Məhkəmə qərarları › İş №2-1(118)-1772/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1772/2022

31.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1772/2022 31.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X8 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı Sumqayıt bələdiyyəsinin 14 sentyabr 2007-ci il tarixli 28 saylı protokolu ilə “Novxanı” bağlar ərazisində yerləşən ümumi sahəsi 0.12 ha olan 456 saylı saylı bağ sahəsinin X2 mülkiyyətinə verilməsi barədə qərarın ləğv edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt bələdiyyəsinin 14 sentyabr 2007-ci il tarixli 28 saylı protokolu ilə “Novxanı” bağlar ərazisində yerləşən ümumi sahəsi 0.12 ha olan 456 saylı saylı bağ sahəsinin X2 mülkiyyətinə verilməsi barədə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X4 Azərbaycan Respublikası İPMnin 28.2-ci maddəsinə əsasən (zəruri cəlbetmə) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri Novxanı bağlar ərazisində yerləşən ümumi sahəsi 0.12 ha olan 456 saylı bağ sahəsi Bağlar Təsərrüfatı İdarəsinin xx.xx.1989-cu il tarixli 7122 saylı müqaviləyə və 26/261988 saylı protokola əsasən iddiaçının anası X5 verilmişdir. Uzun illər iddiaçı ailəliklə həmin bağ sahəsindən istifadə etməklə yay mövsümlərini orada yaşamışlar. X3 1996-cı ildə vəfat etmişdir, bundan sonra da iddiaçı və bacısı X6 bağ sahəsindən istifadə etmişlər. 2005-ci ildə bacısı Sona vəfat etmişdir, iddiaçı da səhhəti ilə bağlı bağa gedib-gələ bilməmişdir. Sonradan isə iddaçıya məlum olmuşdur ki, Sumqayıt bələdiyyəsi özünün 28 saylı xx.xx.2007-ci il tarixli qərarı ilə bağı iddiaçının bacısı Münəvvərin nəvəsi X2 mülkiyyətinə vermişdir. Halbuki, bələdiyyə iddiaçıdan həmin bağ sahəsi üçün 2009-2013-cü illərdə 30 manat torpaq vergisi ödənişini qəbul etmişdir. bununla bağlı həmin qərarın ləğv edilməsi barədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı əlavə olaraq izah etdi ki, mübahisələndirilən qərardan 2009-2010-cu illərdə xəbər tutmuşdur. Bundan sonra evlə S.Məmmədovla aralarında evlə bağlı məhkəmə mübahisələri olmuşdur. Həmin çəkişmə 3-4 il davam etmişdir. Bu səbəbdən bağla əlaqədar hazıradək iddia qaldırmamışdır. Cavabdehin nümayəndəsi X7 iddianı qəbul etmədi və izah etdi ki, iddiaçının anası ilə bağlanmış bağ icarə müqaviləsinin müddəti bitdiyindən hazırda iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, torpaq sahəsinin icarəçisi olmuş X10 1996-cı ildə vəfat etmişdir. Bundan sonra onun vərəsələri bağ torpaq sahəsini qəbul etməmiş və qəbul edilməsi üçün hər hansı hərəkət etməmişlər. Qeyd olunan torpaq sahəsi bələdiyyə mülkiyyətinə keçmiş və bəlıdiyyə tərəfindən Süleyman Məmmədovun mülkiyətinə verilmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən üçüncü şəxs S.Məmmədovun iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarınə araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi qeyd edilən iddia tələbi mübahisələndirmə haqqında iddia növünə daxildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. «E.Həkimovun şikayəti ilə əlaqədar» 03 noyabr 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üstüstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə qeyd edir ki, iddiaçı öz izahatında mübahisələndirilən qərardan 2009- 2010-cu illərdə xəbərdar olduğunu bildirmiş və evlə bağlı məhkəmə mübahisələri olduğundan bağla ilə əlaqədar iddia qaldırmadığını izah etdi. Məhkəmə hesab edir ki, iddiaçının gətirdiyi dəlillər iddiaçının məhkəməyə 10 ildən çox müddət keçdikdən sonra müraciət etməsi üçün üzürlü səbəb kimi qiymətləndirilə bilməz. İddiaçı qeyd olunan qərarla onun hüquqlarının məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Bundan başqa məhkəmə qeyd edir ki, hazırda mübahisə olunan qərar İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl, 14 sentyabr 2007-ci ildə qəbul edilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə 26-29-cu fəsillər çıxarılanadək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qüvvədə olan «Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət» adlı 298-ci maddəsi ilə tənzimlənirdi. İddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). Oxşar qaydalar Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə qüvvədən düşən, Azərbaycan SSR-in xx.xx.1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş MPM-in 243-5-ci maddəsində də nəzərdə tutulmuş və məhkəməyə şikayət verilməsi imkanı üçün 1 ay müddət müəyyən edilmişdir (İİ. İnzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraat. 24-1-ci fəsil. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqların toxunan qeyri-hüquqi hərəkətlərdən şikayətlər). Bununla da, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır. Qeyd olunmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər. Beləliklə, iddiaçının 15 il ərzində pozulduğunu irəli sürdüyü konkret hüquqi marağı ilə bağlı məhkəməyə müraciət etməməsi, onun bu marağının artıq itdiyinə, bunun nəticəsində isə iddianın qaldırılması üçün başlıca şərt kimi mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan müvafiq subyektiv hüquqa malik olmadığına dəlalət edir. “İnzibati məhkəmə icraatında idianın mümkünlüuünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı 10 aprel 2015-ci il tarixli Qərarının 2.3-cü bənidnə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı Sumqayıt bələdiyyəsinin 14 sentyabr 2007-ci il tarixli 28 saylı protokolu ilə “Novxanı” bağlar ərazisində yerləşən ümumi sahəsi 0.12 ha olan 456 saylı saylı bağ sahəsinin X2 mülkiyyətinə verilməsi barədə qərarın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar