Məhkəmə qərarları › İş №2-1(118)-1761/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1761/2025

19.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1761/2025 19.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinin yerləşmə sxeminin çəkilməsi” tələbinə dair inzibati işə məhkəmənin izibati binasında (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə müraciət edərək, Abşeron rayonu 12 yanvar 1995-ci il tarixli sərəncama 05 nömrəli əmrdən çıxarışa əsasən iddiaçıya ayrılan 0,1 ha torpaq sahəsinin yerləşmə sxeminin çəkilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə ünvanladığı 14 may 2024-cü il tarixli, 05 nömrəli əmrdən çıxarışa əsasən 0,1 ha torpaq sahəsinin yerləşmə sxeminin hazırlanıb verilməsi ilə bağlı müraciətinə memarlı və tikinti şəhərsalma şöbəsində araşdırılmışdır. Məlumat üçün bildirilmişdir ki, hər hansı formada xəritəçəkmə, planlaşdırma və ya məruz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti cavabdehin səlahiyyətlərinə aid deyildir. Qeyd olunanları nəzərə alaraq, torpaq sahəsinin qanuni istifadəyə verilməsini təstiq edən sənədləri təqdim etməklə, aidiyyatı üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunması tövsiyə olumuşdur. İddia ərizəsinə əlavə olunan Ramana südçülük sovxozunun 14 yanvar 1995-ci il tarixli, 6 nömrəli əmrindən çıxarışdan göründüyü kimi, iddiaçıya fərdi yaşayış evinin ayrılması üçün torpaq sahəsi ayrılmışdır. Abşeron Rayon Dövlət Arxivinin verdiyi arxiv arayışından göründüyü kimi, 139-cu siyahıda iddiaçıya 0,1 ha torpaq sahəsi ayrılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin cavab məktubundan göründüyü kimi, daşınmaz əmlak dövlət reyestrində qeydiyyatdan imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 25 aprel 2025-ci il tarixli, 2-1(118)-1761/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “torpaq sahəsinin yerləşmə sxeminin çəkilməsi” tələbinə dair iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi (bundan sonra – “üçüncü şəxs”) üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir (adi cəlbetmə). İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, Abşeron Rayon Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin və eləcə də Abşeron rayonunun idarəçiliyində olan keçmiş sovxozlar tərəfindən verilmiş əmr, qərar və sərəncamlarla Bakı şəhərinin inzibati ərazisində yerləşməklə Abşeron rayonunun idarəçiliyində olan sovxozlara məxsus torpaq sahələrindən həmin sovxozlarda çalışan şəxslərə fərdi yaşayış evlərinin tikintisi məqsədilə ayrılmış torpaq sahələrinin yerləşdiyi ərazilər, eləcə də iddia tələbində qeyd olunan torpaq sahəsinin yerləşdiyi ərazi Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 saylı sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır. Üçüncü şəxsin 6 may 2025-ci il tarixli, 3-21-3-32/2-7270/2025 nömrəli məktubundan görünür ki, iddiaçıya ayrılmış Abşeron rayonu, S.Əliyev adına sovxoz ərazisində yerləşən 0,10 ha torpaq sahəsi Abşeron rayonunun inzibati ərazi vahidliyinə aid ərazidə yerləşmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, həmçinin mübahisə predmeti olan torpaq sahəsinin Bakı şəhərində yerləşdiyini və Bakı ərazi idarəçiliyində olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin səlahiyyətli nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.” Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95). Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı işin hallarından, proses iştirakçılarının təqdim etdiyi məlumatlardan və iddiaçının izahatından mübahisə predmeti olan torpaq sahəsinin Bakı şəhərində yerləşdiyi, Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 saylı sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarıldığı və Abşeron rayonunun inzibati ərazi vahidliyinə aid ərazidə yerləşmədiyi müəyyən edilmişdir. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na görə Bakı şəhəri Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinə daxildir (15-ci bənd). Məhkəmə nəzərə alır ki, zəruri konstitusiya hüquq qaydasının yaradılması məhkəmə hakimiyyətinin səmərəli fəaliyyət mexanizmindən asılıdır. Eyni zamanda, 2023-cü il 6 noyabr tarixli Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” Qərardadında qeyd olunmuşdur: “...

33. Məhkəmələrə müraciət etmək hüququ mütləq deyil, məhdudiyyətlərə məruz qala bilər; belə məhdudiyyətlərə dolayı formada yol verilir, çünki məhkəməyə müraciət etmək hüququ xarakterinə görə dövlət tərəfindən tənzimlənmə tələb edir və belə tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına və resurslarına uyğun olaraq zamana və məkana görə dəyişilə bilər. Bununla belə, tətbiq edilən məhdudiyyətlər, şəxslərin məhkəməyə müraciət hüququnu, bu hüququn mahiyyətinə xələl gətirəcək formada və ya həddə məhdudlaşdırmamalıdır. Əgər məhdudiyyət legitim məqsəd güdmürsə və istifadə edilən vasitələrlə nail olmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yoxdursa, məhdudiyyət Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olmayacaqdır (bax, Zubac Xorvatiyaya qarşı (Böyük Palata), xx.xx.2018, No.40160/12, §77-78). ...” İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 8.5-ci maddəsinə əsasən, bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 8.1.1 və 34.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı:

İddiaçı Cavabdehnə qarşı “Abşeron rayonu 12 yanvar 1995-ci il tarixli sərəncama 05 nömrəli əmrdən çıxarışa əsasən iddiaçıya ayrılan 0,1 ha torpaq sahəsinin yerləşmə sxeminin çəkilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar