Məhkəmə qərarları › İş №2-1(118)-1757/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1757/2021

11.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1757/2021 11.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi İddiaçı, 3-cü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN-nin Abşeron rayon Polis İdarəsinə qarşı “ 3-cü şəxs Ələkbərova (Rzayeva) Günay Elxan qızının Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 2-ci küçə 18 saylı evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin Azərbaycan Respublikası DİN-nin Abşeron rayon Polis İdarəsinin vəzifəli şəxslərinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN-nin Abşeron rayon Polis İdarəsinə qarşı iddia qaldıraraq “ 3-cü şəxs Ələkbərova (Rzayeva) Günay Elxan qızının Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 2-ci küçə 18 saylı evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin Azərbaycan Respublikası DİN-nin Abşeron rayon Polis İdarəsinin vəzifəli şəxslərinin üzərinə qoyulması”-na dair qərar qəbul edilməsini məhkəmdən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi, Baş dövlət Texniki invertarlaşdırma, mülkiyyət hüquqlarının qeydiyyatı və Şəhərsalma İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 2-ci küçəsi 18 saylı ev iddiaçının xüsusi mülkiyyətindədir. X1 2019-cü ildə Ələkbərova (Rzayeva) Günay Elxan qızı ilə nikaha girdikdən sonra, Günay Ələkbərova (Rzayeva) ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 2-ci küçəsi 18 saylı evə qeydiyyata düşmüşdür. Lakin qısa müddətdən (5-6 aydan) sonra Günay könüllü olaraq bütün əşyalarını da götürərək ata evinə köçüb getmişdir. 2020-ci ildə X1 ilə Ələkbərova (Rzayeva) Günay Elxan qızı arasında olan nikah Sumqayıt “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsində 165 saylı akt qeydi ilə pozulmuşdur. Nikahları pozulduqdan sonra Günay qısa müddət ərzində qeydiyyatdan çıxacağını bildirsə də ona məxsus olan evdə qeydiyyatı formal olaraq qalmışdır. Dəfələrlə ona müraciət edilməsinə baxmayaraq Günay bu günə qədər qeydiyyatdan çıxmamış və bildirmişdir ki, polis qeydiyyatdan çıxartsın. Azərbaycan Respublikası DİN-nin Abşeron RPİ-nə 26.05.2021-ci il tarixdə rəsmi qaydada (poçt vasitəsi ilə) müraciət etsə də cavabdeh tərəfindən ərizəyə cavab verilməmişdir (cavabdeh hərəkətsizlik edir). Beləliklə Günay iddiaçıya məxsus olan evdə qeydiyyatında qalmasına baxmayaraq onun qeydiyyatı formal xarakter daşıyır. Digər bir fakt da odur ki, Günay iddiaçının mülkiyyətində formal olaraq qeydiyyatda olmasına baxmayaraq o heç bir kommunal xidmət xərclərini ödəməmişdir, ona aid xərcləri də iddiaçı ödədiyi üçün ona maddi ziyan dəyir. Ona görə hesab edir ki, Ələkbərova (Rzayeva) Günay Elxan qızı mübahisə yaradan ünvanda formal qeydiyyatda qalması məqsədə müvafiq deyildir. Belə ki, onun iddiaçıya məxsus olan evində formal qeydiyyada qalması Azərbaycan Respublikasında ən ali qüvvəyə malik olan, Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan mülkiyyə hüquqlarını pozduğu və maddi ziyan vurduğu üçün Ələkbərova (Rzayeva) Günay Elxan qızının iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 2-ci küçəs 18 saylı evindən qeydiyyatdan çıxarılması barədə ərizə ilə 26.05.2021-ci il tarixdə rəsm qaydada (poçt vasitəsi ilə) Azərbaycan Respublikası DİN-nin Abşeron RPİ-nin rəisinə müraciət etsə də həmin vaxtdan 2-ay vaxt keçsə də cavabdeh tərəfindən ərizəyə caval verilməmişdir (cavabdeh hərəkətsizlik edir). Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində məhkəmə iclasında işlərin çoxluğu ilə əlaqədar iştirak edə bilməyəcəklərini və məhkəmənin qəbul etdiyi qərarla razılaşdıqlarını bildirmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X9 iştirak etmiş, məhkəməyə ərizə təqdim etmiş və izahatında bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 2-ci küçə 18 saylı evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına etiraz etmir, iddianı qəbul edir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 31114 saylı Qeydiyyat Vəsiqəsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 2-ci küçə 18 saylı yaşayış sahəsi İddiaçı adına mülkiyyət hüququ əsasında Abşeron rayon İcra Hakimiyyəti Başçısının 27 mart 1997-ci il tarixli 66 №li Sərəncamına əsasən qeydə alınmışdır. Habelə, AZ-l 350999 saylı Nigahın Pozulması haqqında Şəhadətnaməyə əsasən X2 ilə X6 arasında nikah 08.06.2020-ci il tarixində Sumqayıt Asan Xidmət X8 tərəfindən 165 saylı Akt qeydi ilə pozulmuşdur. Uçüncü şəxs X3 iddiaçının mənzilindən istifadə hüququnun olması və həmin ünvanda yaşaması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, həmçinin üçüncü şəxs məhkəmə iclasında ərizə təqdim etmiş və izahatında bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 2-ci küçə 18 saylı evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına etiraz etmir, iddianı qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Üçüncü şəxs iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olsa da həmin evdə yaşamır və yaşayış sahəsinə əmlak hüquqları mövcud olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Üçüncü şəxsin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Hazırkı mübahisə üzrə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün hər hansı bir hüquqi əsas məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə yaşamayan şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 3-cü şəxs Ələkbərova (Rzayeva) Günay Elxan qızının Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 2-ci küçə 18 saylı evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi Azərbaycan Respublikası DİN-nin Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 3-cü şəxs Ələkbərova (Rzayeva) Günay Elxan qızının Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 2-ci küçə 18 saylı evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi Azərbaycan Respublikası DİN-nin Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar