Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1803/2023 27.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X10 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Əlfət qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 242 nömrəli qərarı ilə ayrılmış 400 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Əlfət qızı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Şəfəq Əfəndizadə küçəsində yerləşən 400 kv m torpaq sahəsinə dair X6 mülkiyyət hüququnun tanınması və onun adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 242 nömrəli qərarı ilə ayrılmış 400 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Xırdalan Bələdiyyəsinin 26 sentyabr 2007-ci il tarixli, 242 №-li sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, Şəfəq Əfəndizadə küçəsində yerləşən 400 kv m torpaq sahəsi fərdi yaşayış evi tikinti məqsədilə iddiaçının mərhum anası X1. Həmin torpaq sahəsinə dair müvafiq rəylər alınmış, torpaq sahəsinin dəyəri ödənilmiş, torpaq naturada təhvil verilmiş, torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir. Torpaq sahəsi hasara alınmışdır, iddiaçı tərəfiondən ağaclar əkilmişdir. Anası xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Onun yeganə varisi iddiaçıdır. İddiaçı mülkiyyət hüququnun qeydə alınması üçün müraciət etdikdə ona imtina bildirişi verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinini dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin səbəbini bildirmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsindən görünür ki, aparılan araşdırma zamanı Xırdalan bələdiyyəsi tərəfindən X4 0.04 ha torpaq sahəsinin 26 sentyabr 2007-ci il tarixli 242 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının təqdim edilmiş sənədlər toplusuna əlavə edilmədiyi və göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafia qaydada həyata keçirilmədiyi və sözügedən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olan ərazidə yerləşdiyi müəyyən olunmuşdur. Bu səbəbdən iddiaçıya imtina bildirişi verilmişdir. İş materiallarında olan: -Abşeron rayon Xırdalan bələdiyyəsinin 26 sentyabr 2007-ci il tarixli 242 №-li sərəncamından görünür ki, X4 fərdi yaşayış evinin tikintisi məqsədi ilə 400 kv m torpaq sahəsi ayrılmışdır. -131 nömrəli xx.xx.2007-ci il tarixli qəbzdən görünür ki, X2 rayon Xırdalan bələdiyyəsinin hesabına 400 manat ödəmişdir. - DTXK-nin Abşeron rayon şöbəsinin 21 sentyabr 2007-ci il tarixli 1156 saylı rəyinədən görünür ki, Abşeron rayonu Xırdalan bələdiyyəsinin 26 sentyabr 2007-ci il tarixli 242 №-li sərəncamı ilə S.Mirzəliyevaya torpaq sahəsinin satılması qanunamüvafiqdir və idarə həmin torpaq sahəsinə mülkiyyət hüququna dair sənədin verilməsinə etiraz etmir. -Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin 25 sentyabr 2007-ci il tarixli 271 saylı rəyindən görünür ki, idarə Abşeron rayon Xırdalan Bələdiyyəsinin 26 sentyabr 2007-ci il tarixli 242 №-li sərəncamı ilə S.Mirzəliyevaya satılmış torpaq sahəsinin sənədləşdirilməsinə etiraz etmir. - DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən tərtib edilmiş plan və ölçü sənədindən görünür ki, həmin sənəd Abşeron rayon Xırdalan bələdiyyəsinin 26 sentyabr 2007-ci il tarixli 242 saylı sərəncamı ilə S.Mirzəliyevaya satılmış torpaq sahəinə dair tərtib edilmişdir. - Ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2020-ci ildə vəfat etmişdir. Məhkəmənin sorğusuna əsasən Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023cü il Abşeron rayon Xırdalan bələdiyyəsinin 26 sentyabr 2007-ci il tarixli, 242 №-li sərəncamının təsdiq edilmiş surəti məhkməyə təqdim edilmişdir. İddiaçının nümayəndəsi X7 məxsus torpaq sahəsinə aid daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı təqdim edərək həmin torpaq sahəsinin mübahisəli torpaq sahəsi ilə bitişik yerləşdiyini və daşınmaz əmlakın dövlət reyestrində həmin torpaq sahəsinin “yaşayış məntəqələrinin torpaqları” kimi qeyd edildiyi bildirilmişdir. Məhkəmə tərəfindən aşağdakı suallar üzrə mütəxəssis rəyinin alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və X15 Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət olunmuşdur: 1)Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 242 saylı qərarı ilə mərhum S.Mirzəyevaya ayrılmış 400 kv m torpaq sahəsi naturada mövcuddur? 2) Torpaq sahəsinin ölan və ölçü sənədində gösərilən torpaq sahəsinin koordinatları Azərbaycan Dövlət Neft Şirkətinin istifadəsində yerləşib-yerləşməməsi müəyyən edilsin; 3)iddiaçının mərhum anası S.Mirzəyevaya ayrılmış torpaq sahəsi X5 mülkiyyətində olan torpaq sahəsi ilə qonşuluqda yerləşir? 4)mübahisəli torpaq sahəsinin təyinatı və kateqoriyası müəyyən edilsin; 5)iddiaçının mərhum anasına ayrılmış torpaq sahəsi üzərində başqa şəxslərin mülkiyyət hüquqları qeydə alınmışdır? Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi tərəfindən göstərilən suallar üzrə aşağıdakı rəy verilmişdir: 1)Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 242 saylı qərarı ilə DTXK tərəfindən mərhum S.Mİrzəyevaya ayrılmış 400 kv m torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün sualın cavablandırılması mümkün olmamışdır, lakin Abşeron rayon Xırdalan bələdiyyəsinin 242 saylı qərarına dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş plan və ölçü sənədində göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi sxemdə göstərilmişdir. 2)Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 242 saylı qərarı ilə DTXK tərəfindən mərhum S.Mİrzəyevaya ayrılmış 400 kv m torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün sualın cavablandırılması mümkün olmamışdır, lakin Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 242 saylı qərarına dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş plan və ölçü sənədində göstərilən koordinatları Azərbaycan Dövlət Neft Şirkətinin istifadəsində ("X16” şirkətinin kontrakt ərazisində) yerləşir. 3)Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 242 saylı qərarı ilə DTXK-sı tərəfindən mərhum S.Mİrzəyevaya ayrılmış 400 kv m torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün sualın cavablandırılması mümkün olmamışdır, lakin Abşeron rayon Xırdalan bələdiyyəsinin 242 saylı qərarına dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş plan və ölçü sənədində göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi X5 mülkiyyətində olan torpaq sahəsinin qonşuluğunda yerləşir. 4)Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 242 nömrəli qərarı əsasında 0.04 ha torpaq sahəsinə tərtib edilmiş AN-108414 blank nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş koordinatlar daxilində yerləşən torpaq sahəsinin kateqoriyası (satıldığı dövrdə və hazırda) ilə bağlı məlumatın verilməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınmış (********** nömrəli, xx.xx.2023-cu il tarixli) sorğuya əsasən "Azərbaycan Respublikasının Abşeron və Bakı şəhəri Binəqədi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında'' 2 oktyabr 2006-cı il tarixli Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Abşeron rayon Aqrar İslahatı Komissiyasının xx.xx.2007-ci il tarixli 78 saylı qərarı ilə təsdiq olunmuş Abşeron rayonu Xırdalan şəhərinə Bakı şəhəri Binəqədi rayonundan ayrılmış torpaqların yerquruluşu planına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidə yerləşir. 5) Torpaq sahəsi üzərində başqa şəxslərin adına mülkiyyət hüquqları qeydə alınmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 23 oktyabr 2007-ci il tarixli 466-lllQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması və ya alqı-satqı aktınını sonradan bağlanması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)” Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Məhkəmə Konstutisiya Məhkəməsninin qərarını əsas tutaraq hesab edir ki, iddiaçının mərhum anası S.Mirzəliyeva ilə bələdiyə arasında alqı-satqı aktının olmaması onun mülkiyyət hüquqnun məhdudlaşdırılmamalıdır. Torpaq sahəsinin dəyərinin ödənilməsi və torpağın satılmasına dair zəruri bütün sənədlərin təqdim edilməsi torpaq sahəsinin həqiqətən S.Mirzəlieyavaya saılması faktını təsdiq edir. Alqı-satqı aktının bağlanması bələdiyyənin səlahiyyətləri çərçivəsinə aid məsələ olmuşdur və iddiaçının (yaxud mərhum anasının) məsuliyyət sferasına daxil deyildir. Məhkəmə həmçinin qeyd edir ki, imtinanın dəlillərindən biri mübahisəli torpaq sahəsinin “X16” şirkətinin sitifadəsində olması ilə bağlı olmuşdur. Bununla bağlı mütəxəssis rəyində qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi yaşayış mənətəqəli torpaqlarına aiddir, eyni zamanda Azərbaycan Dövlət Neft Şirkətinin istifadəsində (“X16” şirkətinin kontrakt ərazisində) yerləşdiyini qeyd etmişdir . Bununla bağlı məhkəmə ilk növbədə onu qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin rəyinin məzmununda sözügedən torpaq sahəsinin Xırdalan bələdiyyəsinin alqısatqı predmeti olmasını nəzərə alaraq, həmin torpaq sahəsinin ayrılmasına etiraz etmədiyi bildirilmişdir. Göründüyü kimi, həmin torpaq sahəsinin ayrıldığı vaxt yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların monitorinqi, onların münbitliyinin təmin olunması, geodeziya və xəritəçəkmə sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı qismində məhz Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi çıxış etməklə, onun tərəfindən həmin torpaq sahəsinin ayrılmasının məqəsədmüvafiq hesab edilməsi barədə rəy qəbul edilmiş və həmin rəy hazırda qüvvədə olmaqla, ləğv edilməmiş, dəyişdirilməmişdir. Həmçinin, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər (ortofoto görüntüsü, qonşu torpaq sahəsinə dair müvafiq sənədlər və digər) əsasında sözügedən torpaq sahəsinin ətrafında olan torpaq sahələrinin kateqoriyalarının yaşayış məntəqələri torpaq sahəsi olduğu müəyyən olunmuşdur. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş çıxarışda X7 məxsus torpaq sahəsinin mübahisəli torpaq sahəsi ilə qonşuluqda yerləşdiyi və həmin torpaq sahəsinə dair çıxarışda “yaşayış məntəqəli torpaqlar” qeyd edildiyi vurğulanmalıdır. Bu halda, məhkəmə hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinin kateqoriyasının yaşayış məntəqələri torpaq sahəsi kimi qeyd edilməsi, habelə həmin torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitisuon norma və prinsipin mahiyyətinə ziddir. Başqa sözlə desək, demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). Bu baxımından məhkəmə qeyd olunan konteksdə də işin hallarına hüquqi qiymət verərək, hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında olan qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı halda, iddiaçıya münasibətdə bu hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi halı özlüyündə onun konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan cavabdeh inzibati orqanın imtina əsası kimi istinad etdiyi qeyd olunan arqumenti də əsassız olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 242 nömrəli qərarı ilə ayrılmış 400 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 242 nömrəli qərarı ilə ayrılmış 400 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1803/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1803/2023
27.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver