Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-178/2022 25.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu, Zərdabi kəndində yerləşən 0.75 ha torpaq sahəsi və üzərindəki qeyriyaşayış binasına(soyuducu anbar) mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq çıxarış və texniki pasportun verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsinə” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Quba rayonu, Zərdabi kəndində yerləşən 0.75 ha torpaq sahəsi və üzərindəki qeyri-yaşayış binasına(soyuducu anbar) mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq çıxarış və texniki pasportun verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 09.06.2021-ci il tarixli, **********62 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddia onunla əsaslandırılır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə müraciət edərək Quba rayonu, Zərdabi kəndində yerləşən 0,75 ha torpaq sahəsi və üzərindəki qeyri yaşayış binasına (soyuducu anbar) mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq çıxarış və texniki pasportun verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi idarəsi tərəfindən **********62 saylı 09.06.2021-ci il tarixli cavab məktubu ilə müraciətinin həllindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə ərizəyə əlavə edilmiş JN 1111 (KOD ********) saylı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş olan dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamışdır. Həmçinin torpaq sahəsinin faktiki ölçüləri və cizgisi sənəd üzrə olan göstəriciliərdən fərqlidir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız hesab olunmaqla Quba rayonu, Zərdabi kəndində yerləşən 0,75 ha torpaq sahəsi və üzərindəki qeyri yaşayş binasına (soyuducu anbar) mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdeh təşkilatın üzərinə bir vəzifə kimi qoyulmalıdır. Quba rayonu Zərdabi Bələdiyyəsinin 05.12.2003- cü il tarixli 12 nömrəli qərarı ilə bələdiyyənin ehtiyyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına şərti-yararsız torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının saxlanılması məqsədilə 0,75 ha torpaq sahəsi satılması qərara alınmışdır. Quba rayonu Zərdabi Bələdiyyəsinin 03.12.2004-cü il tarixli 33 saylı müraciətinə cavab olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin rəyi ilə alqı-satqı predmeti olan torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olduğu, satılması nəzərdə tutulan torpaq sahəsinin kənd təsərrüfatına şərti-yararsız olduğu bildirilərək torpaq sahəsinin satılması qanunamüvafiq hesab edilmişdir. Bundan sonra Torpaqların X5 əsasında sözügedən torpaq sahəsi mənə satılmış və həmin Akt Quba rayon şöbəsində 03 dekabr 2004-cü il tarixdə 704 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçıya verilən 0,75 ha torpaq sahəsinin tərtib olunmuş yerquruluşu planı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. H.Zərdabi adına sovxoz-zavod yerli aqrar islahat komissiyasının 01 iyun 1999-cu il tarixli 12 nömrəli protokolu (qərarı) ilə sözügedən torpaq sahəsində 1950-ci ildə inşa edilmiş tikililər əmlak payı hesabına özəlləşdirilərək Möhübbət Həsənova verilmişdir. Zərdabi adına sovxoz-zavod yerli aqrar islahat komissiyasının 01 mart 2001-ci il tarixli 3 nömrəli protokolu (qərarı) ilə hazırki ünvanda fəaliyyət göstərən anbar binasının yenidən qiymətləndirilərək əmlak payı kimi X2 verilmiş və bu barədə müvafiq akt tərtib olunmuşdur. Zərdabi adına sovxoz-zavod yerli aqrar islahat komissiyasının 25 fevral 2001-ci il tarixli 2 nömrəli protokolu (qərarı) ilə 1 nömrəli pürə sexində 20 ədəd 16 tonluq çən əmlak payı kimi özəlləşdirilərək iddiaçıya verilmişdir. Daha sonra Quba rayonu Zərdabi Bələdiyyəsinin 05.12.2003-cü il tarixli 12 nömrəli qərarı ilə həmin anbar tikilisinin yerləşdiyi bələdiyyənin ehtiyyat fondunun alqı- satqı predmeti olan kənd təsərrüfatına şərti-yararsız 0,75 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının saxlanılması məqsədilə iddiaçıya satılmış və həmin torpaq sahəsinə dair adına 30 dekabr 2004-cü il tarixli JN 1111 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" verilmişdir. Göründüyü kimi sözügedən torpaq sahəsində əvvələr fəaliyyət göstərmiş pürə sexinin əmlakları əmlak payı kimi iddiaçının və atasının adına sənədləşmişdir. Həmin ünvanda yerləşən tikililər yarasız vəziyyətdə olduğu üçün müraciəti əsasında Quba Rayonu icra Hakimiyyəti Başçısının 207 nömrəli 26 iyul 2011-ci il tarixli sərəncamı ilə mütəxəssis akt-rəyi nəzərə alınmaqla mülkiyyətində olan 0,75 ha torpaq sahəsində yerləşən istismara yarasız vəziyyətdə olan tikilidə yenidənqurma və əsaslı təmir işləri aparmaqla soyuducu anbar kompleksinin quraşdırılmasına razılıq verilmişdir. Quba Rayonu icra Hakimiyyəti tikinti-memarlıq şöbəsi tərəfindən təsdiq edilmiş layihə əsasında mülkiyyətində olan torpaq sahəsində soyuducu anbar inşa etmişdir. Tikinti işləri başa çatdıqdan sonra həmin sahədə lizinq yolu ilə 800 ton tutumu olan soyuducu kamera avadanlığı quraşdırılmışdır. Göründüyü kimi mülkiyyətində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış binası əmlak payı kimi özəlləşdirilərək mülkiyyətinə verilmiş və sonradan həmin tikilidə müvafiq icazələr alınmaqla yenidənqurma və əsaslı təmir işləri aparılmışdır. Sözügedən torpaq sahəsi Dövlət reyestrində qeydə alınmaqla iddiaçının xüsusi mülkiyyətindədir. Hazırki iddianın mahiyyəti həmin hüquqa dair yeni növ reyestrdən çıxarış verilməsindən ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsinin tələbinə görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 4.2-ci maddəsinin tələbinə görə bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Lakin cavabdeh təşkilat heç bir əsas olmadan daşınmaz əmlak üzərində olan hüquqlarımı dövlət reyestrində qeydiyyata almaqdan imtina etməklə iddiaçının konstitusiya ilə qorunan mülkiyyət hüququları pozulmuşdur. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən Dövlət torpaq kadastrına torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar daxildir. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin Qanunun 7-ci maddəsinin tələbinə görə dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaq kadstr sənədlərinin aparılması qaydaları”nın 5-ci bəndinə əsasən həmin dövrdə vahid torpaq kadastr sənədləri sistemini tamamlayan digər texniki sənədləri, arayışları və formaları Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi hazırlayır və təsdiq edirdi. Həmin qərarla təsdiq edilmiş “Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi haqqında” əsasnamənin 2-ci bəndinə əsasən Dövlət torpaq kadastrı fondu Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sərəncamında olmuşdur. Qanunvericiliyin bu tələbindən də göründüyü ki, iddiaçıya satılan torpaq sahəsinin satılmamışdan əvvəl mövcud vəziyyətdə yerquruluşu planı bələdiyyə tərəfindən tərtib olunmuş və ilkin torpaqayırma sənədlərinə və yerquruluşu planına uyğun Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 30 dekabr 2004-cü il tarixli JN 1111 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir. Torpaq sahəsinin faktiki ölçüləri həmin sənəd üzrə göstərilən ölçülərlə eynidir. Göründüyü kimi cavabdehin imtinası tamamilə əsassızdır və formal xarakter daşıyır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin əsasları göstərilmişdir. Cavabdehin imitnasında qeyd olunmuş əsaslardan heç biri həmin Qanunun 15-ci maddəsində öz əksini tapmamışdır. Həmin Qanunun 8.0.1-ci maddəsinin tələbinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar dövlət qeydiyyatı üçün əsas hesab olunur. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələbinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinin tələbinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.1ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etiraz edərək qeyd etmişdir ki, İddiaçı Quba rayonu, Zərdabi qəsəbəsi ərazisində yerləşən 0.75 ha toroaq sahəsi və üzərində yerləşən qeyriyaşayış binasına mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 21.05.2021-ci il tarixli ərizə ilə müraciət etmişdir. Müraciətə 09.06.2021-ci il tarixli **********62 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, "Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması bağlı ərizənizə əlavə edilmiş JN 1111 (KOD ********) saylı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş olan dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamışdır. Bundan əlavə, torpaq sahəsinin faktiki ölçüləri və cizgisi sənəd üzrə olan göstəricilərdən fərqlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 12.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüqularının dövlət qeydiyyatını aparır. Təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Ərizədə qeyd olunan qeyri-yaşayış binasına dair hüquqmüəyyənedici sənədlər tam deyildir. Belə ki, ərizədə qeyd olunan qeyri-yaşayış binasına dair tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0 9.2. maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş çoxmənzilli binalara, qeyriyaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Həmin Qanunun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. ” Tikinti obyektinin istismarına icazədə nəzərdə tutulan məlumatlar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 103-cü maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyini və ondan təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiq edilməsidir. Həmin Məcəllənin 101.4- cü maddəsinə əsasən tikinti obyektinin istismarına icazənin vahid forması Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Tikinti obyektinin istismarına icazənin vahid forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.09.2014-cü il tarixli, 302 nömrəli qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən qeyri-yaşayış binasına dair daşınmaz əmlakın müayinəsi keçrilməmiş və ərizəsinə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. İddia ərizəsində mübahisələndirilən JN 1111 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş olan dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamışdır. Bundan əlavə, torpaq sahəsinin faktiki ölçüləri və cizgisi sənəd üzrə olan göstəricilərdən fərqlidir, o cümlədən inşa olunmuş qeyri-yaşayış binasına dair tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, iddiaya etirazı müdafiə etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddia öhdəliyin icrasıdır, iddiaçı hazırki tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. İddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır və ilkin olaraq bununla bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi Quba rayonu, Zərdabi kəndində yerləşən 0.75 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq çıxarış və texniki pasportun verilməsi hissəsində əsaslı olmaqla qismən təmin edilməlidir. Belə ki, iddiaçı Quba rayonu, Zərdabi kəndində yerləşən 0.75 ha torpaq sahəsi və üzərindəki qeyri-yaşayış binasına mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq çıxarış və texniki pasportun verilməsini istəyir. İş materialları ilə müəyyən olunur ki, H.Zərdabi adına sovxoz-zavod yerli aqrar islahat komissiyasının 01 iyun 1999-cu il tarixli 12 nömrəli protokolu (qərarı) ilə sözügedən torpaq sahəsində 1950-ci ildə inşa edilmiş tikililər əmlak payı hesabına özəlləşdirilərək X1 verilmişdir. Zərdabi adına sovxoz-zavod yerli aqrar islahat komissiyasının 25 fevral 2001-ci il tarixli 2 nömrəli protokol qərarına əsasən 1 nömrəli pürə sexində 20 ədəd 16 tonluq çən özünün 46000 min manat əmlak payı hesabına özəlləşdirilərək X1 verilmişdir. Quba rayonu Zərdabi Bələdiyyəsinin 03.12.2004-cü il tarixli 33 saylı müraciətinə cavab olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin rəyi ilə alqı-satqı predmeti olan torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olduğu, satılması nəzərdə tutulan torpaq sahəsinin kənd təsərrüfatına şərti-yararsız olduğu bildirilərək torpaq sahəsinin satılması qanunamüvafiq hesab edilmişdir. Quba rayonu Zərdabi Bələdiyyəsinin 05.12.2003-cü il tarixli 12 nömrəli qərarı ilə bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına şərti-yararsız torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının saxlanılması məqsədilə 0,75 ha torpaq sahəsi satılmışdır. Bundan sonra Torpaqların X5 əsasında sözügedən torpaq sahəsi İddiaçı satılmış və həmin Akt Quba rayon şöbəsində 03 dekabr 2004-cü il tarixdə 704 nömrə ilə qeydiyyata alınmışdır. 03 dekabr 2004-cü il tarixli ödəniş qəbzinə əsasən torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. İddiaçıya verilən 0,75 ha torpaq sahəsinin tərtib olunmuş yerquruluşu planı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. JN 1111 KOD 30316018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"na əsasən Quba rayon Zərdabi Bələdiyyəsinin 05 dekabr 2003-cü il tarixli 12 saylı qərarı ilə satılmış cizgidə göstərilən sərhəd daxilində 0.75 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının saxlanılması və emalı məqsədilə İddiaçı verilmişdir. Həmin ünvanda yerləşən tikililər yarasız vəziyyətdə olduğu üçün müraciəti əsasında Quba Rayonu icra Hakimiyyəti Başçısının 26 iyul 2011-ci il tarixli 207 nömrəli sərəncamı ilə İddiaçı müraciəti, torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və mütəxəssis komissiyasının akt-rəyi nəzərə alınmaqla Zərdabi kəndi ərazisində yerləşən və İddiaçı mülkiyyətində olan 0.75 ha torpaq sahəsində yerləşən istismara yararsız vəziyyətdə olan yenidənqurma və əsaslı təmir işləri aparmaqla soyuducu anbar kompleksinin quraşdırılmasına razılıq verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan normanın mənasından göründüyü kimi bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Bu əsaslarlada mübahisə premeti olan torpaq sahəsi üzərində iddiaçının hüquqları müvafiq dövlət qurumları tərəfindən tanınmışdır. Yuxarıda qeyd edilən sənədlərdən göründüyü kimi torpaq sahəsində hüquqların dövlət qeydiyyatına alınmasına maneə təşkil edən bir əsas yoxdur. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Göründüyü kimi qeyd edilən norma əvvəllər yaranmış hüquqları tanınmaqla iddiaçının mülkiyyət hüququnun konstitusion təminatına hüquqi əsas təşkil etmişdir. İddiaçının mübahisə predmeti olan 0.75 ha torpaq sahəsin üzərində mülkiyyət hüququ 30 dekabr 2004-cü ildə dövlət qeydiyyatına alınmış və iddiaçının torpaq sahəsi ilə bağlı tələbi mahiyyəti etibarı ilə ilkin dövlət qeydiyyatına alınma yox, dövlət tərəfindən tanınaraq qeydə alınmış hüququn mövcud qaydalar əsasında yenidən qeydiyyata alınmasından ibarətdir. İddiaçının torpaq sahəsi üzərində hüquqların qeydiyyatından imtina ilə bağlı dəlillərini isə məhkəmə əsassız hesab edir. İnzibati orqan qeyd edir ki, "Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması bağlı JN 1111 (KOD ********) saylı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş olan dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamışdır. Bununla bağlı müvafiq sorğu edilmiş, cavabdeh inzibati orqan torpaq sahəsi ilə bağlı müvafiq sənədləri məhkəməyə təqdim etmiş və qeyd etmişdir ki, JN 1111 (KOD ********) saylı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş olan dövlət aktlarının qeydiyyat kitablarında qeydiyyatdan keçməmiş, lakin DVJ məlumatlarında öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, qeyd edilənlərlə bağlı cavabdehin dəlili qeydiyyat kitablarına məlumatın daxil edilməməsindən ibarətdir ki, dövlət aktının DVJ məlumatlarında öz əksini tapdığı halda cavabdehin bu hala istinad etməsinin, imtina üçün əsas kimi nəzərə alınmasının heç bir hüquqi əsası yoxdur. Cavabdeh inzibati orqanın digər dəlili isə ondan torpaq sahəsinin faktiki ölçüləri və cizgisi sənəd üzrə olan göstəricilərdən fərqlidir. Məhkəmə cavabdehin bu dəlilinidə əsaslı hesab etmir. İddiaçının tələbi faktiki istifadəsində olan torpaq sahələsinin hamısının qeydə alınması yox, sənəd üzrə qeydiyyatın aparılmasından ibarətdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi torpaq sahəsi ilə bağlı hissədə əsaslıdır. Lakin, məhkəmə hesab edir ki, iddia tələbi qeyri-yaşayış binasına mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq çıxarış və texniki pasportun verilməsi hissəsində əsaslı hesab edilə bilməz. Belə ki, cavabdeh inzibati orqanın torpaq sahəsi üzərindəki əmlakın qeydiyyatından imtinasının əsasını qeyri-yaşayış binasına dair tikinti obyektinin istismarına icazə sənədinin təqdim edilməməsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0 9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Həmin Qanunun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə ; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101-ci maddəsinə əsasən: 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. 101.2. Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. 101.3. Bu Məcəllənin 101.1-ci maddəsində nəzərdə tutulmuş müddəa tikintisinə icazə tələb edilməyən obyektlərə şamil olunmur. 101.4. Tikinti obyektinin istismarına icazənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Tikinti obyektinin istismarına icazənin vahid forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.09.2014-cü il tarixli, 302 nömrəli qərarı ilə təsdiq edilmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Yuxarıda qeyd edilən normalardan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Quba rayonu, Zərdabi kəndində yerləşən 0.75 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq çıxarış və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı Quba rayonu, Zərdabi kəndində yerləşən 0.75 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq çıxarış və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-178/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-178/2022
25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver