Məhkəmə qərarları › İş №2-1(118)-18/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-18/2021

20.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-18/2021 20.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Aydinəli oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin imtinasının qanunsuz hesab edilərək, cavabdehin üzərinə Abşeron rayon XDS İK-nin 25.08.1989-cu il tarixli 203 saylı Qərarına əsasən Perekəşkül kəndində ona ayrılmış sahəsi 0,25 ha olan torpaq sahəsinə olan mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Abşeron rayon XDS İK-nin 25.08.1989-cu il tarixli 203 saylı Qərarına əsasən Perekəşkül kəndində ona ayrılmış sahəsi 0,25 ha olan torpaq sahəsinə olan mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Pirəkeşkül-Qobustan Bələdiyyəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayon XDS İK-nin 25 avqust 1989-cu il tarixli 203 saylı Qərarına əsasən, ata-baba yurdlarının bərpa edilməsi məqsədilə vətəndaşların arzusunu nəzərə alaraq, bir sıra vətəndaşlara, eləcə də iddiaçıya Perekəşkül qəsəbəsində 0,25 ha torpaq sahəsi ayrılmış və yerində iddiaçıya təhvil verilmişdir. Həmin yerin koordinatları müəyyən edilərək hazırda Abşeron rayon Perekəşkül- Qobustan Bələdiyyəsinin yerquruluşu planında da əks edilmişdir. Hazırda həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə aldırmaq istəyir.Bu məqsədlə iddiaçı cavabdeh Reyestr İdarəsinə müraciət etmişdir.Cavabdehin 03.05.2019-cu il tarixli məktubu ilə iddiaçıya həmin hüquqların qeydə alınmasından imtina edilib. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, guya bu torpaq sahəsi öz hüquqi təyinatına görə kənd təsərrüfatı təyinatlı sahədir və ona görə də iddiaçının hüquqlarının qeydiyyatı mümkün olmamışdır. Cavabdehin bu imtinası qanunsuz olmuşdur. Belə ki, torpaq sahəsinin ayrılmasına dair qərarın məzmunundan da aydın olur ki, həmin torpaq sahələri o ərazidə yaşamış vətəndaşların ata-baba yurdları olmuşdur və məhz bu ata-baba yurdlarının bərpa edilməsi məqsədilə o ərazilər ayrılmış və qərarın 2-ci bəndində hətta bu qəsəbələrin İcraiyyə Komitələrinə ata-baba evlərinin bərpasına icazə verilmiş vətəndaşların və onların ailə üzvlərinin pasport qeydiyyatlarının təmin edilməsi də tapşırılmışdır. Bu Qərarın məzmununda da görünür ki, həmin torpaq sahələri yaşayış məskənləri olmuş və həmin torpaqlar da məhz ata-baba evlərini bərpa etmək üçün vətəndaşlara verilmişdir. Cavabdehin-heç bir hüquqi əsas olmadan bu hüquqların qeydə almasından imtina etməsi qanunsuz olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və onun vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh iddiaya etiraz edərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə göstərilənlər tərəfilərindən araşdırılması zamanı müəyyən olunmuşdur ki, fərdi yaşayış evi tikintisi üçün ayrılmış torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü bəndinə əsasən, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Məcəllənin 9-cu maddəsinə görə Azərbaycan Respublikasının vahid torpaq fondu məqsədli təyinatına və hüquqi rejiminə uygün olaraq kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin torpaqları, xüsusi qorunan ərazilərin torpaqları, meşə və su fondu torpaqları, ehtiyat fondu torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər torpaqlar. Məcəllənin 11-ci maddəsində torpaq sahəsinin məhdudiyyətli istifadəsi onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadəsi kimi müəyyən olunub. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Məcəllənin 13-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istsfadə edilir; kənd təsərrüfatı torpaqlarında kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Məcəllənin 13-cü maddəsinin 3-cü bəndinə görə, kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi onların müvafiq icra hakimiyyəti orqanının (“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli 176 saylı Fərmanının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) qərarı ilə Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada bir kateqoriyadan digər kateqoriyaya keçirildikdən sonra mümkündür. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 20.1 -ci və 20.2-ci maddələrinə əsasən yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və carəçiləri torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun stifadə etməyə borcludurlar. Eləcə də, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 fevral 2003-cü il tarixli 2 nömrəli Qərarının 3-cü bəndinə əsasən torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda, hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Həmin Qərarın 14-cü bəndinə əsasən torpaq mübahisələrinə baxıldıqda işdə iştirak edən şəxslərin dairəsi tam müəyyən edilməli, torpaq üzərində dövlət mülkiyyət hüququna toxunan mübahisələr olduqda səlahiyyətli dövlət orqanlarının və ya onların yerli orqanlarının /ə digər icra hakimiyyəti orqanlarının, bələdiyyələrin nümayəndələrinin prosesdə iştirakının təmin edilməsi məhkəmələrin diqqətinə çatdırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15- ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarının 6-cı bəndində qeyd edilmişdir ki, məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun qəlmədikdə, həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Göründüyü kimi hazırki iş üzrə torpaq sahəsinin kateqoriyasının (məqsədli təyinatının) müəyyənləşdirilməsi ilə bağlı təqdim edilmiş sənədlərlə mövcud olan məlumatlar arasında ziddiyyətlər vardır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak çarəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam .emnək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər nüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 2015-ci il 4 iyun tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz 3mlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin Əsasnaməsinə görə, İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını, Azərbaycan Respublikası Prezidetinin fərman və sərəncamlarını. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərncamlarını, Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin qərar, əmr, sərəncam və göstərişlərini, Komitənin Kollegiyasının qərarlarını, Xidmət rəisinin əmr və göstərişlərini, Komitə və Xidmət üzrə təlimatları, normativ-metodik sənədləri və bu Əsasnaməni rəhbər tutur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Pirəkeşkül-Qobustan Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iş üzrə mütəxassis rəyi vermiş Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC-nin Bakı Layihə-Tədqiqat İdarəsinin mühəndisi X1 iştirak etmiş, izahatında bildirmişdir ki, İddiaçı istifadə etdiyi torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri təqdim edilməmişdir. Lakin iş materiallarında Abşeron rayonu, Pirəkeşkül bələdiyyəsinin yerquruluşu planından çıxarışa Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi tərəfindən imzalanmış və Abşeron rayonu, Pirəkəşkül bələdiyyəsi tərəfindən təsdiq olunmuş sxemdə göstərilən 0.25 ha torpaq sahəsinin koordinatları üst-üstə düşür. Elektron kadastr məlumat bazasında Abşeron rayonu, Pirəkəşkül bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminə əsasən İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı sahədən kəndin perspektiv inkişafı üçün ayrılmış ərazidə yerləşir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 25 avqust 1989-cu il tarixli 203 saylı X3 əsasən İddiaçı Pirəkeşkül kəndi ərazisindən 0.25 ha torpaq sahəsi ayrılmışdır. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Vətəndaşların qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir və fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Yuxarıda göstərilən qanunvericilik normalarından görünür ki, torpaq sahəsinin mülkiyyətçisinin həmin torpaq sahəsinə mülkiyyət hüququ var. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.6-cı bəndinə əsasən, fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənziltikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərə aiddir. Abşeron rayon XDS İcraiyyə Komitəsinin 25 avqust 1989-cu il tarixli 203 saylı Qərarı həmin torpaq sahəsinə dair qanuni istifadə ilə bağlı sənəd hesab olunmaqla iddiaçının tələb etdiyi torpaq sahəsi üzərində onun hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Avropa Məhkəməsi öz qərarlarında daşınmaz əmlakdan istifadə və sərəncamda məhdudiyyətlər yaranmasını mülkiyyət hüququnun pozulması kimi qiymətləndirmiş və bu mövqeyini sonrakı qərarlarındada inkişaf etdirmişdir. Məhkəmə hesab edir ki, hazırki işdə cavabdeh tərəfindən iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilməsi, onun yuxarıda qeyd olunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Cavabdeh inzibati orqanın iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtinasının yeganə səbəbi həmin torpaq sahəsinin elektron baza kadastr xəritə materiallarında kənd təsərrüfatı təyinalı torpaq sahəsi kimi görsənməsidir. Lakin bununlada bağlı məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24194 saylı, 30 dekabr 2019-cu il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mühəndisi Azər Əhmədovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı istifadə etdiyi torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri təqdim edilməmiş, lakin iş materiallarında Abşeron rayonu, Pirəkeşkül bələdiyyəsinin yerquruluşu planından çıxarışa Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi tərəfindən imzalanmış və Abşeron rayonu, Pirəkəşkül bələdiyyəsi tərəfindən təsdiq olunmuş sxemdə göstərilən 0.25 ha torpaq sahəsinin koordinatları üst-üstə düşür. Habelə, elektron kadastr məlumat bazasında Abşeron rayonu, Pirəkəşkül bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminə əsasən İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş sahəsindən kəndin perspektiv inkişafı üçün ayrılmış ərazidə yerləşir. Beləliklə müəyyən olunur ki, iddiaçının ilkin torpaqayırma sənədinin planı ölçüsü olmasada o, iş materiallarında olan Abşeron rayonu, Pirəkeşkül bələdiyyəsinin yerquruluşu planından çıxarışa əsasən Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi tərəfindən imzalanmış və Abşeron rayonu, Pirəkəşkül bələdiyyəsi tərəfindən təsdiq olunmuş sxemdə göstərilən 0.25 ha torpaq sahəsindən istifadə edir və iddiaçıya ayrılmış 0.25 ha torpaq sahəsi kəndin perspektiv inkişafı üçün ayrılmış ərazidə yerləşir. Cavabdeh inzibati orqan hazırda qüvvədə olan Torpaq Məcəlləsinə istinad edərək kənd təssürafatı təyinatlı torpaq sahəsi olması əsası ilə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina edir. Halbu ki, mübahisəli torpaq sahəsi elektron kadastr məlumat bazasında Abşeron rayonu, Pirəkəşkül bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminə əsasən kənd təsərrüfatı təyinatlı sahədən kəndin perspektiv inkişafı üçün ayrılmış ərazi kimi bələdiyyə mülkiyyəti kimi görsənsədə, iddiaçı hazırda qüvvədə olan Torpaq Məccələsi qüvvəyə minmədən və Azərbaycan Respublikasında Bələdiyyələr yaranmadan torpaq sahəsini qanuni istifadəsinə almış və yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən onun torpaq üzərində mülkiyyət hüququ yaranmışdır. Mübahisəli torpaq sahəsinin Abşeron rayonu, Pirəkeşkül bələdiyyəsinin torpaqlarında kəndin perspektiv inkişafı üçün ayrılmış ərazi yerləşməsidə inzibati orqanın imtinasının əsaslı olmadığını göstərir. Bu halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı deyil. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin imtinasının qanunsuz hesab edilərək, cavabdehin üzərinə Abşeron rayon XDS İK-nin 25.08.1989-cu il tarixli 203 saylı Qərarına əsasən Perekəşkül kəndində ona ayrılmış sahəsi 0,25 ha olan torpaq sahəsinə olan mülkiyyət hüququnun qeydə alınması vəzifəsi cavabdehin üzərinə qoyulmalı, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin imtinasının qanunsuz hesab edilərək, cavabdehin üzərinə Abşeron rayon XDS İK-nin 25.08.1989-cu il tarixli 203 saylı Qərarına əsasən Perekəşkül kəndində ona ayrılmış sahəsi 0,25 ha olan torpaq sahəsinə olan mülkiyyət hüququnun qeydə alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsindən 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə, 193 (yüz doxsan üç) manat mütəxəssis rəyinin alınması üçün çəkilən xərc tutularaq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin hesabına ödənilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar