Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1766/2023 17.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X2 (DSMF publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, ünvan 2 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Republikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı 09 sentyabr 2022-ci il tarixli **********0 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Republikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Republikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş 09 sentyabr 2022-ci il tarixli, **********0 nömrəıi qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Miihasibatlıq üzrə Mərkəzi Filalı tərəfindən 09 sentyabr 2022-ci il tarixli, **********0 nömrəli qərar qəbul edilmiş və həmin qərar əsasında məndən Fondun Abşeron rayon xidmət nümayəndəliyində ştatdankənar referent vəzifəsində işlədiyi zaman 2021-ci ilin may ayında əmək məzuniyyətində olduğu müddətdə mükafat məbləğinin orta əmək haqqında nəzərə alınması zamanı 111.00 manat artıq ödəndiyi qeyd edilən məbləğin geri ödənilməsi tələb edilmişdir. Qərar qəbul edilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 175-ci maddəsinin 5ci bəndinə istinad edilmişdir. Həmin bənddə göstərilir ki, hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz. Əmək Məcəlləsinin 175-ci maddəsi “Əmək haqqından tutulmalara yol verilən hallar və bunun icrası qaydası" adlanır, lakin iddiaçı hazırda Fondun işçisi deyildir və əmək haqqı almır. Hazırda o, ümumiyyətlə işləmir, onunla Fond arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Belə olan halda onların arasında həmin tarixdən də əmək münasibətlərinə xitam verilmiş və işəgötürən və işçi kimi münasibətləri də sona çatmışdır. Buna görə də onların münasibətlərinin Əmək Məcəlləsinin hər hansı maddəsi ilə tənzimlənməsinə istinad edilməklə barəsində qərar qəbul edilməsi qanuvericiliyin tələblərinə tam ziddir. Cavabdeh inzibati orqanın özünün də istinad etdiyi Əmək Məcəlləsinin 175-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz. Göründüyü kimi, onunla Fond arasında əmək münasibətləri davam etməkdə olmuş olsaydı belə müddət ötürüldüyü üçün həmin məbləğ onun əmək haqqından tutula bilməzdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun uzahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, İddiaçı əmək məzuniyyətində olduğu müddətdə mükafat məbləğinin orta aylıq əmək haqqında nəzərə alınması ilə əlaqədar olaraq 111 manat məbləğində vəsaitin artıq ödənildiyi müəyyən edilmişdir. X4 Sədrinin xx.xx.2021-ci il tarixli əmrinə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinin tələblərinə uyğun olaraq iddiaçının əmək müqaviləsinə həmin tarixdən xitam verilmişdir. Qanunvericiliyin tələbinə əsasən şəxsə əsassız ödənilmiş məzuniyyətlə bağlı məbləğin qaytarılması ilə bağlı məsələ inzibati oreqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq qərar qəbul edilir və icraya yönəldilir. Belə hallarda tələbin icraya yönəldilmıəsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Cavabdehin nümayəndəsi X3 etirazda göstərilənləri müdafiə edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan : -İddiaçının adına açılmış ИТ № ******* seriyalı əmək kitabçasından görünür ki,o, xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə DSMF-nin Abşeron rayon Xidmət Nümayəndəliyində ştatdankənar referent vəzifəsində işləmişdir. -DSMF-nin Maliyyə və Mühasiatlq üzrə Mərkəzi filialı tərəfidən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı hesabda səhvə yol verilməsi nəticəsində ödənilmiş 111 manat məbləğində vəsaitin geri tələb edilərək hesaba ödənilməsi qərara alınmışdır. -DSMF publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ona artıq ödənilmiş 110 manat məbləğin geri qaytarılmaması təqdirdə qərarın məcburi icraya yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********0 saylı qərarla sabiq əməkdaş İddiaçı hesabda səhvə yol verilməsi nəticəsində ödənilmiş 111.0 manat məbləğin geri tələb olunması qərara alınmışdır. Belə ki, iddiaçı ilə Fond arasında əmək müqaviləsi bağlanaraq o, Abşeron rayon xidmət nümayəndəliyində ştatdankənar referent vəzifəsində çalışmış, ona ştat cədvəlinə uyğun olaraq əmək haqqı ödənilmişdir. Aparılmış audit yoxlaması zamanı İddiaçı əmək fəaliyyəti zamanı 2021-ci ilin may ayında işçiyə əmək məzuniyyətində olduğu müddətdə mükafat məbləğinin orta əmək haqqında nəzərə alınması zamanı artıq vəsait ödənildiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh qəbul etdiyi qərarda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 5-ci hissəsinin tələblərinə əsaslanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsi:
1. Əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər.
2. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur: a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr; b) qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ; c) işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği; ç) müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu; d) xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği; e) mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər; ə) təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği; f) kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən edilmiş məbləğ; g) həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları.
3. İşəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz.
4. İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir.
5. Hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında işçi və işəgötürən münasibətlərinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Cavabdeh orqanda təxminən 10 aydan sonra aparılan xidməti yoxlama zamanı iddiaçıya verilmiş mükafat məbləğinin artıq nəzərə alınması ilə əlaqədar 111.0 manat artıq ödəmə olduğunu müəyyən etmiş və həmin məbləğin iddiaçıdan tutulmasına dair qərar qəbul etmişdir. Bundan başqa cavabdeh həmin qərarın könüllü qaydada icra edilməyəcəyi təqdirdə məcburi icraya yönəldiləcəyi barədə iddiaçıya xəbərdarlıq məktubu ünvanlamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin Əmək Məcəlləsinin müddəalarına istinadən iddiaçıya hesab səhvi nəticəsində artıq ödənilmiş vəsaitin geri tutulması barədə qərar qəbul etməsi əsassızdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: -1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Məhkəmə qeyd edir ki, iddiaçı əmək haqqının (mükafatın) və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə artıq məbləğin alınmasına nail olubsa və ya əmək haqqınını hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş artıq vəsaitin geri qaytarılması barədə məhkəməyə müraciət oluna bilər. Cavabdehin iddiaçıdan asılı olmayan hallar nəticəsində, əmək haqqının güman olunan səhv təyin edilməsi halı ilə bağlı məhkəmə hesab edir ki, bu, iddiaçıdan ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Belə ki, nə cavabdehin etirazında, nə də məhkəməyə daxil olmuş müvafiq sənədlərdə cavabdehin güman etdiyi əmək haqqının səhv təyin edilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. Bundan başqa cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində inzibati akt qəbul edilən maraqlı şəxsi inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən çübahisələndirilən qərarı qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-nin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Azərbaycan Republikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı barəsində qəbul edilmiş 09 sentyabr 2022-ci il tarixli **********0 nömrəli qərarı ləğv edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Azərbaycan Republikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı barəsində qəbul edilmiş 09 sentyabr 2022-ci il tarixli **********0 nömrəli qərarı ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.
Hakim Vəfa Əzizova