Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1759/2022 26.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Həyat yoldaşı X2 01 mart 1976-cı ildən 30 sentyabr 1984-cü ilədək Quba rayonu Şuamyan adına sovxozda fəhlə işlədiyi dövrün sığorta stajına daxil edilməsi və ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı həyat yoldaşı X2 01 mart 1976-cı ildən 30 sentyabr 1984-cü ilədək Quba rayonu Şuamyan adına sovxozda fəhlə işlədiyi dövrün sığorta stajına daxil edilməsi və ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 30 mart 2022-ci il tarixli, **********0 saylı məkubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1958-ci il tarixində Quba rayonunun Söhüb kəndində anadan olmuşdur. 02 sentyabr 1978-ci ildə X4 ilə nikaha daxil olmuşdur. Həyat yoldaşı 05 sentyabr 2018-ci ildə vəfat etmişdir. X4 21 noyabr 1973-cü ildən 12 dekabr 1975-ci ilədək hərbi xidmətdə olmuşdur. 01 mart 1976-cı ildə Quba rayonu Şuamyan adına sovxoza fəhlə qəbul edilmişdir, 30 sentyabr 1984-cü ilədək həmin işdə işləmişdir. 01 noyabr 1984-cü ildən Şaumyan adına sovxozun nəzdində olan mədəni çadıra kütləvi işçi vəzifəsinə təyin edilmiş, 01 sentyabr 1994-cü ilədək orada işləmişdir. Beləliklə həyat yoldaşının ümumilikdə 18 il 5 ay əmək fəaliyyəti olmuşdur. İşlədiyi dövrün 9 il 10 ayı - 01 noyabr 1984-cü ildən 01 sentyabr 1994-cü ilədək Şaumyan adına sovxozun nəzdində olan mədəni çadırda kütləvi işçi vəzifəsində işlədiyi dövr əmək kitabçasında qeyd olunmuşdur. Amma əvvəl çalışdığı 8 il 7 ayı, 01 mart 1976-cı ildən 30 sentyabr 1984-cü ilədək Quba rayonu Şuamyan adına sovxozda fəhlə işlədiyi dövr əmək kitabçasında yazılmamışdır. Həyat yoldaşının işlədiyi bütün dövrləri əks etdirən arxiv arayışları və çıxarışları vardır. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Sosial Təyinatların Ödənişi üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Həmin təşkilatın 30 mart 2022-ci il tarixli, **********0 saylı imtina haqqında sənədi ilə ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir, imtinaya səbəb olaraq qanunvericiliklə həyat yoldaşının tələb olunan 15 il 10 ay sığorta stajının olmaması göstərilir. Halbuki, Azərbaycan Respublikası Dövlət X7 22 fevral 2022-ci il tarixli, 163 saylı arxiv çıxarışından və Quba rayon Mədəniyyət Mərkəzinin 02 mart 2022-ci il tarixli, 04 saylı arayışından və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin arayişindan görünür ki, həyat yoldaşının 20 il 5 ay əmək stajı olmuşdur. Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Sosial Təyinatların Ödənişi üzrə Mərkəzi Filialına imtinası əsassızdır. Həyat yoldaşının əmək kitabçasında qeyd olunmayan dövrə aid arxiv çıxarışında əks olunanlar onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci mddəsində tələb olunan sığorta stajının olduğunu göstərir. Belə olduğu təqdirdə həmin qanunun 17.1-ci maddəsinə mənə ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil Muradhəsil oğlu iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin eidlməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, iş materiallarından göründüyü kimi, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmişdir, İddiaçının müraciətinə mərkəzi filialda baxılmışdır. İddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə uyğun olaraq vəfat etmiş, yaxud həlak olmuş ailə başçısının ata, ana, ər, arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Eyni zamanda həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin edilir. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə uyğun olaraq 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə X1 Sisteminin Pensiya altsisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Mərkəzi filiala təqdim edilən X3 aid arayışlarda göstərilən dövrlər ******* saylı əmək kitabçasında qeyd olunmadığından həmin dövrlər sığorta stajına əlavə olunmamışdır. Qeyd olunanları nəzərə alaraq, müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən və qanunvericiliklə tələb olunan 15 il 10 ay sığorta stajı olmadığından (faktiki sığorta stajı 11 il 10 ay) iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0,2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2015-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixindən isə 180 manata çatdırılmışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmdən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, arxiv arayışında qeyd edilən dövrlər nəzərə alınarsa iddiaçının pensiya hüququ yaranar. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İş materiallarından və tərəflərin izahatından görsənir ki, hazırkı mübahisənin yaranmasının əsasını iddiaçınin işlədiyi və arxiv arayışları ilə müəyyən olunan dövrlərin cavabdeh tərəfindən sosial sığorta stajına daxil edilməməsi təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən: 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.2-ci maddəsinə uyğun olaraq vəfat etmiş, yaxud həlak olmuş ailə başçısının ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Eyni zamanda həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iş stajının əmək kitabçasına əsasən hesablanmalı olmasını səbəb gətirərək Azərbaycan Respublikası Dövlət X7 22 fevral 2022-ci il tarixli, 163 a saylı arxiv arayışında qeyd olunan dövrləri nəzərə almaması qanuna uyğun deyildir. Belə ki, həmin arayışda X2 01 mart 1976-cı il tarixdən 30 sentyabr 1984-cü il tarixədək Quba rayon Şaumyan qoyunçuluq sovxozunda işləməsi öz təsdiqini tapmışdır. Vətəndaşın iş stajının müəyyən olunmasında müvafiq arayışın nəzərə alınmamasını məhkəmə yuxarıda qeyd olunan konstitusion hüququn pozulması kimi qiymətləndirir və bu qənaətə gəlir ki, həmin arayışda qeyd olunan dövrlər iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması zamanı sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Cavabdeh inzibati orqan qeyd edir ki, müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən və qanunvericiliklə tələb olunan 15 il 10 ay sığorta stajı olmadığından (faktiki sığorta stajı 11 il 10 ay) iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Göründüyü kimi arxiv arayışında qeyd edilən dövrlər nəzərə alındıqda qanunvericiliklə tələb olunan sığorta stajı toplanır. Məhkəmə hesab edir ki, cababdeh inzibati orqan əsassız imtina edərək iddiaçının hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı həyat yoldaşı X2 01 mart 1976-cı ildən 30 sentyabr 1984-cü ilədək Quba rayonu Şuamyan adına sovxozda fəhlə işlədiyi dövrün sığorta stajına daxil edilməsi və ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1759/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1759/2022
26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver