Məhkəmə qərarları › İş №2-1(118)-180/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-180/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-180/2023 01.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 03 mart 2022-ci il tarixli **********206800 saylı və 04 aprel 2023-cü il tarixli **********402000 saylı qərarların ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş 2021-ci il mənfəət vergisi üzrə 03 mart 2022-ci il tarixli **********206800 saylı “Vergilərin, sosial və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr vermişdir. Sonuncu ərizəsində iddiaçının nümayəndəsi cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş 03 mart 2022-ci il tarixli **********206800 saylı və 04 aprel 2023-cü il tarixli **********402000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçı müəssisəyə 03 mart 2022-ci il tarixli qərarla kameral vergi yoxlaması nəticəsində əlavə vergi borcu hesablanmışdır. Bundan əvvəl vergi orqanı tərəfindən iddiaçıya uyğunsuzluq məktubu ünvanlanmış və iddiaçı cavab olaraq bildirmişdir ki, 2-ci bəndə uyğun olaraq idxal olunan nəqliyyat vasitəsindən əlavə xx.xx.2021-ci il tarixdə X3 tərəfindən EBBP seriyalı 042581 nömrəli e-qaimə ilə 367372.88 manat məbləğində nəqliyyat vasitəsi mədaxil olunmuş və həmin avtomobil müəssisənin əsas vəsaiti olaraq qeydiyyata alınmışdır. Nəqliyyat vasitəsinin invoys dəyəri 73950,00 manat, gömrük xərcləri isə 12021,32 manat olmuşdur. Belə ki, ümumilikdə 453344.20 manat dəyərində əsas vəsait alınmışdır. 3-cü bəndə uyğun olaraq idxal olunan nəqliyyat vasitəsinin əlavə e-qaimə ilə alınan nəqliyyat vasitəsinə də amortizasiya hesablanmışdır. 1-ci və 4-cü bəndlərdə qeyd olunan uyğunsuzluqla əlaqədar dəqiqləşdirilmiş bəyannamə təqdim edilmişdir. Mənfəət bəyannaməsinin 221.2-ci sətrində (sosial sığorta haqları) qeyd olunan 5581,50 manat məbləğ 2021-ci il üzrə təqdim edilən vahid bəyannamələrdə qeyd olunan sığorta haqlarının cəminə bərabərdir. Yaranan 291,19 manat fərq isə 4 rüb üzrə icbari tibbi sığorta xərclərinin cəmidir. Xərclər əmək haqqı, sosial sığorta haqları, satılan malın maya dəyəri, icarə haqqı, bank xərcləri, əsas vəsaitin amortizasiyası, nəqliyyat xərcləri və gələn eqaimələrə əsasən formalaşmışdır. Məhkəmədə iddia qaldırdıqdan sonra xx.xx.2022ci il tarixdə cavabdeh təkrarən uyğunsuzluq məktubu göndərmiş və elə həmin gün əlavə vergi borcunun hesablaması barədə qərar qəbul etmişdir. Daha sonra məhkəmə araşdırması zamanı xx.xx.2022-ci il tarixli qərar vergi orqanının özü tərəfindən ləğv edilərək eyni məzmunlu 04 aprel 2023-cü il tarixli qərar qəbul edildiyindən iddiaçı həmin qərarı mübahisələndirir. Məhkəmə iclasında iddiaçınn nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinə vergi ödəyicisi kimi qeydiyyatda olan "AZPLY” MMC-yə 2021ci il mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 116779.7 manat, 2022-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması 40233.5 manat məbləğində əlavə vergi hesablanmışdır. Belə ki, 2021-ci il ərzində vergi ödəyicisi tərəfindən ƏDV-siz ümumi dəyəri 540783.35 manat olan dövriyyə üzrə elektron qaimə-faktura əldə edilmişdir. Həmin dövriyyənin 367372.9 manat məbləğində (ƏDV-siz) olan hissəsi “Mercedes Benz G63 AMG Minik” avtomobilinin alınmasına aid olmuşdur. Nəqliyat vasitəsinin dəyəri istisna edilməklə elektron qaiməfaktura üzrə alış 173410,45 manat (540783.35 - 367372.9 =173410.45) təşkil etmişdir. Bundan başqa 2021-ci il ərzində 1616136,67 manat (ƏDV-siz) dəyərində mal idxal edilmişdir ki, həmin malların tərkibində də 1 ədəd dəyəri 91915,92 manat (ƏDV-siz) olan “BMW X5” markalı minik avtomobilinin idxal edildiyi müəyyən olunmuşdur. Minik avtomobilinin dəyəri istisna edilməklə 1524220.75 manat məbləğində (1616136,67 - 91915,92) idxal əməliyyatı həyata keçirilmişdir. Ümumilikdə, elektron qaimə-faktura və idxal üzrə 459288.82 manat dəyərində nəqliyyat vasitəsi alınaraq, 1 nömrəli əlavədə dövr ərzində əldə edilmiş nəqliyyat vasitəsi kimi qeyd edilmiş və 1697631.20 manat məbləğində (nəqliyyat vasitəsiz) alış və idxal əməliyyatı olmuşdur. Əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsinin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (219292,71 manat) + cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların məbləği (173410,45 manat) + cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal- materialların məbləği (1524220,75 manat) ilə 1 №-li Əlavənin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (53596,38 manat) çıxılması nəticəsində yaranan 1863327,53 manat məbləğin təqdim edilmiş bəyannamənin “Xammal və materiallar”, “Malın dəyəri”, “Enerji xərcləri”, “Qaz xərcləri”, “Yanacaq xərcləri”, “Su və kanalizasiya xərcləri”, “Rabitə xərcləri”, “Reklam xərcləri”, “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” və “Digər xərclər” sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (2447226,41 manat) müqayisəsi nəticəsində 583898.88 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Həmin məbləğin vergisi isə 116779.78 manat (583898,88 * 20 % = 116779.78) təşkil etdiyindən mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. Qeyd edilən uyğunsuzluğun aradan qaldırılması ilə əlaqədar olaraq vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” və 8, 10, 17 fevral və 2 mart 2022-ci il tarixli **********268500, **********653900, **********615500 və **********562200 nömrəli məktublarla müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla bağlı əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılmamışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********206800 nömrəli Qərara əsasən vergi ödəyicisinə 116779,78 manat məbləğində əlavə vergi hesablanmışdır.Həmçinin, 2022-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində aşağıdakı məzmunda kənarlaşmalar yaranmışdır: iddiaçı tərəfindən bank çıxarışı təqdim edilmişdir. Lakin xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan 17844.98 mənfi fərq təqdim etdiyi sənədlərdə öz təsdiqini tapmamışdır. xx.xx.2023-cü il tarixli **********761000 nömrəli müraciətində xx.xx.2022-ci il tarixində xarici nəqliyyat şirkəti (X5 ve Lojistik Dıs Ticaret Limited Sirketi) ilə 67000 USD (113900.00 AZN) dəyərində idxal olunan malların daşınması ilə əlaqədar müqavilə bağlanıldığı və xx.xx.2022-ci il tarixində müqaviləyə əsasən ödəniş edildiyi, mənfəət vergisi bəyannaməsinin 229.2-ci (Qeyri-rezident üzrə nəqliyyat xərci) sətrində xərc olaraq qeyd olunduğu bildirilsə də, nəqliyyat xidmətləri üçün ödəmələr ödəmə mənbəyində vergiyə cəlb edilməmiş, qeyd olunan nəqliyyat xərcləri xərc maddələrində göstərildiyi halda malın dəyərində təkrar göstərilmişdir. 2022-ci il ərzində iddiaçı tərəfindən 280712,71 manat (ƏDV-siz) dəyərində EQF əsasında mallar, işlər və xidmətlər əldə edilmiş, vergi orqanında olan gömrük məlumatlarına əsasən invoys dəyəri 2676410,74 manat olan mallar idxal edilmişdir. Müraciətə uyğun olaraq əldə edilmiş mallardan 13460.80 manat dəyərini əsas vəsait təşkil etmişdir. Ümumilikdə il ərzində əldə edilmiş (əsas vəsaitlər istisna olmaqla) mallar, işlər və xidmətlərin ümumi dəyəri 2943662.65 manat, 87267.63.0 manat təsdiqini tapmayan xərc müəyyən edilmişdir. 1-ci kənarlaşma üzrə yaranmış uyğunsuzluq vergi ödəyicisinin təqdim etdiyi sənədlər əsasında nəzərə alınmışdır.Vergi ödəyicisi 2022-ci il üçün 7 dəfə mənfəət vergisi bəyannaməsi təqdim etmiş, təqdim edilmiş bəyannamələrdə rəqəmlər kəskin fərqlənmiş, fərqli rəqəmlərlə hesabat təqdim edildiyindən vergidən yayınma kimi qiymətləndirilmişdir. Aparılmış təhlillər üzrə dəfələrlə uyğunsuzluq məktubları göndərilmiş, yazışmalar aparılmışdır. Kameral vergi yuoxlamasına əsas olan 27 mart 2023-cü il tarixli **********346800 nömrəli uyğunsuzluq məktubu üzrə kənarlaşmalar üzrə qaneedici zəruri sənədlər təqdim edilmədiyi üçün 4 aprel 2023-cü il tarixli **********402000 nömrəli qərar əsasında 40233.56 manat mənfəət vergisi hesablanmışdır. İş üzrə ekspert qimində dindirilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin əməkdaşı X4 izah etdi ki, iş üzrə məhkəməmühasibatlıq və əlavə məhkəmə-mühasibatlıq ekspertizasının rəylərini müdafiə edir. Məhkəmənin ekspert qarşısında qoyduğu suallara ətraflı cavab verilmişdir. Rəydə göstərdiyi kimi avtomobillər xərc kimi çıxılmalıdır. Alınmış və ya idxal olunmuş avtonqəliyyat vasitələrinin dəyəri həmin avtonəqliyyat vasitələrinin təqdim ediləcəyi təqdirdə ümumilikdə xərc kimi, təqdim edilməyəcəyi təqdirdə isə amortizasiya xərci kimi illər üzrə hissə-hissə nəzərə alına bilər. İş materiallarına əlavə edilmiş : - Kameral vergi yoxlaması üçün zəruri olan sənədələrin (məlumatların) tələb edilməsi haqqında və xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublardan görünür ki, 2 saylı ƏVBİ tərəfindən İddiaçı MMC–dən sənədlərin təqdim edilməsi tələb olunmuşdur. -2 saylı Ərazi Vergilər Baş İdarəsinin 03 mart 2022-ci il tarixli **********206800 saylı qərarından görünür ki, İddiaçı MMC–nin barəsində kameral qaydada yoxlama keçirilmiş və 2021 -ci il mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 116779.7 manat əlavə vergi hesablanmışdır. -2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 04 aprel 2023-cü il tarixli **********402000 saylı qərardan görünür ki, İddiaçı MMC–də keçirilmiş kameral qaydada yoxlama nəticəsində 2022-ci ilin mənfəət vergisi üzrə 40233.56 manat məbləğində əlavə vergi hesablanmışdır. Məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur : 1)İddiaçı MMC-yə vergi orqanının 03 mart 2022-ci il tarixli **********206800 saylı və 08 iyun 2022-ci il tarixli **********2400 saylı qərarları əsasında hesablanmış mənfəət və gəlir vergisi düzgün hesablanmışdırmı? 2) Düzgün hesablanmadığı təqdirdə həmin dövr üçün iddiaçının ödəməli olduğu mənfəət vergisi və gəlir vergisi nə qədər təşkil etməsi müəyyən edilsin Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/5539 saylı ekspert rəyindən görünür ki, iddiaçıya mübahisələndirilən qərarlar əsasında hesablanmış mənfəət vergisinin düzgün hesablanmaması müəyyən olunmaqla yanaşı vergi ödəyicisinin təqdim etdiyi mənfəət vergisi bəyannamələrinin göstəricilərinin düzgünlüyü müəyyən olunur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur : 1) İddiaçı MMC-nin 2021-ci ilin yanvar ayına nə qədər mal qalığı olmuşdur? 2) iddiaçı yanvar 2021-dekabr 2021 tarixi aralığında cəmi nə qədər mal almış və idxal etmişdir (ƏDV-siz)? 3) iddiaçı yanvar 2021-dekabr 2021 tarixi aralığında cəmi nə qədər mal təqdim etmişdir (ƏDV-siz)? 4) İdxal olunan avtonəqliyyat vasitələri 2021-ci il ərzində hər hansı qaydada (istər EQF əsasında, istər BDYPİ-də alqı-satqı müqaviləsinə əsasən) təqdim edilməmişdirsə avtonəqliyyat vasitələrinin dəyəri gəlir üçün xərc kimi götürülə bilərmi? 5) vergi ödəyicisinin mənfəət gəliri bəyannaməsində maddələrin 221.4-cü sətrində 1689917.07 manat xərcin tərkibinə hansı mallar daxildir? 6) iddiaçı yanvar 2022-oktyabr 2022 tarixi aralığında cəmi nə qədər mal almış və idxal etmişdir (ƏDV-siz)? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki: 1-3) iddiaçı MMC-nin 2021-ci ilin yanvar ayına olan mal qalığı 219292,71 manat, 2021-ci il üzrə aldığı və idxal etdiyi malların cəmi 1689917.08 manat və 2021ci il üzrə təqdim etməsi (satış dövriyyəsi) 263321.93 manat müəyyən edilmişdir. 4) İdxal olunan avtonəqliyyat vasitələri 2021-ci il ərzində hər hansı qaydada təqdim edilməmişdirsə Vergi Məcəlləsinin və bununla bağlı digər qanunvericilik normalarının tələblərinə əsasən avtonəqliyyat vasitələrinin dəyəri gəlir üçün xərc kimi götürülə bilər. Alınmış və ya idxal olunmuş avtonqəliyyat vasitələrinin dəyəri həmin avtonəqliyyat vasitələrinin təqdim ediləcəyi təqdirdə ümumilikdə xərc kimi, təqdim edilməyəcəyi təqdirdə isə amortizasiya xərci kimi illər üzrə hissə-hissə nəzərə alına bilər. 5) Vergi ödəyicisinin 2021-ci ilin mənfəət vergisi bəyannaməsində maddələrin 221.4-cü sətrində göstərilən 1689917.07manat xərcin tərkibi “Şam ağacı materialından taxta”, “küknar ağacı materialından taxta”, “ağac lifli plitələr”, “qovaqağacı matgerialından taxta” və s.olmaqla meşə materiallarından ibarət olmuşdur. 6) İddiaçı tərəfindən 2022-ci ilin yanvar ayından - 2022-ci ilin oktyabr ayınadək ümumilikdə 2169147,46 manat məbləğində mal alınmış və idxal edilmişdir, o cümlədən 2057108,19 manat (ƏDV-siz) idxal edilmiş (2039708,19 invoys dəyəri + 17400,00 gömrük rüsumu), 112039,27 manat (ƏDV-siz) məbləğində isə e-qaimə ilə mal (iş və ya xidmət) alınmışdır. xx.xx.2022-ci il tarixli, 9/5339 nömrəli ilkin ekspert rəyində 2022-ci ilin mənfəət vergisi üzrə hesablama aparılarkən həmin hesablama vergi ödəyicisinin yanvar-aprel ayları üzrə təqdim etdiyi hesabatlara uyğun olaraq aparılmışdır. Hazırki tədqiqata isə 2022-ci ilin yekunları üzrə mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir ki, həmin bəyannamə göstəriciləri aşağıdakı kimi olmuşdur : ümumi gəlir - 3409657,00 manat, ümumi xərclər - 3314631,99 manat, vergiyə cəlb olunan gəlir - 77180,03 manat, mənfəət vergisi - 15436,01 manat. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsi: -37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. -37.2-1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. -37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. -37.4-cü maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. -37.6-cı maddəsinə əsasən, kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. -67.1-ci maddəsinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi istinad olunan nəqliyyat vasitələrinin satılmadığını və hər il amortizasiya qaydasında hesablandığını izah etdi. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 104.1 rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. 114.1 Bu Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyrisahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır. 114.3 amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir: 114.3.1. torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xərclər, binalar, tikintilər və qurğular - 7 faizədək; 114.3.2. maşınlar və avadanlıq – 20%-dək; 114.3.2-1. yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə – 25 faizədək; 114.3.3. nəqliyyat vasitələri - 25 faizədək. 114.4. Əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları bu Məcəllənin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır. Hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər. Cavabdeh vergi orqanı İddiaçı MMC-yə kameral vergi yoxlaması ilə əhatə olunan hesabat dövrü üzrə mənfəət vergisinin hesablanmasına əsas olan hər hansı mötəbər sübut təqdim edə bilməmiş və həmin hesablamanın əsaslı olmasını sübuta yetirə bilməmişdir, əksinə iş materiallarına əlavə edilmiş sənədlər və ekspert rəyləri əsasında iddiaçı cəmiyyət tərəfindən yoxlama ilə əhatə olunan hesabat dövrü ərzində dövlət büdcəsinə ödənilməli olan vergilərin düzgün hesablandığı və hər hansı kənarlaşmaya (vergilərin az hesablanması hallarına) yol verilmədiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən bildirilir ki, tərəflər arasında mübahisə yaradan məbləğ cavabdeh tərəfindən avtomobillərin əldə edilməsi ilə bağlı xərclər amortizasiya qaydasında deyil, birbaşa xərclərə aid edilmişdir. Bu səbəbdən də həmin malların dəyəri xərclərdən çıxılmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qeyd olunmuş dəlil əsassızdır. Belə ki, Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən “Əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər”dir. Məhkəmə ekspert rəyləri ilə əlaqədar qeyd edir ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13- cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununu qiymətləndirmək hüququnun olması kimi başa düşülür. Məhkəmə cavabdehin ekspert rəyinə etirazı ilə bağlı dəlillər üzrə qeyd edir ki, cavabdeh ekspert rəyinin əsassız olmasına əsaslansa da, rəyin əsassızlığı ilə əlaqədar hər hansı sübutu məhkəmə araşdırması zamanı məhkəməyə təqdim edə bilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. -61.3-cü maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. -61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş 03 mart 2022-ci il tarixli **********206800 saylı və 04 aprel 2023-cü il tarixli **********402000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarlar ləğv edlsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar