Məhkəmə qərarları › İş №2-1(118)-1774/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1774/2024

04.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1774/2024 04.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt bələdiyyəsinin 18 avqust 2005-ci il tarixli, 42 saylı qərarı ilə mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin "Saray" bağları ərazisində yerləşən sahəsi 1200 kvadrat metr olan 4627d saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması, bununla bağlı onun adına müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Sumqayıt bələdiyyəsinin 18 avqust 2005-ci il tarixli, 42 saylı qərarı ilə mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin "Saray" bağları ərazisində yerləşən sahəsi 1200 kvadrat metr olan 4627d saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması, bununla bağlı onun adına müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 12 sentyabr 2023-cü il tarixli, 3-21-3-31/2-K- 0011/02-8/2023 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçı 2004-cü ilin sonlarında ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək Sumqayıt şəhərinin "Saray" bağları adlandırılan ərazisində faktiki istifadə etdiyi sahəsi 1200 kvadrat metr olan bağ torpaq sahəsinin mülkiyyətinə verilməsini xahiş etmişdir. İddiaçının müraciəti müsbət qarşılandığından Sumqayıt Bələdiyyəsi tərəfindən torpaq sahəsinin sənədləşdirilməsi işlərinə başlanılmışdır. Bundan sonra torpağın tələb olunan alqı-satqı haqqı məbləği olaraq 3 000 000 (üç milyon) manat məbləğində pulu Sumqayıt Bələdiyyəsinin hesabına ödəmiş və Sumqayıt Bələdiyyəsinin 18 avqust 2005-ci il tarixli 42 saylı qərarı ilə Sumqayıt şəhərinin "Saray" bağları ərazidində yerləşən sahəsi 1200 kvadrat metr olan 4627d saylı bağ torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Bir müddət əvvəl torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün ərizə ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatının aparılmasından imtina edilmişdir. Belə ki, cavabdeh Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin müraciətinə verdiyi 12 sentyabr 2023-cü il tarixli, 3-21-3-31/2-K-0011/02-8/2023 saylı cavab məktubunda torpaq üzərində hüququnun qeydiyyatının aparılmasından imtina torpağın sənədləşməsinin guya qanunvericiliyin tələbinə görə yekunlaşmaması, torpağın ayrılması zamanı müvafiq icra hakimiyyəti orqanının rəylərinin alınmaması, eləcə də torpağın alqısatqısına dair aktın tərtib edilməməsi, torpaq sahəsinin planı və ölçüsünün ərizəyə əlavə edilməməsi, torpağın dəyərinin ödənilməsi barədə qəbzin ərizəyə əlavə edilməməsi ilə əsaslandırılmağa çalışılmışdır. Hesab edir ki, cavabdehin torpaq üzərində hüququnun dövlət qeydiyyatından imtinası dəlilləri tamamilə əsassız və qanunaziddir. Belə ki, iddia ərizəsinə əlavə etdiyi kassa mədaxil orderinin qəbzinin surətindən də görünür ki, iddiaçı hələ 2004-cü ilin noyabr ayında torpağın alqı-satqı haqqı olaraq 3 000 000 manat məbləğində pulu Sumqayıt Bələdiyyəsinə ödəmiş və sonuncu həmin pul ödənişini ondan qəbul etmişdir. Sumqayıt Bələdiyyəsinin 18 avqust 2005-ci il tarixli,42 saylı qərarından da görünür ki ,qanunvericiliyə əsasən torpağın alqı-satqı aktının tərtib edilməsi iddiaçının deyil,Sumqayıt Bələdiyyəsinin səlahiyyətinə aid edilmişdir. Sözügedən alqı-satqı aktının bələdiyyə tərəfindən tərtib edilməməsi nəticəsində iddiaçının hüququ pozulmamalı olduğu kimi, tərəfindən hələ 2004-cü ilin noyabr ayında torpağın alqı-satqı haqqı olaraq 3 000 000 manat məbləğində pulun Sumqayıt Bələdiyyəsinə ödənilməsi onunla Sumqayıt Bələdiyyəsi arasında mübahisələndirilən torpaq sahəsinə dair alqı-satqı aktının mövcudluğunu özü-özlüyündə ehtiva edir. Cavabdehin hüququmun dövlət qeydiyyatından imtina üçün torpaq sahəsinin planı və ölçüsünün ərizəyə əlavə edilməməsini əsas gətirməsi də qanunaziddir. İlk olaraq bildirmək istəyir ki, torpaq sahəsinin planı və ölçüsünün verilməsi "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində həmin sənəd qeyd edilsə də, hal-hazırda bu sənədin hüquqi qeydiyyat aparılanadək verilməsinin hüquqi tənzimlənməsi mövcud deyildir. Belə ki, “Torpaq sahəsinin planı və ölçüsü nümunələrinin və təsvirlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007- ci il 28 fevral tarixli 536 nömrəli Fərmanına əsasən hüquqi qeydiyyat aparılanadək torpaq sahəsinin planı və ölçüsünün hazırlanması Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətində olmuşdur. Lakin "Torpaq sahəsinin planı və ölçüsü nümunələrinin və təsvirlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli 536 nömrəli Fərmanı ölkə başçısının 29 sentyabr 2015-ci il tarixli,630 nömrəli Digər Fərmanı ilə ləğv edilmiş, əvəzində "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı qəbul edilmişdir. Sözügedən Fərmanda isə torpaqlara dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsü təsvir edilmişdir ki, bu təsvir də hüququn qeydiyyatı zamanı Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi tərəfindən hazırlanaraq hüquq sahibinə təqdim edilən torpaq sahəsinin planı və ölçüsünün təsviridir.Nəzərə alınsa ki, daşınmaz əmlak üzərində istər hüquqi,istərsə də texniki sənədlərin hazırlanması sahəsində qüvvədə olan qanunvericiliyə əsasən yeganə səlahiyyət sahibi ləğv edilmiş iki qurumun bazasında yeni yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsidir,bu halda cavabdehin yuxarıda qeyd edilən əsasa söykənərək hüququmun qeydiyyatından imtinasının nə dərəcədə məntiqsiz olduğu anlaşılır. Eyni sözləri torpaq sahəsi ayrılarkən müvafiq icra hakimiyyəti orqanınınrəyində möhürün olmamasına dair cavabdehin dəlilinə də şamil edə bilərəm,çünki sözügedən sənədləşmə işlərinin aparılması yerli özünüidarə orqanının səlahiyyətlərində olan bir məsələ olduğundan, torpaq sahəsinin ayrılması üçün müraciət etmiş şəxs aidiyyəti inzibati orqan tərəfindən həmin sənədləşmənin aparılmasına görə məsuliyyət daşıya bilməz. Həmçinin, cavabdeh müraciətinə baxarkən bu cür işlər üzrə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi də nəzərə almamışdır.Belə ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında xüsusi olaraq vurğulanmışdır ki,"...torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə,mövcud texniki normalara,habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla,ictimai maraqlara xələl gətirməyən,qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından,inzibati akt xüsusiyyətlərinə malik deyil.Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla,yekun inzibati aktin qəbul edilməsinə yardım edir.İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir.Belə ki,"İnzibati icraat haqqında" Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir.Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır.Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır(“lnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)...Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.“İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5- ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir.” Göründüyü kimi, yuxarıda sadalananlardan da aydın olur ki, mübahisələndirilən torpaq sahəsinin mülkiyyətinə ayrılmasına dair inzibati akt qüvvədə olduğu təqdirdə, cavabdehin hüququn qeydiyyatından imtinası qanuni və əsaslı sayıla bilməz. Həmçinin, cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə,əsassız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüququdan suiistifadə etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan sui-istifadə qadağandır. Cavabdehin hüquqi varisi olan "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır.Başqa sözlə desək,qüvvədə olan qanunvericiliyin tələbinə görə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini bilavasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir.Cavabdehin imtina məktubunda istinad etdiyi halların heç biri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları, cümlədən "Hüquqların dövlət qeydiyyatına alınmasına hansı hallarda imtina edilə bilinməsini” özündə ehtiva edən 15.1-ci maddənin tələblərində göstərilən halların heç biri ilə uzlaşmadığından, iddiaçının hüququnun qeydiyyatından cavabdehin imtinası qanuni, əsaslı və ədalətli hesab olnuna bilməz. Hazırkı, iddia tələbi üzrə cavabdeh təşkilatın tutduğu mövge onun tərəfindən “İnzibati icraat” haqqında Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş mütənasiblik prinsipinə, yəni inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmamasına dəlalət edir. Belə ki, “İnzibati icraat" haqqında Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İddiaçı Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, 149-cu maddəsinin Vİİ hissəsinə, Azərbaycan Respublikasının qanunvericiliynin tərkib hissəsi olan «insan höquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə, 139.3-cü maddəsinə, 152.1-ci maddəsinə, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.2-ci, 8.0 və 8.0.1-ci, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinə, Həmin Qanunun 24.1-ci maddəsinə istinad edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, iddiaçı Sumqayıt şəhəri, Saray bağları ərazisində yerləşən ümumi sahəsi 0.12 ha olan 4627D saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü" sənədinin verilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli ərizə ilə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət etmişdir. Ərizəyə əlavə olunmuş sənədlərin arxiv əsasları idarənin arxiv saxlancında aşkar olunmamışdır. Həmçinin iddiaçı tərəfindən təqdim edilən sənədlərin araşdırılması zamanı sözügedən torpaq sahəsinin bələdiyyənin xx.xx.2005-cİ İl tarixli 42 saylı qərarı ilə ayrılmasına baxmayaraq, sənədləşmənin həmin tarixdə mövcud olan qanunvericiliyin tələblərinə uyğun olaraq yekunlaşmadığı müəyyən olunmuşdur. Belə ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-cİ il 10 yanvar tarixli 534 nömrəli fərmanı İlə təsdiq edilmiş "Torpaqların alqı-satqısı Qaydaları”nın müddəalarına uyğun olaraq torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilməmiş, müvafiq icra hakimiyyəti orqanlarının rəyləri alınmamış, torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilməmiş, torpağın dəyərinin bələdiyyənin hesabına ödənilməsi barədə sənəd ərizəyə əlavə edilməmişdir. Əlavə olaraq ərizəyə torpaq sahəsinin sərhəd ölçülərini və yerini müəyyən edən texniki sənədlər (torpaq sahəsinin planı və ölçüsü, mövqe sxemi, ayrıc aktı və s.) əlavə edilmədiyi üçün torpağın faktiki yerləşmə mövqeyinin sənəddə qeyd edilən koordinatlara uyğun olub-olmaması barədə rəy vermək mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması qaydasında aparılır. “Bələdiyyə torpaqlarının İdarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və İcarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.1-ci və 10.2.2-ci maddələrinə əsasən hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü sənədi əlavə olunur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı Sumqayıt bələdiyyəsinin 18 avqust 2005-ci il tarixli, 42 saylı qərarı ilə mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin "Saray" bağları ərazisində yerləşən sahəsi 1200 kvadrat metr olan 4627d saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması, bununla bağlı onun adına müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, ərizəyə əlavə olunmuş sənədlərin arxiv əsasları idarənin arxiv saxlancında aşkar olunmamışdır. Həmçinin iddiaçı tərəfindən təqdim edilən sənədlərin araşdırılması zamanı sözügedən torpaq sahəsinin bələdiyyənin xx.xx.2005-cİ İl tarixli 42 saylı qərarı ilə ayrılmasına baxmayaraq, sənədləşmənin həmin tarixdə mövcud olan qanunvericiliyin tələblərinə uyğun olaraq yekunlaşmadığı müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, cavabdeh ərizəyə əlavə olunmuş sənədlərin arxiv əsaslarının idarənin arxiv saxlancında aşkar olunmadığını qeyd etsə də iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2023-cü il tarixli, 3-48-DA-10F/2- 241-2023 saylı məktubu ilə iddiaçıya 1200 kv.m torpaq sahəsinin ayrılmasına əsas olmuş sənədlərin arxivdən çıxarışları təqdim edilmişdir. İş materiallarından görsənir ki, Sumqayıt şəhər Bələdiyyəsinin 18 avqust 2005-ci il tarixli 42 saylı Qərarı ilə Saray bağları ərazisində sahəsi 1200 kv.m olan 4627d saylı bağ torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. 26 noyabr 2004-cü il tarixli, 017378 saylı qəbzdən görünür ki, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hal cavabdeh inzibati orqan tərəfindən düzgün əsalandırılmamışdır. Torpaq sahəsi ayrıldığı vaxtdan iddiaçının istifadəsinə verilmiş, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Torpaq sahəsinə bələdiyyə tərəfindən hər hansı bir iddia irəli sürülməmiş, iddiaçıya verilən sənədlər mübahisələndirilməmişdir. Göründüyü kimi idddiaçının mülkiyyət hüququnun qeydə alınmasını istisna edən hal müəyyən olunmur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri iddianın əsassız hesab olması və təmin edilməməsi üçün əsas təşkil edə bilməz. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan normanın mənasından göründüyü kimi bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. İddiaçıya səlahiyyətli orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçının hüquqlarını qoruyan normalar kimi hazırkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Sumqayıt bələdiyyəsinin 18 avqust 2005-ci il tarixli, 42 saylı qərarı ilə mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin "Saray" bağları ərazisində yerləşən sahəsi 1200 kvadrat metr olan 4627d saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması, bununla bağlı onun adına müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar