Məhkəmə qərarları › İş №2-1(118)-1736/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1736/2025

09.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1736/2025 09.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Saray qəsəbəsi ərazisində, Bakı-Quba yolunun sağ tərəf hissəsində yerləşən, istifadəsində olan 0.38ha torpaq sahəsinin sənədləşməsi prossesi zamanı mühafizə zonası nəzərə alınmaqla 0.1226 ha, 0.1674 ha və 0.09 ha torpaq sahələrinin kateqoriyasının olduğu kimi, yəni yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları kimi yazılması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Saray qəsəbəsi ərazisində, Bakı-Quba yolunun sağ tərəf hissəsində yerləşən 0.0808 ha və 0.0723 ha torpaq sahələrinin kateqoriyasının olduğu kimi, yəni yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları kimi yazılması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “Abşeron rayonu, Saray qəsəbəsi ərazisində, Bakı-Quba yolunun sağ tərəf hissəsində yerləşən, istifadəsində olan 0.38ha torpaq sahəsinin sənədləşməsi prossesi zamanı mühafizə zonası nəzərə alınmaqla 0.1226 ha, 0.1674 ha və 0.09 ha torpaq sahələrinin kateqoriyasının olduğu kimi, yəni yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları kimi yazılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində, Bakı-Quba yolunun sağ tərəf hissəsində yerləşən 2 ayrı-ayrı torpaq sahəsi 30 ildən çoxdur ki, fasiləsiz və etirazsız olaraq İddiaçı (bundan sonra iddiaçı adlandırılacaq) faktiki istifadəsindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə idarəsinin xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilir ki, "Araşdırma zamanı tərəfimizdən müəyyən edilmişdir ki, həqiqətən siz sözügedən torpaq sahəsinə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minədək istifadəçisi olmusunuz. Ona görə də tərəfimizdən sizə tövsiyə olıunur ki, aidiyyəti üzrə ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron ərazi idarəsinə müraciət edəsiniz" Abşeron rayonu Saray bələdiyyəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli 11 saylı məktubunda Saray bələdiyyəsinin rəhbərliyinin həmin torpaq sahəsinə iddiaçıya qanunvericiliyə müvafiq qaydada mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmədiyini bildirib. İddiaçı həmin torpaq sahələrinin hər birində 1 (bir) mərtəbəli qeyri-yaşayış obyektləri inşa edib. İddiaçı 2024-cü ilin mart ayında Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 saylı Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına əsasən qeyri-yaşayış obyektlərinin sənədləşdirilməsi üçün prosedura başlayıb. Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin (bundan sonra cavabdeh adlandırılacaq) əməkdaşlarının təqdim etdiyi yerquruluşu planında həmin torpaq sahələrinin ölçüsü, kateqoriyası və mülkiyyət növü ilə bağlı bir sıra yanlış məlumatlar qeyd edilərək, sənədləşdirməyə sünü maneələr, problemlər yaradılır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsi Sumqayıt İnzibati Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2-1(118)-5129/2024 nömrəli Sərəncamına (hakim - Ceyhun Məmmədov) əsasən 4 saylı Abşeron Ərazi İdarəsinə göndərilmiş və iddiaya qarşı yazılı şəkildə münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.0723 ha və 0.0808 ha torpaq sahələri üzərində hüquqlara dair daşınmaz əmlakın dövlət reyestrində cari dəyişikliklərin edilməsi ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə 29 may 2024cü il tarixli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı, İddiaçı məxsus 0.0723 ha və 0.0808 ha torpaq sahələrinin Abşeron Rayon Saray Bələdiyyəsi ərazisində bələdiyyə mülkiyyətinə verilmiş yerquruluşu planı və “NECAS WEB” (TEKUİS) baza məlumatlarına qörə; kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi müəyyən olunmuşdur.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: cavabdehin iddiaçıya ünvanladığı 14 iyun 2024-cü il tarixli imtina məktubu; Sumqayıt Regional Ədliyyə İdarəsinin 22 may 2020-ci il tarixli məktubu; 18 mart 2024-cü il tarixli, F/030024 saylı müqavilə və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə tərəfləri dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iddiaçı Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinin kateqoriyasının yaşayış məntəqələrinin torpaqları kimi müəyyən edilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən onun müraciətininin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddia tələbinə münasibətdə bildirir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsində istifadəsində olan qeyri-yaşayış sahələri mövcuddur. Lakin iddiaçı mübahisə predmeti olan torpaq sahəsinin Abşeron rayon Saray bələdiyyəsi tərəfindən ona ayrılması ilə bağlı məhkəməyə hər hansı sübut və ya sənəd təqdim edə bilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin tələbinə görə torpaq sahəsinin mülkiyyətə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Abşeron rayon Saray bələdiyyəsinin xx.xx.2015-ci il tarixli, 47 saylı; xx.xx.2022-ci il tarixli, 16/6 saylı və xx.xx.2021-ci il tarixli, 16/1 saylı qərarları ilə mübahisəli torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən torpaq sahələri iddiaçıya satılmadığından, həmin torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüquqları müəyyən edilməmişdir. Beləliklə, iddiaçı mübahisəli torpaq sahələrində yerləşən qeyri-yaşayış sahələrindən faktiki istifadə etsə də, hazırki iddia tələbi üzrə torpaq sahəsinin kateqoriyasının mübahiələndirilməsi üçün subyektiv hüququ mövcud deyildir. Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Qeyd edilənlərə əsasən, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının hüquqlarının pozulması istiqamətində cavabdehin hərəkətləri olmamış və cavabdehin imtinası maddi hüquq normalarının tələbləri çərçivəsində olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Saray qəsəbəsi ərazisində, Bakı-Quba yolunun sağ tərəf hissəsində yerləşən, istifadəsində olan 0.38ha torpaq sahəsinin sənədləşməsi prossesi zamanı mühafizə zonası nəzərə alınmaqla 0.1226 ha, 0.1674 ha və 0.09 ha torpaq sahələrinin kateqoriyasının olduğu kimi, yəni yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları kimi yazılması” tələbinə dair iddiası təmin edilməməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Saray qəsəbəsi ərazisində, Bakı-Quba yolunun sağ tərəf hissəsində yerləşən, istifadəsində olan 0.38ha torpaq sahəsinin sənədləşməsi prossesi zamanı mühafizə zonası nəzərə alınmaqla 0.1226 ha, 0.1674 ha və 0.09 ha torpaq sahələrinin kateqoriyasının olduğu kimi, yəni yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları kimi yazılması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar