Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1790/2023 28.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi İddiaçı cavabdeh ünvan 1 ünvanına, yəni Sumqayıt şəhər Polis İdarəsinə pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, Sumqayıt şəhəri, Nizami küçəsi 111 ünvanına, yəni Sumqayıt şəhər Polis İdarəsinə pasport qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, 123-52845M-3222 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1996-cı ildə anadan olmuşdur. 2015-2019-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində sənayenin təşkili və idarə olunması ixtisasında ali təhsil almışdır. İqtisadçıdır və bu ixtisasla əlaqədar müxtəlif vəzifələrdə çalışmışdır. 2021-ci ilin iyun ayından 2022-ci ilin mart ayına qədər "xxxx" MMC-də fabrik direktorunun müavini kimi çalışmışdır. Bundan sonra isə elə "xxxx" MMCdə fabrik direktoru vəzifəsinə ləyin olunmuşdur. 2022-ci ilin iyul ayına qədər də "xxxx" MMC- də fabrik direktoru vəzifəsində çalışmışdır. Lakin iyul ayında bəzi səbəblərə görə işdən çıxmalı olmuşdur. Təxminən 3-4 ay bundan öncə bank xidmətlərindən istifadə etmək istədikdə bank işçisi onun məlumatlarının yanlış olduğunu və dediyi şəxsi məlumatların sistemdə çıxmadığını bildirmişdir. Lakin iddiaçı bütün məlumatları doğru söyləmişdir. Sonradan isə ona məlum olmuşdur ki, onu pasport qeydiyyatında olduğu ünvandan qeydiyyatdan çıxarmışdlırlar. Belə ki, iddiaçı əvvəllər ünvan 4 ünvanında, Sumqayıt şəhər Polis İdarəsində pasport qeydiyyatında olmuşdur. Burada pasport qeydiyyatında olmağının səbəbi özünə məxsus olan yaşayış yerinin olmaması və dostuna məxsus olan bağ evində faktiki olaraq yaşamağıdır. Bu evə pasport qeydiyyatına düşmək istəsə də , burada ona yaşamağa şərait yaradan dostu buraya pasport qeydiyyatına düşməyinə icazə verməmişdir. Lakin istədiyi qədər burada yaşaya biləcəyini demişdir. İddiaçının özünə məxsus olan yaşayış evinin və pasport qeydiyyatına düşmək üçün bir yerin olmadığına görə uzun zamandır ki, Sumqayıt şəhəri, Nizami küçəsi 111 ünvanında, Sumqayıt şəhər Polis İdarəsində pasport qeydiyyatında idi. Lakin sözügedən bank əməliyyatını icra edə bilmədikdən sonra onun Sumqayıt şəhəri, Nizami küçəsi 111 ünvanında, Sumqayıt şəhər Polis İdarəsindən pasport qeydiyyatından çıxarıldığını öyrənmişdir. İddiaçıya məxsus olan hər hansısa bir daşınmaz əmlak mövcud deyildir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2022ci il tarixli Daşınmaz Əmlakın dövlət reyestrindən arayış da ona məxsus hər hansısa bir əmlakın olmadığını sübut edir. Həmçinin hal-hazırda heç bir ünvanda pasport qeydiyyatı olmadığına görə heç bir yerdə işə qəbul ola bilmir. İxtisasını gözəl bildiyi və bu sahədə iş təcrübəsinin olduğu halda heç bir ünvanda qeydiyyatda olmadığına görə heç bir iş yerində onu işə qəbul etmirlər. Heç bir qazanc yeri yoxdur. Buna görə də hər hansısa bir ünvana pasport qeydiyyatına düşməyinə ehtiyac vardır. Lakin onun hər hansısa bir mülkü olmadığı üçün bu mümkün olmur. Sumqayıt şəhəri, Nizami küçəsi 111 ünvanından, yəni Sumqayıt şəhər Polis İdarəsindən məcburi olaraq, xəbər verilmədən pasport qeydiyyatından çıxarıldığına görə iş təcrübəsi və ali təhsili olduğu təqdirdə əmək fəaliyyəti ilə məşğul ola bilmir. Bundan əlavə olaraq iddiaçı bank, sığorta və digər bəzi xidmətlərdən istifadə edə bilmir. Bütün bunların səbəbi isə iddiaçının heç bir ünvanda pasport qeydiyyatımın olmamasıdır. Bütün bunlara görə də yenidən əmək fəaliyəti ilə məşğul ola bilmək üçün yenidən ünvan 9 ünvanına pasport qeydiyyatına alınmağına ehtiyac vardır. Həmçinin Azərbaycan Respublikasının hazırki qanunvericiliyinə əsasən, əgər şəxsin həqiqətən də özünə məxsus mülkü və pasport qeydiyyatına düşmək üçün yeri yoxdursa, polis orqanları müvafiq araşdırmalar aparmaqla həmin şəxsin polis orqanlarında pasport qeydiyyatına düşməsini təmin etməli və bununla bağlı olan müraciətlərə dərhal cavab verməlidirlər. Yəni əgər şəxsin həqiqətən də bu qeydiyyata ehtiyacı vardırsa, bu təmin olunmalıdır. İddiaçı bütün bu əsaslarla Sumqayıt Şəhər Polis İdarəsinə ərizə ilə yazılı şəkildə müraciət edərək Sumqayıt Şəhər Polis İdarəsinə yenidən qeydiyyata alınmağını xahiş etmişdir. Lakin Sumqayıt Şəhər Polis İdarəsi xx.xx.2022-ci il tarixli 123-52845M-3222 saylı məktubla mənim müraciətinin yerinə yetirilməsindən imtina etmişdir. Lakin hazırki şəraitdə bu tamamilə qanunsuz, və əsassız bir əməldir. İmtina cavabının özündə də bununla bağlı tam olaraq bir qanuni və faktiki bir əsas yazılmamışdır. Bundan başqa həmin cavab məktubunda bir çox yanlışlıqlar vardır. Belə ki, Polis İdarəsi tərəfindən ona göndərilən məktubda iddiaçının Sumqayıt şəhər 1-ci mikrorayon, ev 45V, mənzil 77 ünvanında yaşadığı göstərilmişdir. Lakin iddiaçı faktiki olaraq burada deyil, Novxanı-Saray bağlarında, ərizədə də qeyd etdiyi kimi başqasının bağ evində yaşayır. Lakin həmin evə məktubun çatdırılması mümkün olmadığına görə Polis İdarəsinə yazdığı ərizədə məktubun çatdırıla biləcəyi ünvan olaraq hüquqi cəhətdən məsləhət aldığı yerin ünvanı qeyd etmişdir. Sumqayıt şəhər 1-ci mikrorayon, ev 45V, mənzil 77 ünvanında X4 Mərkəzi yerləşir və iddiaçı burada yaşamır. Həmçinin iddiaçı 2009-cu ildən qeydiyyatdan çıxarıldığı tarixə qədər məhz Sumqayıt Şəhər Polis İdarəsində qeydiyyatda idi. Sonradan isə buradan qeydiyyatdan çıxarıldığına görə təxminən sentyabr ayından bu yana rəsmi işləmək (gəlir əldə etmək), icbari tibbi sığorta, bank xidmətləri və s. hüquqlarından məhrum edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndində göstərilir ki, yalnız yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlər və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyata alınır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı Sumqayıt şəhəri, Nizami küçəsi 111 ünvanına, yəni Sumqayıt şəhər Polis İdarəsinə pasport qeydiyyatına alınmasıni istəyir. Cavabdeh isə qeyd edir ki, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndində göstərilir ki, yalnız yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlər və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyata alınır. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, işin hallarından görünür ki, iddiaçı əvvəllər Sumqayıt şəhəri, Nizami küçəsi 111 ünvanında, Sumqayıt şəhər Polis İdarəsində pasport qeydiyyatında olmuşdur. Lakin sonradan onun ünvan 4 ünvanında, Sumqayıt şəhər Polis İdarəsindən pasport qeydiyyatından çıxarıldığını öyrənmişdir. Göründüyü kimi iddiaçının tələbi əvvəl qeydiyyatda olduğu Sumqayıt şəhəri, Nizami küçəsi 111 ünvanına qeydiyyatın bərpası ilə bağlıdır. Qeyd edilən hal iş materialları ilə öz təsdiqini tapır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ünvan 13 ünvanında qeydiyyatda olmuşdur. (Şəxsiyyət vəsiqəsi məlumatları və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vətəndaşa aid fərdi məlumatlar üzrə arayışı) Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. Buna baxmayaraq iddiaçı əvvəl qeydiyyatda olduğu ünvan 13 ünvanından qeydiyyatdan çıxarılmışdır. Məhkəmə qeyd edir ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 55s nömrəli sərəncamı ilə yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 55s nömrəli sərəncamı yalnız şəxsin yaşayış yeri olmayan statusuna malik olmasını zəruri edir ki, qeyd edilən hal hazırkı iş üzrə X1 münasibətdə mövcud olmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun: 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsi, yaşayış yerinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması qaydası, 9-cu maddəsində isə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qaydası təsbit edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd edilən xx.xx.2003-cü il tarixli 55s nömrəli sərəncamı ilə iddiaçının şəxsində yaşayış yeri olmayan vətəndaşların DİN-in şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi qaydası müəyyən edilmiş və iddiaçı da bu sərəncamın tələblərinə uyğun olaraq 2021-ci ildən Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasına qeydiyyata alınmışdır. Lakin iddiaçının sonradan həmin ünvandan pasport qeydiyyatından çıxarılması üçün Qanunun 9-cu maddəsində sadalanan şərtlərdən hərhansı biri müəyyən edilməmişdir. Qeyd edilənlər iddianın təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, Nizami küçəsi 111 ünvanına, yəni Sumqayıt şəhər Polis İdarəsinə pasport qeydiyyatına alınması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1790/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1790/2023
28.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver