Məhkəmə qərarları › İş №2-1(118)-1740/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1740/2022

21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1740/2022 21.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndələri X2 və X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia qaldıraraq “cavabdehin xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin normaya uyğun olaraq iddiaçının tələbi aydınlaşdırılmış və ona hüquqi yardım olunmuşdur. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı 11 mart 2005-ci ildə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DSMF-nin Sumqayıt şəhər şöbəsində fərdi uçot məsləhətçisi vəzifəsində işə qəbul olunmuşdur. O xx.xx.2020-ci ildə DSMF 1 saylı Sumqayıt Ərazi filialında ştatdan kənar referent vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixdə isə ona zəng edərək DSMF Kadrlar Şöbəsinə çağırmışlar, əmək kitabçasını verib, onu işdən çıxardıqlarını bildirmişlər. Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin təsdiq olunmuş surətinin işə ərizə əsasında veriləyəciyini bildirmişlər. Sonra isə iddiaçıya kadrlar şöbəsindən onun 1-ci qrup əlil anasının olmasına və ona baxdığına görə, onu yenidən işə götürə biləcəklərini bildirib gözləməyi məsləhət etmişlər. O bir müddət gözlədikdən sonra onu aldatdıqlarını hiss etmiş, məhkəməyə müraciət etməyi qərara almışdır. Əmək kitabçasında yazılanlara görə onu AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad etmişlər. Qanunun tələbindən göründüyü kimi iddiaçı tək övlad olduğundan və himayəsində gözdən birinci qrup əlil anası olduğundan, anaya baxdığına görə müavinət alan İddiaçı haqqında işə götürən tərəfindən qəbul edilmiş qərar əsassızdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 14 avqust 2020-ci il tarixli **********6 nömrəli əmri ilə 1 saylı regional ərazi filialında işə qəbul olunmuşdur. Əmrin surətindən aydın şəkildə görünür ki, bu əmrə daxil edilən siyahıdakı işçilərlə AR Əmək Məcəlləsinin 45 maddəsinin 1-ci hissəsinə, 47-ci maddəsinin “f” bəndinə və 51-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq tərəflərin razılığı ilə 1 (bir) ay sınaq müddəti müəyyən edilməklə 3 (üç) ay müddətinə Dövlət Sosial Müdafiə Fondunun regional ərazi filiallarında, şəhər və rayon xidmət nümayəndəliklərini müvafiq vəzifələrə təyin edilməsi əmr edilmişdir. Buna uyğun olaraq, Azərbaycan Respublikasın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu sədrinin xx.xx.2022-ci il tarixli **********8 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin 2-ci hissəsinin “b” (əmək müqaviləsinin müddətinin başa çatması) bəndinə uyğun olaraq əmək müqavilələrinə xitam verilmişdir (əmrlərin surətləri əlavə edilir). Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun” Nizamnaməsi”nin 4.5.6-cı yarımbəndinə əsasən Fondun idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərarı qəbul etmək səlahiyyəti X7 verilmişdir. Həmin Fərmanın 4.11.11-ci yarımbəndinə əsasən həmin Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublika Ali Məhkəməsinin Plenimunun 10 aprel 2015-ci il 4 nömrəli Qərarının 12-ci və 15-ci bəndlərinə əsasən inzibati orqanla dövlət qulluqçusu və ye hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublika Ali Məhkəməsinin Plenimunun 10 aprel 2015-ci il 5 nömrəli Qərarının 1.1-ci, 1.4-cü və 2.3-cü bəndlərinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslığımn yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. lddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını yoxlamalıdırlar. Təqdim edilmiş əmək müqaviləsi bildirişinə və işə qəbul əmrinə əsasən İddiaçılə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında dövlət qulluqçusu münasibətləri olmadığından iddianın məhkəmə tərəfindən mümkünsüz hesab edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddiaya qarşı yazılı münasibətə uyğun izahat verərək, iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdilər. Məhkəmə iş materiallarını araşdıraraq elə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçının tələbi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsindən ibarətdir. Həmin əmrlə İddiaçı və başqa şəxslərin müddətli əmək müqaviləsinin müddəti qurtardığına görə tutduğu vəzifədən azad edilməsi və onlarla bağlanmış 2020-ci il 12 avqust, 2020-ci il 14 avqust tarixli əmək müqavilələrinə 2021-ci ilin 9 noyabr tarixində xitam verilməsi qərara alınmışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 2-ci bəndində mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Hazırkı işdə iddiaçının mübahisələndirdiyi əmr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qəbul edilsə də iddiaçı Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin işçisi olmuş və həmin müəssisədən işdən azad edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 30 dekabr tarixli 912 nömrəli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi yaradılmış və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə Fondun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 1.1-ci bəndində qeyd olunur ki, Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Publik hüquqi şəxslər haqqında Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə əsasən Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Yuxarıda qeyd edilən hüquq normalarının məcmusundan göründüyü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi dövlət orqanı olmamaqla həmin qurumun işçiləridə dövlət qulluqçusu statusuna malik deyildirlər. Ali məhkəmənin yuxarıda adı qeyd olunan Plenum qərarının 12-ci bəndindən də göründüyü kimi, inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Məhkəmə qeyd edir ki, dövlət qulluqçusu olmayan şəxslərlərlə işə götürən orqan arasındakı xidməti mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Onlar arasındakı əmək mübahisələri Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tənzimləməli olan hüquq münasibətlərinə aid olmaqla mülki məhkəmənin araşdırma predmetinə aiddir. Buna görə də məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Bundan başqa mübahisələndirilən əmrlə təkcə iddiaçı deyil, başqa şəxslərdə işdən azad edilmişdir. Bu halda iddiaçı həmin əmri ona aid hissədə mübahisələndirə bilər. Çünki əmrin digər hissələri, yənin başqa şəxslərin işdən azad edilməsi onun hüquq və qanunla qorunan maraqlarını pozmur. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar