Məhkəmə qərarları › İş №2-1(118)-1801/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1801/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1801/2025 20.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: plan-ölçü sənədinə dəyişiklik edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “İlkin hüquq müəyyənedici sənədlərə uyğun, qanuni istifadəsində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.20 ha torpaq sahəsinin koordinatları (plan və ölçüləri) düzgün işlənilməklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, A№ 984042 nömrəli torpaq sahəsinin plan və ölçü sənədində cari dəyişikliyin edilməsi və yeni plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, İlkin hüquq müəyyənedici sənədlərə uyğun, qanuni istifadəsində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.20 ha torpaq sahəsinin koordinatları (plan və ölçüləri) düzgün işlənilməklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, A№ 984042 nömrəli torpaq sahəsinin plan və ölçü sənədində cari dəyişikliyin edilməsi və yeni plan və ölçü sənədinin verilməsini istəyir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,20 ha torpaq sahəsini almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixində, həmin torpaq sahəsinin AN 984042 984042 saylı plan və ölçü sənədi tərtib edilmişdir. Sonradan məlum olmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsinin torpaq sahəsi üçün verdiyi xx.xx.2023-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədindəki döngə nöqtələri, qonşu sərhədləri ərazinin yerləşmə sxemindəki koordinatları ilə naturada uyğun gəlmir. Yəni, torpaq sahəsinə dair plan və ölçü sənədi, qanuni istifadəsində olan torpaq sahəsinin faktiki koordinatlarına uyğun tərtib olunmamışdır. İddiaçı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə, 12-ci maddəsinə, Torpaq Məcəlləsinin 68-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Torpaq sahəsinin təsviri və ölçüsünün təsviri»nə (4.14-cü bənd), Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 516 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında" Əsasnaməyə istinad edərək qeyd edir ki, hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə faktiki istifadədə olan torpaq sahəsi arasında uyğunsuzluqlar aradan qaldırılmalı və onun istifadəsində olan torpaq sahəsinə dair yeni plan-ölçü sənədi tərtib edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, **********77 reyestr nömrəli çıxarışla iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında 3200 metr fərqin mövcud olduğu və yerinin dəyişdirildiyi; faktiki istifadə olunan torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin (220 KVT) mühafizə zolağında yerləşdiyi müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Reyestr nömrəsi **********77 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Torpaq sahəsinin AN 984042 saylı plan-ölçü sənədinin surəti iş materiallarına əlavə edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş müayinə aktında torpaq sahəsinin sənəd üzrə koordinatları ilə faktiki koordinatlarının yerləşməsi arasında 3200 metr fərq olduğu, faktiki istifadə olunan torpaq sahəsinin 220 Kvt YGE xəttininn mühafizə zolağında yerləşdiyi qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq iddiaçıya məxsus çıxarışın verilməsinə əsas olan sənədlər – **********77 reyestr nömrəli çıxarış, №AA 023962 saylı plan-ölçü sənədi, xx.xx.2023-cü il tarixli 4Ə-377№ alqı-satqı müqaviləsi, **********33 reyestr nömrəli çıxarış, A №372427 saylı plan-ölçü sənədi, Abşeron rayonu, Mehdiabad Bələdiyyəsinin 08 iyul 2011-ci il tarixli, 08 saylı protokolunun 02/02 qərarından çıxarış və əlaqəli digər sənədlər təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli, 13069/24 saylı məktubunda qeyd edilmişdir ki, sənəd üzrə torpaq sahəsinin yerləşməsi ilə faktiki yerləşməsi arasında fərq mövcuddur, yeri dəyişdirilmişdir. Faktiki istifadəsində olan torpaq sahəsi X4 məxsus **********0127 (A N-004795 xx.xx.2007) plan ölçü sənədi ilə üst-üstə düşür . Həmçinin torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin 2 ədəd (6 kvt) və (220 kvt) mühafizə zolağında yerləşir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli, 14367/24 saylı məktubunda qeyd edilmişdir ki, sənəd üzrə torpaq sahəsinin yerləşməsi ilə faktiki yerləşməsi arasında fərq mövcuddur, yeri dəyişdirilmişdir. Faktiki istifadə olan torpaq sahəsinin bir hissəsi X1 mülkiyyətində olan xx.xx.2020 tarixli **********76 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin faktiki torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin 2 ədəd (6 kvt) və (220 kvt) mühafizə zolağında yerləşir. Ortofoto xəritədən çıxarışlar iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərişıq ASC-nin xx.xx.2024-cü il tarixli, 13- 13/2-1/16-15711/2024 saylı məktubunda qeyd edilmişdir ki, qeyd olunan torpaq sahəsi "xxxx" ASC-nin balansında olmayan 220 kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı ilkin hüquq müəyyənedici sənədlərə uyğun, qanuni istifadəsində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.20 ha torpaq sahəsinin koordinatları (plan və ölçüləri) düzgün işlənilməklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, A№ 984042 nömrəli torpaq sahəsinin plan və ölçü sənədində cari dəyişikliyin edilməsi və yeni plan və ölçü sənədinin verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, **********77 reyestr nömrəli çıxarışla iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında 3200 metr fərqin mövcud olduğu və yerinin dəyişdirildiyi; faktiki istifadə olunan torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin (220 KVT) mühafizə zolağında yerləşdiyi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı torpaq sahəsinin sənəd üzrə koordinatları ilə faktiki koordinatlarının yerləşməsi arasında 3200 metr fərq olduğu, faktiki istifadə olunan torpaq sahəsinin 220 Kvt YGE xəttinin mühafizə zolağında yerləşdiyi, sənəd üzrə torpaq sahəsinin yerləşməsi ilə faktiki yerləşməsi arasında fərq olduğu, yerinin dəyişdirildiyi, faktiki istifadəsində olan torpaq sahəsinin digər torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair” tələblərə əsasən: 1.2. Elektrik şəbəkələrinin mühafizəsinin təmin olunması, istismarı üçün normal şəraitin yaradılmasının və zədələnməsinin qarşısının alınması, həmçinin insanların həyat və sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi məqsədilə elektrik şəbəkələri ətrafında mühafizə zonaları (torpaq sahələri, su və hava məkanı) müəyyənləşdirilir. 1.7. Mühafizə zonalarında Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan təsərrüfat işləri aparıla bilər. 2.2. Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri elektrik verilişi xətlərinə münasibətdə izolyasiyasız naqilli hava elektrik verilişi xətləri üçün aşağıdakı kimi müəyyən edilir: 2.2.1.gərginliyi 1000 voltadək hava elektrik verilişi xətləri üçün – 2 metr; 2.2.2. 1-20 kV-luq hava elektrik verilişi xətləri üçün – 10 metr; 2.2.3. 35 kV-luq hava elektrik verilişi xətləri üçün – 15 metr; 2.2.4. 110 kV-luq hava elektrik verilişi xətləri üçün – 20 metr; 2.2.5. 150-220 kV-luq hava elektrik verilişi xətləri üçün – 25 metr; 2.2.6. 330-500 kV-luq hava elektrik verilişi xətləri üçün – 30 metr. 2.3. Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri elektrik verilişi xətlərinə münasibətdə özünüdaşıyan izolyasiyalı naqilli hava elektrik verilişi xətləri üçün aşağıdakı kimi müəyyən edilir: 2.3.1. gərginliyi 1000 voltadək hava elektrik verilişi xətləri üçün – 1 metr; 2.3.2. 1-20 kV-luq hava elektrik verilişi xətləri üçün – 2 metr; 2.3.3. 35 kV-luq hava elektrik verilişi xətləri üçün – 4 metr; 2.3.4. 110 kV-luq hava elektrik verilişi xətləri üçün – 6 metr. 2.4. Bu Tələblərin 2.2-ci və 2.3-cü bəndlərində göstərilənlərdən əlavə, elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri elektrik verilişi xətlərinə münasibətdə aşağıdakı kimi müəyyən edilir: 2.4.1. yeraltı kabel elektrik verilişi xətləri boyunca kənar kabellərin hər iki tərəfindən 1 metr aralıda, həmin xətlər yaşayış məntəqələrində səkilərin altından keçdikdə isə bina və qurğulara doğru 0,6 metr aralıda və küçənin hərəkət hissəsinə doğru 1 metr aralıda yerləşən, şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi; 2.4.2. sualtı kabel elektrik verilişi xətləri boyunca kənar kabellərin hər iki tərəfindən 100 metr aralıda yerləşən, şaquli müstəvilərlə məhdudlaşan, suyun səthindən dibinə qədər olan su boşluğu sahəsi; 2.4.3. hava elektrik verilişi xətlərinin su hövzələrindən (o cümlədən çaylar, kanallar, göllər) keçidi boyunca gəmiçilik üçün yararlı hövzələrdə kənar naqillərin meyil etməmiş vəziyyətində hər iki tərəfdən 100 metr aralıda yerləşən şaquli müstəvilərlə məhdudlaşan su hövzəsinin səthindəki hava məkanı, gəmiçilik üçün yararlı olmayan hövzələrdə isə bu Tələblərin 2.2-ci və 2.3-cü bəndlərində nəzərdə tutulmuş məsafələr. 2.5. Elektrik qurğularına münasibətdə mühafizə zonalarının ölçüləri elektrik qurğusunun ən yüksək gərginlik göstəricisi nəzərə alınmaqla, bu Tələblərin 2.2-ci və 2.3cü bəndlərində göstərilmiş məsafələrə uyğun müəyyən edilir. 3.1. Bu Tələblərin 2-ci hissəsi ilə müəyyən edilmiş mühafizə zonalarının altındakı torpaq sahələrində sistem operatoru ilə əvvəlcədən razılaşdırılmaqla aşağıdakı təsərrüfat işləri aparıla bilər: 3.1.1. gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə zonalarında tikinti və ya quraşdırma işlərinin aparılması; 3.1.2. hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (o cümlədən dənizdə, çayda, göldə), dibdərinlətmə, yerqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, bağlar üçün dayaqların quraşdırılması və kənd təsərrüfatı bitkilərinin suvarılması; 3.1.3. dəmir yollarının, avtomobil yollarının, boru kəmərlərinin, rabitə xətlərinin, digər kommunikasiya qurğularının və başqa elektrik şəbəkələrinin layihələndirilməsi, tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; 3.1.4. elektrik şəbəkələrinin mühafizə zonalarının altındakı torpaq sahələrində həmin sahələrin müvəqqəti subasması ilə əlaqədar işlərin görülməsi; 3.1.5. sualtı kabel elektrik verilişi xətlərinin mühafizə zonalarında gəmilərin, barjların və üzən kranların dayanması üçün körpülərin tikintisi, lövbər atılması, ov sahələrinin ayrılması, su bitkilərinin əldə edilməsi, yığılması, məhv edilməsi və heyvanların suvarılması üçün suvatların qurulması; 3.1.6. hava elektrik verilişi xətlərinin mühafizə zonalarından ümumi hündürlüyü yol səthindən 4,5 metrdən artıq olan maşın və mexanizmlərin keçməsi; 3.1.7. yeraltı kabel elektrik verilişi xətlərinin mühafizə zonalarında 0,3 metrdən artıq, şumlanan torpaqlarda isə 0,45 metrdən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində saxlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara aiddir. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Maddə 62. Elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariyamühafizə zonaları altındakı torpaq sahələrinin verilməsi Elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanununun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Həmin Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi”nin 1.3.-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir. Məhkəmə sorğusu ilə iddiaçıya məxsus çıxarışın verilməsinə əsas olan sənədlər cavabdeh inzibati orqandan tələb edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, təqdim edilən iddiaçıya məxsus AN 984042 saylı plan-ölçü sənədinin və ilkin hüquqmüəyyənedici sənədlər olan - №AA 023962 saylı və A №372427 saylı plan-ölçü sənədindəki koordinatlar eynilik təşkil edir. Beləliklə, iddiaçıya AN 984042 saylı plan-ölçü sənədi ilkin koordinatlara uyğun verilmişdir. Həmçinin məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş ortofoto xəritədən çıxarışlardan görünür ki, iddiaçının torpaq sahəsi sənəd üzrə və faktiki yerləşməsi üzrə fərqli ərazilərdə yerləşir. İddiaçının iddia etdiyi torpaq sahəsinə X3 məxsus **********0127 nömrəli (A N-004795 xx.xx.2007) plan-ölçü sənədi və X2 məxsus **********76 reyestr nömrəli torpaq sahəsi işlənmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus plan-ölçü sənədi ilkin koordinatlara uyğun verildiyindən, plan-ölçü sənədinə dəyişiklik edilməsi isə digər şəxslərin mülkiyyət hüququna müdaxilə etdiyindən yuxarıda qeyd edilənlər hallar iddianın rədd edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Aparılan araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması halı müəyyən edilməmiş, imtina əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar