Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-180/2024 11.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “seriya RX ******* saylı, **********97 reyestr nömrəli xx.xx.2012-ci il tarixli çıxarışa əsasən iddiaçıya məxsus 0.04 ha torpaq sahəsinin faktiki koordinatlarının müəyyən edilməklə ona naturada tanıdılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “xx.xx.2016-cı il tarixdə tərtib edilmiş 071353 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş **********97 kod nömrəli torpaq sahəsinin naturada iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə cavabdehin əsl cavabdehlə əvəz edilməsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “seriya RX ******* saylı, **********97 reyestr nömrəli xx.xx.2012-ci il tarixli çıxarışa əsasən iddiaçıya məxsus 0.04 ha torpaq sahəsinin faktiki koordinatlarının müəyyən edilməklə ona naturada tanıdılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması” na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, alqı satqı müqaviləsinə əsasən 2012-ci ildə Abşeron rayon Saray qəsəbəsibdə 0,04 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinə dair cavabdeh təşkilat tərəfindən “Torpaq sahəsinin plan və ölçüsü” tərtib edilmiş və ******* saylı çıxarış verilmişdir. Həmin torpaq sahəsində tikili də olmuşdur. Həmin tikili kənar şəxs tərəfindən söküldüyü üçün iddiaçı həmin şəxsə qarşı maddi ziyan tələbinə dair iddia ilə müraciət etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, həmin tikili iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşmir və sənədlərlə ona məxsus torpaq sahəsi həmin tikilidən 55 metr kənarda yerləşir. Bundan sonra iddiaçı onun sənədlərində koordinatları və konturları müəyyən edilmiş torpaq sahəsini naturada yerində müəyyən edərək ona təhvil verilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Ərizəsini və əlavə edilmiş sənədləri cavabdeh təşkilat alsa da, qanunla müəyyən edilmiş müddətdə ona cavab verməmişdir və bu qanuna əsasən imtinaya bərabət tutulur. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddia ərizəsində göstərilən hallar tərəfimizdən araşdırılmış, İddiaçı tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadan mübahisələndirmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi aşkar edilmişdir. İddia ərizəsinə əsasən, xx.xx.2016-cı il tarixində tərtib edilmiş 071353 saylı “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilmiş **********97 kod nömrəli torpaq sahəsinin naturada iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələb olunmuşdur. Bildiririk ki, sözügedən öhdəliyin icrası 4 saylı Abşeron Ərazi idarəsinin səlahiyyətləri xaricində olduğundan tərəfimizdən mümkün olmamışdır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri). Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində də öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də, mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsi, onların planı və ölçüsünün tərtib edilməsi, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanması və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq, hüquqların mövcudluğu, əldə edilməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklənməsi) və onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5163/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı; Seriya RX ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarış; 071353 nömrəli, xx.xx.2016-cı il tarixli “Torpaq sahəsinin plan-ölçüsü” və digər sənədlər daxildirlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 4 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavabdeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət etmiş, lakin iddiaçının müraciətinə cavab verilməmişdir. Hazırki iddia tələbi üzrə iddiaçı birbaşa iddiaya cavab verməli orqan olan DƏDRX-in 4 saylı Ərazi İdarəsinə müraciət etməsə də, məhkəmə hesab edir ki, bu iddianın mümkünsüzlüyünə səbəb olan hal hesab edilməməlidir. Belə ki iddiaçının müraciət etdiyi orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi DƏDRX-in 4 saylı Ərazi İdarəsinin subordinasiya qaydasında tabe olduğu orqandır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə, eyni zamanda iddiaçının müraciətinə cavab verilmədiyindən bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Abşeron rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Seriya RX ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən Abşeron rayon, Saray qəsəbədində yerləşən 0.04 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında İddiaçı Sadiq qızına məxsusdur. Torpaq sahəsinə dair 071353 nömrəli, xx.xx.2016-cı il tarixli “Torpaq sahəsinin plan-ölçüsü” sənədi də iddiaçının adına tərtib edilmişdir. Lakin iddiaçı hüquqmüəyyənedici sənəd əsasında ona məxsus olan torpaq sahəsinin koordinatları ilə naturada istifadə etdiyi yerin koordinatları arasında uyğunsuzluq olduğundan cavabdeh orqana torpaq sahəsinin sənəd üzrə yerinin göstərilməsi üçün müraciət etmiş, cavabdeh orqan tərəfindən müraciətinə cavab verilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətsizliyi imtina olaraq qiymətləndirilməlidir və sözügedən torpaq sahəsinin koordinatlarının müəyyən edilməsindən imtinası əsassız olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Məhkəmə sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasına əsas olmuş sənədlərin təqdim edilməsi üçün cavabdeh orqana müvafiq sorğular ünvanlamışdır. Məhkəmə sorğusuna cavab olaraq iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən müəyyən edilir ki, torpaq sahəsi müxtəlif vaxtlarda fərqli şəxslərin mülkiyyətində olmuş və alqı-satqı əsasında bir nəfərdən digərinə satılmışdır. Hal-hazırda sonuncu mülkiyyətçi olan iddiaçı Şahbazova X5 rayon, Saray qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsini AN-İ № ******* saylı, 25 may 2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X1 almışdır. Torpaq sahəsi sonuncunun mülkiyyətində olduğu zaman tərtib edilmiş 19 fevral 2011-ci il tarixli müayinə aktından görünür ki, torpaq sahəsinin koordinatları sənəddəki cizgiyə uyğun gəlir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı Sadiq qızının adına Seriya RX ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarış tərtib edilsə də, onun mülkiyyətində olan torpaq sahəsinin koordinatları iddiaçıya məlum deyil. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 5163/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, İddiaçı Sadiq qızının cavabdeh X3 qarşı olan “29 iyun 2012-ci il tarixli Çıxarışa əsasən ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsindəki yarımçıq tikilinin cavabdeh tərəfindən qanunsuz sökülməsi nəticəsində ona 20.000 manat məbləğində zərər dəydiyini iddia etdiyi” tələbi üzrə İddiaçı Sadiq qızının iddia etdiyi tikilinin onun mülkiyyətində olan torpaq sahəsindən 55 metr aralıda yerləşdiyi müəyyən edilmişdir. Göründüyü kimi torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarış və plan-ölçü sənədi tərtib edilsə də, hal-hazırda iddiaçının mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq mövcuddur və iddiaçıya naturada mülkiyyətində olan torpaq sahəsinin koordinatları məlum deyildir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh orqan tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin naturada koordinatlarının müəyyən edilməsinə dair hərəkətsizliyin müşahidə edilməsi, sonuncunun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinə əsasən: 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.26. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqsədilə sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, yerquruluşu sənədlər qovluğunu hazırlamaq, elektron daşıyıcıda və (və ya) kağız üzərində xəritələşdirilməsini həyata keçirmək və təsdiq etmək; 3.2.14. kadastr və mərzçəkmə işlərinə fiziki və hüquqi şəxsləri cəlb etmək və s. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 7.2-ci maddəsinə görə “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). İnzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1- 24.3-cü maddələri). Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 23-cü maddəsinə əsasən Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, hüquqların qeydiyyatı barədə çıxarışla yanaşı, çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəricilərini (məkan, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan plan-ölçü sənədinin verilməsi cavabdeh inzibati orqanın vəzifəsidir. Bununla bağlı iddiaçıya torpaq sahəsinin naturada tanıdılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, seriya RX ******* saylı, **********97 reyestr nömrəli xx.xx.2012-ci il tarixli çıxarışa əsasən iddiaçıya məxsus 0.04 ha torpaq sahəsinin faktiki koordinatlarının müəyyən edilməklə ona naturada tanıdılması öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Seriya RX ******* saylı, **********97 reyestr nömrəli xx.xx.2012-ci il tarixli çıxarışa əsasən iddiaçıya məxsus 0.04 ha torpaq sahəsinin faktiki koordinatlarının müəyyən edilməklə ona naturada tanıdılması öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva