Məhkəmə qərarları › İş №2-1(118)-1755/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1755/2025

21.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1755/2025 21.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi-vəkili X1, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdeh tərəfindən 19 oktyabr 2023-cü il tarixli, 3- 17-1/3-3-61630/2023 və 19 oktyabr 2023-cü il tarixli, 3-17-1/3-3-61632/2023 saylı qərarların ləğv edilməsi və pensiya məbləğinin bərpa edilməsi”nə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya təyin edilmiş ailə başçısını itirməyə görə müavinətin ödənilməsinin dayandırılması barədə qərarın ləğv edilməsi və pensiyanın əvvəlki qaydada bərpa edilməsi və 2023-cü ilin noyabr ayından başlayaraq iddiaçının kəsilmiş pensiyasının məhkəmənin qərarının qüvvəyə minməsinə qədər hesablanaraq ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddia ərizə təqdim edərək, “cavabdeh tərəfindən 19 oktyabr 2023-cü il tarixli, 3-17-1/3-3-61630/2023 və 19 oktyabr 2023-cü il tarixli, 3-17-1/3-3-61632/2023 saylı qərarların ləğv edilməsi və pensiya məbləğinin bərpa edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1976-cı il tarixdə anadan olmuşdur. Orta məktəbə başladıqdan bir müddət sonra təhsilini dayandırmışdır. Buna səbəb iddiaçının psixi problemlərinin mövcud olması olmuşdur. İlk dəfə rəsmi qeydiyyata alınmaqla xx.xx.1994-cü il tarixdə həkim müayinəsində olmuş və Sumqayıt Ruhi Əsəb Dispanserində müalicə proseduru keçmiş və nəticə etibarı ilə iddiaçıya kəskin debillik diaqnozu qoyulmuşdur. Bundan sonra xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək bir ay müddətində müalicədə olmuşdur. Vəziyyətinin kəskin ağırlaşması səbəbindən dəfələrlə həkim- psixiator tərəfindən müalicə almışdır. 3 dəfə stasionar müalicə almışdır. xx.xx.2000-ci il tarixdə verilmiş epiqrizdən görünür ki, iddiaçının ruhi xəstəliyinin səbəbi doğuşdandır. Eyni zamanda sahə psixiatorunun dispanser müşahidəsi altında olmalıdır. Əmək qabiliyyəti itirilmişdir. Lakin valideynləri heç bir zaman onun xəstəliyi ilə barışmamış, iddiaçını qüsurlu uşaq kimi qəbul etməmişlər. Elə bu səbəbdəndir ki, heç bir xəstəxanada qeydiyyatda olmamışdır, heç bir ekspert komissiyasından keçirilməmişdir. Eyni zamanda valideynlərinin etinasız və məsuliyyətsiz davranışları nəticəsində onun qeydiyyatı bu qədər gecikmişdir. Amma iddiaçı faktiki olaraq əlilliyini uşaqlıqdan əldə etmişdir. Hətta doğulduğu gündən. xx.xx.2009-cu il tarixdə atası X7 vəfat etmiş və anası ailə başçısının itirməsinə görə onun pensiyasını almağa başlamışdır. xx.xx.2014-cü il tarixdə anası X5 vəfat etdikdən sonra iddiaçı sənədlərini toplamış və Sumqayıt şəhər Sosial Müdafiə şöbəsinə təqdim etmişdir və iddiaçıya qanunvericiliyə uyğun olaraq pensiya təyin olunmuşdur. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası ƏƏSM Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı tərəfindən sənədləri üzrə yoxlanış keçirilmiş və sonra məlum olmuşdur ki, guya iddiaçıya pensiyanın təyini düzgün edilməmişdir və əksinə onun tərəfindən artıq ödənilmə geri qaytarılmalıdır. Sonradan bir daha müraciət etmiş və ona rəsmi şəkildə cavab verilmişdir ki, iddiaçıya vaxtı ilə təyin olunmuş pensiya uşaqlıqda təyin edilmədiyi üçün atasının iddiaçıya ödənilən pensiyası qanunsuz olaraq təyin edilmişdir və bu səbəbdən də həmin pensiya dayandırılmalı və artıq ödənilmiş məbləğ geri qaytarılmalıdır. Hesab edir ki, iddiaçının pensiyasının kəsilməsi qanunsuzdur və bu səbəbdən də məcbur qalıb məhkəməyə müraciət edir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkili X2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, idda tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı, ona təyin edilmiş ailə başçısını itirməyə görə müavinətin ödənilməsinin dayandırılması barədə qərarın ləğvi, pensiyanın əvvəlki qaydada bərpa edilməsi və 2023-cü ilin noyabr ayından başlayaraq kəsilmiş pensiyanın məhkəmə qərarının qüvvəyə minməsinə qədər hesablanaraq ödənilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəmədə iddia qaldırmışdır. Hesab edirlər ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, iddiaçıya 1 yanvar 2011-ci il tarixindən Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında’ Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 14-cü maddəsinə və 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş 20 17.2-ci maddəsinin tələblərinə uyğun olaraq, mərhum X4 ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Qanunun 14 1.1.2-ci maddəsinə əsasən vəfat etmiş şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil olan övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Araşdırma zamanı Mərkəzi Filialda mövcud olan məlumatlara əsasən iddiaçıya (təvəllüd: 25 01 1976-cı il) 31 avqust 2000-ci il tarixindən (ilkin əlillik təyin edildiyi günə yaş 24) uşaqlıqdan əlillik təyin olunduğu müəyyən edilib. Göründüyü kimi, iddiaçıya əlillik 18 yaşına çatanadək deyil, 18 yaşından sonra təyin edilib. Bununla əlaqədar iddiaçıya ailə başçısını itirməyə görə pensiya ödənişi 1 noyabr 2023-cü il tarixindən dayandırılıb. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. İddiaçıya artıq ödənilmiş vəsait son üç il üzrə məhdudlaşdırılaraq 37056,87 manat olmaqla artıq ödənilmiş vəsait kimi qaytarılmalıdır. Həmçinin yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün iddiaçıya 2023-cü il tarixində sürətli poçt vasitəsilə məktub göndərilməklə Mərkəzi Filiala gəlməyi xahiş edilib. İddiaçı mülahizənin dinlənilməsi üçün xx.xx.2023-cü il tarixində Mərkəzi Filiala gəlmişdir və tərəfimizdən tərtib edilən aktı imzalamamışdır. Belə ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafıq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Bundan əlavə, yuxarıda qeyd etdiyimiz kimi, "İnzibati icraat haqqında’ Qanunun 21.3.4- cü maddəsi icazə verir ki, şəxslərə münasibətdə qəbul edilmiş inzibati aktlar, yəni ümumi xarakterli sərəncamlar və ya avtomatik qurğuların vasitəsilə və ya çoxlu sayda identik məzmunlu inzibati aktların qəbul edilməsi zamanı inzibati orqan dinləmədən imtina etsin. Qanunda belə bir müddəanın nəzərdə tutulması zərurətdən irəli gəlir. Pensiya hüquq münasibətləri çərçivəsindən yanaşdıqda, bu kateqoriyadan olan şəxslərin dairəsi geniş olduğu üçün həmin şəxslərin hamısının dinləmək faktiki cəhətdən mümkün olmur. Eyni zamanda hesab edirlər ki, formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsl əsası İlə ləğv edilə bilməz. Əlavə olaraq bildirirlər ki, inzibati icraatın formal (prosessual) tələblərinin pozulması əsası ilə əleyhimizə qərar qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarının icrası məqsədilə müvafiq şəxslərin pensiya ödənişi bərpa edilir və ya əvvəlki məbləğə çatdırılır Bundan sonra tərəfimizdən həmin şəxslər barəsində inzibati icraatın bütün qaydalarına riayət edilməklə yenidən pensiya ödənişinin dayandırılması və ya qanunauyğun qaydada yenidən hesablanaraq azaldılması haqqında qərarlar qəbul edilir Yəni əleyhimizə qəbul olunmuş qərarlar müvafiq iş üzrə inzibati orqanın yekun nəticədə qəbul edəcəyi qərarın məzmununda hər hansı dəyişikliyə səbəb olmur Əksinə, sırf məhkəmə qərarının icrası məqsədilə dövlət büdcəsi hesabına əsassız pensiya məbləğlərinin daha bir neçə ay (inzibati icraatın formal tələblərinə riayət edilməklə aparıldığı müddət ərzində) ödənilməsinə və bununla da dövlət büdcəsinə vurulmuş ziyanın məbləğinin artmasına səbəb olur Hesab edirlər ki, sözügedən işlərdə məhkəmə müdaxilənin qanunuliyi məsələsinə onun mütənasibliyi (ədalətli tarazlığa riayət edilməsi) ilə bır yerdə qiymət verməlidir. Belə ki, vətəndaşın hər hansı pozulmuş hüququnun bərpasına xidmət etməyən qərarlar, eyni zamanda dövlət büdcəsindən səmərəsiz istifadəyə gətirib çıxarır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: 286686 nömrəli vəsiqə; 122/94 saylı epikriz; müayinə aktından çıxarış; məhkəməyə sorğu əsasında daxil olmuş məlumatlar və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati-Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hal-hazırda mübahisə predmeti olan pensiyanın yenidən hesablanması haqqında qərar 19 oktyabr 2023-cü il tarixdə qəbul edilmiş, lakin cavabdeh tərəfindən iddiaçıya məhkəmə çəkişməsi zamanı təqdim edilmişdir. İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməmişdir. Göründüyü kimi iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə inzibati iş materiallarını tam, hərtərəfli və obyektiv olaraq araşdırıb, belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, İddiaçı xx.xx.1976-cı il təvəllüdlü olmaqla, ona xx.xx.2011-ci il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Daha sonra cavabdeh orqan tərəfindən qəbul edilmiş 19 oktyabr 2023-cü il tarixli, 3-17-1/3-3-61630/2023 saylı “İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarın ləğv olunması haqqında” və 19 oktyabr 2023-cü il tarixli, 3-17-1/3-3-61632/2023 saylı “Əmək pensiyasının dayandırılması haqqında” qərarlarla iddiaçıya təyin edilmiş əmək pensiyasının ödənişi dayandırılmışdır. Məhkəmə hesab edir ki, cavabdeh orqanın qəbul etdiyi 19 oktyabr 2023-cü il tarixli, 3-17-1/3-3-61630/2023 və 19 oktyabr 2023-cü il tarixli, 3-17-1/3-3-61632/2023 saylı qərarı üzrə inzibati icraat aparılmadığından və əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən: 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxsin ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Eyni zamanda həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Qanunun 2.0.2-ci bəndinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir Həmin qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Cavabdeh orqan imtinasının əsası kimi göstərmişdir ki, iddiaçının 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş şəxs olmadığından onun atası X3 ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olmamışdır. Cavabdeh orqan imtinasının əsası kimi göstərmişdir ki, iddiaçı 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş şəxs olmadığından onun anası X3 ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olmamışdır. Eyni zamanda məhkəməyə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş materiallardan müəyyən edilir ki, İddiaçı əlillik təyin edilərkən qoyulan diaqnoz-debillik onda anadangəlmə (uşaqlıqdan) müşahidə edilir. Həmçinin məhkəmə zəruri olaraq qeyd edir ki, iddiaçıya xx.xx.2000-ci il tarixində əlillik dərəcəsi təyin edilsə də, iş materiallarında olan 6 saylı Tibbi-Sosial Ekspert Komissiyasının Sumqayıt şəhər üzrə əlillər barədə 30 mart 2021-ci il tarixli müayinə aktından çıxarışda xx.xx.1976-cı il təvəllüdlü İddiaçı əlillik səbəbinin “uşaqlıqdan” olduğu qeyd edilmişdir. Məhkəmə vətəndaşa əlillik təyin edilərkən qoyulmuş diaqnozun anadangəlmə müşahidə edilməsinə baxmayaraq, ona xx.xx.2000-ci ildən yəni 18 yaşına çatdıqdan sonra əlillik təyin edildiyi üçün cavabdeh orqan tərəfindən imtina verilməsini yuxarıda qeyd olunan konstitusion hüququn pozulması kimi qiymətləndirir və bu qənaətə gəlir ki, iddiaçı 18 yaşına çatana qədər əlilliyi müəyyən edilən şəxs kimi nəzərə alınmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Qanunun 21-ci maddəsinə əsasən: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Qanunun 24-cü maddəsinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Qanunun 25.1-ci maddəsinə görə Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin qanunun 64.1-ci maddəsinə əsasən İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Qanunun 67-ci maddəsində qeyd edilir: 67.1.inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Qanunun 68-ci maddəsinə əsasən: 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. Qeyd olunan hüquq normalarından göründüyü kimi qanunvericilikdə artıq ödənilmiş pensiyanın geri qaytarılmasının yalnız iki qaydası mövcuddur - tərəfin razılığı ilə inzibati orqanın özü tərəfindən qəbul edilmiş qərar və tərəfin razılıq olmadığı tədqirdə həmin vəsaitin qarşı tərəfdən məhkəmə qaydasında tutulması. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ondan artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı razılığı olmamışdır, nə də artıq ödənilmiş məbləğin tutulması ilə bağlı məhkəmə qərarı da mövcud deyildir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə yuxarıda qeyd olunan hüquq normalarının müqaisəli təhlildən göründüyü kimi cavabdeh tərəfindən qəbul edilmiş 19 oktyabr 2023-cü il tarixli, 3-17-1/3-3- 61630/2023 saylı “İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv olunması haqqında” və 19 oktyabr 2023-cü il tarixli, 3-17-1/3-3-61632/2023 saylı “Əmək pensiyasının dayandırılması haqqında” qərarlar iddiaçıya münasibətdə akt əlverişsiz inzibati akt olmaqla, iddiaçının konstusion hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı barəsində qəbul edilmiş 19 oktyabr 2023-cü il tarixli, 3-17-1/3-3-61630/2023 saylı “Dövlət Sosial Müdafiə Fondunun XŞTMF-nın əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv olunması haqqında” və 19 oktyabr 2023-cü il tarixli, 3-17-1/3-3-61632/2023 saylı “Əmək pensiyasının dayandırılması haqqında” qərarlar ləğv edilməli, pensiya məbləğinin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı barəsində qəbul edilmiş 19 oktyabr 2023-cü il tarixli, 3-17-1/3-3- 61630/2023 saylı “Dövlət Sosial Müdafiə Fondunun XŞTMF-nın əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv olunması haqqında” və 19 oktyabr 2023-cü il tarixli, 3-17-1/3-3-61632/2023 saylı “Əmək pensiyasının dayandırılması haqqında” qərarlar ləğv edilsin. İddiaçı pensiya məbləğinin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar