Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1762/2024 29.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsə qarşı “Sumqayıt şəhəri, Yaşma bağlar massivi, “Dalğa” Bostançılıq Yoldaşlığının ərazisində (5 saylı bağ sahəsinin) yerləşən 0,06 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 5.910 manat məbləğində kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi“ tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib Sumqayıt şəhəri, Yaşma bağlar massivi, “Dalğa” Bostançılıq Yoldaşlığının ərazisində yerləşən sahəsi 600 kv.metr olan 5 saylı torpaq sahəsinin dəyərinin - 9.000 manatın ona ödənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər XDS-nin xx.xx.1988-ci il tarixli 16 saylı qərarına əsasən iddiaçıya Yaşma Bağlar sahəsində sahəsi 600 kv.metr olan 5 saylı bağ sahəsi ayrılmışdır. “Dalğa” bağçılıq yoldaşlığının xx.xx.1988-ci il tarixli 1 saylı Protokoluna əsasən o həmin BY-na üzv qəbul edilmişdir. Sonradan həmin sahələr Prezidentin 1997-ci il tarixli Sərəncamına əsasən qanuni sahiblərin mülkiyyətinə verilmişdir. Səhhəti ilə əlaqədar mülkiyyət hüquqlarını qeydə ala bilməmiş, sonra eşitmiş ki, həmin sahələrdən magistral yol çəkilib və “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi torpaq sahiblərinə torpağın dəyərini ödəyir. Bu məqsədlə əlində olan sənədlərlə Agentliyə müraciət etmiş, Agentlik isə bildirdi ki, yalnız mülkiyyət hüququ qeydiyyatdan keçib buna dair hüquqi sənəd aldıqdan sonra onunla həmin 600 kv.metr torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlaya bilər. Hesab edir ki, agentliyin hərəkətləri tamamilə qanunsuzdur və ən azından ona ədalətli kompensasiya ödənilməlidir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaç eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iş materiallarından göründüyü kimi, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən torpaqların dövlət ehtiyacları üçün alınması ilə əlaqədar iddiaçıya məxsus Sumqayıt şəhəri, Yaşma bağlar massivi, “Dalğa” Bostançılıq Yoldaşlığının ərazisində yerləşən 600 kv.m. 5 saylı torpaq sahəsinə görə 9000 (doqquz min) manat məbləğin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir.İddiaçı iddiasında qeyd edib ki, “Dalğa” Bostançılıq Yoldaşlığının xx.xx.1988-ci il tarixli 1 saylı Protokoluna əsasən iddiaçı həmin BY-na üzv qəbul olundu. Daha sonra İddiaçı məxsus torpaq sahəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı-Quba- Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi” altina düşdüyünə görə və bununla əlaqədar kompensasiyanın alınması ilə bağlı Agentliyə müraciət etmişdir. Ona verilmiş rəsmi cavabda göstərilmişdir ki, torpağa aid olan mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin təqdim olunması zəruridir. Hesab edir ki, iddiaçının iddia tələbi aşağıdakılara görə əsassızdır:İlk növbədə qeyd etmək istəyir ki, “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi” layihəsinin icrası ilə bağlı vətəndaşların yol tikinti altına düşən torpaqlarının siyahısı müəyyənləşdirmək üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət olunmuşdur. Alınmış cavabda bildirilmişdir ki, Agentlik tərəfindən həyata keçirilən, “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.İddia ərizəsindən göründüyü kimi, qeyd olunan, “Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi” layihəsinin icrası zamanı, iddiaçı göstərdiyi yolun tikintisi altına düşən torpaq sahəsi dövlət qeydiyyatından keçmiyib və bununla bağlı mülkiyyət və digər hüquqlarına malik olmayıb.Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli, ********* nömrəli imtina məktubu, Sumqayıt şəhər XDS-nin xx.xx.1988-ci il tarixli 16 saylı qərarı, “Dalğa” bağçılıq yoldaşlığının xx.xx.1988-ci il tarixli 1 saylı Protokolundan çıxarış, torpaq sahəsinin planından çıxarış, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli müayinə aktının surəti, Bakı şəhəri 26 saylı Notariat Ofisinin 124 nömrəli, xx.xx.2024-cü il tarixli məktubun surəti, AN-İ ******* nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Həmin Qanunun 20.1.6-cı maddəsinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə kompensasiya ödəmək öhdəliyini daşıyır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Həmin Qanunun 54.2-ci maddəsinə əsasən kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Həmin Qanunun 56.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin, ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya, torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti, alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər, alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər, alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətininin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər nəzərə alınır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənişində hər hansı yubadılma ilə hüquqları pozulan şəxs belə kompensasiyanın dərhal ödənilməsinə nail olmaq məqsədi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçıya Sumqayıt şəhəri, Yaşma bağlar massivi, “Dalğa” Bostançılıq Yoldaşlığının ərazisində yerləşən ölçüsü 600 m2 olan 5 saylı bağ sahəsi ayrılmışdır.İddiaçıya məxsus torpaq sahəsi “Bakı-Quba- Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi” ilə bağlı həyata keçirilən layihə çərçivəsində tikinti altına düşmüşdür. İddiaçı torpaq sahəsinin yolun tikinti altına düşməsi nəticəsində ona dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli, ********* nömrəli məktuba iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı dövlət ehtiyacları üçün geri alınan ona məxsus torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçıya ünvanladığı məktubunda kompensasiyanın ödənilməməsinə əsas kimi sözügedən torpaq sahəsi ilə bağlı rəsmi sənədlərin təqdim edilməməsi ilə bağlıdır. Halbuki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədlər olan, Sumqayıt şəhər XDS-nin xx.xx.1988-ci il tarixli 16 saylı qərarı, “Dalğa” bağçılıq yoldaşlığının xx.xx.1988-ci il tarixli 1 saylı Protokolundan çıxarış, torpaq sahəsinin planından çıxarış cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir. Belə olan halda göstərilən tarixdən xeyli müddət keçməsinə baxmayaraq, kompensasiya iddiaçıya ödənilməmişdir.Cavabdeh tərəfindən kompensasiyanın ödənilməsi yubadılır ki, bu halda iddiaçının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə əsasən hüquqları pozulan şəxs kimi məhkəməyə müraciət etmək hüququ yaranmış, iddianın mümkünlük şərtlərinə əməl olunmuşdur. Mübahisə predmeti olan torpaq sahəsinin yol tikintisinin altına düşməsi cavabdeh tərəfindən mübahisələndirilmir. Belə ki, cavabdeh təşkilatın iddiaçıya ünvanladığı məktublardan bəlli olur ki, cavabdehin mübahisələndirdiyi məqam yalnız qeyd olunan torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaması ilə bağlıdır. Həmçinin, iddiaçının torpaq sahəsinin yol tikintisinin altına düşməsi faktını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli müayinə aktı əsasında da müəyyən etmək olur. Belə ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə əsasən, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Mübahisəli torpaq sahəsinin bazar qiymətinin müəyyənləşdirilməsinə dair qoyulan məsələ ilə bağlı məhkəmə tərəfindən Bakı şəhəri 26 saylı Notariat Ofisinə sorğu göndərilmiş və notariat ofisinin 124 nömrəli, xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş alqı-satqı müqavilələrindən müəyyən olunur ki, xx.xx.2020-ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, Yaşma bağları ərazisində 0.06 ha torpaq sahəsi 4.320 manata satılmış, xx.xx.2020-ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, Yaşma bağları ərazisində 0.035872 ha torpaq sahəsi 2.582 manata satılmış, həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş AN- İ ******* nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, Yaşma bağları ərazisində 0.06 ha torpaq sahəsi 8998 manata satılmışdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş alqı-satqı müqavilələrindən 3-nü seçməklə, o cümlədən xx.xx.2020-ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, Yaşma bağları ərazisində 0.06 ha torpaq sahəsi 4.320 manata, xx.xx.2020-ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, Yaşma bağları ərazisində 0.035872 ha torpaq sahəsi 2.582 manata, AN-İ ******* nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, Yaşma bağları ərazisində 0.06 ha torpaq sahəsi 8998 manata satılmış alqı-satqı müqavilələri üzrə bir sotunun qiymətini müəyyən etməklə, yəni 1-ci – 6 sot 4.320 manat- 1 sotu 720 m, 2-ci – 0.035872 sot 2.582 manat-1 sotu 737 m, 3-cü – 6 sot 8998 manat-1 sotu 1499 m olmaqla, 1 sotun orta qiyməti təqribən 985 manatdan çox edir (720+737+1499=2956:3=985.33). İddiaçının mülkiyətində olan torpaq sahəsinin 6 sot olduğunu nəzərə alaraq torpaq sahəsinin qiyməti 5.910 (6x985=5.910) manatdan çox təşkil edəcəkdir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, iddiaçı ona ayrılmış torpaq sahəsinin dövlət ehtiyacları ilə əlaqədar alınması üçün ona dəymiş maddi ziyan 5.910 manat məbləğindədir.Ona görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 5.910 (beş min doqquz yüz on) manat məbləğində kompensasiya cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı, onun mülkiyyətində olan Sumqayıt şəhəri, Yaşma bağlar massivi, “Dalğa” Bostançılıq Yoldaşlığının ərazisində (5 saylı bağ sahəsinin) yerləşən 0,06 ha torpaq sahəsi tikinti altına düşdüyü üçün 5.910 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1762/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1762/2024
29.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver