Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1742/2022 06.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X5 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı “Sumqayıt Bələdiyyəsinin 31 may 2005-ci il tarixli, 19 saylı qərarı, Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 12 aprel 2006-cı il tarixli JN-9199 kod 30900002 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnaməsi əsasında Quliyev Aslan Sultan oğlunun müvəqqəti istifadəsində olmuş və Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontorunda Quliyev Aslan Sultan oğlu ilə onun arasında bağlanılmış 25 aprel 2006-cı il tarixli müqaviləyə əsasən üzərində müvəqqəti istifadə hüququ yaranmış Sumqayıt şəhər maşın bazarı rayonunda yerləşən sahəsi 0,641 ha olan torpaq sahəsinin onun istifadəsində olması müddətinin uzadılması öhdəliyinin Sumqayıt Bələdiyyəsinin üzərinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı iddia qaldıraraq “Sumqayıt Bələdiyyəsinin 31 may 2005-ci il tarixli, 19 saylı qərarı, Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 12 aprel 2006-cı il tarixli JN-9199 kod 30900002 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnaməsi əsasında Quliyev Aslan Sultan oğlunun müvəqqəti istifadəsində olmuş və Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontorunda Quliyev Aslan Sultan oğlu ilə onun arasında bağlanılmış 25 aprel 2006-cı il tarixli müqaviləyə əsasən üzərində müvəqqəti istifadə hüququ yaranmış Sumqayıt şəhər maşın bazarı rayonunda yerləşən sahəsi 0,641 ha olan torpaq sahəsinin onun istifadəsində olması müddətinin uzadılması öhdəliyinin Sumqayıt Bələdiyyəsinin üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Quliyev Aslan Sultan oğlu arasında Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontorunda bağlanılmış 25 aprel 2005- cı il tarixli müqaviləyə əsasən Sumqayıt şəhər maşın bazarı rayonunda yerləşən sahəsi 0,6411 ha olan torpaq sahəsi üzərində Quliyev Aslan Sultan oğluna məxsus müvəqqəti istifadə hüququ sonuncu tərəfindən iddiaçıya satılmışdır. Quliyev Aslan Sultan oğluna həmin torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin 31 may 2005-ci il tarixli,19 saylı qərarı əsasında ayrılmış və sonradan Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmıə Komitəsi tərəfindən onun adına 12 aprel 2006-cı il tarixli JN-9199 kod 30900002 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə də hazırlanaraq verilmişdir. Həmin sənədlər əsasında qeyd olunan torpaq sahəsi üzərində iddiaçının istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq adına qeydiyyat nömrəsi **********,Seriya RX ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” verilmişdir ki, həmin Çıxarışa əsasən torpaqdan istifadənin müddəti 15 il olmaqla 25 aprel 2021-ci il tarixədək müəyyən olunmuşdur. Torpaq sahəsi üzərində istifadə hüququ iddiaçı keçdikdən sonra tərəfindən həmin torpaq sahəsində müvafiq qeyri-yaşayış obyektləri inşa edilmiş və torpaq sahəsi tikililərlə birlikdə bugünədək iddiaçının istifadəsindədir. Bu müddət ərzində torpaqdan istifadə ilə bağlı hər hansı bir orqan, o cümlədən, torpağın mülkiyyətçisi olan Sumqayıt Bələdiyyəsi hər hansı etiraz və narazılığını bildirməmişdir. Lakin 2021-ci ilin aprel ayında torpaqdan istifadənin müddəti başa çatdığı üçün o, istifadənin müddətinin uzadılması ilə bağlı Sumqayıt Bələdiyyəsinə müraciət etdikdə, bələdiyyə tərəfindən guya bu illər ərzində olaraq yığılıb qalmış külli miqiarda icarə haqqının ödənilməsi ondan tələb edilmiş, o bu tələbi qəbul etmədiyindən istifadənin müddətinin uzadılması ilə bağlı yeni müqavilənin bağlanmasından imtina olunmuşdur. Bu azmış kimi Sumqayıt Bələdiyyəsi ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaqdan istifadəyə görə guya bugünədək yaranmış 18 720,12 manat əsas borcun.6084.03 manat dəbbə pulunun,ümumilikdə 24 804,15 manat borc pulun ondan tutularaq Sumqayıt Bələdiyyəsinə ödənilməsini və torpaq sahəsinin ondan alınaraq bələdiyyəyə qaytarılmasını tələb etmişdir. Sumqayıt Şəhər Məhkəməsində də hakim E.Abdullayev tərəfindən iddiaçının iştirakı və məlumatı olmadan işə baxılaraq qiyabi məhkəmə qətnaməsi ilə bələdiyyənin iddia tələbləri təmin olunmuşdur. Bu barədə o, müqavilənin bağlanılması ilə əlaqədar Sumqayıt Bələdiyyəsinə etdiyi müraciətə bələdiyyə tərəfindən verilmiş cavabdan məlumatlı olmuşdur. Həmin cavab məktubunda iddiaçının guya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icarə haqqını ödəməməyi, məhkəmənin qiyabi qətnaməsi ilə torpaq sahəsinin qaytarılmasının qət edildiyi, həmçinin mövcud qanunvericiliyə əsasən bələdiyyə torpaqlarının yalnız açıq torpaq hərracları, yaxud müsabiqələri ilə ayrılmasının mümkünlüyü tildirilərək yeni müqavilənin bağlanmasından imtina olunmuşdur. İddiaçı həmin məhkəmə qətnaməsindən məlumat alan kimi ləğv edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda bələdiyyənin onunla torpaqdan istifadənin müddətini uzatmaqdan imtinasını qanunsuz sayaraq bələdiyyənin hərəkətlərindən məhkəməyə müvafiq iddia ərizəsi ilə şikayət etməyi zəruri sayır. Çünki, 2021-ci ilin sonlarınadək iddiaçının torpaqdan istifadəyə görə ödəniş etməsi ilə bağlı Sumqayıt Bələdiyyəsinin hər hansı bildiriş, yaxud məktubu ona təqdim olunmamışdır. Həmçinin, mübahisəli torpaq sahəsi üzərində onun icarə deyil, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış və bu, iddiaçının adına verilmiş qeydiyyat nömrəsi **********,Seriya RX ******* saylı "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”da da öz əksini tapmışdır. Belə olan halda ondan torpağa görə icraə haqqının tələb edilməsi, özü də 2006cı ildən hesablanmaqla tələb edilməsi tamamilə qanunaziddir . Eyni sözləri mövcud qanunvericiliyə əsasən bələdiyyə torpaqlarının yalnız açıq torpaq hərracları, yaxud müsabiqələri ilə ayrılmasının mümkünlüyü barədə bələdiyyənin torpaqdan istifadənin müddətinin uzadılmasından imtinanın əsası kimi bildirdiklərinə də şamil etmək olar, çünki bu qanun norması qüvvəyə mindiyi 2007-cı ilin dekabr ayının 1-dən sonra ayrılan bələdiyyə torpaqlarına şamil edilə bilər, bununla yanaşı o, torpaq sahəsinin ayrılması ilə bağlı deyil, 2006-cı ildən qanuni istifadəsində olan torpaq sahəsinin istifadə müddətinin uzadılması ilə əlaqədar Sumqayıt Bələdiyyəsinə müraciət etmişdir. Göründüyü kimi, Sumqayıt Bələdiyyəsinin qanuni istifadəsində olan torpaq sahəsinin istifadə müddətinin uzadılmasından imtinasının hər hansı hüququ əsasları yoxdur. Sumqayıt Bələdiyyəsinin torpağı hərraca, yaxud müsabiqəyə çıxarmaqla iddiaçını təhdid etməsi və torpaqdan istifadənin müddətini uzatmaqdan imtinası onun həmin torpaq sahəsindən qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etmək imkanını əlindən alır və bir sahibkar kimi onu külli miqdarda ziyana uğradır. İddiaçı Sumqayıt Bələdiyyəsinin bu hərəkətlərini qanunsuz hesab edir, çünki bələdiyyənin hərəkətləri nəticəsində o, 2006-cı ildən istifadəsində olan torpaq sahəsindən məhrum edilməyə çalışır. Bu səbəbdən məhkəməyə müraciət etməyə və yol verilmiş qanun pozuntularının aradan qaldırılaraq hüquqlarımın bərpasını tələb etməyə məcbur olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X6 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında bildirmişdir ki, Sumqayıt Bələdiyyəsinin 31 may 2005-ci il tarixli 19 saylı protokol qərarı ilə vətəndaş Quliyev Aslan Sultan oğlunun adına torpaq sahəsinin sənədləşdirilməsi qərara alınmışdır. Eyni zamanda qeyd olunan qərarın 2.3- cü bəndində qeyd olunmuşdur ki, Quliyev Aslan Sultan oğlu ilə Sumqayıt Bələdiyyəsi arasında torpaq icarə müqaviləsi bağlanılmalıdır. Buna əsasən də Sumqayıt Bələdiyyəsi ilə Quliyev Aslan Sultan oğlu arasında 01 mart 2006-ıtı il tarixdə 15 il müddətinə 39 saylı torpaq icarə müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Quliyev Aslan Sultan oğlu hər il bələdiyyə büdcəsinə icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra 12 aprel 2006-cı il tarixdə Quliyev Aslan Sultan oğlu torpaqdan istifadəyə görə JN-9199 kod-30900002 saylı Şəhadətnammə almışdır. Həmçinin qeyd olunan şəhadətnamədə də torpaq sahəsinin ayrılmasına əsas olan sənəd kimi Sumqayıt Bələdiyyəsinin 31 may 2005ci il tarixli qərarı və 01 mart 2006-cı il tarixli 39 saylı torpaq icarə müqaviləsi göstərilmişdir. Göründüyü kimi Sumqayıt Bələdiyyəsi tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmiş və qeyd olunan torpaq icarə müqaviləsinin bağlanması ilk öncə bələdiyyə qərarında öhdəlik kimi qeyd olunmuşdur və bunun əsasında da tərəflər arasında torpaq icarə müqaviləsi bağlanılmışdır. Daha sonra Quliyev Aslan Sultan oğlu torpaq sahəsi üzərində olan hüquqlarını və öhdəliklərini 25 aprel 2006-cı il tarixdə İddiaçı satmışdır. İddiaçı adına 26 may 2006-cı il tarixli JN-9512 Kod-30900002 saylı 15 il müddətinə Şəhadətnamə verilmişdir. Daha sonra X3 xx.xx.2016-cı il tarixdə RX seriyalı ******* saylı çıxarış almış və qeyd olunan çıxarışın da qüvvədə olma müddəti xx.xx.2006-cı il tarixdən 15 il müddətinə müəyyən olunmuşdur. Qeyd olunan 15 il müddət Sumqayıt Bələdiyyəsinin Quliyev Aslan Sultan oğlu ilə bağlanılmış 01 mart 2006-cı il tarixli 39 saylı torpaq icarə müqaviləsinə əsasən əsas götürülmüşdür. Əlavə olaraq onu da qeyd edirlər ki, qeyd olunan torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir və iddiaçı tərəfindən öhdəliklər lazımı qaydada və vaxtı vaxtında icra olunmadığı üçün bələdiyyə tərəfindən mənfi ödəyicilər siyahısına salınmış və hər hansı güzəştlərin olunması məqsədə müvafiq hesab olunmur. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı Sumqayıt Bələdiyyəsinin 31 may 2005-ci il tarixli, 19 saylı qərarı, Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 12 aprel 2006-cı il tarixli JN-9199 kod 30900002 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnaməsi əsasında Quliyev Aslan Sultan oğlunun müvəqqəti istifadəsində olmuş və Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontorunda Quliyev Aslan Sultan oğlu ilə onun arasında bağlanılmış 25 aprel 2006-cı il tarixli müqaviləyə əsasən üzərində müvəqqəti istifadə hüququ yaranmış Sumqayıt şəhər maşın bazarı rayonunda yerləşən sahəsi 0,641 ha olan torpaq sahəsinin onun istifadəsində olması müddətinin uzadılmasını istəyir. İnzibati məhkəmə icraatı qaydasında inzibati orqanın publik hüquq sahəsindəki fəaliyyəti ilə əlaqədar yaranmış mübahisələrə baxıldığına və kirayə müqaviləsi ilə bağlı yaranan hüquq münasibətlərinin publik hüquq sahəsinə aid olmadığına görə, belə iddialara inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Müqavilə öhdəlikləri inzibati məhkəmə icraatının predmetini təkil etmir, inzibati məhkəmə icraatı qaydasında inzibati orqandan inzibati aktın qəbul edilməsi tələb edilə bilər. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 saylı qərarının 6.2-ci bəndindədə qeyd olunmuşdur ki, torpaqla bağlı müqavilələrdən (alğı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. İddiaçıya izah edilsin ki, müqavilə öhdəlikləri ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1742/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1742/2022
06.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver