Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1803/2021 07.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Masazır kəndi ərazisində 0,06 ha torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Abşeron rayonu, Masazır kəndi ərazisində 0,06 ha torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması və vahid daşınmaz əmlak şəklində dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini dəqiqləşdirərək Abşeron rayonu, Masazır kəndi ərazisində 0,06 ha torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, o, 2007-ci il tarixdə Abşeron rayonu, Masazır kəndi ərazisində fərdi yaşayış evi tikintisi məqsədi ilə 0.06 ha torpaq sahəsini almaq üçün Abşeron rayon Masazır bələdiyyəsinə müraciət elmişdir. Abşeron Rayon Masazır Bələdiyyəsinin 19 nömrəli, 30.04.2007-ci il tarixli qərarı ilə ona Abşeron Rayon Masazır kəndi ərazisində torpaq sahəsinin normativ qiymətindən az olmamaq şərti ilə torpağın nəzərdə tutulmuş satış qiymətinə görə 700 manat pul vəsaiti onun tərəfindən ödənildikdən sonra Abşeron rayonu Masazır kəndi ərazisində fərdi yaşayış evi tikmək məqsədi ilə 0.06 ha torpaq sahəsinin alqı-satqısına dair aktın tərtib olunması və qeydiyyata alınması qərara alınmışdır. Bu qərar əsasında Abşeron rayon Masazır bələdiyyəsi ərazisində 0.06 ha torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmişdir. Həmin akt onun tərəfindən Kapital Bankının **********0 saylı hesabına 700 manat ödədikdən sonra Abşeron rayon Masazır bələdiyyə orqanının nümayəndəsinin sədri X2, o və Torpaq və Xəritəçəkmə Şöbəsinin müdiri X1 iştirakı ilə imzalanaraq möhürlə təsdiq edilmişdir. Abşeron rayonu Masazır kənd bələdiyyəsinin 1506 № li aktına əsasən, Abşeron rayonu, Masazır kəndinin Yeni Yaşayış massivi ərazisində yaşayış evi tikmək məqsədi ilə layihələndirilməsi üçün Masazır bələdiyyəsinin 19 nömrəli, 30.04.2007-ci il tarixli qərarı ilə göstərilmiş 600 kv.m olan 22№ li torpaq sahəsini yerində ölçüb ayıraraq ona təhvil vermişlər. O, həmin torpaq sahəsində iki mərtəbəli ev tikmişdir. Sadəcə ev tam tikilib bitmədiyinə görə və yaşayışa tam yararlı vəziyyətdə olmadığına görə həmin evdə yaşamağı mümkün olmamışdır. Buna baxmayaraq illərdir ki, torpaq sahəsi və ev onun istifadəsindədir. Sözügedən torpaq sahəsinə dair daşınmaz əmlak şəklində dövlət reyestr xidmətindən çıxarışın verilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin **********37 № li, 24.08.2021-ci il tarixli məktubu ilə ona Masazır bələdiyyəsinin 19 saylı, 30.04.2007-ci il tarixli qərarı ilə torpaq sahəsi ayrıldığı halda, alqı-satqı aktının və ləğv edilmiş DT və XKnın Abşeron rayon şöbəsinin rəyinin 05.11.2007-ci il, icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyi 14.12.2007-ci il tarixdə verimişdir. Cavabdeh təşkilat bunu torpaq sahəsinin satışının qanunamüvafıq qaydada keçirilmədiyi kimi qiymətləndirərək, əsassız imtina vermişdir. Lakin iş materiallarına əlavə olunmuş sənədlərdən də aydın görünür ki, torpaq sahəsi uzun müddət onun istifadəsindədir. Sadəcə mülkiyyət hüququnun tanınmasına dair sənədləşmə işlərində gecikmə olmuşdur. Buna da səbəb mübahisəli torpaq sahəsində evinin tam tikilib bitməməsi olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının nümayəndəsinin 19 oktyabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı, Masazır Bələdiyyəsi tərəfindən İddiaçı 0.06 ha torpaq sahəsinin 30 aprel 2007-ci il tarixli, 19 saylı qərarı ilə ayrıldığı halda, alqı-satqı aktının və ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin 05 noyabr 2007-ci il, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin 24 aprel 2007ci il tarixdə verildiyi müəyyən edilmişdir. Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanının 2-ci bəndinin üçüncü hissəsinə əsasən Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanlan”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyrikənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və torpaq şöbələri həyata keçirirlər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 18-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000,1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Əsasnamənin 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. O zaman Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na Əlavədə Torpaqların alqı-satqısına dair Aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsi müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Lakin “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə Torpaqların alqı-satqısı Qaydalarına Əlavədən - “Torpaqların alqı-satqısına dair Akt" çıxarılmışdır. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 23 oktyabr 2007-ci il tarixli, 466-İİİQD saylı Azərbaycan Respublikası Qanununa əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilərək bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir sözü ilə əvəz olunmuşdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan edilir. Həmin Məcəllənin 67 və 68-ci maddələrinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 90.1-ci və 90.3-cü maddələrinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hər hansı nisbətdə bir-biri ilə dəyişdirilə bilər və torpaq sahəsinin dəyişdirilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia ərizəsinə etirazımızı bildirib iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş edirik. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Abşeron rayonu, Masazır bələdiyyəsinin 19 saylı, 30 aprel 2007-ci il tarixli qərarından görünür ki, İddiaçı bələdiyyənin perspektiv inkişaf fondundan alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi mənzil tikmək məqsədilə 0,06 ha torpaq sahəsi satılması qərara alınmışdır. - Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin 425/1 saylı, 14 dekabr 2007-ci il tarixli rəyindən görünür ki, Masazır bələdiyyəsinin 19 saylı, 30 aprel 2007-ci il tarixli qərarı ilə İddiaçı Masazır kəndi ərazisində fərdi yaşayış evi tikintisi məqsədilə ayrılmış 0,06 ha torpaq sahəsinə hüquqi sənədlərin verilməsinə etiraz edilməmişdir. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 9024 saylı, 05 noyabr 2007-ci il tarixli rəyində qeyd olunmuşdur ki, Masazır bələdiyyəsinin 19 saylı, 30 aprel 2007-ci il tarixli qərarı ilə İddiaçı verilmiş 0,06 ha torpaq sahəsi qanunamüvafiqdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə görə hüquqi sənəd verilməsinə etiraz etmir. - 05 noyabr 2007-ci il tarixli “Torpaqların alqı-satqısına dair” aktdan görünür ki, İddiaçı tərəfindən sözügedən torpaq sahəsinin dəyəri olaraq 700 manat məbləğində pul vəsaiti ödənilmişdir. - 12 aprel 2007-ci il tarixli, **********0saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən Abşeron rayon, Masazır bələdiyyəsinin hesabına 700 manat məbləğində pul vəsaiti köçürülmüşdür. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin **********37 saylı, 24 avqust 2021-ci il tarixli bildirişindən görünür ki, Abşeron rayonu Masazır bələdiyyəsinin 30 aprel 2007-ci il tarixli, 19 saylı qərarı ilə ayrılmış 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilmişdir. -Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Abşeron rayonu Masazır bələdiyyəsinin 30.04.2007-ci il tarixli 19 nömrəli qərarı ilə ayrılmış 600 kv.m torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və X5 kitabında 04 dekabr 2007-ci il tarixdə 4050 nömrə ilə uçota alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Abşeron rayonu, Masazır bələdiyyəsinin 19 saylı, 30 aprel 2007-ci il tarixli qərarı ilə İddiaçı bələdiyyənin perspektiv inkişaf fondundan alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi mənzil tikmək məqsədilə 0,06 ha torpaq sahəsi ayrılmışdır. Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin 425/1 saylı, 14 dekabr 2007-ci il tarixli və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 9024 saylı, 05 noyabr 2007-ci il tarixli rəyləri ilə iddiaçıya həmin torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir. İddiaçı tərəfindən həmin torpaq sahəsinin dəyəri olaraq 700 manat məbləğində pul vəsaiti bələdiyyənin hesabına ödənilmiş və bununla bağlı “Torpaqların alqı-satqısına dair” 05 noyabr 2007-ci il tarixli akt tərtib edilmişdir. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin 24 avqust 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh imtinasının əsası kimi göstərilmişdir ki, Masazır bələdiyyəsi tərəfindən İddiaçı 0,06 ha torpaq sahəsinin 30 aprel 2007-ci il tarixli, 19 saylı qərarla ayrıldığı halda, alqı-satqı aktının və ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin 05 noyabr 2007-ci il, memarlıq və tikinti şöbəsinin rəyinin 14 dekabr 2007-ci il tarixdə verildiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8 və 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin tələbinə görə torpaq sahəsinin mülkiyyətə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaq sahəsi iddiaçıya fərdi yaşayış evinin inşa edilməsi üçün ayrıldığından qanunvericiliyin tələbinə görə həm Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin, həm də Abşeron rayon İcra Hakimiyyətinin memarlıq xidmətinin rəyinin alınması şərt idi. Hazıki işdə də iddiaçıya torpaq sahəsi ayrılarkən qeyd olunan orqanların rəyi alınmış və həmin torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən Abşeron rayon Masazır bələdiyyəsinin hesabına köçürülmüş, bununla bağlı torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmişdir. Eyni zamanda sözügedən torpaq sahəsinə dair iddiaçının adına torpaq sahəsinin planı və ölçüsü sənədi də verilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan rəylərin bələdiyyənin torpaq sahəsini ayırması barədə qərarından sonra verilməsi, eyni zamanda torpaq sahəsinin alqı-saqtı aktının da həmin qərarın qəbulundan bir neçə ay sonra tərtib edilməsi sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Belə ki, həmin orqanların rəyi sonradan verilmiş olsa belə, həmin rəylər sözügedən torpaq sahəsinin ayrılması ilə bağlı müsbət rəylər olmuş, başqa sözlə qeyd olunan orqanlar tərəfindən həmin torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir. Yuxarıda qeyd olunan müddəada da əsas məqsəd bələdiyyə tərəfindən qərarın qəbul edilməsi üçün müvafiq orqanların müsbət rəylərinin olmasıdır. Eyni zamanda həmin rəylər və alqı-satqı aktı sözügedən qərarın qəbulundan uzun müddət sonra deyil, bir neçə ay sonra verilmişdir. Beləliklə bələdiyyə tərəfindən mübahisə predmeti olan torpaq sahəsi həmin torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edilməklə ayrılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron rayonu, Masazır bələdiyyəsinin 19 saylı, 30 aprel 2007-ci il tarixli qərarı ilə ayrılmış Abşeron rayonu, Masazır qəsəbəsində 600 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Abşeron rayonu, Masazır bələdiyyəsinin 19 saylı, 30 aprel 2007-ci il tarixli qərarı ilə ayrılmış Abşeron rayonu, Masazır qəsəbəsində 600 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1803/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1803/2021
07.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver