Məhkəmə qərarları › İş №2-1(118)-1794/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1794/2025

09.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1794/2025 09.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 08 saylı Qərarı ilə ona ayrılmış 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarış və torpaq sahəsinin plan və ölçülərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 08 saylı Qərarı ilə ona ayrılmış 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarış və torpaq sahəsinin plan və ölçülərinin verilməsini istəyir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Şamaxı rayon AİK 29 may 1998-ci il tarixli, 08 saylı Qərarı ilə Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində 0.12 ha torpaq sahəsi iddiaçıya ayrılmış və JN 632F, KOD 41011018 saylı şəhadətnamə verilmişdir. Cavabdehin 25 iyun 2024-cü il tarixli, **********78 saylı imtina məktubunda torpaq sahəsinin dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İddiaçı qeyd edir ki, torpaq sahəsi 2002-ci ildən bu gün kimi sahibliyində və istifadəsindədir. Bundan başqa torpaq sahəsi sonradan DTXK Şamaxı rayon şöbəsində xx.xx.2006-cı il tarixdə iddiaçının mülkiyyətinə qeydə alınaraq torpağa mülkiyyət hüququna dair JN 632F, KOD 41011018 saylı şəhadətnamə verilmiş, bununla da torpaq sahəsinə mülkiyyət hüququ əmələ gəlmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü, Daşınmaz Əmlakın Dövlət reyestri haqqında Qanunun 8.0.1-ci, 4.1-ci maddlərinə istinad edərək hesab edir ki, torpaq sahəsinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır. İddiaçı bildirir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Torpaq sahəsi üzərində hüququ təsdiq edən sənəd qanunla müəyyən edilmiş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə, etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. İddiaçıya torpaq sahəsinin ayrılması barədə Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 08 sayl Qərarı hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməmiş, etibarsız hesab edilməmiş, ləğv olunmamış və ya hər hansı səbəbdən qüvvədən düşməmişdir. Qərar qüvvəsini hüquqi saxlayır və etibarlıdır. İddiaçı İnzibati İcraat haqqında Qanunun 12-ci, 24-cü maddələrinə istinad edərək qeyd edir ki, cavabdeh onun müraciəti ilə əlaqədar işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam, obyektiv araşdırmalı, təqdim olunmuş sübutlar yetərli olmadıqda öz təşəbbüsü ilə əlavə sübutlar toplamalı, o cümlədən dövlət rüsumunun və xidmət haqqının ödənilməsi barədə sənədlərin təqdim olunmasını təklif etməli olduğu halda bunu etməmiş, ərizədən imtina etməklə kifayətlənmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8-cı maddəsinə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. ‘Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. İddiaçı 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edərək, JN-632F, kod:41011018 saylı şəhadətnaməyə əsasən Şamaxı rayonun Nağaraxana kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin üzərində mülkiyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Qeydiyyat üçün təqdim olunmuş sənədlər araşdırılan zaman məlum olmuşdur ki, JN-632F, kod:41011018 saylı şəhadətnaməyə aid kadastr məlumatları baza arxiv məlumatlarında mövcud deyil Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 29 may 1998ci il tarixli, 08 saylı qərarına əlavə olunmuş Nağaraxana kəndi ərazisindən torpaq almaq hüququ olan subyektlərin siyahısında 632 nömrəli torpaq sahəsi başqa şəxsin adına qeyd olunmuşdur. İddiaçının naturada göstərdiyi, üzərində mülkiyyət hüquqularını qeydiyyata aldırmaq istədiyi torpaq sahəsi elektron baza məlumatlarına əsasən örüş torpaqlarına aiddir. Azərbaycan Respublikası “Torpaq Məcəlləsi"-nın 12.4-cü bəndində qeyd olunmuşdur ki. kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq İcra Hakimiyyəti orqanının qərarı ilə yol verilir. Sözügedən torpaq sahəsi örüş torpaqlarına aid edildiyi və həmin torpaq sahəsinə dair məlumatlar dövlət reyestrində saxlanılan məlumatlara uyğun olmadığı üçün iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş JN 632F, KOD 41011018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 08 saylı Qərarı ilə iddiaçıya 0.12 ha torpaq sahəsi ayrılmışdır. Məhkəmə sorğusuna cavab olaraq X5 filialının 05 avqust 2024-cü il tarixli 3-48-DA- 11F/-2-199-39-24 saylı məktubu ilə Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 08 saylı Qərarının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Qeyd edilmişdir ki, qərara adlı siyahı və əlaqəli digər sənədlər əlavə edilməmişdir. Qərara əsasən rayonun Məmmədov adına X3 Kooperativinin 12 may 1998-ci il 10№li protokolunun təsdiq edilməsi, mərhum N.Məmmədovun ailəsi X1 müvəqqəti istifadəsinə 2 ha torpaq sahəsinin verilməsi qərara alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 27 sentyabr 1014-cü il tarixli 2140/2024 saylı məktubunda qeyd edilmişdir ki, ərazi İdarəsində mövcud olan elektron məlumat bazasında Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 08 saylı qərarı ilə Şamaxı rayonu Nağaraxana kəndi ərazisindən İddiaçı ayrılmış 0.12 ha torpaq sahəsinə dair heç bir məlumat aşkar olunmadığından sənəd üzrə olan torpaq sahəsinin kateqoriyası və yararlıq dərəcəsi barədə məlumatların verilməsi mümkün olmadı. DBF və DWJ vahid elektron baza məlumatlarında Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 08 saylı qərarı ilə Şamaxı rayonu Nağaraxana kəndi ərazisindən İddiaçı ayrılmış 0.12 ha torpaq sahəsinə dair heç bir məlumat aşkar olunmadı. Ərazi idarəsində mövcud olan elektron məlumat bazasında Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 08 saylı qərarı ilə Şamaxı rayonu Nağaraxana kəndi ərazisindən İddiaçı ayrılmış 0.12 ha torpaq sahəsinə dair heç bir məlumat aşkar olunmadığından sənəd üzrə olan torpaq sahəsinin ətrafında yerləşən, üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilib- verilməməsini müəyyənləşdirmək mümkün olmadı. Lakin iddiaçının naturada iddia etdiyi torpaq sahəsinin ətrafında yerləşən, üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və onların verilməsinə əsas olmuş sənədlər cavab məktubuna əlavə olunmuşdur. JN 632F, KOD 41011018 “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə və onun verilməsinə əsas olmuş sənədlər Ərazi İdarəsinin arxivində mövcud deyildir. Bununla bağlı “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC-yə sorğu göndərilərək cavab alınmışdır və həmin cavab rəyə əlavə olunur. Şamaxı rayonu Aqrar İslahat Komissiyasının qərarları Ərazi İdarəsində saxlanılmır. Məhkəmə sorğusuna cavab olaraq X5 filialının xx.xx.2024-cü il tarixli, 3-48-DA- 11F/2-241-39-24 saylı məktubunda qeyd edilmişdir ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 08 saylı Qərarında İddiaçı həyətyanı torpaq sahəsinin verilməsi aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli, 2672/2024 saylı məktubunda qeyd edilmişdir ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 08 saylı qərarına əlavə olunmuş Nağaraxana kəndi ərazisindən torpaq almaq hüququ olan subyektlərin siyahısında 632 nömrəli torpaq sahəsi X2 adına qeyd olunmuşdur. İddiaçı adı Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 08 saylı qərarına əlavə olunmuş Nağaraxana kəndi ərazisindən torpaq almaq hüququ olan subyektlərin siyahısında aşkar edilməmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı torpaq sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istəyir. Cavabdeh isə qeyd edir ki, sözügedən torpaq sahəsi örüş torpaqlarına aid edildiyi və həmin torpaq sahəsinə dair məlumatlar dövlət reyestrində saxlanılan məlumatlara uyğun olmadığı üçün iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 08 saylı qərarı ilə Şamaxı rayonu Nağaraxana kəndi ərazisindən İddiaçı 0.12 ha torpaq sahəsi ayrılmasına dair heç bir məlumat aşkar olunmamışdır. Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 08 saylı qərarına əlavə olunmuş Nağaraxana kəndi ərazisindən torpaq almaq hüququ olan subyektlərin siyahısında 632 nömrəli torpaq sahəsi X2 adına qeyd olunmuşdur. İddiaçı adı Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 08 saylı qərarına əlavə olunmuş Nağaraxana kəndi ərazisindən torpaq almaq hüququ olan subyektlərin siyahısında aşkar edilməmişdir. İş materiallarında olan "xxxx" MMC-nin arxiv məlumatların təqdim edilməsi barədə Xidməti məktubunda Mərkəzin arxivində aparılmış araşdırma zamanı JN-632F (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin İddiaçı Əlyar oğlunun adına tərtib edilməsinə dair məlumatın aşkar edilmədiyi qeyd edilmişdir. Həmçinin, cavabdehin 27 sentyabr 1014-cü il tarixli 2140/2024 saylı məktubunda qeyd edilmişdir ki, ərazi İdarəsində mövcud olan elektron məlumat bazasında Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 08 saylı qərarı ilə Şamaxı rayonu Nağaraxana kəndi ərazisindən İddiaçı ayrılmış 0.12 ha torpaq sahəsinə dair heç bir məlumat aşkar olunmadığından sənəd üzrə olan torpaq sahəsinin kateqoriyası və yararlıq dərəcəsi barədə məlumatların verilməsi mümkün olmadı. Göründüyü kimi iddiaçı hüquqmüəyyənedici sənəd kimi JN 632F, KOD 41011018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 08 saylı Qərarı ilə ona 0.12 ha torpaq sahəsi ayrıldığını qeyd etsə də məhkəmə araşdırması zamanı 0.12 ha torpaq sahəsinə dair iddiaçının adına hər hansı hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Göründüyü kimi, iddiaçı mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qanunvericilikdə göstərilən hər hansı hüquqmüəyyənedici sənədə malik deyil. Belə olan halda cavabdehin bu barədə imtinası əsaslı olmuşdur. İddiaçı hər hansı hüquqmüəyyənedici sənəd təqdim edə bilmədiyindən cavabdehin imtinasında göstərilən digər dəlilə - torpaq sahəsinin elektron baza məlumatlarına əsasən örüş torpaqlarına aid olmasına hüquqi qiymət verilməsinə məhkəmə zərurət görmür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar