Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-179/2021 31.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçı X6 (“Vüqar-Ə” firmasının direktoru, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, Cavabdehin nümayəndəsi X2 (DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsində hüquq şöbəsinin müdiri işləyən, Bakı şəhəri, Cavanşir küçəsi, yataqxana 2, ev 21A, mənzil 108-də yaşayan) iştirakı ilə, İddiaçı “Vüqar-Ə” firmasının cavabdeh ƏMDX-nin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində yerləşən ümumi sahəsi 1192,4 kv m olan torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Vüqar-Ə” firması cavabdeh ƏMDX-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində yerləşən ümumi sahəsi 1192,4 kv m olan torpaq sahəsinin istehsalat sahəsi yaratmaq məqsədi ilə “Vüqar-Ə” firmasının icarəsinə verilməsi barədə Sumqayıt şəhər Bələdiyyəsinin 24 oktyabr 2003-cü il tarixli, 95 saylı iclasının qərarı əsında “Vüqar-Ə” firmasının sözügedən torpaq sahəsi üzərində yaranmış icarə hüququnun dövlət qeydiyyatına alınmasından cavabdehin imtinasının qanunsuz sayılması və cavabdehin üzərinə həmin torpaq sahəsi üzərində “Vüqar-Ə” firmasının icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt bələdiyyəsinin 24 oktyabr 2003cü il tarixli, 95 saylı iclasının qərarı ilə Sumqayıt şəhərinin 53-cü məhəlləsi ərazisində yerləşən ümumi sahəsi 1192,4 kv m olan torpaq sahəsi istehsalat sahəsi yaratmaq məqsədi ilə "Vüqar-Ə" firmasının icarəsinə verilmişdir. Həmin bələdiyyə qərarı qəbul edildikdən sonra bələdiyyə tərəfindən torpaq sahəsinin inşaat pasportu hazırlanaraq firmaya təqdim olunmuş, həmçinin "Vüqar-Ə" firması ilə torpaq sahəsinin mülkiyyətçisi olan Sumqayıt bələdiyyəsi arasında torpaq icarə müqaviləsi bağlanılmışdır. Qeyd edilən tarixdən hazıradək firma tərəfindən torpaq sahəsindən istifadə olunur, mütəmadi olaraq torpaq icarə haqqı bələdiyyənin hesabına ödənilir. "Vüqar-Ə" firması ilə Sumqayıt bələdiyyəsi arasında sözügedən torpaq sahəsinə dair bağlanılmış sonuncu icarə müqaviləsinin müddəti 2019-cu ilin əvvəllərində başa çatdığından, firma tərəfindən 2019cu ilin mart ayında bələdiyyəyə müraciət edilərək torpağın icarə müddətinin uzadılması xahiş edilmişdir. "Vüqar-Ə" firmasının müraciəti əsasında tərəflər arasında sözügedən torpaq sahəsinə dair 28 mart 2019-cu il tarixli, 28 saylı yeni torpaq icarə müqaviləsi bağlanılmış və həmin müqavilədə torpağın icarə müddəti 31 dekabr 2023-cü il tarixədək müəyyən olunmuşdur. Bundan sonra firma torpaq üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində icarə hüququnun müddətinin uzadılmasının yalnız açıq torpaq hərracı yaxud müsabiqə yolu ilə əldə edilə bilinəcəyini göstərərək, "Vüqar-Ə" firmasının torpaq üzərində hüququnun dövlət qeydiyyatından imtina edilmişdir. Halbuki, qanunvericiliklə 2007-ci ilin dekabr ayının 1-dən sonra bələdiyyə torpaqlarının açıq torpaq hərracı, yaxud müsabiqəsi yolu aynlması nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edildiyi kimi, sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olan və Sumqayıt şəhər Bələdiyyəsinin 24 oktyabr 2003-cü il tarixli, 95 saylı iclasının qərarı ilə 'Vüqar-Ə" firmasının icarəsinə ayrıldığından, həmin torpaq sahəsi üzərində 'Vüqar-Ə" firmasının yaranmış icarə hüququnun müddətinin uzadılmasına 2007-ci ilin dekabr ayının 1-dən sonra bələdiyyə torpaqlarının ayrılmasına dair müəyyən edilmiş qaydalar tətbiq edilə bilməz. Bu müddəalar müvafiq qanunvericilik aktında da öz əksini tapmışdır. Cavabdehin imtina məktubunda istinad etdiyi digər dəlillərin də hər hansı hüquqi əsasları mövcud deyildir. Belə ki,cavabdeh firmanın istifadəsində olan torpaq sahəsinin 79 kvadrat metrinin guya yüksək gərginlikli eletrik xəttinin mühafizə zolağında yerləşdiyini bildirsə də, bunu təsdiq edən hər hansı mötəbər sübuta əsaslanmamışdır. Hətta cavabdehin bildirdiyi kimi, torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli eletrik xəttinin mühafizə zolağında yerləşdiyi halda belə, bu, torpaq üzərində 'Vüqar-Ə" firmasının icarə hüququnun dövlət qeydiyyatından imtina üçün əsas sayıla bilməz. Belə ki,bu halda yüksək gərginlikli eletrik xəttinin mühafizə zolağında yerləşən torpaq çıxılmaqla qalan torpaq sahəsi üzərində 'Vüqar-Ə" firmasının icarə hüququ dövlət qeydiyyatından keçirilməli idi. Cavabdehin sözügedən bələdiyyə qərarının qanunvericiliyə uyğun olmadığı məsələsi "Vüqar-Ə" firmasının icarə hüququnu dövlət qeydiyyatından keçirməkdən imtina etməsi üçün bir bəhanədən başqa bir şey deyildir. Belə ki, cavabdeh yalnız qeydiyyat orqanı olduğu halda, öz səlahiyyətindən kənara çıxaraq bələdiyyə qərarlarına inzibati nəzarət orqanının funksiyasını daşıyan orqan kimi çıxış etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “Vüqar-Ə” firmasının direktoru X8 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavadehin nümayəndəsi iddia tələbini qəbul etmədi və bildirdi ki, iddiaçı “Vüqar- Ə” firmasının müraciəti ilə əlaqədar bildirilmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən 01 dekabr 2007-ci il tarixdən sonra qəbul edilən qərarlarda bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Müraciətinə əlavə edilmiş 28 mart 2019-cu il tarixli 28 nömrəli icarə müqaviləsindən göründüyü kimi torpaq sahəsi üzərində icarə müddəti hərrac keçirilmədən uzadılmışdır. Bundan başqa, müayinə zamanı 0,0079 ha torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında (10 kVt) yerləşdiyi müəyyən edilmiş, “Vüqar-Ə” firması tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na riayət edilməmişdir. “Vüqar-Ə” firmasının nəzərinə çatdırılmışdır ki, 10-kvt-lıq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində hər tərəfə 10 m kimi müəyyənləşdirilmişdir. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın müddəalarına zidd olaraq bələdiyyə qərarının 24 oktyabr 2003-cü il tarixli 95 nömrəli olmasına baxmayaraq, torpaq sahəsi ayrılarkən ləğv edilmiş DT və XK-nin və rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyləri alınmamışdır. İş materiallarında olan : -2 saylı Ərazi Vergilər Departamenti tərəfindən verilmiş 11.04.1995-ci il tarixli kommersiya qurumunun reyestrdən çıxarışından görünür ki, “Vüqar-Ə” firması həmin tarixdə vergi orqanında qeydiyyatdan keçmişdir. -Sumqayıt bələdiyyəsinin 95 saylı 24.10.2003-cü il tarixli qərarından görünür ki, Sumqayıt şəhər bələdiyyəsi torpaq komissiyasının 23 oktyabr 2003-cü il tarixli 86 saylı protokoluna əsaslanaraq, Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin Azərbaycan Respublikası adından 11 iyul 2003-cü il tarixli (iş № 1002/2 - 184) qətnaməsini nəzərə alaraq, 53-cü məhəllə ərazisində «VÜQAR - Ə» firmasının şəxsi əmlakı sayılan sahəsi 172,4 kv m olan («Triumf - 25» firması tərəfindən satılmış) xarrat sexinin yerləşdiyi 172,4 kv m torpaq sahəsi «Triumf - 25» firmasından geri alınsın və həmin sahə daxil olmaqla istehsalat obyekti yaratmaq məqsədilə əlavə 1020 kv.m., ümumilikdə 1192,4 kv.m. torpaq sahəsi «VÜQAR - Ə» firmasının adına rəsmiləşdirilməsi qərar alınmışdır. - Sumqayıt bələdiyyəsi tərəfindən tərtib edilmiş 31 oktyabr 2003 –cü il tarixli 766 nömrəli texniki pasportdan görünür ki, həmin texniki pasport “Vüqar–Ə” firmasına ayrılmış torpaq sahəsinə dair tərtib edilmişdir. -Sumqayıt şəhər bələdiyyəsinin 101 saylı 26.08.2019-cu il tarixli arayışından görünür ki, “Vüqar-Ə” firması 2003-cü il tarixdə Sumqayıt bələdiyyəsi tərəfindən Sumqayıt şəhəri, 53-cü məhəllə, ərazisində 1192 kv m torpaq sahəsi ayrılmış və həmin ərazi aidiyyəti üzrə istifadə olunur. - 28.03.2019-cu il tarixli 28 saylı, “Vüqar-Ə” firması ilə Sumqayıt bələdiyyəsi arasında bağlanmış torpaq icarə müqavilələrindən görünür ki, həmin müqavilənin predmetini Sumqayıt şəhəri, 53-cü məhllədə yerləşən 1192,4 kv m torpaq sahəsinin icarəyə verilməsi təşkil edir. - 1 saylı Yerli İqtisad Məhkəməsinin 1002/2-184 nömrəli 11 iyul 2003-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı “xxxx” İstehsalat Kommersiya firmasının cavabdeh “Vüqar-Ə” firmasına qarşı 02/2001 saylı, 02.01.2001-ci il tarixli müqavilədə göstərilən 766 kv metr torpaq sahəsinin və “Vüqar-Ə” firmasına satılan xarrat sexinin azad edilməsi və boşaldılması barəsində iddia tələbinə və cavabdeh “Vüqar-Ə” frmtasının iddiaçı “xxxx” X1rşı 02.01.2001-ci il -znxli 02/2001 saylı müqaviləyə əsasən ******* manata satın alınmış sahəsi 172,5 kv metr tikilinin (xarrat sexinin) və 766 kv metr torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qarşılıqlı iddiası üzrə tələbi ilkin iddia qismən təmin edilərək, «Vüqar-Ə» firması 02/2001 saylı, 02.01.2001-ci il tarixli müqavilədə göstərilən, Sumqayıt şəhəri 53-cü məhəllə ünvanda yerləşən torpaq sahəsinin boşaldıılması, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilərək 02.01.2001-ci il tarixli, 02/2001 saylı müqaviləyə əsasən 172,5 kv metr sahəsi olan tikilinin (xarrat sexi) «Vüqar-Ə» firması tərəfindən satın alınmış hesab edilməsi qət edilmişdir. Məhkəmənin sorğusuna əsasən X9 Təhcizatı və Satışı İdarəsi tərəfindən verilmiş 29 aprel 2021-ci il tarixli 84-01-01/191 nömrəli cavab məktubundan görünür ki, “Vüqar-Ə” firmasına məxsus istehsalat sahəsinin bir hissəsi Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən və “xxxx” ASC-yə məxsus 10 kv-luq 14 cü şəhər fıderi hava xəttindən budaqlarıma yolu ilə 53- cii məhəllədə fəaliyyət göstərən X4 məxsus özəl müəssisənin 54 saylı komplekt transformator məntəqəsinə çəkilmiş 19 kV-luq hava elektrik veriliş xəttinin mühafizə zonasına düşür. Hava xətti Ə.Nəsirova məxsus obyektə verilmiş TX-12-4712 saylı 31.08.2009-cu il tarixli texniki şərt əsasında 2009 cu ildə çəkilmişdir. Obyekt ilə hava xətti arasındakı məsafə 3 metr təşkil edir. Hava xəttinin trassası ərazinin mövqe planında qırmızı xətlə göstərilmişdir. “Vüqar-Ə” firmasına məxsus 1192,4 ırf torpaq sahəsindən “xxxx” ASC Şimal RETSİ-nə məxsus 35-10-6-0,4 kV-luq kabel və hava xətləri keçmir. Məhkəmə sorğusuna əsasən “xxxx” ASC tərəfindən verilmiş 03.05.2021-ci il tarixli cavab məktubundan görünür ki, “Vüqar-Ə” firmasına məxsus istehsalat sahəsinin bir hissəsi Sumqayıt şəhəri, Çerkassı küçəsində yerləşən və “xxxx” ASC-yə məxsus 10 kV-luq 14-cü şəhər fideri hava xəttindən budaqlanma yolu ilə X4 məxsus özəl müəssisəni qidalandıran 54 saylı komplekt transformator məntəqəsinə çəkilmiş 10 kVluq hava elektrik verilişi xəttinin mühafizə zonasına düşür.Hava xətti Ə.Nəsirova məxsus obyektə verilmiş TX-12-4712 saylı texniki şərt əsasında 2009-cu ildə çəkilmişdir. Obyekt ilə hava xətti arasındakı məsafə 3 (üç) metr təşkil edir.“Vüqar-Ə” firmasına məxsus 1192,4 kv.m torpaq sahəsindən “xxxx” ASC-yə məxsus 35/10/6/0,4 kV-luq kabel və hava xətləri keçmir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Həmin Qanunun 9.8-ci maddəsinə 2 oktyabr 2008-ci il tarixli 698-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli torpaq sahəsinə dair iddiaçının icarə hüququ 2003-cü ilin oktyabr ayından yaranmışdır. Bundan sonra hər il iddiaçı ilə bələdiyyə arasında icarə müqaviləsinin müddəti uzadılmış, sonuncu dəfə 28.03.2019-cu ildə bağlanmış icarə müqaviləsinin müddəti 31.12.2023-cü ilədək qüvvədədir. Məhkəmə cavabdehin mübahisəli torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik xəttininn mühafizə zolağında yerləşməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, aidiyyəti orqanlara verilmiş sorğulara cavablardan iddiaçının icarəsində olan torpaq sahəsinin üzərindən “xxxx” ASC-yə məxsus kabel və hava xətləri keçmədyi müəyyən edildi. Məhkəmə həmçinin qeyd edir ki, torpaq sahəsinin iddiaçı “Vüqar-Ə” firmasına icarəyə veirlməsi barədə qərar və icarə müqaviləsi qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə isə həmin qərarı və müqaviləni məhkəmədə mübahisələndirmək hüququ qanunvericiliklə verilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində yerləşən ümumi sahəsi 1192,4 kv m olan torpaq sahəsi üzərində iddiaçı “Vüqar-Ə” firmasının icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyi cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhərinin 53-cü məhəlləsi ərazisində yerləşən ümumi sahəsi 1192,4 kv m olan torpaq sahəsi üzərində iddiaçı “Vüqar-Ə” firmasının icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyi cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-179/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-179/2021
31.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver