Məhkəmə qərarları › İş №2-1(118)-1745/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1745/2022

20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1745/2022 20.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X1, zəruri cəlbetmə qaydasında cəlb edilmiş 3-cü şəxs X2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İddiaçı cavabdeh Xızı rayon Altıağac Bələdiyyəsinə qarşı “Altıağac Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 03 saylı iclas protokolunun 4-cü qərarının ləğv olunması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən qanunvericiliyin müddəalarına uyğun olaraq Xızı rayonu Altıağac bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 03 saylı iclas protokolunda göstərilən bələdiyyə qərarlarına (aktlarına) inzibati nəzarət icraatı qaydasında baxılmışdır. Müəyyən edilmişdir ki, iclas protokolunun gündəliyində olan 4-cü məsələ üzrə Altıağac bələdiyyəsinin yurisdiksiyasına aid olan Yarımca kənd sakini X3 0,045 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsi üçün satılması barədə qərar qəbul edilmişdir. Lakin bələdiyyə tərəfindən bilavasitə satılması nəzərdə tutulan torpaq sahəsinin qiyməti müəyyən edilərkən bazar qiymətinin nəzərə alınıb-alınmaması qərarda qeyd olunmamışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 10.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. Həmçinin, “Torpaq bazarı haqqında” Qanunun 4-cü bəndinə görə bələdiyyə və xüsusi mülkiyyətdə olan,torpaq sahələrinin hərrac və müsabiqə vasitəsi ilə satışında ilkin qiymət (müsabiqədə isə qiymət), bazar məzənnəsini nəzərə almaqla, mülkiyyətçi ilə satışın təşkilatçıları arasında razılaşma əsasında torpağın normativ qiymətindən az olmamaq şərti ilə müəyyən edilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 23-cü bəndinə görə də bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Həmin Əsasnamənin 23-cü bəndinin tələbinə görə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alqı- satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətinə verilir. Torpaq Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndinə əsasən torpaqların qiymətləndirilməsində torpağın normativ qiymətindən və bazar qiymətindən istifadə olunur. Həmin Məcəllənin 95-ci maddəsinin 1 -ci bəndinə əsasən torpağın normativ qiyməti torpaq sahəsinin təbii və iqtisadi potensialına ekvivalent götürülən dəyər göstəricisidir. Həmin Məcəllənin 96-cı maddəsinin 1 -ci bəndinə əsasən torpağın bazar qiyməti torpaq əqdlərinin növlərindən, satışın formalarından, satış obyektinin təyinatından, torpaqların hüquqi statusundan, rejimindən və normativ qiymətindən, habelə tələb və təklifdən asılı olaraq formalaşır. qiyməti (qiyməti) normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla, bələdiyyələr tərəfindən müəyyən edilir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 8.4-ci maddəsinə uyğun olaraq vətəndaş X3 0,045 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsi üçün satılması barədə olan Xızı rayon Altıağac bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 03 saylı iclas protokolunun 4-cü qərarının (aktının) müzakirəyə çıxarılaraq dəyişiklik edilməsi və ya dəyişiklik edilməsi mümkün olmadığı halda ləğv edilməsi üçün xx.xx.2022ci il tarixli, 05/472 saylı məktubla müraciət edilmişdir. Buna baxmayaraq Xızı rayon Altıağac bələdiyyəsi xx.xx.2022-ci il tarixli, 04 saylı iclas protoklunun 1-ci qərarı (aktı) ilə ləğv təklifini təmin etməmişdir. Belə ki, bələdiyyə həmin təklifi müzakirə edərkən Xızı rayon Dövlət Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 18 saylı məktubuna əsalanaraq həyətyanı torpaq sahəsinin 0,01 ha üçün orta qiymət 444 manat müəyyən etmişdir. Lakin bələdiyyə xx.xx.2022-ci il tarixli 03 saylı iclas protokolunun 4-cü qərarında (aktında) dəyişiklik və ya ləğv etmədən orta bazar qiymətini nəzərə almadan qərar qəbul etmişdir. Həmçinin əsas kimi həmin torpaq sahəsinin 0,01 ha üçün qiymətinin bazar məzənnəsi nəzərə alınmaqla 8,8% artırılaraq 270 manat müəyyən etdiklərini göstərmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqanın nümayəndəsi iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, qeyd olunan ərazidə ümumiyyətlə torpağın alqı-satqısı müqaviləsi rəsmiləşdirilməyib və DƏDRX tərəfindən torpağın bazar qiyməti ilə bağlı məlumatı həqiqəti əks etdirmir. Belə ki, torpaq sahəsinin yerləşdiyi ərazinin infrastrukturu mövcud deyil və iddiaçı tərəfindən qeyd olunan torpaq sahəsinin dəyərinin Altağac qəsəbəsində yerləşən torpaq sahəsi ilə eyniləşdirmək düzgün deyil. Çünki ərazilər arasında ən azı 20 km məsafə mövcuddur və Altağac qəsəbəsində torpağın 1 sotunun dəyərin 400 manat olması Yarımca kəndində də torpağın qiymətinin 400 manat olmasına dəlalət edə bilməz. Hesab edir ki, torpağın dəyərinin ərazidə keçirilən son hərracın qiymətinə uyğun (248 manat) olması ədalətdlidir. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zəruri cəlbetmə qaydasında cəlb edilmiş 3-cü şəxs X5 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, Yarımca kəndini sakinidir və həmin kəndinin infrastrukturu zəif olduğuna görə kənar ərazilərdən olan sakinlər Yarımca kəndindən torpaq sahələri almırlar. Ailə həyatı qurduqdan sonra yaşadığı kənddə fərdi yaşayış evi inşa etmək məqsədi ilə torpaq sahəsi əldə etmək üçün bələdiyəyə müraciət etmiş və bələdiyyə tərəfindən ona 0,45 ha torpaq sahəsinin ayrılması nəzərə alınmışdır. İddiaçı tərəfindən torpağın dəyəri ilə bağlı gətirdiyi arqumentlər əsassızdır. Qeyd olunan ərazidə ümumiyyətlə torpaqların alqı-satqısı müqaviləsi rəsmiləşdirilməyib. İddiaçının rəsmiləşdirilməsi tələb etdiyi məbləğə Yarımca kəndi ərazisində hazır ev əldə etmək olar, lakin onun buna maddi imkanının olmaması səbəbindən əldə etdiyi torpaq sahəsi üzərində özü tərəfindən fərdi yaşayış evi inşa etmək fikri var. Qeyd olunanlara əsasən zəruri cəlbetmə qaydasında cəlb edilmiş 3-cü şəxs X5 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçının 05/472 nömrəli, xx.xx.2022-ci il tarixli pretenziya məktubu, Altıağac Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 03 saylı iclas protokolunun 4-cü qərarının surəti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən təqdim edilmiş **********06 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı, iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun inzibati nəzarət funksiyasının həyata keçirdiyi bələdiyyə olan Xızı rayon Altıağac Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 03 saylı iclas protokolunun 4-cü qərarının qəbul edildiyi vaxtdan yaranmışdır. Xızı rayon Altıağac Bələdiyyəsinin iddia tələbi üzrə həmin iddiaya cavab veribverməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, mübahisə predmeti olan qərar Altıağac Bələdiyyəsi tərəfindən qəbul edilmişdir. Belə olduğu tədqirdə Altıağac Bələdiyyəsi hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də iddiaçı tərəfindən qərarın ləğv edilməsi ilə bağlı prosessual müddətlərə riayət edib-etməməsi ilə bağlıdır. Belə ki, iddiaçı sözügedən qərarın qanunvericiliyin tələblərinin pozulması qənaətinə cavabdehin regional ədliyyə idarəsinə təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktubundan sonra məlumatlanmışdır. Bununla bağlı cavabdehə xx.xx.2022-ci ildə pretenziya məktubu göndərilmiş, Bələdiyyə tərəfindən məktub nəzərə alınmaqla, təklif edilən məsələlər yenidən müzakirə edilmiş və xx.xx.2022-ci ildə çıxarılmış bələdiyyə qərarı ilə Altıağac Bələdiyyəsi müvafiq qərarı ləğv etmədiyindən, iddiaçı həmin qərarın ləğv edilməsi üçün xx.xx.2022-ci ildə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Göründüyü kimi inzibati aktın mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 30 günlük prosessual müddətə və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun 8.3-8.5-ci maddələrinin tələblərinə riayət olunmuşdur. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı hissəsinə dair məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qərar Xızı rayon Altıağac Bələdiyyəsi tərəfindən qəbul edildiyinə və həmin təşkilatın yerləşdiyi ərazi Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyası aid olduğuna görə hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı, iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Xızı rayon Altıağac Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 03 saylı iclas protokolunun 4-cü qərarı əsasında vətəndaş X3 0.045 ha həyətyanı torpaq sahəsi satılmışdır. xx.xx.2022-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İddiaçı tərəfindən cavabdehə torpaq sahəsinin ayrılmasının qanunvericiliyə uyğun olmadığı qənaətinə (torpağın dəyərinin bazar qiymətindən aşağı qitmətə satılması) gələrək müvafiq tədbirlərin görülməsi barədə müraciət etmişdi. Lakin, iddiaçının tələbi Altıağac bələdiyyəsi tərəfindən təmin edilməmiş və bu səbəbdən də məhkəməyə müraciət edərək Altıağac Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 03 saylı iclas protokolunun 4-cü qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 3.1-ci maddələrinə və həmin Qanunun tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 922 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bələdiyyələrin, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konistitusiyasına və qanunlarına, Azərbaycan Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinentinin qərarlarına riayət edilməsinə inzibati nəzarəti həyata keçirir. Hənin qanunun 8.4-cü maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1 -ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1 -ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın 15 gün ərzində dəyişdirilməsi və ya ləğv edilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir. Qanunun 8-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, 15 gün ərzində məhkəməyə müraciət edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur.Həmin Qanunun 10.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndinə əsasən torpaqların qiymətləndirilməsində torpağın normativ qiymətindən və bazar qiymətindən istifadə olunur. Həmin Məcəllənin 95-ci maddəsinin 1 -ci bəndinə əsasən torpağın normativ qiyməti torpaq sahəsinin təbii və iqtisadi potensialına ekvivalent götürülən dəyər göstəricisidir. Həmin Məcəllənin 96-cı maddəsinin 1 -ci bəndinə əsasən torpağın bazar qiyməti torpaq əqdlərinin növlərindən, satışın formalarından, satış obyektinin təyinatından, torpaqların hüquqi statusundan, rejimindən və normativ qiymətindən, habelə tələb və təklifdən asılı olaraq formalaşır. qiyməti (qiyməti) normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla, bələdiyyələr tərəfindən müəyyən edilir. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü bəndinə görə bələdiyyə və xüsusi mülkiyyətdə olan,torpaq sahələrinin hərrac və müsabiqə vasitəsi ilə satışında ilkin qiymət (müsabiqədə isə qiymət), bazar məzənnəsini nəzərə almaqla, mülkiyyətçi ilə satışın təşkilatçıları arasında razılaşma əsasında torpağın normativ qiymətindən az olmamaq şərti ilə müəyyən edilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 23-cü bəndinə görə də bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Həmin Əsasnamənin 23-cü bəndinin tələbinə görə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alqı- satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətinə verilir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən təqdim edilmiş **********06 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Xızı rayonu Yarımca kənd ərazisində yerləşən 0.045 ha torpaq sahəsinin xx.xx.2022-ci il tarixə bazar qiyməti 7.000 manat təşkil edir. Bu onu deməyə əsas verir ki, Altıağac Bələdiyəsi tərəfindən torpaq sahəsi satılarkən onun dəyəri qanunvericilikdə nəzərdə tutulmuş miqdardan aşağı qiymətə satılmışdır. Göründüyü kimi, Altıağac Bələdiyəsi yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə almadan sahibliyində olan həyətyanı torpaq sahəsini vətəndaşa satarkən qanunvericiliyin tələblərini gözləməmişdir. Bu isə Xızı rayon Altıağac Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 03 saylı iclas protokolunun 4-cü bəndində qeyd olunan qərarının qanunsuz olmasına dəlalət edir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə görə poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə görə hu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Xızı rayon Altıağac Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 03 saylı iclas protokolunun 4-cü qərarı qanunsuz olduğundan ləğv edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Xızı rayon Altıağac Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 03 saylı iclas protokolunun 4-cü bəndində qeyd olunmuş qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar