Məhkəmə qərarları › İş №2-1(118)-1758/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1758/2023

25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1758/2023 25.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi, həmçinin vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə qarşı “Abşeron rayonu Xırdalan bələdiyyəsinin 27 may 2021-ci il tarixli, 03 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə qarşı “Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə (hazırda Nəsibə Zeynalova küçəsi) 1b saylı binanın həyətindəki 70 kv.metrlik yaşayış sahəsinin yerləşdiyi 0.01245 ha torpaq sahəsinin ayrılması barədə Abşeron rayonu Xırdalan bələdiyyəsinin 27 may 2021-ci il tarixli, 03 nömrəli qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1758/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X1 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə tərəfindən əvvəlki məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq iddiaçıya və nümayəndəsi həmçinin vəkilinə hüquqi yardım edilmiş və məhkəmədə iddia qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsinin iddianın mümkünsüzlüyünə səbəb olması bildirilmiş, eyni zamanda məhkəməyə buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə təqdim etmək hüquqları izah edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Hazırki işdə iddiaçı məhkəmədən Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə (hazırda Nəsibə Zeynalova küçəsi) 1b saylı binanın həyətindəki 70 kv.metrlik yaşayış sahəsinin yerləşdiyi 0.01245 ha torpaq sahəsinin ayrılması barədə Abşeron rayonu Xırdalan bələdiyyəsinin 27 may 2021-ci il tarixli, 03 nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş edir. Göründüyü kimi iddia inzibati aktın ləğvi ilə bağlı olmaqla Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisləndirmə haqqında iddialara baxılması üçün prosessual qanunvericilikdə müəyyən şərtlər nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Buna görə də qeyd edilən iddia növünün şərtlərinə uyğun olaraq məhkəmə müddət məsələsinə münasibət bildirilməsini zəruri hesab edir və hesab edir ki, hazırki işdə iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. İnzibati iş materiallarının məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı daha əvvəl Sumqayıt İnzibati Məhkəməsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia qaldıraraq, “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və müvafiq çıxarışın, alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2171/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qeyd olunan 2-1(118)-2171/2022 saylı inzibati işin araşdırılması zamanı Abşeron rayonu Xırdalan bələdiyyəsinə verilmiş xx.xx.2021-ci il tarixli ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın verilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi üçün aidiyyatı üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə sorğu ünvanlanmışdır. Sorğuya cavab məktubu 20 sentyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur ki, həmin məktubda qoşma edilmiş sənədlərə iddiaçının hal-hazırda mübahisələndirdiyi “Abşeron rayonu Xırdalan bələdiyyəsinin 27 may 2021-ci il tarixli, 03 nömrəli qərarı” da əlavə olmuşdur. Daha sonra iddiaçı 03 dekabr 2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2171/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Bundan sonra iddiaçı 27 may 2021-ci il tarixli, 03 nömrəli bələdiyyə qərarının ləğvi üçün Abşeron rayonu Xırdalan bələdiyyəsinə 09 dekabr 2022-ci il tarixli ərizəsi ilə müraciət etmiş və sonuncunun 19 dekabr 2022-ci il tarixli cavab məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı bələdiyyə qərarını məhkəmədə 10 yanvar 2023-cü il tarixdə mübahisələndirmiş və bununla da hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması üçün qanunvericilikdə təsbit olunmuş 30 gün müddəti ötürmüşdür. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə qarşı “Abşeron rayonu Xırdalan bələdiyyəsinin 27 may 2021-ci il tarixli, 03 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə qarşı “Abşeron rayonu Xırdalan bələdiyyəsinin 27 may 2021-ci il tarixli, 03 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar