Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1743/2025 19.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: “Əmək pensiyasının yenidən hesablanması” haqqında qərarın ləğvi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. AA******* nömrəli “Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1963-cü il tarixdə doğulmuşdur.
2. İddiaçı məxsus 17 iyul 1984-cü il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli “Əmək kitabçası”nın surəti.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 14 iyun 2024-cü il tarixli, 3-17-1/2-K-141701/2024 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 1 oktyabr 2023-cü il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanaraq 10.689,17 manat məbləğində müəyyən edilmişdir. Həmçinin, əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixdən hesablanmaqla indeksləşdirilməsi ilə əlaqədar hazırda əmək pensiyasının aylıq məbləği 11.886,35 manat təşkil edir. Barəsində inzibati icraat başlanmış, inzibati icraatın gedişində Mərkəzi Filial tərəfindən müraciəti əsasında 1 oktyabr 2023-cü il tarixdə əmək pensiyasının yenidən hesablanaraq 8.240,75 manat (indeksləşdirilmə nəzərə alınmaqla hazırda 9.163,75 manat) məbləğində müəyyən edilməli oiduğu halda, 10.689,17 manat məbləğində müəyyən edildiyi aşkar olunmuşdur. Azərbaycan Respublikasının 29 iyun 2022-ci il tarixdən qüvvəyə minmiş 13 may 2022ci il tarixli 530-VİGD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli, 530-VİQD nömrəli Qanununun 2.2-ci maddəsinə əsasən qeyd olunan 1.11-ci maddə Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yasa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. 29 iyun 2022-ci il tarixdən əvvəl pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyası yenidən hesablanarkən, fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq 134 aya (392.255,52:134 ay (65 il-59 il 10 ay=62 ay+ (144 ay-72 ay))) bölünməli olduğu halda, 72 aya bölünmüşdür. Nəticədə, ümumilikdə 20.958,14 manat artıq pul vəsaiti ödənilmişdir. Göstərilənlərlə əlaqədar, əmək pensiyasının cari aydan etibarən qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq, 9.163,75 manat məbləğində müəyyən edilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinə əsasən yuxarıda müəyyən edilmiş hallarla əlaqədar mülahizələrinin diniənilməsi üçün 25 iyun 2024-cü il tarixədək mülahizələrini və eyni zamanda artıq ödənilmiş 20.958,14 manat vəsaitin əmək pensiyasından tutulmasına dair yazılı razılığını təqdim edilməsi xahiş edilmişdir. Göstərilən müddət ərzində yazılı mülahizələrinin təqdim edilməməsi barəsində müvafiq inzibati aktın qəbul olunmasını istisna etmir.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 25 sentyabr 2023-cü il tarixli, 3-17- 1/3-3-18813/2023 nömrəli qərarından görünür ki, 1 yanvar 2006-cı il tarixdə təyin edilmiş, hazırkı 5.313,50 manat pensiya məbləği yenidən hesablanaraq, 10.488,93 manat məbləğində təyin edilmiş, yenidən hesablamanın səbəbi “37.3.1 (6 il və daha çox işlədiyi üçün)” olaraqgöstərilmişdir.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 19 dekabr 2023-cü il tarixli, 3-17- 1/3-3-64818/2023 nömrəli qərarından görünür ki, 1 yanvar 2006-cı il tarixdə təyin edilmiş, hazırkı 10.488,93 manat pensiya məbləği yenidən hesablanaraq, 10.689,17 manat məbləğində təyin edilmiş, yenidən hesablamanın səbəbi “yenidən hesablama - 6 illik əskik vermə - MDSS” olaraq göstərilmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 25 iyun 2024-cü il tarixli, 3-17-1/3- 7-7117/2024 nömrəli qərarından görünür ki, 1 yanvar 2006-cı il tarixdə təyin edilmiş hazırkı pensiya məbləği 11.886,35 manat, yeni hesablanmış pensiya məbləği 9.163,75 manat, yenidən hesablamanın səbəbi “m.45 tətbiq edilməklə” olaraq göstərilmiş, 3-17-1/3-3- 64818/2023, 3-17-1/3-3-18813/2023 sərəncamlar etibarsız hesab edilmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia tələbinin dəlilləri:
7. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən aparılmış yenidən hesablanmanın ləğv edilməsini, pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş 45-ci maddəsinin ikinci cümləsinin müddəaları nəzərə alınmadan 37.3.1-ci maddəsinin müddəaları nəzərə alınmaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki: - 29 iyun 2022-ci il tarixədək qüvvədə olan Qanunun 45-ci maddənin ikinci cümləsində yenidən hesablanma sözü yoxdur, ümumiyyətlə yenidən hesablanma qaydasını ehtiva edən maddə mövcud deyildir. - 29 iyun 2022-ci il tarixədək qüvvədə olan 175 nömrəli, 28 aprel 2022-ci il tarixli Qaydalardır, həmin normativ hüquqi akt əmək pensiyalarının yenidən hesablanma qaydasını müəyyən edir. - 29 iyun 2022-ci il tarixədək 175 nömrəli Qaydalarda və həmçinin hazırda da həmin Qaydalarda 45-ci maddənin ikinci cümləsi ilə bağlı heç nə qeyd edilməmiş, sığorta kapitalının 72 aydan daha böyük rəqəmə bölünməsi ilə bağlı qayda yoxdur. - 175 nömrəli, 28 aprel 2022ci il tarixli Qaydalar yenidən hesablanmanın hüququn yaranması tarixindən aparılmasını nəzərdə tutur. - 1 may 2022-ci il tarixdən 175 nömrəli Qaydalar qüvvəyə minmişdir, bu isə o deməkdir ki, 530 nömrəli Qanunun 2.2-ci maddəsinin tələblərinə əsasən, həmin Qanunun qüvvəyə mindiyi günədək 29 iyun 2022-dək məhz 175 nömrəli Qaydalar qüvvədə idi, hansı ki, “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə əsasən yenidən hesablanma qaydasını müəyyən edir. - 13 may 2022-ci il tarixli, 530 nömrəli Qanunda 1 may 2022-ci il tarixədək qüvvədə olmuş 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli Qaydalar barədə heç nə yazılmamışdır. - 530 nömrəli Qanunun 2.2-ci maddəsində 29 iyun 2022-dək, yəni 530 nömrəli Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyaları ilə bağlı göstəriş nəzərdə tutulur. Burada “qüvvəyə mindiyi günədək” ifadəsi müəyyən edir ki, məhz 29 iyun 2022-ci il tarixədək olan zaman kəsiyi nəzərdə tutulur, həmin zamana baxanda isə görünür ki, yenidən hesablanması qaydası müəyyən edən 175 nömrəli Qaydalar var. - 550 nömrəli Qanunun 2.2-ci maddəsinə və ya ümumiyyətlə həmin Qanunda 45-ci maddənin ikinci cümləsinin tətbiqi ilə bağlı hər hansı başqa göstəriş yoxdur, həmin cümlənin tətbiqi ilə bağlı 175 nömrəli Qaydalar qüvvədədir. Həmin vaxt 17 nömrəli Qaydalar yox, Qanunun 37.3.1-ci maddəsi əsasında sığorta kapitalının 72 aydan daha böyük rəqəmə bölünməsi ilə bağlı qayda isə məhz 1 may 2022-dək qüvvədə olan 17 nömrəli Qaydalarda idi. Yəni ki, 29 iyun 2022-dək qüvvədə olan Qaydalar 175 nömrəlidir, orda isə Qanunun 37.3.1-ci maddəsi əsasında sığorta kapitalının 72 aydan daha böyük rəqəmə bölünməsi ilə bağlı qayda yoxdur. Cavabdeh qurumun məsul şəxslərinin məntiqinə görə 37.3.1-ci maddə əsasında yenidən hesablanma zamanı həmin hüququn yarandığı tarixdə qüvvədə olan qanun yox, 29 iyun 2022-ci il tarixədək qüvvədə olan qanun bütövlükdə yox, qüvvədən düşmüş Qanunun yalnız 45-ci maddəsi tətbiq edilməlidir. Hesab edir ki, bu məntiqlə qanunu tətbiq etmək hüquq normalarının zamana görə qüvvəsi prinsipinə ziddir, həmçinin 2.2-ci maddənin tələblərini bir birinə ziddiyyət halına salır. Çünki 29 iyun 2022-ci il tarixədək pensiya təyin olunan şəxs həmin tarixədək pensiya təyin edilməsi hallarına münasibətdə hüququ yaranmış şəxsdir. 29 iyun 2022-ci il tarixədək təyin edilmiş pensiya, həmin tarixədək yaranmış hüquq əsasında təyin edilmiş, 530 nömrəli qanunun 2.2-ci maddəsinə əsasən isə 29 iyun 2022-ci il tarixli günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. 29 iyun 2022-ci il tarixədək pensiya təyin edilmiş şəxslər 29 iyun 2022-ci il tarixədək pensiya hüququ yaranmış şəxslər deməkdir.
9. İddia tələbinin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9, 20, 37.3.1, 45, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununa istinad olunmuşdur.
10. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 25 iyun 2024-cü il tarixli, 3-17-1/3-7-7117/2024 nömrəli qərarının ləğv edilməsini, barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən, gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 24 fevral 2025-ci il tarixli protokol qərardadı ilə icraata qəbul edilmişdir.
11. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
12. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir. İddia ərizəsinə qarşı etirazın dəlilləri
13. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
14. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əmək pensiyası 1 oktyabr 2023-cü il tarixdə “Əmək pensiyalan haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanaraq 10.689,17 manat məbləğində müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Bununla əlaqədar olaraq, iddiaçı barəsində inzibati icraat başlamışdır. Həmin inzibati icraatın gedişində Mərkəzi Filial tərəfindən iddiaçının müraciəti əsasında 1 oktyabr 2023cü il tarixdən əmək pensiyası yenidən hesablanaraq 8.240,75 manat (indeksləşdirilmə nəzərə alınmaqla 9.163,75) məbləğində müəyyən edilməli olduğu halda, 10.689,17 manat məbləğində müəyyən edildiyi aşkar olunmuşdur. İddiaçıya 29 iyun 2022-ci il tarixdən əvvəl, yəni 1 oktyabr 2013-cü il tarixdə pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyası yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 134 aya (392.255,52:134 ay (65 il - 59 il 10 ay=62 ay+(144 ay-72 ay (6 il və daha çox işlədiyi üçün)) bölünməli olduğu halda, səhvən 72 aya bölünmüş və nəticədə iddiaçıya 20.958,14 manat artıq pul vəsaiti ödənilmişdir. Göstərilənlərlə əlaqədar, iddiaçıya təyin edilmiş əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq, 9.163,75 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinə əsasən yuxarıda müəyyən edilmiş hallarla əlaqədar iddiaçının mülahizələrinin dinlənilməsi üçün 25 iyun 2024-cü il tarixədək mülahizələrin və eyni zamanda artıq ödənilmiş 20.958,14 manat vəsaitin əmək pensiyasından tutulmasına dair yazılı razılığın təqdim edilməsi xahiş olunmuşdur.
15. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9, 37.3.1, 39.1, 45, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21, 28.1.2, Azərbaycan Respublikasının 29 iyun 2022-ci il tarixdən qüvvəyə minmiş 13 may 2022-ci il tarixli, 530-VİQD nömrəli Qanununun 1.11-ci maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1ci bəndinə, Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” 27 mart 2014-cü il tarixli Qərarlarına, prosessual hüquqi əsası kimi isə İPM-in 47-ci maddəsinə istinad olunmuşdur.
c) Tərəflərin iştirakı və izahatları:
16. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.
17. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü:
18. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
19. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
20. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
21. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
22. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)
24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-) 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; (-)
Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları (-) 37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; (-)
25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-) 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; (-) 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt; 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. (-)
26. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi:
27. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.
28. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
29. Belə ki, iddiaçı tərəfin mövqeyinə görə, 29 iyun 2022-ci il tarixədək qüvvədə olan qanun bütövlükdə yox, qüvvədən düşmüş Qanunun yalnız 45-ci maddəsinin tətbiq edilməsi hüquq normalarının zamana görə qüvvəsi prinsipinə ziddir. Çünki 29 iyun 2022-ci il tarixədək pensiya təyin olunan şəxs həmin tarixədək pensiya təyin edilməsi hallarına münasibətdə hüququ yaranmış şəxsdir. 29 iyun 2022-ci il tarixədək təyin edilmiş pensiya, həmin tarixədək yaranmış hüquq əsasında təyin edilmiş, 530 nömrəli qanunun 2.2-ci maddəsinə əsasən isə 29 iyun 2022-ci il tarixli günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. 29 iyun 2022-ci il tarixədək pensiya təyin edilmiş şəxslər 29 iyun 2022-ci il tarixədək pensiya hüququ yaranmış şəxslər deməkdir.
30. Cavabdeh tərəfin mövqeyinə görə isə iddiaçıya 29 iyun 2022-ci il tarixdən əvvəl, yəni 1 oktyabr 2013-cü il tarixdə pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsi tətbiq edilməklə, yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 134 aya (392.255,52:134 ay (65 il - 59 il 10 ay=62 ay+(144 ay-72 ay (6 il və daha çox işlədiyi üçün)) bölünməli olduğu halda, səhvən 72 aya bölünmüş və nəticədə iddiaçıya 20.958,14 manat artıq pul vəsaiti ödənilmişdir.
31. Hazırki işdə məhkəmənin sorğusu əsasında cavabdeh orqan tərəfindən təqdim edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” 25 iyun 2024-cü il tarixli, 3- 17-1/3-7-7117/2024 nömrəli qərarından görünür ki, 1 yanvar 2006-cı il tarixdə təyin edilmiş hazırkı pensiya məbləği 11.886,35 manat, yeni hesablanmış pensiya məbləği 9.163,75 manat, yenidən hesablamanın səbəbi “m.45 tətbiq edilməklə” olaraq göstərilmişdir.
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 16 yanvar 2025ci il tarixli, 2-1(102)-53/2025 saylı qərarında da göstərilmişdir ki, “iddiaçının pensiya çıxdıqdan sonra işləməsi və onun pensiya kapitalında müvafiq məbləğin toplanması işin mübahisəsiz halıdır və həmin kapital əsasında onun pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablandıqda pensiya məbləği artacaqdır. Bu səbəbdən iddiaçının əmək pensiyası 45-ci maddənin tələbinə əsasən deyil, 37.3.1-ci maddənin tələbinə istinad olunmaqla yenidən hesablanmalıdır.”
33. Məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi əmək pensiyaçılarının pensiya təyinatından sonra işləməyə davam etdikləri halda, onların əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır. Qeyd olunan qanunvericilik normasının məzmunundan da göründüyü kimi, normanın tətbiqi üçün iki şərt nəzərdə tutulmuşdur şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də iki hal müəyyən olunmuşdur - şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi.
34. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçısı olduğundan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə onun pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi müəyyən olunduğundan, iddiaçıya hazırkı norma şamil edilməlidir. Bu səbəbdən iddiaçı barəsində “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanmalı idi (Qanunun 45-ci maddəsi tətbiq edilmədən).
35. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2 fevral 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunverici “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsində pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir.
36. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
37. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazının dəlillərini yuxarıda qeyd olunan hallara istinadən əsassız hesab edir.
NƏTİCƏVİ HİSSƏ
38. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 25 iyun 2024-cü il tarixli, 3-17-1/3-7- 7117/2024 saylı qərarı (11.886,35 manat təşkil edən iddiaçının pensiyasının azaldılaraq 9.163,75 manata endirilməsi barədə olan) ləğv edilsin. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərək (45-ci maddəni tətbiq edilmədən), gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova