Məhkəmə qərarları › İş №2-1(118)-1753/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1753/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1753/2025 24.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Xaçmaz rayonu Nərəcan bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinin sahibkarlıq məqsədilə ayrılması) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Xaçmaz rayonu Nərəcan bələdiyyəsinə qarşı “torpaq sahəsinin sahibkarlıq məqsədilə ayrılması” tələbinə dair iddiası üzrə inzibati işə 24 iyun 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında inzibati icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsinin 22 dekabr 2022-ci il tarixli, 04/A-58/2 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Xaçmaz rayonu Xudat, Qusarçay, Palçıqoba, Müşkür, Mürşüdoba, Nərəcan bələdiyyələrinin məlumatında bildirilir ki, Xaçmaz-Xudat yolunun kənarından sahibkarlıq məqsədi üçün almaq istənilən torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid deyildir, dövlət mülkiyyətinə aid X1 torpağıdır. İzah olunur ki, bələdiyyə tərəfindən sahibkarlıq məqsədilə torpaq sahələrinin hərraca çıxarıldığı zaman keçirilən hərracda iştirak etmək və hərracın qalibi olduğu təqdirdə icarəsinə torpaq almaq hüququ vardır

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 9 yanvar 2023-cü il tarixli, 3-21-3/2-A-0889/03-8/2023 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, torpaq sahəsinin ayrılması ilə bağlı aidiyyəti üzrə Xaçmaz Rayon İcra Hakimiyyətinə və ya müvafiq bələdiyyəyə müraciət etmək hüququ izah edilmişdir. Torpaq sahəsinin mülkiyyət növündən asılı olaraq rayon icra hakimiyyəti və ya müvafiq bələdiyyə tərəfindən müraciət daxil olduğu təqdirdə məsələyə mövcud qanunvericiliyə uyğun münasibət bildiriləcəkdir.

3. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının aparatının 4 may 2023-cü il tarixli, 5-49/2- A-38/2/2023 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Xudat, Qusarçay, Palçıqoba, Müşkür, Mürşüdoba Nərəcan bələdiyyələrindən bildirilmişdir ki, yol kənarında fərdi kommersiya obyekti tikintisi üçün bələdiyyə mülkiyyətində torpaq sahəsi yoxdur.

4. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının aparatının 4 may 2023-cü il tarixli, 5-49/2- A-38/3-039/3/2023 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Xudat, Qusarçay, Palçıqoba, Müşkür, Mürşüdoba, Nərəcan bələdiyyələrindən bildirilmişdir ki, yol kənarında fərdi kommersiya obyekti tikintisi üçün bələdiyyə mülkiyyətində torpaq sahəsi yoxdur.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

5. Xaçmaz rayonu Nərəcan bələdiyyəsinin 12 may 2025-ci il tarixli, 50 nömrəli arayışından görünür ki, İddiaçı iddia etdiyi torpaq sahələri (yol kənarıboyu) dövlət mülkiyyətindədir və həmin torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun tanınması mümkün deyildir. Çünki, həmin torpaq sahələri dövlət mülkiyyəti kimi TEKUİS-də qeydiyyata alınmışdır.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

6. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Nərəcan bələdiyyəsinin ehtiyat fondundan iddiaçının xeyrinə sahibkarlıq məqsədi ilə 500 kv.m torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Nərəcan kəndi ərazisində sahibkarlıq məqsədi ilə 500 kv.m torpaq sahəsinin ayrılmasına köməklik göstərilməsi barədə Nərəcan kənd bələdiyyəsinə rəsmi ərizə ilə müraciət edilsə də, indiyə qədər etdiyi müraciət cavabsız qalmışdır. Eyni qayda ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Xaçmaz Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə, Azərbaycan Baş Prokurorluğuna dəfələrlə müraciət edilmişdir. Həmin müraciətlər əsasında bildirilmişdir ki, Xaçmaz-Xudat yolu kənarlarında bələdiyyələrin ehtiyat fondunda torpaq sahəsi yoxdur. Cavabdehə iddia tərəfindən ona ehtiyat fondunda torpağın olub-olmamasını sübut edən elektron xəritənin göstərilməsi xahiş edilmişdir. Lakin iddiaçıya bildirilmişdir ki, elektron xəritələr gəlməmiş və bunu sübut edəcəkləri heç bir elektron xəritə sistemi və ya başqa bir sübut yoxdur.

8. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 9, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddələrinə istinad olunmuşdur.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə (bundan sonra – “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

10. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

11. Etiraz daxil olunmamışdır.

c) Tərəflərin iştirakları və izahatları:

12. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, həmçinin bələdiyyənin qonşu dövlətlərlə əlaqə yaradaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə yardım etmək səlahiyyətinə malik olduğunu, torpaq sahəsi ilə müraciətlərinə cavab olaraq Xaçmaz-Xudat yolu kənarlarında bələdiyyələrin ehtiyyat fondunda torpaq sahəsinin olmadığının bildirilməsini qeyd edərək, torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunduğunu, Nərəcan kəndi ərazisində başqa şəxslərə torpaq sahəsinin verilməsini bildirmişdir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öz səlahiyyətli nümayəndəsi ilə məhkəmə iclasında təmsil edilməmişdir.

14. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

15. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPMin 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

16. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

17. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

18. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

19. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

20. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul

21. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

22. Hazırkı iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2024-cü il tarixli, 2-1(105)-550/2024 nömrəli qərarında qeyd olunmuşdur ki, iddiaçıya təqdim edilmiş məktublarda qeyd olunan ziddiyyətli məlumatlar aydınlaşdırılmalı, iddiaçının iş üzrə hüquqi marağı, yəni, yerini konkret dəqiq bildiyi torpaq sahəsinin yoxsa bələdiyyə mülkiyyətindən istənilən torpaq sahəsinin ayrılmasını tələb etdiyi müəyyən edilməlidir.

23. Məhkəmə apellyasiya instansiyasının mövqeyini nəzərə alaraq, hazırkı icraat çərçivəsində İPM-in 12-ci maddəsinin tələblərinə uyğun yenidən araşdırma aparmışdır.

24. Məhkəmə işdə iştirak etmiş tərəfin izahatını (§12) və iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

25. Belə ki, iddiaçı hazırkı iddia tələbi ilə Xaçmaz rayonu Nərəcan kəndi ərazisində sahibkarlıq məqsədi ilə 500 kv.m torpaq sahəsinin ayrılmasını xahiş etmiş, lakin cavabdeh tərəfindən qanunsuz olaraq imtina edilmişdir.

26. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Xudat, Qusarçay, Palçıqoba, Müşkür, Mürşüdoba Nərəcan bələdiyyələri tərəfindən yol kənarında fərdi kommersiya obyekti tikintisi üçün bələdiyyə mülkiyyətində torpaq sahəsinin olmadığı bildirilmişdir.

27. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən, torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır.

28. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir.

29. Həmin qanunun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir.

30. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 5.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur.

31. Həmin qanunun 6.1-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.

32. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

33. Məhkəmə tərəfindən hazırkı işlə bağlı müvafiq sorğular göndərilmiş, nəticədə cavabdeh tərəfindən təqdim edilmiş arayışa əsasən iddiaçı tərəfindən iddia edilən torpaq sahələrinin (yol kənarıboyu) dövlət mülkiyyətində olduğu və həmin torpaq sahələrin üzərində bələdiyyənin mülkiyyət hüququnun tanınması mümkün olmadığı müəyyən edilmişdir.

34. Məhkəmə həmçinin bildirir ki, işin hallarından və iddiaçının verdiyi izahatından müəyyən edilir ki, o, cavabdeh orqana müraciə edərək, ehtiyat fondunda torpaqların mövcud olub-olmaması barədə məlumat təqdim edilməsi tələb etmiş, eyni zamanda digər yerli özünüidarəetmə orqanlara və yerli icra hakimiyyətinə torpaq sahəsinin ayrılması ilə bağlı müraciət etmişdir. Bununla da müəyyən edilir ki, iddiaçının hüquqi marağı konkret torpaq sahəsi deyil, bələdiyyə mülkiyyətindən istənilən torpaq sahəsinin ayrılmasından ibarətdir.

35. Yuxarıda qeyd olunanlardan göründüyü kimi qanunverici bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirməyi bələdiyyələrin müstəsna hüququ kimi müəyyən etsə də, bu hüququn həyata keçirilməsinin konkret mexanizmlərini müəyyən etmişdir. Qanunvericilikdən göründüyü kimi bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

36. Eyni zamanda, qanunvericilikdə torpaq sahəsinin birbaşa vətəndaşların mülkiyyətinə ayrılması ilə bağlı da istisna hallarda nəzərdə tutulmuşdur. Bu hallara torpaq sahəsinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə ayrılması, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, habelə torpaq sahəsinin geri qaytarılmasının mümkün olmadığı hallar daxildir.

37. Lakin iddiaçı hazırkı iddia tələbində qanunvericiliklə nəzərdə tutulmuş istisna halların mövcud olduğunu sübuta yetirməmiş, torpaq sahəsinin açıq torpaq hərracı və ya müsabiqəni keçirilmədən ayrılmasını xahiş etmişdir.

38. Bundan əlavə, iddiaçı tərəfindən tələbində torpaq sahəsinin sahibkarlıq məqsədilə ayrılması tələb edilsə də, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

39. Beləliklə, məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. İmtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz.

NƏTİCƏVİ HİSSƏ

40. Şərh edilənlərə əsasən və İPM-in 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar