Məhkəmə qərarları › İş №2-1(118)-1796/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1796/2025

29.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1796/2025 29.08.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə (Açar sözlər: hüquqi şəxsin qeydiyyatının ləğv edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “"xxxx" MMC və "xxxx" MMC-nin qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergi İdarəsinin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı "xxxx" MMC və "xxxx" MMC-nin qeydiyyatının ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı "xxxx" MMC ( VÖEN: **********) və ‘AZERİFOODCO" MMC-nin (VÖEN: **********) qanuni nümayəndəsi olmuşdur. Bu şirkətlərin açılmasında və fəaliyyətindən İddiaçı xəbəri olmamışdır. Bakı Kommersiya Məhkəməsinin 19.01 2022-ci il tarixli, e-2-2(113)- 816\2022 saylı qətnaməsi ilə ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair bildiriş ona daxil olduğu zaman məlum olmuşdur ki, adına həmin şirkətlər açılmış, onun adına açılan şirkətlərdə çoxlu əməliyyatlar aparılmışdır və vergi öhdəlikləri yaranmışdır. Göründüyü kimi, "xxxx" MMC (**********) və "xxxx" MMC (VÖEN: **********) qanuni nümayəndəsi olmasına baxmayaraq, həmin şirkətlərin təsis edilməsi, eləcə də fəaliyyəti barədə ona hər hansı məlumat bəlli olmamışdır. Belə ki, X4 tərəfindən İddiaçı adına təsis edilmiş və saxta möhürlə əldə edilmişdir. Bununla bağlı İddiaçı tərəfindən Baş Prokrorluğun İstintaq idarəsinə müraciət edilmiş və iş araşdırılan zaman X4 (**********, **********) etiraf etmişdir ki, bu şirkətləri təsis etmiş və möhürləri hazırlayıb Samirə vermişdir və şirkətlər Samir Nəcəfov tərəfindən istifadə edilmişdir. Göründüyü kimi şirkətin təsis edilməsi X1 iradəsindən asılı olmamışdır. Şirkətlərin qeydiyyatı etibarsızdır. Bu səbəbdən həmin şirkətlərin qeydiyyatının ləğv edilməsi zərurəti meydana gəlmişdir. İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergi idarəsinə qarşı hüquqi şəxsin ləğv edilməsinə dair xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edilmişdir. Lakin cavabdeh tərəfindən bugünəədk ərizəyə münasibət bildirilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, xx.xx.2025-ci il tarixə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) dövlət büdcəsinə 42323,88 manat məbləğində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 30290,79 manat məbləğində borcu vardır. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2018-ci il tarixdə elektron qaydada dövlət qeydiyyatından keçmişdir. Bu hüquqi şəxsin qeydiyyata alınması üçün vergi ödəyicisi tərəfindən elektron qeydiyyat sisteminə müraciət olunmuş və müvafiq sənədlər ona aid olan elektron imza ilə imzalanmışdır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.6-cı maddəsinə əsasən, elektron imza sahibi öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxsdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən, elektron imza yaratma məlumatlarından istifadə etməklə imza vasitələri ilə yaradılan elektron imza yalnız öz sahibinə məxsusdur. Qanunun 20.3-cü maddəsinə əsasən, imza sahibi elektron imza yaratma məlumatlarının və imza vasitələrinin qorunmasına cavabdehdir və onların digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir. Qeyd edilən hüquqi şəxsi ləğv etmək istədiyi təqdirdə, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş prosedurlar yerinə yetirilməlidir. Belə ki, hüquqi şəxslərin ləğv edilməsi ilə bağlı münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Mülki Məcəllənin 60.1-ci maddəsinə əsasən, hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, həmin Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 16.1-ci maddəsinə əsasən, hüquqi şəxsin ləğv prosesində olması barədə məlumatların hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 15 gün müddətində ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (kommersiya qurumlarına münasibətdə Dövlət Vergi Xidmətinə) müraciət etməlidir. Həmin Qanunun 16.1-1 və 16.1-2-ci maddələrinə əsasən, Qanunun 16.1-ci maddəsində qeyd edilən ərizəyə ləğvetmə qərarı, ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat, Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunmasını təsdiq edən sənəd və möhür əlavə olunur. Təqdim edilmiş sənədlər həmin Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, 5 gün müddətində hüquqi şəxsin ləğvetmə prosesində olması barədə qeyd reyestrə daxil edilir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, etirazı müdafiə edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: "xxxx" MMC və "xxxx" MMC-nin şəxsi hesab vərəqələri iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X2 Baş İdarəsinin iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsindən imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli məktubunun surəti iş materiallarına əlavə edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə ünvanlanmış "xxxx" MMC və "xxxx" MMCnin qeydiyyatının ləğv edilməsi barədə ərizəsinin surəti iş materiallarına əlavə edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır (çünki qəbul edilmiş qərarın ləğv edilməsi nəticəsində məlumatların müvəkkil banka ötürülməsi baş vermir, beləliklə də iddiaçının hüquqi marağı təmin olunmur), iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı ÜMİD Construction-2018” MMC və "xxxx" MMC-nin qeydiyyatının ləğv edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, xx.xx.2025-ci il tarixə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) dövlət büdcəsinə 42323,88 manat məbləğində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 30290,79 manat məbləğində borcu vardır. Məhkəmə hesab edir ki, cavabdeh mövqeyində əsaslı olmuşdur. Belə ki, məhkəməyə təqdim edilmiş şəxsi hesab vərəqələrindən görünür ki, xx.xx.2025-ci il tarixə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) dövlət büdcəsinə 42323,88 manat məbləğində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 30290,79 manat məbləğində borcu vardır. Azərbaycan Republikası Vergi Məcəlləsinə əsasən: 34.4. Hüquqi şəxsin ləğvi və ya yenidən təşkil edilməsi, hüquqi şəxs tərəfindən öz filialının və ya nümayəndəliyinin ləğv edilməsi, nümayəndəlik vasitəsi ilə fəaliyyətinin ləğvi, fərdi sahibkarın fəaliyyətinin ləğvi hallarında uçotdan çıxarılma, bu Məcəllənin 34.3-cü maddəsində göstərilən müddətlər nəzərə alınmaqla vergi ödəyicisinin müraciətinə əsasən həyata keçirilir. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: .... 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda. 77.4 Vergi öhdəliyinə aşağıdakı hallarda xitam verilmiş hesab olunur: 77.4.1. verginin ödənilməsi; 77.4.2. verginin ödənilməsi öhdəliyinin xitam verilməsi vergilər haqqında qanunvericiliyə müvafiq olaraq ortaya çıxan hallarda, habelə qanun əsasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar silindikdə; 77.4.3. vergi ödəyicisi vəfat etmiş və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə. Vəfat etmiş və ya ölmüş hesab edilmiş şəxsin əmlak vergiləri üzrə borcları vərəsəlik əmlakının dəyəri hədlərində ödənilir; 77.4.4. bu Məcəlləyə müvafiq olaraq ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) tərəfindən büdcə ilə bütün hesablaşmalar aparıldıqdan sonra vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə. Maddə 79. Müəssisə (təşkilat) ləğv edildikdə vergi öhdəliklərinin yerinə yetirilməsi 79.1. Ləğv edilən müəssisənin (təşkilatın) vergi öhdəliklərini onun pul vəsaitləri, o cümlədən müəssisənin (təşkilatın) əmlakının satışından əldə edilən gəlir hesabına ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) yerinə yetirir. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) müəssisənin (təşkilatın) filiallarının digər struktur bölmələrinin və daimi nümayəndəliyinin vergi öhdəliklərini də yerinə yetirməlidir. Ləğv edilən müəssisənin (təşkilatın) filialının və ya digər ayrıca bölməsinin öhdəliklərini bilavasitə həmin ayrıca bölmənin daxil olduğu müəssisə (təşkilat), bu müəssisə (təşkilat) ləğv edildikdə isə həmin müəssisənin (təşkilatın) ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) yerinə yetirir. 79.2. Ləğv edilən müəssisənin (təşkilatın) pul vəsaiti, o cümlədən vergi öhdəliklərinin yerinə yetirilməsindən ötrü əmlakın satışından əldə edilən vəsait onun vergi öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi üçün kifayət etmədiyi halda, vergi öhdəlikləri üzrə qalan borc qanuna, nizamnaməyə və ya digər təsis sənədinə uyğun olaraq müəssisənin (təşkilatın) öhdəlikləri üçün onun iştirakçıları (təsisçiləri) birgə məsuliyyət daşıyırlarsa, həmin iştirakçılar (təsisçilər) tərəfindən ödənilməlidir. 79.3. Müəssisənin iflas prosesinə məruz qaldığı hallarda vergi öhdəlikləri qanunla müəyyən edilmiş növbəlilik qaydasında yerinə yetirilir. Müflis elan olunmuş bankların və sığorta (təkrarsığorta) təşkilatlarının vergi öhdəlikləri müvafiq olaraq “Banklar haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş ödənişlərin növbəliliyi ardıcıllığına uyğun olaraq yerinə yetirilir. Maddə 145. Hüquqi şəxsin ləğv edilməsi 145.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, hüquqi şəxsin ləğv edilməsi iştirakçıların həmin hüquqi şəxsdəki iştirak paylarının təqdim edilməsi sayılmır. 145.2. Hər hansı hüquqi şəxs ləğv edilirsə, həmin hüquqi şəxsin aktivi hüquqi şəxs olan iştirakçıya verilirsə və bilavasitə ləğv etmədən əvvəl iştirakçıya hüquqi şəxsdə iştirak payının 100 faizi məxsus olmuşdursa, belə halda: 145.2.1. aktivlərin verilməsi ləğv edilən hüquqi şəxs tərəfindən aktivlərin vergiyə cəlb olunan təqdim edilməsi sayılmır; 145.2.2. iştirakçı üçün verilən aktivlərin dəyəri ləğv edilən hüquqi şəxs üçün aktivlər verilənədək olan dəyərə bərabərdir; 145.2.3. bu Məcəllənin 13.2.15-ci maddəsinin müddəaları nəzərə alınmaqla, aktivlərin bölüşdürülməsi dividend sayılmır; 145.2.4. ləğv edilən hüquqi şəxsdə iştirak payının ləğv edilməsi zamanı heç bir gəlir və zərər nəzərə alınmır; 145.2.5. hər hansı kateqoriyaya aid olan əsas vəsaitlərin balans dəyəri həmin əsas vəsaitləri alan şəxsə keçir. 145.3. Bu Məcəllənin 145.2-ci maddəsi yalnız o halda tətbiq edilir ki, ləğvetmənin əsas məqsədinin vergidən yayınma olmadığı vergi orqanı tərəfindən təsdiq edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 59. Hüquqi şəxsin ləğvi 59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. 59.2. Hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər: 59.2.1. onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq; 59.2.2. hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda; 59.2.3. lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda, habelə bu Məcəllədə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan başqa hallarda məhkəmənin qərarı ilə; 59.2.4. məhkəmənin yekun qərarı ilə hüquqi şəxsi ləğvetmə növündə cinayəthüquqi tədbir tətbiq edildikdə. 59.2-1. Bu Məcəllənin 59.2.1-ci maddəsində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi təşəbbüsü ilə çıxış edən iştirakçı və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı hüquqi şəxsin cari fəaliyyətinə rəhbərlik edən icra orqanından hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın (aktiv və passivlərinin vəziyyəti barədə) qəbul edilməsini tələb edir. Hüquqi şəxsin icra orqanı ləğvetmə qərarından ən çoxu 20 gün əvvəl bu bəyanatı qəbul edir və ya belə bəyanatın qəbul edilməsinin mümkünsüz olduğunu bildirir. İcra orqanı bəyanatın qəbul edilməsinin mümkünsüzlüyünü bildirdikdə, iştirakçıların ümumi yığıncağı hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olub-olmamasını təsdiq etmək üçün müstəqil auditor cəlb edə bilər. Müstəqil auditor hüquqi şəxsin ödəmə qabiliyyətinin olmasını öz rəyi ilə təsdiq etdikdə, həmin rəy bu maddə ilə müəyyən edilmiş bəyanata bərabər tutulur. 59.3. Bu Məcəllənin 59.2.2 və 59.2.3-cü maddələrində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi tələbini məhkəməyə qanunla bu cür tələb irəli sürmək hüququ verilmiş dövlət orqanı (qurumu) irəli sürə bilər. Hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin qərarı ilə onun təsisçilərinə (iştirakçılarına) və ya hüquqi şəxsin nizamnaməsi ilə onun ləğvi üçün vəkil edilmiş orqana hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə edilə bilər. Bu Məcəllənin 59.2.4-cü maddəsində göstərilən əsas üzrə hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin yekun qərarı ilə ləğvetmə komissiyasına (təsviyəçiyə) hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə olunur. 59.4. Hüquqi şəxs müflis olma nəticəsində də ləğv edilir. 59.5. Əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər. 59.6. Ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlamasına səbəb olur. 59.7. Xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin ləğv edilməsi zamanı hüquqi şəxslərin ləğvi üçün bu Məcəllə və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalar tətbiq edilir. 59.7-1. Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərinin ləğv olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) məlumat daxil olduqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 5 (beş) iş günü ərzində bu Məcəllənin 59 – 61-ci maddələrində hüquqi şəxsin ləğv edilməsi ilə bağlı qaydalar tətbiq edilmədən Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərinin ləğv olunaraq hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması təmin edilir. 59.8. Yerli bankların, onların filial, şöbə və nümayəndəliklərinin, habelə xarici bankların yerli filial və nümayəndəliklərinin ləğvi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 59.9. Barəsində tətbiq oluna biləcək cinayət-hüquqi tədbirlərin təmin edilməsi məqsədi ilə hüquqi şəxsin onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada qadağan oluna bilər. Hüquqi şəxsin ləğv edilməsinin qadağan olunması barədə məhkəmənin qərarı dərhal müvafiq icra hakimiyyəti orqanına göndərilir. Maddə 60. Hüquqi şəxsin ləğvi haqqında qərar 60.1. Hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. 60.2. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. 60.3. Hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. 60.4. Ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) borcların ödənilməsi və qalıq gəlirin saxlanıla bilməsi üçün hüquqi şəxsin əmlakını iqtisadi cəhətdən səmərəli, qiymət baxımından sərfəli və tez bir zamanda satılması, borcların ödənilməsindən sonra qalan əmlakın iştirakçılar arasında bölüşdürülməsi, məqsədilə onun işini davam etdirir. Qeyri-kommersiya təşkilatı ləğv edildikdə onun borclarının ödənilməsindən sonra qalan əmlakın hüquqi müqəddəratı bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq həll edilir. 60.5. Ləğvetmə komissiyasının üzvləri (təsviyəçi, ləğvedici) öz fəaliyyətləri zamanı bu Məcəllənin 49.3-cü maddəsinin tələblərinə riayət etməlidirlər. 60.6. Ləğvetmə komissiyasının üzvləri (təsviyəçi, ləğvedici) təyin olunduqları qaydada geri çağırıla və ya başqa şəxslərlə əvəz edilə bilərlər. Maddə 61. Hüquqi şəxsin ləğvi qaydası 61.1. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 10 gün müddətində Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatı dərc etdirir. Bu məlumat hər dəfə 15-20 gün fasilə ilə daha iki dəfə eyni qaydada dərc etdirilir. Kreditorların tələblərinin irəli sürülməsi müddəti ləğvetmə haqqında ilk məlumatın dərc edildiyi gündən etibarən 60 gündən az ola bilməz. 61.2. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 15 gün müddətində ləğvetmə barədə qərarı, bu Məcəllənin 59.2-1-ci və 61.1-ci maddələrində göstərilən ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatı, ilk məlumatın dərc olunmasını təsdiq edən sənədi və möhürü hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı təqdim edilmiş məlumatları aldığı gündən 5 gün ərzində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrinə daxil edir. Bundan sonra hüquqi şəxs tərəfindən sənədlərin tərtibi zamanı üzərində “ləğv prosesindədir” yazılmış möhürdən istifadə olunur və bütün sənədlərdə onun adından sonra “ləğv prosesindədir” sözləri əlavə edilir. 61.3. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) kreditorları aşkar etmək və debitor borcunu almaq üçün tədbirlər görür, habelə ləğvetmə ilə bağlı mətbuatda elanın dərc olunduğu gün hüquqi şəxsin ləğvi haqqında bütün məlum kreditorlara bildiriş göndərir, dövlət büdcəsinə məcburi ödənişlər və büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə borcların olub-olmamasını müəyyən etmək üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edir. 61.3-1. Ləğvetmə komissiyası özünün və ləğv edilən hüquqi şəxsin fəaliyyəti nəticəsində yaranmış və “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq arxiv sənədinə aid edilmiş sənədlərin hüquqi şəxsin olduğu yer üzrə müvafiq dövlət arxiv xidməti təşkilatına təhvil verilməsini təmin edir. 61.4. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) hər hansı bir kreditorun irəli sürdüyü tələblə razılaşmadığı halda həmin kreditor məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Tələb barədə məhkəmə qərarı qəbul edilənədək onun təmin edilməsi üçün zəruri olan vəsait saxlanılmalıdır. 61.5. Kreditorların tələblərinin irəli sürülməsi müddəti bitdikdən sonra 10 gün müddətində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) aralıq ləğvetmə balansını tərtib edərək təsdiq edir və hüquqi şəxsin iştirakçılarına göndərir. Aralıq ləğvetmə balansına ən azı ləğv edilən hüquqi şəxsin əmlakının tərkibi, kreditorlarının tələblərinin və debitor borcların siyahısı haqqında məlumatlar daxil edilir. Aralıq ləğvetmə balansı ilə razı olmayan hüquqi şəxsin nizamnamə kapitalında azı 10 faiz iştirak payına malik iştirakçısı həmin balansı aldığı gündən 7 gün ərzində ümumi yığıncağın çağırılmasını tələb edə bilər. Bu halda aralıq ləğvetmə balansı iştirakçıların ümumi yığıncağı tərəfindən təsdiq edilməlidir. 61.6. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) hüquqi şəxsə məxsus olan əmlakın kreditorların tələblərini ödəmək üçün kifayət etmədiyini müəyyən etdikdə, dərhal müflis olma prosesini başlamalıdır. 61.7. Ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaitini ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında aralıq ləğvetmə balansına uyğun olaraq onun təsdiq edildiyi gündən başlayaraq ödəyir. 61.8. Bütün məlum olan kreditorlarla hesablaşmalar başa çatdıqdan sonra 5 gün müddətində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) ləğvetmə balansını və qalıq əmlakın iştirakçılar arasında bölünməsi (qeyri-kommersiya təşkilatı olduğu halda isə bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə edilməsi) planını əks etdirən hesabatı tərtib edir. Həmin balans və hesabat tərtib edildiyi gündən sonra 45 gündən gec olmayaraq hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı tərəfindən təsdiq edilməlidir. 61.9. Kreditorlar ləğvetmə balansı təsdiq edilənə qədər öz tələblərini irəli sürə bilərlər. 61.10. Ləğvetmə balansı təsdiq edildikdən sonra 10 gün ərzində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) qalan əmlakın təsdiq edilmiş bölünmə planına uyğun olaraq hüquqi şəxsin iştirakçılarına təqdim edilməsini, qeyri-kommersiya təşkilatı olduğu halda isə təsdiq edilmiş istifadə planına uyğun olaraq bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə edilməsini təmin edir. Əmlakın bölünməsi iştirakçının payına mütənasib şəkildə həyata keçirilir. Ləğv edilən hüquqi şəxsin iştirakçısı və ya iştirakçının vərəsəsi olmadıqda qalıq əmlak dövlətə verilir. Dövlətin adından həmin əmlakı müvafiq icra hakimiyyəti orqanı qəbul edir. 61.11. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) qalan əmlakın bölünməsindən və ya istifadə edilməsindən sonra 10 gün ərzində təsdiq olunmuş ləğvetmə balansını, qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatı, həmin əmlakın iştirakçılara təqdim edilməsini (qeyri-kommersiya təşkilatı olduğu halda isə bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə edilməsini) təsdiq edən sənədi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsində nəzərdə tutulmuş digər sənədləri hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına göndərir. 61.12. Hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır. 61.13. Hüquqi şəxsin ləğvi başa çatdıqdan sonra əmlak meydana çıxarsa, məhkəmə bunda maraqlı olan şəxsin ərizəsi əsasında ləğvetmə prosesini yenidən bərpa və yeni ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edə bilər. Bu ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) yeganə vəzifəsi həmin əmlakı dərhal pula çevirmək və iştirakçılar arasında bölüşdürməkdir (qeyri-kommersiya təşkilatı olduğu halda isə bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə etməkdir). Hüquqi şəxsin dövlət reyestrindən çıxarılmasından sonra yeni öhdəliklərin meydana çıxması ləğvetmə prosesinin yenidən açılmasına səbəb olmur. Qeyd edilən normalardan göründüyü kimi qanunvericilikdə hüquqi şəxsin ləğvinin xüsusi proseduru nəzərdə tutulmuşdur ki, iddiaçı tərəfindən qeyd edilən əsaslarla hüquqi şəxslərin məhkəmə tərəfindən ləğv edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin təqdim edilmiş şəxsi hesab vərəqələrindən göründüyü kimi "xxxx" MMC və "xxxx" MMC-nin dövlət büdcəsinə ödənilməmiş borcu qalmaqdadır. Belə olan halda iddiaçının tələbi əsaslı olmamış və cavabdeh inzibati orqan tərəfindən hüquqlarının pozulması halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar