Məhkəmə qərarları › İş №2-1(118)-1740/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1740/2025

08.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1740/2025 08.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, üçüncü şəxs X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” iddia tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. müəyyən etdi: TƏSVİRİ HİSSƏ İşin halları İddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə olunmuş sənədlər:

1. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 4 iyun 2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, X31 küçəsi, ev 1, mənzil - İddiaçı xüsusi mülkiyyətindədir və o, həmin əmlakın tam payın sahibidir.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 23 may 2024-cü il tarixli, ******* nömrəli arayışından görünür ki, X3, X4, X10, X22, X16, X14, X17, X23 və X5 rayonu, Saray qəsəbəsi, X31 küçəsi, ev 1 ünvanında qeydiyyatdadırlar.

3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinin 14 iyun 2024-cü il tarixli, 59/2-M-50868/24 nömrəli məktubundan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, X31 küçəsi, ev 1 ünvanından X3, X4, X10, X22, X16, X14, X17, X23 və X12 qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikası DİN-nin 550 saylı əmrinin 5ci maddəsinin “a” bəndinə əsasən yaşayış yerini dəyişdikdə yeni yaşayış üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin 10 nömrəli arayışına və ya məhkəmənin qüvvəyəminmiş qərarı və icra vərəqəsinə əsasən qeydiyyatdan çıxarıla bilər. Odur ki, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq məhkəməyə təqdim edilmiş sənədlər:

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 18 sentyabr 2024-cü il tarixli, 18/2-26331/2024 nömrəli məktubundan görünür ki, X3 7 mart 2003-cü il tarixdən, X4 11 noyabr 2014-cü il tarixdən, X28 16 sentyabr 2022-ci il tarixdən, X10 13 mart 2013-cü il tarixdən, X22 22 noyabr 2005-ci il tarixdən, X16 22 avqust 2003-cü il tarixdən, X14 21 yanvar 2011-ci il tarixdən, X17 29 may 2003-cü il tarixdən, X23 16 mart 2010-cu il tarixdən, X18 17 fevral 2014-cü il tarixdən Abşeron rayonu, Saray qəsəbəsi, X31 küçəsi, ev 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Qeyd olunan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınmalarına əsas olmuş sənədlərin saxlanma müddəti bitdiyi üçün məhv edildiyindən göndərilməsi mümkün deyildir.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 26 sentyabr 2024-cü il tarixli, 32/332/2-13972/24 nömrəli məktubundan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, X31 küçəsi, ev 1 ünvanının X13 xüsusi mülkiyyətində olan mənzildən başqa hər hansı tikiliyə verildiyi aşkar olunmamışdır.

MÜBAHiSƏLi HÜQUQi MƏSƏLƏNiN QİSA XÜLASƏSi

İddia tələbinin dəlilləri:

6. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə müraciət edərək, X3, X4, X10, X22, X16, X14, X17, X23 və X15 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

8. Məhkəmənin 23 avqust 2024-cü il tarixli, 2-1(118)-5133/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə X3, X4, X10, X22, X16, X14, X17, X23 və X12 üçüncü şəxs qismində (zəruri cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.

9. Məhkəmənin 23 noyabr 2024-cü il tarixli, 2-1(118)-5133/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin üçüncü şəxs qismində (adi cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. 10.İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

11.Cavabdeh orqan tərəfindən iddia tələbinə qarşı etiraz edilməmişdir. 12.Üçüncü şəxslər X3 və X4 iddia tələbinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmiş, onunla əsaslandırmışdır ki, X3 anadan olduğu tarixdən etibarən ünvan 4 ünvanda yerləşən həyətyanı ev də onun mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin 23 dekabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömərəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, X31 küçəsi ev 1 üçüncü şəxs X2 xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın ümumi sahəsi 109,7 kv.m, torpaq sahəsinin mülkiyyət növü də xüsusi mülkiyyətdir. Torpaq sahəsinin ölçüsü 0,125 ha-dır. Daşınmaz əmlakın reyestr nömrəsi **********50-10301-dir. Həmin küçə 1971-ci ildən salınıb və o vaxtdan da Abşeron rayonu, Saray qəsəbəsi, M.P.Vaqif küçəsi adlanıb. Üçüncü şəxs X2 atası X6 1971-ci ildə Abşeron rayonu, Saray qəsəbəsi, M.P.Vaqif küçəsi, ev 1 ünvanında həyət evi inşa edib. Sumqayıt İnzibati Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2-1(118)-5133/2024 saylı qərardadından görünür ki, iddiaçının ünvan 6 ünvanında yerləşdiyini iddia etdiyi mülkiyyət üzərində xüsusi mülkiyyəti 4 iyun 2016-cı il tarixli, ********** saylı çıxarışla qeydiyyata alınıb. İddiaçının həyət evi təxminən 1986-1987-ci illərdə inşa edilib və həmin evin yerləşdiyi küçə M.P.Vaqif küçəsi yox, həmin ərazi meşə təsərrüfatına aiddir və ünvanı da düzgün qeyd edilməmişdir. Üçüncü şəxs X2 M.P.Vaqif küçəsi, ev 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan həyət evinin 1971-ci ildə inşa edildiyini nəzərə alaraq, iddiaçının hansısa texniki yanlışlığa yol verdiyini ehtimal etmək olar. Bundan başqa, yeni nəsil şəxsiyyət vəsiqəsinin məlumatlarında şəxsin qeydiyyat yeri qeyd edilməsə də, Abşeron rayonu, Saray qəsəbəsi üzrə icra nümayəndəliyinin arayışından da görünür ki, üçüncü şəxslər X3 və X1 rayonu, Saray qəsəbəsi, X31 küçəsi ev 1-də qeydiyyatda olmaqla yaşayırlar. Bundan başqa, orada həmçinin X2 həyat yoldaşı və qızı da qeydiyyatda olmaqla yaşayırlar.

TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:

13.Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Q.Azadəliyev izahat verərək, təqdim edilmiş etirazını müdafiə edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. 14.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər və digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər. 15.Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95). 16.Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...

42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.” 17.Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü, o cümlədən yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar. 18.Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin və digər üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

MƏHKƏMƏNİN MÖVQEYİ

19.Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. 20.İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” 21.Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. 22.İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 23.Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 24.Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. 25.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 26.Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 27.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya RX seriyalı, ******* nömrəli, 4 iyun 2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi, X31 küçəsi, ev 1, mənzil - ünvanında olan əmlak məxsusdur, lakin üçüncü şəxslərin qeydiyyatı Abşeron rayonu, Saray qəsəbəsi, X31 küçəsi, ev 1 ünvanındadır. Həmçinin üçüncü şəxs X2 təqdim etdiyi 23 dekabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi, X31 küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir və o, həmin ünvanda öz ailə üzvləri ilə yaşayır. 28.Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. 29.Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia ümumi mümkünlük şərtlərini ödəmədiyi üçün mümkün sayılmamalıdır. 30.İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 31.Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar