Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1741/2021 27.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X11 Mövlətxan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Sumqayıt şəhər Polis İdarəsinə qarşı “X4, X15, X8, X12, X9, X5 iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia qaldıraraq “iddiaçıya məxsus Sumqayıt şəhəri, 1 -ci mikrorayon, ev-1 ünvanında yerləşən 16 saylı evdə faktiki yaşamayan və istifadə hüququ olmayan X4, X15, X7, X8, X12, X9, X5 həmin mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək X3 qeydiyyatı olmadığı üçün onun adının siyahıdan çıxarılmasını məhkəmədən xahiş etmişdir. X4, X8, X9, X10 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev-1 ünvanında yerləşən 16 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına tam payda mülkiyyət hüququ üzrə 16.12.2020-ci ildə qeydiyyata alınmışdır. Belə ki, sözü gedən mənzili 14 mart 2012-ci il tarixli mənzilin alqı-satqısı və ipoteka müqaviləsi əsasında həyat yoldaşı mərhum X2 X1 almışdır. Müqavilənin şərtlərinə əsasən satıcı mənzili alıcının faktiki sahibliyinə verməyi və mənzildən qeydiyyatdan çıxarmağı öhdəsinə götürmüşdür. Həyat yoldaşı X13 02 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası müdafiəsi uğrunda Göygöl (Toğanalı) rayonu üzrə gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Belə ki, həyat yoldaşı 19 ilə yaxın xidmətdə olmuş, mayor rütbəsi olmuş hərbi qulluqçu olmuşdur. 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan ordusu öz ərazi bütövlüyünü qorumaq məqsədilə Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücum əməliyyatlarına başlamışdır. Həyat yoldaşı Babayev Rahib də Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və vətən uğrunda canını verərək şəhidlik zirvəsinə yüksəlmişdir. Ölümündən sonra “Azərbaycan bayrağı uğrunda”, “Kəlbəcərin azad olunmasına ğörə və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir. X4, X15, X8, X7, X12, X9, X10 mənzilin əvvəlki mülkiyyətçisi və onun ailə üzvləridir. Qeyd edir ki, onlar mənzili satdıqdan sonra daimi yaşamaq üçün mənzildən köçmüş, 2012-ci ildən sözü gedən mənzildə yaşamırlar. Lakin onlar formal olaraq mənzilin pasport qeydiyyatında qalır. Halbuki, onlar notarial qaydada təsdiq edilmiş yazılı ərizə yazaraq mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdələrinə götürmüşlər. Qeyd etdiyi kimi, X4, X15, X8, X7, X12, X9, X5 mübahisəli mənzilə istifadə hüququ olmamasına və həmin mənzildə yaşamamasma baxmayaraq, mübahisəli mənzildə hələ də formal olaraq qeydiyyatda qalmışlar. Bu isə iddiaçının mülkiyyətçi olaraq hüquqlarını pozur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli qərarının ikinci bəndinə əsasən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli qərarına əsasən X4, X15, X8, X7, X12, X9, X5 həmin mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı bağlı Sumqayıt Şəhər Polis idarəsinə ərizə ilə müraciət etmişdir. Həmin ərizəyə cavab olaraq göndərilmiş məktubda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq X4, X15, X8, X7, X12, X9, X5 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədə uyğun olduğu qeyd olunmuşdur. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı hesab edir ki, X4, X15, X8, X7, X12, X9, X5 həmin mənzilə yaşayış-istifadə hüququ itirilmiş hesab edilməli və onlar iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmalıdırlar. Çünki, onların həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır və bu isə, öz növbəsində onun mülkiyyət hüququma əsassız müdaxilə təşkil edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində heç bir etirazı olmadığını və İddiaçı iddiasına dair qərar qəbul olunarsa tərəflərindən icra olunacağını bildirmişdir. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 2/5 hissədə paylı mülkiyyət üzrə İddiaçı məxsusdur. (**********82-05101- 093012 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış) Üçüncü şəxslər hazırda həmin ünvanda pasport qeydiyyatındadırlar. Həmin şəxslərin, iddiaçının mənzilindən istifadə hüququnun olması və həmin ünvanda yaşaması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olsa da həmin evdə yaşamırlar və yaşayış sahəsinə əmlak hüquqları mövcud olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Üçüncü şəxslərin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Hazırkı mübahisə üzrə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün hər hansı bir hüquqi əsas məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, X15 və X12 azyaşlı olduqları üçün məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməmişdir. Qanunvericiliyə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Buna görədə məhkəmə hesab edir ki, həmin azyaşlılar iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılaraq, qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri üzrə qeydiyyata alınmalıdırlar. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə yaşamayan şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı paylı mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında qeydiyyatda olan X4, X15, X8, X12, X9 və X5 həmin mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı paylı mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında qeydiyyatda olan X4, X15, X8, X12, X9 və X5 həmin mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev