Məhkəmə qərarları › İş №2-1(118)-174/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-174/2021

05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-174/2021 05.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, X4 Mehralı katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, “Yaşma” bağlar massivi ünvanında 0,6 ha torpaq sahəsində yerləşən, 52 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 30.10.2019-cu il tarixli qərarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, “Yaşma” bağlar massivi ünvanında 0,6 ha torpaq sahəsində yerləşən, 52 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməmişdir. Qeyd olunan qərardan narazı qalan iddiaçı apeelyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 18 mart 2020-ci il tarixli qərardadına əsasən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 30.10.2019-cu il tarixli qərarı ləğv edilmişdir. Qeyd olunan qərarın ləğv edilməsinə əsas kimi birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə baxılarkən “xxxx” MMC-nin 3-cü şəxs qismində işə cəlb edilməməsi və cavabdeh təşkilatın etirazında göstərdiyi dəlillərin araşdırmaması göstərilmişdir. Bu məqsəd ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 30.10.2019-cu il tarixli qərarı ləğv edilərək, qeyd olunan xüsusatların yenidən araşdırılması məqsədi ilə inizbati iş Sumqayıt İnizbati Məhkəməsinə geri qaytarılmışdır.Sumqayıt İnzibati Məhkəməsinin 01.09.2020-ci il tarixli qərardadı ilə “xxxx” MMC 3-cü şəxs qismində icraata cəlb edilmiş və onun rəsmi qeydiyyatda olduğu ünvanı üzrə bildirşlər göndərilmişdir. Bundan başqa məhkəmənin təşəbbüsü ilə Abşeron rayon İcra Hakimiyyəti də 3-cü şəxs qismində iş üzrə icraata cəlb edilmişdir. Məhkəmədə iddiaçı X2 izahat verərək bildirmişdir ki, 17.02.1976-16.04.2010-cu illərdə Sumqayıt Təhsil İdarəsində müxtəlif vəzifələrdə işləmişdir. Bunu ona məxsus olan əmək kitabçası təsdiq edir. “Maarif’ X5 Heyətinin 1 saylı Protokoluna əsasən 15.11.1988-ci ildə o, “Maarif’ Bağçılıq Yoldaşlığına üzv qəbul edilmiş və ona “Yaşma’’ bağlar ərazisində, 0,6 ha torpaq sahəsində yerləşən 52 saylı bağ sahəsi verilmişdir. Həmin torpaq sahəsinin ona verilməsini 15.11.1988-ci il tarixli, 1 saylı Protokoldan Çıxarış, 52 saylı bağ sahəsinin sxematik planından Çıxarış, “Maarif’ Bağçılıq Yoldaşlığının adlı siyahısı təsdiq edir. O, 52 saylı bağ sahəsinə görə Sumqayıt şəhər Bələdiyyəsinin hesabına torpaq vergisini mütəmadi olaraq ödəmişdir. 52 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və Reyestrdən Çıxarışın verilməsi məqsədilə AR ƏMDK yanında DƏDRX-in 2 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh özünün 22 iyul 2019-cu il tarixli məktubu ilə xahişini rədd etmişdir. İmtina məktubunda səbəb kimi göstərilmişdir ki, “Elektron kadastr baza məlumatları araşdırarkən torpaq sahəsinin digər şəxsə məxsus olması müəyyən edilmişdir. Həmçinin imtina məktubunda qeyd edilmişdir ki, ona məxsus 52 saylı bağ sahəsi “xxxx” MMC-yə hazırlanmış torpaq sahəsinin plan və ölçüsü ilə üstüstə düşür. Bu səbəbdən də, tələbi təmin edilməmişdir. O, cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, yuxarıda qeyd edilən sənədlər təsdiq edir ki, 52 saylı bağ sahəsi ona məxsusdur. Buna görə də Sumqayıt şəhəri, Yaşma Bağlar massivi ünvanında yerləşən 52 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmalıdır. Qeyd olunanlara əsasən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı etirazında bildirilmişdir ki, elektron kadastr baza məlumatları araşdırılarkən torpaq sahəsinin digər şəxsə məxsus, ləğv edilmiş DT və XK tərəfindən "xxxx" MMC-nə hazırlanmış torpaq sahəsinin planı və ölçüsü sənədi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikasının qanunun 15-ci maddəsinə əsasən hüququn dövlət qeydiyyatından imtina edilmiş və bu barədə İddiaçı 22 iyul 2019-cu il tarixli **********55 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş və iddia tələbinə dair etirazı müdafiə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandrılmış 3-cü şəxslər məhkəmədə nümayəndələrinin iştrakını təmin etməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə 3-cü şəxslərin iştrakı olmadan baxılmasını mümükün hesab etmişdir. İş materiallarına əlavə edilmişdir: Sumqayıt İnzibati Məhkəməsinin 15 oktyabr 2020ci il tarixli sorğusuna verilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 4 saylı Ərazi İdarəsinin 02 noyabr 2020-ci il tarixli **********33 saylı cavab məktubu, Sumqayıt İnzibati Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli sorğusuna verilmiş ƏMDK yanında DƏDRX-in 4 saylı Ərazi İdarəsinin 04 dekabr 2020-ci il tarixli **********20 saylı cavab məktubu, Abşeron rayon İcra Hakimiyyətinin 06.04.2021-ci il tarixli 5/x/381 saylı məktubu və digər sənədlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istədiyi torpaq sahəsinin koordinatları “xxxx” MMC-nin adına qeydiyyata alınmış torpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinatlarla üst-üstə düşür. Belə ki, Abşeron rayon İcra Hakimiyyətindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 06.04.2021-ci il tarixli məktubundan məlum olmuşdur ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 777 saylı, 18.05.2012-ci il tarixli sərəncamı ilə “xxxx” MMC-yə icarə qaydasında qoyunçuluğun inkişafı məqsədi ilə 46 saylı “Cəlalı” adlanan yay otlaq sahəsindən, örüş sahədən ibarət olmaqla Abşeron rayonunun istifadəsində olan torpaqlardan 311,0 hektar hissəsinə 15 il müddətinə icarə qaydasında torpaq sahəsi ayrılmışdır. Bundan başqa DƏDRX-in 2 saylı Ərazi İdarəsinin məhkəmənin sorğusuna əsasən verdiyi cavab məktubundan məlum olmuşdur ki, İddiaçı ayrılmış torpaq sahəsinin koordinatları “xxxx” MMC-nin adına verilmiş 05.02.2015-ci il tarixli, A537922 saylı “Torpaq sahəsinin palnı və ölçüsü” sənədində göstərilən koordinatlara əsasən cəmiyyətin istifadəsində olan 30.0 ha torpaq sahəsi ilə üst üstə düşür. Qeyd olunanlar həmçinin DƏDRX-in 2 saylı Ərazi İdarəsinin məhkəməyə təqdim etdiyi “elektron kadastır baza xəritəsindən çıxarışdan” da (ortofoto) öz əksini tapır. Beləliklə, iddiaçı sözügedən bağ sahəsinin 1988-ci ildə “Maarif’ bağçılıq cəmiyyəti tərəfindən ona ayrıldığını bildirsə də, həmin torpaq sahəsi ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xxxx MMC-nin adına tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunmuş koordinatlara əsasən torpaq sahəsinin sərhədləri daxilində olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Hazırkı işdədə bəyan olunan hüquqlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluq müəyyən edilmiş və inzibati orqan əsaslı olaraq imtina etmişdir. Buna görədə məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İddiaçıya izah edilsin ki, xxxx MMC-nin qeydə alınmış hüquqlarını onun torpaq sahəsi ilə üst-üstə düşən hissədə mübahisələndirmək hüququ istisna edilmir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, “Yaşma” bağlar massivi ünvanında 0,6 ha torpaq sahəsində yerləşən, 52 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar