Məhkəmə qərarları › İş №2-1(118)-1735/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1735/2025

07.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1735/2025 07.03.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı, dövlət vəsaiti hesabına mənzillə təmin edilmə) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların siyahısına daxil edilməsini istəyir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Azərbaycan Ordusunun ehtiyatda olan zabitidir. 1996-2019-cü illər ərzində Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmişdir. 2019-cü ildə Müdafiə Nazirinin müvafiq əmri ilə “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) ehtiyata buraxılmışdır. Azərbaycan Ordusunda ümumilikdə 22 (iyirmi iki) il, 02 (iki) ay, 23 (iyirmi üç) gün müddətində fasiləsiz olaraq həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmət dövründə və ehtiyata buraxıldıqdan sonra dövlət tərəfindən mənzillə (daimi yaşayış sahəsi ilə) təmin olunmamışdır. Öz mənzili yoxdur, hazırda 4(dörd) nəfərlik ailə üzvləri ilə birlikdə hərbi şəhərcikdə xidməti mənzildə yaşayır. Mövcud qanunvericiliyə əsasən, dövlət vəsaiti hesabına mənzillə təmin olunmaq hüququ vardır. Bu hüququ gerçəkləşdirmək üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə rəsmi müraciət etmişdir. Müdafiə Nazirliyinin Əsaslı Tikinti idarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunur ki, “ Sizin Azərbaycan Ordusu sıralarında ümumi xidmət iliniz (xx.xx.1996-xx.xx.2019) 22 (iyirmi iki) il, 02(iki) ay, 23 (iyirmi üç) gün, Sumqayıt Apellyasiya Məhkəməsinin 21 noyabr 2008-ci il tarixli hökmü il 3(üç) il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş şərti cəzaya əsasən məhkumluq müddəti 3(üç) il təşkil edir. Qeyd olunan Fərmanın tələblərinə əsasən ümumi xidmət ilindən məhkumluq müddəti çıxıldıqdan sonra 20 (iyirmi) təqvim iliniz olmadığıl üşün Sizin dövlət hesabına mənzil təminatınız adı çəkilən Fərmanın təsiri xaricindədir”. Azərbaycan Ordusunda 22 (iyirmi iki) il, 02 (iki) ay, 23 (iyirmi üç) gün müddətində fasiləsiz olaraq həqiqi hərbi xidmət keçmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməldirlər. Deməli, 20 ildən artıq xidmət keçmiş hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin olunmaq hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasında, hər hansı bir qanununda, normativ hüquqi aktında ümumiyyətlə “qüsurlu xidmət” anlayışı yoxdur, həmçinin “qüsursuz xidmət” anlayışının da izahı verilmədiyinə görə həmin anlayış da qeyri-müəyyəndir; İkincisi, cavabdeh guya vaxtilə şərti cəza almağını bəhanə edirsə bununla bağlı bildirir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 21 noyabr 2008-ci il tarixli hökmü il 3(üç) il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəza şərti olaraq tətbiq edilmişdir. Bakı Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli Arayışına əsasən, təyin edilmiş cəzanı çəkib qurtardığına görə məhkumluğu olmayan şəxs hesab edilir. Üçüncüsü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.1-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. DİN-nin xx.xx.2024-cü il tarixli Arayışına əsasən, məhkumluğu yoxdur. Beləliklə də barəsində şərti olaraq tətbiq edilmiş cəza müddəti ötdüyünə görə məhkumluğu olmayan şəxs hesab edilir. Dördüncüsü, “X6 haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 85.1-ci maddəsinə əsasən, qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Beşincisi, iddiaçı ehtiyata 2019-cü ildə buraxılmışdır, cənab Prezidentin Fərmanına isə 15 noyabr 2021-ci il tarixində bir sıra dəyişikliklər edilmişdir. O cümlədən Fərmana əlavə edilmiş 3-2.3-cü bəndə əsasən, məhkumluğun olduğu müddət hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: Barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin hökmü 21 noyabr 2008-ci il tarixində verilmişdir, həmin ildə də cəzanı çəkib qurtarmış, hərbi xidmətdən isə 2019-cu ildə, yəni cavabdehin istinad etdiyi dəyişiklik qüvvəyə mindiyi tarixdən 2(iki) il əvvəl ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə və “X6 haqqında” qanunun 87.2-ci maddəsinin tələblərinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən X6ın qüvvəsi geriyə şamil edilir. Başqa X6ın qüvvəsi geriyə şamil edilmir. Adı çəkilən Fərmana edilmiş dəyişikliklər iddiaçı ehtiyata buraxılandan sonrakı dövrdə qəbul edildiyindən ona münasibətdə ağırlaşdırıcı formada tətbiq edilə bilməz, ona görə də cavabdehin mövqeyi qanunsuzdur. Altıncısı, adı çəkilən Fərmanın 2-ci bəndinə əsasən, dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə yaradılmış Komissiyanın sədri Azərbaycan Respublikasının maliyyə naziridir. Həmin Fərmana əsasən Komissiyanın katibliyi funksiyalarının həyata keçirilməsi Maliyyə Nazirliyinə tapşırılmışdır. Deməli, Müdafiə Nazirliyinin işi adını mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına daxil edərək Komissiyaya təqdim etməkdən ibarətdir. Çünki, hərbi qulluqçuya mənzil verilməsinə dair Qərar Komissiya tərəfindən qəbul edilir. Yeddincisi, oxşar iddia tələbinə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 201(102)-357/2022 saylı Qərarının kassasiya məhkəməsinin mövqeyi hissəsində qeyd edilir ki, “nəzərə almaq lazımdır ki, qüsursuz xidmət anlayışı qeyri-müəyyən anlayışlar kateqoriyasına aiddir. Qiymətləndirmə zamanı inzibati orqan əlahiddə bir faktdan və ya faktiki haldan çıxış etməkdə haqlı sayıla bilməz”. “...xüsusi ilə də qüsursuz xidmətə görə təltiflərə layiq görülmüşdür. Belə olan halda iddiaçının hüquqi statusu onu “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına daxil etməyə imkan verdiyindən sözügedən Fərman ona da şamil edilməlidir." Xidmət keçdiyi müddətdə Azərbaycan Respublikasının Prezidentinin adından verilməklə, Müdafiə nazirinin müvafiq əmrlərinə əsasən “Qüsursuz xidmətə görə” medalın 3-cü və 2-ci dərəcələri ilə təltif edilmişdir. Belə olduğu tədqirdə cavabdehin mövqeyi qanunsuz və əsassız olmaqla hüquqlarını kobud şəkildə pozur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi hüquqi tənzimləmə qaydaları Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28.12. 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə tənzimlənir. Fərmanın 1-ci hissəsinə əsasən Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edililər. Həmin Fərmanın 3-2-cü hissəsində isə aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; -3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz. Belə ki, iddiaçının Azərbaycan Ordusunda həqiqi hərbi xidməti xx.xx.1996-cı il tarixdən xx.xx.2019-cü il tarixədək, təqvim ili ilə 22 (iyirmi iki) il 2 (iki) ay 23 (iyirmi üç) gün həqiqi hərbi xidmətdə olduğu, Sumqayıt Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 342.2-ci maddəsinə əsasən təqsirli bilinərək, 3 (il) müdətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Sumqayıt Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü dəyişdirilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla İddiaçı verilmiş 3 (il) müdətinə azadlıqdan məhrumetmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Azərbaycan Respublikası Cinayət məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin məcəllənin 83.3.1 maddəsində şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab edilir. Bu səbəbdən iddiaçıya tətbiq olunmuş 3 (üç) il sınaq müddəti məhkumluq dövrü hesab edildiyindən, sözügedən Fərmana uyğun olaraq onun qüsursuz həqiqi hərbi xidmət dövrünə daxil edilmədiyindən, onun qüsursuz xidmət illəri 19 (on doqquz) il 2 (iki) ay 23 (iyirmi üç) gün təşkil etmişdir. İddiaçının Azərbaycan Ordusu sıralarında təqvim ili ilə qüsursuz 20 ili olmadığı üçün, onun adının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına əlavə olunması sözügedən Fərmanın tələblərinə ziddir. Beləliklə iddiaçının Azərbaycan Ordusunda qüsursuz həqiqi hərbi xidməti 20 təqvim ili olmadığı üçün, o Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı Asan Xidmət X1 xx.xx.2024cü il tarixli 870 saylı arayışında qeyd edilmişdir ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı ailə tərkibi: arvadı X3, oğlu X2, qızı X4 olaraq qeyd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Sumqayıt Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 3 (üç) il sınaq müddəti müəyyən edilməklə hökmlə təyin olunmuş cəza şərti olaraq tətbiq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli, 295xx/xx.2024 saylı arayışında İddiaçı məhkumluğunun olmadığı qeyd edilmişdir. Bakı Hərbi Məhkəməsinin 09 mart 2012-ci il tarixli arayışında qeyd edilmişdir: “Sumqayıt Apellyasiya Məhkəməsinin İddiaçı barəsində olan 21 noyabr 2008-ci il tarixli hökmündən görünür ki, o cəzanı çəkib qurtarmışdır. Odur ki, İddiaçı məhkumluğu olmayan şəxs hesab edilir.” Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon Şöbəsinin 11 sentyabr 2024-cü il tarixli 3-43-1/2-276/24 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2019-cu il tarixədək zabit qismində Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2019-cu il tarixdə MN-nin xx.xx.2019-cu il tarixli müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156 “b” (yaşa görə) maddəsinə əsasən ehtiyata buraxılmışdır. 2020-ci il tarixdə yaşa görə hərbi qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi rəisinin 11 fevral 2019-cu il tarixli 30 saylı Əmrindən çıxarışda qeyd edilir: “Tibb xidməti polkovnik-leytenantı İddiaçı, Hərbi Tibb Fakültəsinin Tədris şöbə rəisinin baş köməkçisi, “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) əsasən Azərbaycan Respublikası Müdafiə nazirinin 01 fevral 2019-cu il tarixli 0106 nömrəli əmri ilə hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilsin, ehtiyata buraxılması ilə əlaqədar 90 (doxsan) gün müddətinə məzuniyyət verilməklə 13 may 2019-cu il tarixdən fakültənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılsın və qeydiyyata durmaq üçün SHXÇDX-nin Abşeron rayon şöbəsinə göndərilsin. Tibb xidməti polkovnik-leytenantı İddiaçı 2019-cu ilin yanvar-aprel aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 №li qərarı ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatı tam həcmdə ödənilsin. Tibb xidməti polkovnik-leytenantı İ.A.Əİiyevə ehtiyata buraxılması ilə əlaqədar beş aylıq maaş miqdarında birdəfəlik pul müavinəti, 2019-cu il üçün nəzərdə tutulmuş maddi yardım və məzuniyyət pulu ödənilsin. Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin 01 fevral 2019-cu il tarixli 0106 nömrəli əmrindən çıxarış (dax.ol 24).” Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı dövlət vəsaiti hesabına mənzillə təmin edilməsini istəyir. Cavabdeh isə imtinasında qeyd edir ki, iddiaçıya tətbiq olunmuş 3 (üç) il sınaq müddəti məhkumluq dövrü hesab edildiyindən, sözügedən Fərmana uyğun olaraq onun qüsursuz həqiqi hərbi xidmət dövrünə daxil edilmədiyindən, onun qüsursuz xidmət illəri 19 (on doqquz) il 2 (iki) ay 23 (iyirmi üç) gün təşkil etmişdir. İddiaçının Azərbaycan Ordusu sıralarında təqvim ili ilə qüsursuz 20 ili olmadığı üçün, onun adının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına əlavə olunması sözügedən Fərmanın tələblərinə ziddir. Məhkəmə isə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə 28 dekabr 2011-ci il 569 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alınmışdır:

1. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. ..

3. Komissiyaya tapşırılsın ki: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın; 3.2. hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 3.3. görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz. Beləlikə iş materialları ilə müəyyən edilir ki, iddiaçıya tətbiq olunmuş 3 (üç) il sınaq müddəti məhkumluq dövrü hesab edildiyindən, onun qüsursuz həqiqi hərbi xidmət dövrünə daxil edilmədiyindən onun Azərbaycan Ordusu sıralarında təqvim ili ilə qüsursuz 20 təqvim ili yaranmır. Vahid məhkəmə təcrübəsini müəyyən edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2277/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarına əsasən:

27. Məhkəmə kollegiyası nəzərə alır ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının oxşar iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, 15 noyabr 2021-ci il tarixli Fərmanla qanunvericiliyə edilmiş yuxarıda istinad olunan əlavələr qadağa və ya məhdudiyyət ehtiva edən qayda müəyyən etdiyi və iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığı üçün həmin normativ hüquqi aktın qüvvəsi geriyə şamil edilə bilməz (Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə görə).

28. Lakin, kollegiya hesab edir ki, sözügedən mövqeyə yenidən baxmaq və dəyişikilik etmək zərurəti yaranmışdır.

29. Belə ki, nəzərə almaq lazımdır ki, “qüsursuz xidmət” müddəti anlayışı 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanın ilkin redaksiyasında nəzərdə tutulmuşdur. 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əlavələr olunanadək məzmun baxımından həmin anlayış qeyri-dəqiq və qeyri-müəyyən olmuş, öz növbəsində inzibati orqan da “qüsursuz xidmət” müddəti anlayışını tətbiq edərkən təcrübədə həmin qeyri-müəyyən anlayışı təfsir etməli və həmin anlayışın təfsiri əsasında qərar qəbul etməli olmuşdur.

30. Kollegiya hesab edir ki, “qüsursuz xidmət” müddəti anlayışı 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanında əvvəlcədən mövcud olduğundan 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “qüsursuz xidmət” müddət anlayışı ilə bağlı edilən əlavələr yeni normativ tənzimləmələrin qanunvericiliyə gətirilməsi kimi deyil, əksinə qanunvericilikdə mövcud olan “qüsursuz xidmət” müddəti anlayışının məzmununu açıqlayıcı (dəqiqləşdirici) mahiyyətdə olmuşdur. Sözügedən əlavələr “qüsursuz xidmət” müddət anlayışının məzmununu dəyişməmiş, şərhedici xarakterli normalar olmuşdur.

31. Şərhedici norma mövcud hüquqi normanın məzmununu dəqiqləşdirir və həmişə əslində malik olduğu hesab edilən mənasını bəyan etməyə kömək edir. Başqa sözlə, şərhedici norma dəqiqləşdirmə aparmaqla izah edilən normanın əvvəldən hansı mənaya gəldiyini bəyan edir, qəbul edildiyi andan etibarən necə başa düşülməli olduğunu aydınlaşdırır və buna görə də, izah edilən norma mövcud olduğu tarixdən etibarən sonradan dəqiqləşdirilmiş məzmunda tətbiq edilmə keyfiyyətinə malik olur.

32. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əlavə edilmiş 3-1-ci, 3-2ci və 3-3-cü hissələr “qüsursuz xidmət” müddəti anlayışının qəbul edildiyi 28 dekabr 2011ci il tarixdə nəzərdə tutduğu mənanı bəyan etmişdir.

33. Nəticədə, şərhedici normanın zamana görə tətbiq edilməsi ilə yeni hüquq normasının zamana görə tətbiqi fərqlənir. Şərhedici normalar izah edilən normanın mövcud olduğu tarixdən etibarən tətbiq edilir. Başqa sözlə, təbii olaraq “geriyə” tətbiq ediləndir. Yeni hüquq normalar isə şəxsin hüquqi vəziyyətini ağırlaşdırdıqda geriyə şamil edilə bilinmir, amma şəxsin hüquqi vəziyyətini yüngülləşdirdikdə qüvvəsi geriyə şamil edilə bilər.

34. Buna görə də, yeni hüquq norması ilə bağlı tətbiq olunan şəxsin hüquqi vəziyyətini ağırlaşdıran normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilə bilməməsi və ya şəxsin hüquqi vəziyyətini yüngülləşdirən normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilə bilməsi ilə bağlı Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş müddəa 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “qüsursuz xidmət” müddəti anlayışının təfsiri ilə bağlı əlavə edilmiş 3-1-ci, 3-2ci və 3-3- cü hissələrə tətbiq edilə bilməz.

35. Bundan başqa, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, icraedici və ya qanunverici orqan tərəfindən normativ hüquqi aktın və ya onun müəyyən müddəalarının şərhedici xarakterli normalar kimi qanunvericiliyə daxil edilməsi, həmin normaların məhkəmə tərəfindən müstəqil şəkildə şərhedici norma, yaxud yeni norma kimi qiymətləndərilməsinə mane olmur.

36. Məhkəmə həmçinin nəzərə alır ki, şərhedici normaların izah edilən normanın mövcud olduğu tarixdən etibarən tətbiqi hüququn aliliyi və hüquqi müəyyənlik prinsipinə ziddiyyət təşkil etməməli, şəxsin hüquq və azadlıqlarına qeyri-mütənasib müdaxilə vəziyyəti yaratmamalıdır.

37. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əlavə edilmiş “qüsursuz xidmət” müddət anlayışının məzmununu dəqiqləşdirən 3-1- ci, 3- 2-ci və 3-3-cü hissələrin hazırkı işə tətbiqini istisna edən hər hansı bir əsas yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar