Məhkəmə qərarları › İş №2-1(118)-1756/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1756/2025

22.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1756/2025 22.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqların qeydiyyata alınması, plan və ölçü sənədinin verilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsində (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Abşeron rayonu Qobu bələdiyyə şurasının 28 iyun 2007-ci il tarixli, 12 nömrəli qərarından görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi X1.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusunun 29 aprel 2021-ci il tarixli, 1436 nömrəli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə göndərilmiş məktubundan görünür ki, 8 may 2008-ci il tarixdə vəfat etmiş X3 miras qalmış torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqda şəhadətnaməsi verilməsinə dair X4 müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənədlər, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında vərəsələrin dairəsi müəyyən edilmiş və 68 nömrəli vərəsəlik işi açılmışdır. Təqdim edilən sənədlərdən müəyyən edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya onun üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş mərhum X3 bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və ya onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədləri Reyestrə təqdim edənədək ölmüşdür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1-1-ci maddəsinin tələbini rəhbər tutaraq sorğunu təqdim edən şəxs vasitəsi ilə açılmış vərəsəlik işi ilə əlaqədar mərhum X3 miras qalmış daşınmaz əmlak barədə daşınmaz əmlakın reyestrindən çıxarış və müvafiq məlumat verilməsi xahiş edilmişdir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusunun 7 noyabr 2024-cü il tarixli, 4475 nömrəli məktubu ilə göndərilmiş 28 aprel 2021-ci il tarixli, 8V-68 nömrəli reyestrdə açılmış vərəsəlik işində aşağıdakı sənədlər mövcuddur: - **********201 nömrəli, 8İ-3201 reyestr nömrəli ərizədən görünür ki, 8 may 2008-ci il tarixdə ünvan 3 ünvanda yaşamış X4 anası X12 vəfat etmişdir. X2 rayonu, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi irs qalmış mirası qəbul etmişdir və ondan başqa vərəsə yoxdur.

MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ:

İddia ərizəsinin dəlilləri

4. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,08 (faktiki 0,0748 ha) torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydə alınmasına dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

6. İddiaçının nümayəndəsi daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,748 ha torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 22 aprel 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

7. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

8. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

9. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı - Qobu bələdiyyəsi tərəfindən X9 0,08 ha torpaq sahəsinin 28 iyun 2007-ci il tarixində, 12 nömrəli qərarla ayrılmasına baxmayaraq, alqı-satqı aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi; - əlavə edilmiş Abşeron rayon Qobu bələdiyyəsinin yerqurulusu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsi və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri ilə) təsdiqlənmədiyi; - torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0,08 ha olduğu halda, müvafiq bələdiyyənin yerquruluşu planından çıxarışda 0,0748 ha qeyd edildiyi; - daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyqun olubolmamasını müəyyənləşdirmək üçün müayinə baxışının keçirilməsinə iddiaçı tərəfindən şərait yaradılmadığı; - iddiaçının 22 aprel 2024-cü il tarixli müraciətinin Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair ünvanlandığı, lakin iddia ərizəsində sözügedən hüquqların iddiaçının adına rəsmiləşdirilməsi tələbi qoyulduğu aşkarlanmışdır. TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:

10. Məhkəmə iclasında izahat verən iddiaçı nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya satılmışdır, lakin hazırda X11 tərəfindən iddiaçıya verilmiş etibarnamədən başqa digər sənəd mövcud deyildir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öz nümayəndəsi ilə məhkəmə iclasında təmsil olunmamışdır. 12.Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “...42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

13. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

14. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

15. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

16. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.

17. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

18. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.

19. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

20. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

21. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

23. İş materialında olan sənədlərin tədqiqi ilə müəyyən olunur ki, Abşeron rayonu Qobu bələdiyyə şurasının 28 iyun 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə X8 0,08 ha torpaq sahəsi satılmışdır. Həmin şəxs vəfat etmiş və Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notarius tərəfindən 29 aprel 2021-ci il tarixdə vərəsəlik işi açılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş vərəsəlik işinin surətindən müəyyən edilmişdir ki, X6 vərəsəsi X7r və ondan başqa digər vərəsəsi müəyyən edilməmişdir.

24. İddiaçı hazırkı iddia tələbi ilə həmin torpaq sahəsi üzərində öz mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etmişdir. Halbuki, torpaq ərazisi mərhum şəxsin adına bələdiyyə qərarı ilə ayrılmış, üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamış, iddiaçı isə onun vərəsəsi deyildir. Həmçinin iddiaçının nümayəndəsinin izahatından da müəyəyn edilir ki, mərhum şəxs ilə iddiaçının əlaqəsi yoxdur, alqı-satqı aktı isə qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilməmişdir.

25. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2, 59.1, 357.1 və 357.2-ci maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 aprel 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, “... Odur ki, müəyyən əmlakla bağlı mülkiyyət hüquqlarının həyata keçirilməsi, payların bölünməsi və s. bu kimi hallar üzrə mülki mühakimə icraatı qaydasında qəbul olunmuş qətnamə hər hansı dövlət idarə və təşkilatının və ya təsisçisi dövlət və ya dövlət idarəsi olan, yaxud təşkilatı olan hüquqi şəxslərin mənafelərinə toxunarsa, həmin subyektlər (məsələn, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və s.) müstəqil qaydada məhkəmə aktını mübahisələndirə bilərlər. ...”

26. Aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə bildirir ki, iddiaçı tələb üzrə subyektiv hüququnun olması müəyyən edilmir.

27. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: - öz hərəkətlərinə hüquqi ixtiyar; - başqa (borclu) şəxslərdən tələb etmək hüququ; - müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 225/2024 saylı qərarında qeyd olunmuşdur ki, “31. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. 32. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.”

29. Məhkəmə yuxarıda qeyd edilən normaların tələblərinə istinad edərək bildirir ki, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından, iddia iddiaçının subyektiv hüququnun olmaması əsası ilə mümkün sayılmamalıdır.

30. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

31. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,748 ha torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar