Məhkəmə qərarları › İş №2-1(118)-1758/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1758/2021

01.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1758/2021 01.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X7 oğlunun katibliyi ilə, İddiaçı qızının iştirakı ilə, İddiaçı qızının cavabdeh Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı “Qardaşı 13 noyabr 1973-cü il təvəllüdlü X3 vərəsəsi olması və mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi”nə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qızı cavabdeh Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı iddia qaldıraraq Qardaşı 13 noyabr 1973-cü il təvəllüdlü X3 vərəsəsi olması və mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1972-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur, qardaşı 13 noyabr 1973-cü il təvəllüdlü X6 hərbi xidmətə çağırılmış və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, 01 iyul 1992-ci il tarixdə itkin düşmüşdür. Sumqayıt şəhər Məhkəməsinin 24 yanvar 2000-ci il tarixli qətnaməsi ilə, qardaşının döyüşlərdə itkin düşməsi faktı müəyyən olunmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 19 mart 2003-cü il tarixli qətnaməsi ilə X6 ölmüş elan edilmişdir. X2 19 yanvar 2016-cı il tarixdə, atası X10 15 sentyabr 1994-cü il tarixdə ölmüşdür. Bundan başqa Sumqayıt şəhər Qeydiyyat şöbəsinin 04 may 2021-ci il tarixli məktubundan görünür ki, axtarış zamanı 01 avqust 1992-ci il 26 saylı akt qeydinə əsasən Ceyranbatan icra nümayəndəliyi tərəfindən 05 iyul 1972-ci il təvəllüdlü X8 ilə nikahı haqqında akt qeydi aşkar olunmuşdur. Tərəflər arasında qeydiyyata alınmış nikahın pozulması ilə bağlı müraciətin olub-olmaasına görə Azərbaycan Respublikası Dövlət arxivinin Sumqayıt filialına müraciət olunmuş, cavab olaraq bildirilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 1992-1998-ci illərə dair mülki işlərinin əlifba göstəricisində sorğu edilən məsələ barədə məlumat aşkar olunmamışdır. Qardaşı 01 iyul 1992-ci il tarixdə itkin düşərək döyüşlərdə şəhid olduğu təqdirdə 01 avqust 1992-ci il 26 saylı akt qeydinin olması onu göstərir ki, bu qeyd formal olmuş, qardaşı əslində nikaha daxil olmamışdır. Qardaşından bu günə qədər iddiaçıya onun müxtəlif əşyaları yadigar qalmışdır. Hazırda qardaşının vərəsəsi olması müəyyən olunmadığından hərbi qulluqçunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən müəyyən edilən vərəsəsinin birdəfəlik almaq hüququndan istifadə edə bilmir. Müvafiq halı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, bu nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı qızı qardaşı 13 noyabr 1973-cü il təvəllüdlü X3 vərəsəsi olması və mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsini istəyir. Faktın təsdiq edilməsini məhkəmədən tələb edilməsi iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüququdur. Lakin, bu tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların dairəsi müəyyən edilmişdir. Həmin maddədə iş üzrə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31-ci fəsili ilə tənzimlənir və həmin işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılır. Buna görə də məhkəmə hesab edir ki, müharibə iştirakçısı olması faktının müəyyən edilməsinə dair tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçının ərizəsindən görsənir ki, o qardaşının vərəsəsi kimi dövlət tərəfindən tanınan hüquqlardan istifadə etmək niyyətindədir, lakin iddiaçının qardaşının “X4” X1 sistemində 01.08.1992-ci il 26 saylı akt qeydinə əsasən Ceyranbatan icra nümayəndəliyi tərəfindən 05.07.1972-ci il təvəllüdlü X8 ilə nikahı haqqında akt qeydi aşkar olunması onun bu hüququ əldə etməsinə maneə yaradır və hesab edir ki, həmin akt qeydi əsassız aparılmışdır. Bu haldada iddiaçının hüquqları yalnız mülki məhkəmə icraatı qaydasında olan hüquq müdafiə vasitələrindən istifadə edilərək təmin edilə bilər. Beləki iddiaçı ilkin olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37-ci fəslində müəyyən olunmuş hüquq müdafiə vasitələrindən istifadə edə bilər. Həmin fəsil X4 qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi ilə bağlı halları tənzimləyir. Maddə 339. Ərizənin verilməsi 339.1. Müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim X4nın qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. 339.2. X4nın qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 340. Ərizənin məzmunu Ərizədə X4nın qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və X4nın dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. Maddə 341. Ərizə üzrə məhkəmənin qətnaməsi X4nın qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il 4 saylı Qərarının 9.1-ci bəndinə əsasən X4nın qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən X4nın qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (X4nın qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 15.3-cü bəndinə əsasən mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İddiaçıya izah olunsun ki, ilkin olaraq “X4” X1 sistemində yerləşdirilən 01.08.1992-ci il 26 saylı akt qeydinin ləğvini müvafiq inzibati orqabdan tələb edə bilər. Həmin orqan imtina edərsə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37-ci fəslinə uyğun olaraq X4 qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi ilə bağlı müvafiq mülki məhkəməyə müraciət edə bilər, eyni zamanda qardaşının vərəsəsi olması və mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi tələblərinidə mülki məhkəmə icraatı qaydasında tələb edə bilər. QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən) Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar