Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1793/2024 23.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X2 oğlunun katibliyi ilə, İddiaçı iştirkaı ilə İddiaçı Cavabdehnə qarşı “övladının ölüm səbəbinin dəyişdirilib yeni ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Cavabdeh üzərinə öhdəlik kimi qoyulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, oğlu Aydəmirov Mir-Əli İsmayıl oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Oğlu xx.xx.2020-ci il tarixdə gecə saat 03:50 radələrində Xaçmaz rayon Polis şöbəsindən Xaçmaz rayon Mərkəzi xəstəxanasının təcili tibbi yardımına gəlmiş, tibbi personal tərəfindən xəstəxanaya gətirilmiş və həmən tarixdə xəstəxananın reanimasiya şöbəsində vəfat etmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2020- ci il tarixli 36 nömrəli ölüm şəhadətnaməsində ölüm səbəbi kimi “Geroinlə zəhərlənmə” göstərilmişdir. Lakin oğlu Xaçmaz rayon Xəstəxanasına “Ağır qapalı kəllə beyin travması. Baş beyinin əzilməsi, komotoz vəziyyət, alının sol nahiyyəsinin sol tərəfindən əzilməsi və qançırı” diaqnozu ilə daxil olmuşdur. Bunu təsdiq edən Xaçmaz RMX-nın xx.xx.2020-ci il 1129 nömrəli arayışı da vardır. Cavabdehnə ölüm səbəbinin dəyişdirilməsi ilə bağlı müraciət etmişdir. Lakin oradan onlara bunun Qeydiyyat şöbəsi tərəfindən mümkün ola bilməyəcəyi ilə bağlı rəsmi imtina məktubu təqdim edillmişdir və məhkəməyə müraciət etmək hüququ olması barədə izah verilmişdir. Xaçmaz rayon Məhkəməsinə müraciət etmişdir, Xaçmaz rayon məhkəməsi ölüm şəhadətnaməsində dəyişiklik edilməsinə dair ərizəni icraata qəbul edilməsindən imtina edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, qanunvericiliyə əsasən cavabdehin ölüm haqqında akt qeydinin ölüm haqqında tibbi şəhadətnamə əsasında aparmalı olduğu və hüquq müdafiə imkanları izah edilmişdir. İddiaçı əsas niyyətinin cinayət barədə prokraturaya məlumat verilməsi olduğunu bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İPM-nin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8-ci bəndinə əsasən : 8.1. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. 8.2. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. 8.3. Ölüm haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 8.4. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4-cü bəndinə əsasən: 4.1. “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.2. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X1 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquqmühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. 4.3. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Qeyd edilənlərdən göründüyü kimi Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında dövlət qeydiyyatına alır. Hazırki iş üzrə Aydəmirov Mir-Əli İsmayıl oğlunun ölüm səbəbinin “geroinlə zəhərlənmə” olaraq qeyd edildiyi xx.xx.2020-ci il tarixdə tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə əsasında Cavabdeh tərəfindən 326 saylı akt qeydi tərtib edilmişdir. İddiaçı ərizəsində qeyd edir ki, oğlu Xaçmaz rayon Xəstəxanasına “Ağır qapalı kəllə beyin travması, baş beyinin əzilməsi, komotoz vəziyyət, alının sol nahiyyəsinin sol tərəfindən əzilməsi və qançırı” diaqnozu ilə daxil olmuşdur. Bunu təsdiq edən Xaçmaz RMX-nın xx.xx.2020-ci il 1129 nömrəli arayışı vardır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın xəstəxanaya yerləşdirilmə arayışı əsasında ölüm səbəbinin dəyişdirilməsi səlahiyyəti mövcud deyil. İstinad olunan sənəd ölüm səbəbini göstərən sənəd deyil, ölüm səbəbini göstərən ilkin sənəd ölüm haqqında tibbi şəhadətnamədir. Həmin şəhadətnamədə cavabdeh inzibati orqan tərəfindən verilmədiyinə görə cavabdehin həmin ölüm haqqında tibbi şəhadətnamədə qeyd edilənlərdən fərqli qeydiyyat aparmaq səlahiyyəti yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçı məhkəmə iclasında verdiyi izahatda oğlunun döyülərək öldürüldüyünü bildirmişdir. Məhkəmə qeyd edir ki, həmin hallar cinayət araşdırmasının predmetini təşkil etdiyi üçün iddiaçı tərəfindən düzgün hüquq müdafiə vasitəsi seçilməmişdir. İddiaçıya izah edilsin ki, cinayət təqibi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə etməsi istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1793/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1793/2024
23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver