Məhkəmə qərarları › İş №2-1(118)-1760/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1760/2022

26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1760/2022 26.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “cavabdeh tərəfindən ona ödənilən 100 manat kirayə xərcinin, X3 ilə İddiaçı arasında bağlanmış və notariat qaydada təsdiq edilmiş 25 iyun 2021-ci il tarixli Mənzillərin, Evlərin (Bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinə (Kirayə müqaviləsinə) əsasən artırılaraq, yəni kirayə xərci olaraq 400 (dörd yüz) manatın, kommunal xərclər olaraq 160 (yüz altmış) manatın, cəmi 560 (beş yüz altmış) manatın hesablanaraq hər ay ona ödənilməsi” tələbinə dair iddia ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq “Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 362 №li 13 iyul 2021-ci il tarixli və 33 №-li 21 yanvar 2022-ci il tarixli sərəncamlarının birinci bəndində düzəliş edilməsi, İddiaçı İİ qrup müharibə əlili imtiyazı əsasında v gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan qismində, ailə üzvlərinin sayı nəzərə alınmaqla mənzillə təmin olunmasının, İddiaçı ödənilən kirayə xərcinin tam şəkildə, yəni kirayə xərci olaraq 400 (dörd yüz) manat, kommunal xərclər olaraq 160 (yüz altmış) manat olmaqla, cəmi 560 (beş yüz altmış) manatın hər ay ona ödənilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək “cavabdeh tərəfindən ona ödənilən 100 manat kirayə xərcinin, X3 ilə İddiaçı arasında bağlanmış və notariat qaydada təsdiq edilmiş 25 iyun 2021-ci il tarixli Mənzillərin, Evlərin (Bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinə (Kirayə müqaviləsinə) əsasən artırılaraq, yəni kirayə xərci olaraq 400 (dörd yüz) manatın, kommunal xərclər olaraq 160 (yüz altmış) manatın, cəmi 560 (beş yüz altmış) manatın hesablanaraq hər ay ona ödənilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Qarabağ müharibəsi zamanı hərbi travma alaraq İİ qrup müharibə əlili olmuşdur. O, imtiyazı əsasında Azərbaycan Respublikası Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzillərin Qeydiyyatı, Bölüşdürülməsi və Dəyişdirilməsi Şöbəsinin Q-2 №-li, xx.xx.2010-cu il tarixli məktubuna əsasən şəhər icra hakimiyyətinin nəzdində mənzil növbəsinə qəbul edilsə də, sonradan Sədaqət Əsədovanın icra hakimiyyətində qanunvericilikdə nəzərdə tutulmayan dürüstləşdirmə siyasəti nəticəsində mənzil növbəsindən qanunsuz çıxarılmışdır. Uzun illər ərzində davam edən çoxsaylı şikayətlərindən, iddia tələblərindən sonra, nəhayət, onun Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı «hərbi xidmət vəzifəsini yerinə yetirərkən 2-ci qrup hərbi əlil imtiyazı əsasında yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə alınmasının cavabdehə həvalə olunması tələbinə dair» inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında işə baxılan mərhələdə barışıq əldə olunmuş, onun İİ qrup Qarabağ müharibəsi əlili imtiyazı əsasında Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 362 №-li, 13 iyul 2021-ci il tarixli sərəncamına əsasən imtiyazı əsasında yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasının və kirayə yaşadığından mənzil kirayə haqqının ödənilməsinin qanunda nəzərdə tutulmuş qaydada təmin edilməsi qərara alınmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının 0-6/4-068/24/1 №-li, xx.xx.2021-ci il tarixli məktubuna əsasən ona «imtiyazı əsasında mənzil uçotuna alındığı və siyahı üzrə sıra sayının 137» olması bildirilmişdir. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının Ö-1(105)-374/2021, xx.xx.2021-ci il tarixli qərardadına əsasən onun apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 363/2021 saylı, 11 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Sumqayıt Şəhər icra Hakimiyyətinə qarşı «hərbi xidmət vəzifəsini yerinə yetirərkən 2-ci qrup hərbi əlil imtiyazı əsasında yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə alınmasının cavabdehə həvalə olunması tələbinə dair» iş üzrə icraata xitam verilmişdir. Hazırki ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi odur ki, Sumqayıt şəhər İcra hakimiyyətində tam nəzarətsizlik və özbaşınalıqdır. 13 ildir ki, Sumqayıt şəhər İcra Hakimiyyətində ev növbəsində olmaqla, mənzillə təmin edilmir, bu günkü gün kirayədə yaşayır və qızı, oğlu, gəlini və nəvələri evsizdirlər. Sədaqət Əsədovanın məsuliyyətsizliyi, özbaşınalığı nəticəsində oğlu, gəlini və nəvələri ailə üzvü kimi siyahıya alınmır və onu müxtəlif bəhanələrlə mənzillə təmin etmirlər. 100 manat kirayə xərci ödəməklə vəzifələrini icra etmiş sayırlar. Hansı ki, onunla bağlanmış kirayə müqaviləsində qeyd olunan 400 manat kommunal xərcləri, 160 manatı, cəmi 560 manatı 13 ildir ki, ödəmirlər. Göstərdiklərini təsdiq edən rəsmi sübutları (sənədlər) vardır. O, hərbi xidmət vəzifələrini yerinə yetirərkən İİ qrup Müharibə əlili olsa da, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 362 №-li, 13 iyul 2021-ci il tarixli sərəncamına əsasən imtiyazı əsasında yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınsa da, onu mənzillə təmin etməmək üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 33 №-li, 21 yanvar 2022-ci il tarixli sərəncamına əsasən Sumqayıt Şəhər icra Hakimiyyəti başçısının 362 №-li, 13 iyul 2021-ci il tarixli sərəncamının 1-ci bəndinə düzəliş edilməsi və əliliyin səbəbi olaraq hərbi xidmət vəzifələrini yerinə yetirərkən «gözdən 2-ci qrup əlil» kimi oxunması qərara alınmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 362 №-li, 13 iyul 2021-ci il tarixli və 33 №-li, 21 yanvar 2022-ci il tarixli sərəncamları ilə razı deyil, lakin onun çoxsaylı şikayətləri nəticəsiz qalmışdır. Belə ki, o, bütün şikayətlərində müharibə əlili və Prezident təqaüdçüsü olduğunu qeyd etsə də, Sumqayıt Şəhər İcra Hakimiyyəti öz sərəncamlarında onun hərbi xidmət vəzifəsini yerinə yetirərkən İİ qrup xidmət əlili olduğunu qeyd etmiş, onun müharibə əlili və Prezident təqaüdçüsü olduğunu nəzərə almamışdır. Halbuki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında ********** №-li, xx.xx.2022-ci il tarixli arayışdan da görünür ki, onun xx.xx.2008-ci il tarixli müraciəti əsasında müavinətin qrupu Müharibə əlillərinə təqaüd İİ qrup, müavinətin növü «Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirilməklə əlaqədar (Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar»dır və o, müharibə əlili kimi 350 manat alır, Prezident təqaüdçüsüdür və gözdən əlildir. Sumqayıt şəhər İcra Hakimiyyətinin vermiş olduğu sərəncamlara istinad edən Sədaqət Əsədova onun gözdən əlil olmasını bəhanə edərək, öz maddi maraqlarını hər şeydən üstün tutaraq, heç bir rəsmi sənəd təqdim etmədən onu 8 ay ərzində 27 (iyirmi yeddi) dəfə mənzillə təmin etmələri üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Ajgentliyinə göndərmişdir. Müraciəti əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ona müxtəlif cavablar göndərsə də, öz maddi maraqlarını güdərək, ona qarşı süründürməçiliyə yol verərək onu müxtəlif bəhanələrlə mənzillə təmin etməmişlər və iki ildi ki, bu günədək, hələ də öz maddi maraqlarını güdürlər, müxtəlif bəhanələrə gətirirlər. Hazırda yaranmış mübahisənin məhkəmədənkənar həlli mümkün olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, kirayə xərci olaraq 400 (dörd yüz) manat, kommunal xərclər olaraq 160 (yüz altmış) manat olmaqla, cəmi 560 (beş yüz atmış) manatın ona hər ay ödənilməsi barədə qərar çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin 31 yanvar 2022-ci il tarixli, 33 nömrəli sərəncamına əsasən, hərbi xidmət vəzifəsini yerinə yetirərkən 2-ci qrup əlil olmuş İddiaçı yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzilə dair X3 ilə İddiaçı arasında bağlanmış və notariat qaydada təsdiq edilmiş 25 iyun 2021-ci il tarixli müqaviləsinə əsasən aylıq 400 (dörd yüz) manat kirayə haqqı və 160 (yüz altmış) manat komunnal xərclər, cəmi 560 manat ödəyir. Sumqayıt şəhər İcra Hakimiyyəti isə 560 manatı ona ödəmir, 100 manat ödəməklə öz vəzifəsini icra etmiş hesab edir. O, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən ona ödənilən 100 manatın artırılaraq real kirayə xərclərə uyğun ödənilməsini xahiş etsə də, xahişi nəzərə alınmamışdır. İddiaçının iddia tələbləri tərəflərindən etirazla qarşılanaraq aşağıdakılara əsasən rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində - 150 manat; 1.2. Gəncə, Naxçıvan. Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda - 100 manat; 1.3. başqa şəhər və rayon mərkəzlərində - 75 manat; 1.4. digər yaşayış məntəqələrində — 55 manat. Həmin Qərarının 2-ci bəndinə əsasən, bu qərarın 1-cİ hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Beləliklə, göstərilən maddi hüquq normaları, ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğini və ödənilməsi qaydasını müəyyən etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarı ilə Sumqayıt şəhərində yaşayan vətəndaş üçün kirayə xərci 100 (yüz) manat müəyyən edilmişdir. Qanunvericiliklə müəyyən edilmiş 100 (yüz) manat kirayə xərci iddiaçıya ödənilir. Sumqayıt şəhər Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə X2 arasında bağlanmış nigah pozulmuşdur. ünvan 2 ünvanında yerləşən 1 otaqlı mənzilə dair X3 ilə İddiaçı arasında bağlanmış və notariat qaydada təsdiq edilmiş 25 iyun 2021-ci il tarixli müqaviləsinə əsasən yaşayış sahəsində tək yaşayır. Belə olan halda, İddiaçı cavabdeh Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı X3 ilə İddiaçı arasında bağlanmış və notariat qaydada təsdiq edilmiş 25 iyun 2021ci il tarixli müqaviləsinə əsasən artırılaraq, yəni kiraya xərci olaraq 400 (dörd yüz) manat, komunnal xərclərinə görə 160 (yüz altmış) manat, cəmi 560 manatın hesablanaraq hər ay ona ödənilməsinə dair iddia tələbi qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında 06 aprel 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı İİ qrup müharibə əlili olaraq 350 manat məbləğində təqaüd alır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi 1 saylı regional ərazi filialının 03 noyabr 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdən müddətsiz hərbi xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar 2-ci qrup əlilliyə görə əmək pensiyası almaq hüququ olan bəzi kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan kimi qeydiyyatdadır və təqaüdün məbləği 350 manat təşkil edir. - Sumqayıt şəhər İcra Hakimiyyətinin 362 saylı, 13 iyul 2021-ci il tarixli sərəncamından görünür ki, hərbi xidməti vəzifəsini yerinə yetirərkən 2-ci qrup əlil olmuş İddiaçı imtiyazı əsasında yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması, kirayə müqaviləsinə əsasən mənzil kirayə haqqının ödənilməsinin qanunda nəzərdə tutulmuş qaydada təmin edilməsi qərara lınmışdır. - Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 33 saylı, 31 yanvar 2022-ci il tarixli sərəncamından görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 13 iyul 2021-ci il tarixli 362 saylı sərəncamının 1-ci bəndinə düzəliş edilməsi və əlilliyin səbəbinin hərbi xidmət vəzifələrini yerinə yetirərkən “gözdən İİ qrup əlil” kimi oxunması qərara alınmışdır. - Mənzillərin, Evlərin (Bağların) müvəqqəti istifadəyə verilməsi 25 iyun 2021-ci il tarixli müqavilədən görünür ki, X4 ilə İddiaçı arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47,2 kv.m olan yaşayış sahəsi 19,1 kv.m, yardımçı sahəsi 28.1 kv.m olan 1 otaqlı mənzilin İddiaçı kirayəyə verilməsi, sonununcununda öz növbəsində bunun müqabilində 400 manat kirayə haqqı ödəməsi barədə müqavilə bağlamışlar. - Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının aparatının iddiaçıya ünvanladığı 0- 2/2-068 saylı, 23 fevral 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı xəstəliyə görə ehtiyata buraxılmış zabit və hərbi xidməti vəzifələrini yerinə yetirərkən (gözdən) İİ qrup əlil kimi xx.xx.2021-ci il tarixdə 1 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır.Mənzil kirayə xərci üçün xx.xx.2021-ci il tarixdən qanunvericiliyin tələblərinə uyğun qaydada mənzil kirayə haqqının kompensasiyası ödənilir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı hərbi xidməti vəzifəsini yerinə yetirərkən gözdən ikinci qrup əlil kimi yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır və ona kirayə müqaviləsinə əsasən mənzil kirayə haqqı ödənilir. İddiaçı ona ödənilən kirayə haqqının məbləği ilə razılaşmır, hesab edir ki, ona kirayə xərci olaraq 400 (dörd yüz) manat, kommunal xərclər olaraq 160 (yüz altmış) manat, cəmi 560 (beş yüz altmış) manatın hesablanaraq hər ay ona ödənilməsini xahiş edir. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müracitəinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası nazirlər Kabinetinin qərarı ilə yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Qeyd olunan normanın tələbindən göründüyü kimi müəyyən imtiyaz əsasında mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün Sumqayıt şəhərində yaşıyan şəxlərə 100 manat məbləğində kirayə haqqı ödənilir. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən yuxarıda qeyd olunan hüquq normasına müvafiq olaraq iddiaçıya 100 manat məbləğində kirayə haqqı ödənilir. İddiaçı iş materiallarına Mənzillərin, Evlərin (Bağların) müvəqqəti istifadəyə verilməsi 25 iyun 2021-ci il tarixli müqavilə əlavə edərək iddia ərizəsində ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzilin ona kirayəyə verildiyini və bunun müqabilində 400 manat kirayə haqqı ödədiyini bildirmişdir. Daha sonra məhkəmə iclasında, iddiaçı qeyd olunanları təkzib edərək, kirayə haqqını ödəyə bilməmə səbəbindən həmin evdə yaşamadığını və hazırda yaşadığı evə dair kirayə müqaviləsinin olmadığını bildirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının ona kirayə haqqı olaraq 400 manat məbləğində pulun ödənilməsinə dair tələbi əsassızdır. Məhkəmə iddiaçının kommunal xərclərə görə hər ay 160 manat məbləğində pulun ödənilməsi ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, iddiaçı qeyd edilən məbləğdə kommunal xərclər çəkdiyini təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Bununlada o, öz tələbinin əsası kimi göstərdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “cavabdeh tərəfindən ona ödənilən 100 manat kirayə xərcinin, X3 ilə İddiaçı arasında bağlanmış və notariat qaydada təsdiq edilmiş 25 iyun 2021-ci il tarixli Mənzillərin, Evlərin (Bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinə (Kirayə müqaviləsinə) əsasən artırılaraq, yəni kirayə xərci olaraq 400 (dörd yüz) manatın, kommunal xərclər olaraq 160 (yüz altmış) manatın, cəmi 560 (beş yüz altmış) manatın hesablanaraq hər ay ona ödənilməsi”nə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “cavabdeh tərəfindən ona ödənilən 100 manat kirayə xərcinin, X3 ilə İddiaçı arasında bağlanmış və notariat qaydada təsdiq edilmiş 25 iyun 2021-ci il tarixli Mənzillərin, Evlərin (Bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinə (Kirayə müqaviləsinə) əsasən artırılaraq, yəni kirayə xərci olaraq 400 (dörd yüz) manatın, kommunal xərclər olaraq 160 (yüz altmış) manatın, cəmi 560 (beş yüz altmış) manatın hesablanaraq hər ay ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar