Məhkəmə qərarları › İş №2-1(118)-1745/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1745/2023

06.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1745/2023 06.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayon İcra Hakimiyyəti başçısının Ceyranbatan qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.1999-cu il tarixli 129 saylı sərəncamına əsasən iddiaçının adına ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Abşeron rayon İcra Hakimiyyəti başçısının Ceyranbatan qəsəbəsi üzrə nümayəndəliyinin 14 iyun 1999-cu il tarixli 129 saylı sərəncamına əsasən onun adına ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu İcra Hakimiyyəti başçısının Ceyranbatan qəsəbəsi üzrə nümayəndəliyinin 14 iyun 1999-cu il tarixli 129 saylı sərəncamı ilə iddiaçıya Ceyranbatan qəsəbəsində 0.10 ha torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi istifadəsində və sahibliyindədir. xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Döviət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsinə müraciət edərək, torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli bildirişinə əsasən həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunmuşdur, imtinanın əsası kimi qeyd olunmuşdur ki, həmin torpaq sahəsinin ayrıca aktının təqdim edilmiş sənədlər toplusuna daxil edilməmişdir. Həmçinin müraciət üzrə əlavə edilmiş sərəncamda hüquq sahibi “X3” göstərilsə də, şəxsiyyəti təsdiq edən sənəddə “İddiaçı” kimi qeyd edilmişdir. Bundan əlavə müraciət üzrə əlavə edilmiş sənədlərdə sərəncamın verildiyi tarixə münasibətdə uyğunsuzluq müəyyən edilmişdir. Bu əsasla da ərizənin icrasından imtina olunmuşdur. İmtina tamamilə qanunsuz və əsassızdır və heç bir həqiqəti əks etdirmir. Torpaq sahəsi iddiaçının adına ayrılmışdır və bütün zəruri sənədləri də aidiyyəti orqana təqdim etmişdir. Qeyd olunan səbəblərə görə ərizənin təmin olunmaması onun hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. İşdən görünür ki, torpaq sahəsi iddiaçının adına ayrılmışdır. Sərəncamda torpağın ayrılması 14 iyun 1999-cu il tarixli 129 saylıdır. Digər sənədlərdə isə xx.xx.1999-cu il tarixli 129 saylıdır. Həmin torpaq sahəsinin isə iddiaçının adına ayrılması işin mübahisəsiz halıdır. Bu sənədlərdə də öz təsdiqini tapır. Adında və ata adındakı isə texniki səhvdir. Texniki səhvlərə görə onun hüquqları kobud şəkildə pozulur. İddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə, 29-cu maddəsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə, 13.2-ci maddəsinə, Azərbaycan Respulikası İnzibati-Prosessual Məcəlləsinin 2-ci maddəsinə, 14.3-cü maddəsinə istinad edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək Abşeron rayon İcra Hakimiyyəti başçısının Ceyranbatan qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.1999-cu il tarixli 129 saylı sərəncamına əsasən iddiaçının adına ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddianın nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, aparılan araşdırma zamanı Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Ceyranbatan qəsəbəsi üzrə nümayəndəsinin 14 iyun 1999-cu il tarixli, 129 saylı sərəncamı ilə İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsinin ayrıc aktının təqdim edilmiş sənədlər toplusuna daxil edilmədiyi; sözügedən sərəncamda hüquq sahibi “X3” göstərilsə də, şəxsiyyəti təsdig edən sənəddə “İddiaçı” kimi qeyd edildiyi; müraciət üzrə əlavə edilmiş sənədlərdə sərəncamın verildiyi tarixə münasibətdə uyğunsuzluq olduğu müəyyən olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci, 8-ci, 9- cu maddəsinə, 11.1-ci, 23-cü maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiqlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmana, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə istinad edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavbdeh iddiaya cavab verməli orqandır, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. İddiaçı, Abşeron rayon İcra Hakimiyyəti başçısının Ceyranbatan qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.1999-cu il tarixli 129 saylı sərəncamına əsasən iddiaçının adına ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasını istəyir. Cavabdeh isə qeyd edir ki, aparılan araşdırma zamanı Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Ceyranbatan qəsəbəsi üzrə nümayəndəsinin 14 iyun 1999-cu il tarixli, 129 saylı sərəncamı ilə İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsinin ayrıc aktının təqdim edilmiş sənədlər toplusuna daxil edilmədiyi; sözügedən sərəncamda hüquq sahibi “X3” göstərilsə də, şəxsiyyəti təsdiq edən sənəddə “İddiaçı” kimi qeyd edildiyi; müraciət üzrə əlavə edilmiş sənədlərdə sərəncamın verildiyi tarixə münasibətdə uyğunsuzluq olduğu müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Ceyranbatan qəsəbəsi üzrə nümayəndəsinin 14 iyun 1999-cu il tarixli Sərəncamı ilə X2 fərdi mənzil tikintisi üçün 0.10 ha torpaq sahəsi ayrılmışdır. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi Üzrə İcra Nümayəndəliyinin 129 saylı sərəncamı xx.xx.1999-cu iİ tarixlidir. Abşeron rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş T/502 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilir ki, Saray qəsəbəsi Üzrə İcra Nümayəndəliyi tərəfindən vətəndaş X2 0,10 ha torpaq sahəsi ayrılmışdır. (Abşeron rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli T/662 saylı və 03 iyul 2023-cü il tarixli, T/502 saylı məktubları) Göründüyü kimi Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Ceyranbatan qəsəbəsi üzrə nümayəndəsinin 129 saylı sərəncamı xx.xx.1999-cu iİ tarixli tarixlidir və iddiaçının ata adı sərəncamda “Məməş” olaraq qeyd edilmişdir. Lakin məhkəmə hesab edir ki, qeyd edilmiş texniki səhv iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Bu baxımdan iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilməklə sərəncamın tarixi xx.xx.1999-cu iİ olaraq qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli Fərmanı ilə yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar həmin siyahıya əlavə edilmişdir. Göründüyü kimi iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas mövcuddur. Torpaq sahəsi yerində müayinə edilmiş, müayinə aktı məhkəməyə təqdim edilmişdir. Müayinə aktından da göründüyü kimi torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir, daş hasar daxilindədir və koordinatlar uyğundur. Belə ki, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasını istisna edən hal mövcud deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının 6 (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları müəyyən edir. Həmin qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Yuxarıda qeyd edilən hüquq normalarından göründüyü kimi qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanları tərəfindən müvafiq olaraq dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, dövlət qeydiyyatı üçün əsas hesab olunur və bu hüquqlar dövlət təminatına alınmışdır Qeyd edilənlərə görə məhkəmə cavabdeh inzibati orqanın imtinasının əsasını təşkil edən dəlilləri əsasız hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Avropa Məhkəməsi bu mövqeyini sonrakı qərarlarındada inkişaf etdirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Abşeron rayon İcra Hakimiyyəti başçısının Ceyranbatan qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.1999-cu il tarixli 129 saylı sərəncamına əsasən İddiaçı adına ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar