250F, kod 41017018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə 0.24 ha torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evi üzrə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisindən yerləşən, ümumi sahəsi 107 kv.metr olan fərdi yaşayış evini və 0,17 ha torpaq sahəsini Şamaxı şəhəri, M.Müşviq küçəsi, 04 nömrəli evdə yaşayan X3 xx.xx.2002-ci il tarixli, 165368 saylı müqavilə əsasında sonuncuya 73.300.000 manat pul ödəməklə almışdır. Sonradan həmin torpaq sahəsinə dair adına JN-250F, kodu 41017018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əldə etmişdir. Həmin şəhadətnaməni əldə edən zaman torpaq sahəsinə bitişik ərazi olan 0,7 ha torpaq sahəsinin isə müvafiq icra hakimiyyətinə dövlət rüsumu ödəməklə hazırkı torpaq sahəsinin hüdudlarına daxil etdirmişdir.Fərdi yaşayış evinə dair isə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 309 nömrəli qeydiyyat vəsiqəsi verilmiş və bu barədə adına xx.xx.2002-ci il tarixdə 01 nömrəli reyestr kitabına müvafiq qeydiyyat aparılmışdır. Lakin adına JN-250F, kodu 41017018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,24 ha torpaq sahəsini və fərdi yaşayış evini bir mülkiyyət sənədi üzrə, yəni hüquqların dövlət reyestrində qeydiyyata aldırmaq istəmişdir. Bununla bağlı 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmiş, həmin İdarə tərəfindən xx.xx.2024-cü il tarixli məktub ünvanlanaraq evin yerləşdiyi 0.17 ha həyətyanı torpaq sahəsi X4 mülkiyyətində qaldığına görə, həyətyanı torpaq sahəsini onun adına qeydiyyata alınması mümkün olmamışdır. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən İddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edərək, Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.Təqdim olunmuş sənədlər araşdırılarkən məlum oldu ki, İddiaçı tərəfindən notarial qaydada X5 əldə etdiyi fərdi yaşayış evinin 0.17 ha həyətyanı torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il tarixli 17 saylı qərarına əsasən evin əvvəlki mülkiyyətçisi X4 adına JN-250F, kod 41017018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir, iddia olunan 0.24 ha torpaq sahəsinin 0.07 ha hissəsi isə baza məlumatlarında bələdiyyə mülkiyyətinə aid edilmişdir. Evin yerləşdiyi 0.17 ha həyətyanı torpaq sahəsi X4 mülkiyyətində qaldığına görə, həyətyanı torpaq sahəsini vahid əmlak kimi İddiaçı adına qeydiyyata alınması mümkün olmamışdır. Evin yerləşdiyi 0.17 ha həyətyanı torpaq sahəsi X4 mülkiyyətində olduğu üçün, fərdi yaşayış evini və onun yerləşdiyi həyətyanı torpaq sahəsini İddiaçı adına vahid daşınmaz əmlak kimi qeydiyyata alınması mümkün mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə qarşı etiraz edən üçüncü şəxs X9 bildirmişdir ki, X6 tərəfindən ona vəsiyyət olunmuş Şamaxı rayonu, Çuxuryurd kəndində 24,5 sotda yerləşən ümumi sahəsi 107.4 m2, yaşayış sahəsi 64.8 m2 üç otaqdan ibarət yaşayış sahəsini 17 sotluq ərazi şəklində 8 oktyabr 2002-ci il tarixində Şamaxı Rayon Notariat kontorunda onunla İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış, 11 oktyabr 2002-ci il tarixində Şamaxı Rayonlararası X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 309 reyester nömrəsi ilə qeydə alınaraq Qeydiyyat Vəsiqəsi verilmişdir. İddiaçı nümayəndəsi 14 saylı Şamaxı Ərazi İdarəsinin imtina AKT-dan Sumqayıt İnzibati Məhkəməsinə şikayət ünvanlayıb. İddianın onun qanunla qorunan marağına toxunacağı halları olduğu üçün üçüncü şəxs qismində məhkəmə icraatına qoşulağı tərəfindən təmin olundu. Sözügedən ünvanda ümumi sahəsi 24.5 torpaq sahəsinin atası X7 tərəfindən alqı-satqı zamanı 17 sotluq hissəsinin satılması razılaşdırılıb, qarşı tərəfin atası və qohumları ilə bu sövdələşmə edilib, yəni yerdə qalan 7.5 sot torpaq sahəsi ilə bağlı gələcəkdə bu əmlak üzrə alqı satqı edildikdə ona bildiriləcəkdi və həmin 7.5 sot torpaq sahəsini o ümumi sahədən hasarla ayıracağıdı, lakin ona çatan məlumata görə İddiaçı əvvəlki sövdələşməyə əməl etməmək qərarına gələrək yəni ümumi hasarda olan 24,5 sot sahəyə yiyələnmək qərarına gəlib. Bu məsələnin həlli istiqamətində marağına toxunan hissə barədə məlumat vermişdir, qarşı tərəf bu sövdələşməyə əməl edərsə yəni 7.5 sot torpaq sahəsini ayırdıqdan sonra ona məxsus 17 sotla bağlı etirazı olmayacaq, könüllü olaraq 14 saylı Şamaxı Ərazi İdarəsinə gedib yeni çıxarışın alınması üçün müvafiq sənədlərin hazırlanması üçün razılıq ərizəsi ilə müraciət edəcəkdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-3-41/2-1142/2024 nömrəli imtina məktubun surəti, etiraz ərizəsi, JN-250F KOD 41017018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin təsdiqlənmiş surəti, Dövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli məktubu, DƏDKR-in 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktub, Şamaxı rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubu, "xxxx" MMCnin xx.xx.2025-ci il tarixli məktubu və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsi və fərdi yaşayış evinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 14 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 14 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 14 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 14 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı oğlu DƏDKR-in 14 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2024-cü il tarixli, 3-21-3-41/2-1142/2024 nömrəli məktubu ilə imtina cavabını almışdır. Nəzərə almaq lazımdır ki, imtina məktubunda yalnız fərdi yaşayış evinə münasibət bildirilməsinə baxmayaraq, iddiaçının hüquqi marağı həm fərdi yaşayış evi, həmdə evin yerləşdiyi mülkiyyətində olan torpaq sahəsinə dair mülkiyyət sənədlərinin alınmasından ibarətdir. Məhkəmə araşdırması qeyd edilən daşınmaz əmlaklara münasibətdə aparılmış və iddiaçının hüquqi marağının həlli istiqamətində yekun nəticəyə gəlinmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Şamaxı rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakı qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisindən yerləşən, ümumi sahəsi 107 m2 olan fərdi yaşayış evini və həmin evin yerləşdiyi 0,17 ha torpaq sahəsini xx.xx.2002-ci il tarixli, 165368 saylı alqı-satqı müqaviləsi əsasında X1 alınmışdır. Sonradan həmin torpaq sahəsinə dair adına JN-250F, kodu 41017018 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əldə etmişdir. Həmin şəhadətnaməni əldə edən zaman torpaq sahəsinə bitişik ərazi olan 0,7 ha torpaq sahəsinin isə müvafiq icra hakimiyyətinə dövlət rüsumu ödəməklə hazırkı torpaq sahəsinin hüdudlarına daxil etdirmişdir. Fərdi yaşayış evinə dair isə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 309 nömrəli qeydiyyat vəsiqəsi verilmiş və xx.xx.2002-ci il tarixdə 01 nömrəli reyestr kitabına müvafiq qeydiyyat aparılmışdır.İddiaçı şəhadətnamədə göstərilmiş torpaq sahəsi və evə onun mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, “Hüquqların dövlət qeydiyyatından imtina”nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsində öz əksini tapmışdır. Araşdırma zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində öz əksini tapmışdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin maddədə göstərilən əsaslardan biri 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hesab olunur ki, Quba rayonu, Digah kəndi ərazisində yerləşən, JN-250F, kod 41017018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 0.24 ha torpaq sahəsi və üzərində yerləşən 107 m2 fərdi yaşayış evi mülkiyyət hüququ qeydə alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının daşınmaz əmlaklar üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Cavabdeh təşkilatın imtinasında və etirazında gətirdiyi alqı-satqı müqaviləsinin olmamasına münasibətdə bildirilir ki, sözügedən müqavilənin arxiv məlumatları Dövlət Notariat Arxivində aşkarlanmışdır. xx.xx.2002-ci il tarixli, 165368 saylı alqı-satqı müqaviləsindən görünür ki, X9 0.17 ha torpaq sahəsini və üzrindən yerləşən fərdi yaşayış evini iddiaçıya satmışdır. Məhz müqavilə əsasında satılmış daşınmaz əmlaklar JN-250F, kod 41017018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə iddiaçının adına rəsmiləşdirilmişdir. Eyni zamanda fərdi yaşayış evi də Qeydiyyat vəsiqəsi əsasında dövlət qeydiyyatına alınmışdır. Cavabdeh təşkilatın və üçüncü şəxsin 0.07 ha torpaq sahəsinə dair etirazlarına münasibətdə bildirilir ki, torpaq sahəsi müayinə edilmiş, iddiaçının naturada göstərdiyi torpaq sahəsinin faktiki ölçüsünün 0.2271 ha olması müəyyən edilmiş və iddiaçı dəqiqləşmə ərizəsi verərək torpaq sahəsinin 0.2271 ha hissəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı faktiki istifadəsində olan torpaq sahəsinə dair cavabdehin sələfi olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən iddiaçının mülkiyyət hüququnu daşınmaz əmlakda JN-250F, kod 41017018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında qeydə alınmış və torpaq sahəsinin ölçüsü 0.24 ha olması göstərilmişdir. Daşınmaz əmlaklar 20 ildən çoxdur ki, iddiaçının mübahisəsiz istifadəsindədir və sözügedən şəhadətnamə pryedusiyal əhəmiyyətə malikdir. Belə olan halda cavabdeh təşkilat və üçüncü şəxsin etirazlarında göstərilmiş 0.07 ha torpaq sahəsinə dair arqumentlər əsassızdır. Göründüyü kimi, iddiaçıya ayrılmış torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi qanunvericiliyə uyğun şəkildə əldə edildiyindən cavabdeh təşkilatın imtinası qanunsuz hesab edilməli və mübahisə predmeti olan faktiki 0.2271 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cu il 10 avqust tarixli, 113 nömrəli Fərmanının 4.2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsində nəzərdə tutulmuş “qeydiyyat orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 13.11-ci maddəsinə əsasən Dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Torpaq mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi həmin dövrdə qüvvədə olmuş xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanla təsdiq edilmiş eyniadlı Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 4, 10, 11-ci bəndlərinə görə, torpağa mülkiyyət və daimi istifadə hüquqlarına dair dövlət aktları, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə 2 nüsxədən ibarət hazırlanır. Dövlət aktlarının və şəhadətnamələrin ilkin torpaqayırma sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerqurluşu Lahiyə İnstitunun arxivində müddətsiz olaraq saxlanır. Dövlət aktı və şəhadətnamənin verilməsi xüsusi qeydiyyat kitabında əks etdirilir. Qeydiyyat kitabında qeydə almanın rayon (şəhər) torpaq şöbələri həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.3-cü maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verilməlidirlər. Torpaq üzərində hüquqlara dair Dövlət aktlarının hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keşmiş DTXK tərəfindən aparılmışdır. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza xəritə (DwJ) məlumatlarında öz əksini tapmaması və ya düzgün qeyd olunmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının səhvidir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində iddiaçıların hüquqlarının dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Belə olduğu tədqirdə cavabdeh təşkilatın öz mülahizələrinə əsaslandığı və iddia tələbinin təmin edilməməsi ilə bağlı gətirdiyi bütün arqumentlər öz əhəmiyyətini itirmiş olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. JN-250F KOD 41017018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində verilmiş 0.24 ha torpaq sahəsinin faktiki 0.2271 ha hissəsi üzərində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq vahid çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X17
Məhkəmə qərarları › İş №2-1(118)-1734/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1734/2025
17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver