Məhkəmə qərarları › İş №2-1(118)-1768/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1768/2021

28.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1768/2021 28.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt İnzibati Məhkəməsinin hakimi Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat şöbəsinə (üçüncü şəxs – X4) qarşı “X2 iddiaçıya məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X.Rza küçəsində yerləşən 44 saylı evə olan qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə Sumqayıt Məhkəmə Kompleksinin binasında (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X.Rza küçəsində yerləşən 44 saylı evə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış iddiaçının adınadır. X4 iddiaçının keçmiş gəlini olmuşdur. X1 ilə X4 arasında 14.09.2012-ci il tarixdə rəsmi nikah qeydə alınmışdır. Lakin onlar yola getmədikləri üçün aralarında olan ailə münasibətləri pozulmuş və Abşeron Rayon Məhkəməsinin 2(012)- 1591/2020 saylı, 16.06.2020-ci il tarixli qətnaməsinə əsasən onların nikahları ləğv edilmişdir. Nərgiz Məmmədli hələ oğlu ilə boşanmamışdan öncə atası evinə getmiş və bu günə kimi qayıtmamışdır. İddiaçı bir mülkiyyətçi kimi öz evindən sərbəst surətdə istifadə edə bilmir. O, X2 onun evində olan istifadə hüququna xitam verilməsi ilə bağlı Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 2(012)-2760/2021 saylı, 04.06.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçının iddia tələbi təmin edilməmişdir. İddiaçı daha sonra cavabdeh orqana müraciət etsə də, cavabdehin 10.08.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, vətəndaşın qeydiyyatdan çıxarılması ya müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin 10 nömrəli arayışına və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında ola bilər. Bu məqsədlə iddiaçı məhkəməyə müraciət etməli oldu. Cavabdeh artıq uzun illərdir ki, onun evində qeydiyyatdadır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh orqan 12.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuş məktubda məhkəmə iclasına işin çoxluğu ilə əlaqədar gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxarması ilə razılaşdıqlarını bildirmişlər. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmiş və ərizə təqdim edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin və üçüncü şəxsin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara daxildir: İş materiallarında olan iddiaçıya məxsus AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1960-cı ildə, Ermənistanın Masis rayonunda anadan olmuş, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. Daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X.Rza küçəsində yerləşən 44 saylı ev (bundan sonra – mübahisəli ev) 13.03.2010-cu il tarixdən ********** qeydiyyat nömrəsi ilə iddiaçının xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən 28.08.1991-ci il təvəllüdlü X4 mübahisəli evdə qeydiyyatdadır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 10.08.2021-ci il tarixli, 12861012M nömrəli məktubdan görünür ki, iddiaçıya hazırkı tələblə bağlı məhkəmə müraciət olunması tövsiyə edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2760/2021 saylı, 04.06.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçının X3 qarşı onun mübahisəli evdən istifadə hüququna xitam verilməsinə dair iddiası təmin edilməmişdir. İş materiallarına mübahisəli evə dair **********19-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportu əlavə edilmişdir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2760/2021 saylı, 04.06.2021-ci il tarixli qətnaməsi ilə qeyd olunmuşdur ki, sözügedən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. X4 həmin mənzildən mülkiyyət hüquqununun elementlərindən biri olan istifadə hüququnu qazanmamışdır. Bundan başqa iş materiallarına əlavə edilmiş sənədlərdən məlum olmuşdur ki, mübahisəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışa əsasən iddiaçının adına qeydiyyata alınıb və DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən X4 həmin fərdi yaşayış evində pasport qeydiyyatındadır. Beləliklə, məhkəmə hesab edir ki, X2 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X.Rza küçəsində yerləşən 44 saylı fərdi yaşayış evi üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalması İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. X2 İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X.Rza küçəsində yerləşən 44 saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat Şöbəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar