Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-179/2022 04.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X8 Mövlətxan oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “X1, onun azyaşlı övladları 19.06.2008-ci il təvəllüdlü X9 və 23.09.2009-cu il təvəllüdlü X29 qızının Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanında yerləşən, 37 saylı evin, 29-cu mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviril hissə: İddiaçı, X1, onun azyaşlı övladları 19.06.2008-ci il təvəllüdlü X9 və 23.09.2009-cu il təvəllüdlü X29 qızının Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanında yerləşən, 37 saylı evin, 29-cu mənzilindən pasport qeydiyyatından çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. X10, X15(Qanuni təmsilçisi) və X19(Qanuni təmilçisi) məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanında yerləşən, 37 saylı evin, 29-cu mənzili mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Sözügedən mənzilə görə 02.11.2012-ci ildə AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən 28.11.2012-ci ildə RX Seriyalı № ******* saylı Çıxarış verilmişdir. X10 iddiaçının gəlini (oğlu X11 həyat yoldaşı). 19.06.2008-ci il təvəllüdlü X15 və 23.09.2009-cu il təvəllüdlü X19 isə nəvələridir (X2 övladlarıdır). Onların mülkiyyətində olan mənzildə qeydiyyatda olması iddiaçının mənzil üzərində hüququnun həyata keçirilməsinə mane olur, əlavə xərclər çəkilməsinə səbəb olur. X2, onun azyaşlı övladları 19.06.2008-ci il təvəllüdlü X9 və 23.09.2009-cu il təvəllüdlü X13 qeydiyyatları formal xarakter daşıyır. İddiaçı, Sumqayıt şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək X2, onun azyaşlı övladları 19.06.2008-ci il təvəllüdlü X9 və 23.09.2009-cu il təvəllüdlü X13 Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanında yerləşən, 37 saylı evin, 29-cu mənzilindən pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir. Cavabdeh özünün 28.07.2021-ci il tarixli məktubu ilə xahişini təmin etməmiş, inzibati məhkəmə icraatı qaydasında müraciət etməyi tövsiyyə edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının qanuna görə “Vətəndaşların qeydiyyata alınması və qeydiyyatdan çıxarılması Polis orqanlarının səlahiyyətlərinə daxildir”. AR-sı Konstitusiya Məhkəməsinin 24.09.2020-ci il tarixli qərarına görə “Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər”. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X14 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində məhkəmənin qəbul edəcəyi qərarla razılaşdığını bildirmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 13.09.2021-ci il tarixli sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 09 dekabr 2021-ci il tarixli **********97 saylı cavab məktubu ilə ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına əsasən ünvan 1 ünvanında yerləşən 29 saylı mənzilə dair hüquqmüəyyənedici sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. 28 oktyabr 1985-ci il tarixli 13/1191 saylı orderdən görünür ki, həmin order X3 adına işlənmişdir. MH seriyalı, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Sumqayıt şəhəri, 13-cü mikrorayonda istifadədə olan 0.18 ha torpaq sahəsində yerləşən 37 nömrəli, 5 mərtəbəli binanın, 3-cü girişində, 2-ci mərtəbəsində yerləşən 70.46 kv.m ümumi, 51.62 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 29 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X3 adına 03.09.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 74 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmışdır. RX seriyalı, ******* saylı hüquqların D övlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ¾ hissədə İddiaçı maxsusdur. (Hüququn qeydiyyat tarixi 28.11.2012) 15 saylı Mənzil İstismar sahəsi tərəfindən verilmiş 3917 saylı, 08.08.08 saylı Forma 2 Arayışına əsasən X5 məxsus ünvan 2 ünvanında daimi qeydiyyatda olan şəxslər sırasında X3, İddiaçı, X4, X11, X6 adı qeyd edilmişdir. Məhkəmənin 13.09.2021-ci il tarixli sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Qeydiyyat şöbəsinin 16 dekabr 2021-ci il tarixli 05/Q-4526/13 saylı cavab məktubuna əsasən X16 ilə X2 nikah haqqında akt qeydinin surəti məhkəməyə təqdim edilmişdir. Həmin 1407 saylı akt qeydinə əsasən Nəsibova (Əliyeva) Yeganə Əlövsət qızı 07 sentyabr 2007-ci ildə nigaha daxil olmuşdur. Məhkəmənin 16.11.2021-ci il tarixli sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 07.01.2022-ci il tarixli 123-555-1222 saylı cavab məktubunda qeyd edilmişdir ki, X2, X9 və X13 ünvan 3 ünvanına qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin müddəti keçdiyindən yandırılma yolu ilə məhv edilmişdir. ünvan 4 ünvanında hal-hazırda X7, İddiaçı, X16, X15, X19, X12, X17 və X10 qeydiyyatdadılar. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında qeyd olunur ki, ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X10 ilə X16 arasında nikah münasibətləri pozulmamışdır və onların nigahları 07 sentyabr 2007-ci il tarixda bağlanmışdır. İddiaçının vərsəslik qaydasında əldə etdiyi mənzil isə X3 adına 03.09.2008ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının mülkiyyət hüququ isə 28.11.2012-ci ildə qeydə alınmışdır. Eyni zamanda İddiaçı ilə gəlini X10 arasında mövcud olan ailə üzvü əlaqəsi əsasında üçüncü şəxsin istifadə hüququna dair məsələnin həlli mülki məhkəmə icraatı qaydasında həllini tapmamışdır. Bu halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətlərində hər hansı bir qanunsuzluq olmamış, inzibati orqanın imtinası əsaslı olmuşdur. İddiaçıya izah edilsin ki, üçüncü şəxsin mülkiyyətində olan yaşayış sahəsinə istifadə hüququnun itirilməsi və yaşayış sahəsindən çıxarılma ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət edə və bunun nəticəsinə uyğun olaraq təkrar inzibati orqana müraciət edə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev