Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1803/2025 04.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması” tələbinə dair iddiası üzrə inzibati işə 4 noyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Quba bələdiyyəsinin 24 dekabr 2003-cü il tarixli, 239 nömrəli sərəncamından görünür ki, fərdi yaşayış evin tikintisindən ötrü Quba şəhəri, “Qəçrəş yolu” yaşayış massivinin sol tərəfindəki ərazidən 500 kv.m torpaq sahəsi X13 ayrılmışdır.
2. Quba şəhəri, H.Hüseynov küçəsi 9 saylı evdə yaşayan X11 Quba bələdiyyəsi sədrinin 24 dekabr 2003-cü il tarixli, 239 saylı sərəncamı ilə “Qəçrəş yolu” massivinin sol tərəfindəki ərazidən ayrılmış fərdi evin tikintisi altına düşən B-16 saylı torpaq sahəsinin situasiya planı.
3. Quba bələdiyyəsinin 1 mart 2004-cü il tarixli, 39 nömrəli sərəncamından görünür ki, fərdi yaşayış evin tikintisindən ötrü Quba şəhəri, “Qəçrəş yolu” yaşayış massivinin sol tərəfindəki ərazidən 500 kv.m torpaq sahəsi X10 ayrılmışdır.
4. Quba şəhəri, H.Hüseynov küçəsi 1/9 saylı evdə yaşayan X8 Quba bələdiyyəsi sədrinin 1 mart 2004-cü il tarixli, 39 saylı sərəncamı ilə “Qəçrəş yolu” massivinin sol tərəfindəki ərazidən ayrılmış fərdi evin tikintisi altına düşən B-15 saylı torpaq sahəsinin situasiya planı.
5. 10 noyabr 2004-cü il tarixli, 4Ə-692 reyestr nömrəli müqavilədən görünür ki, satıcı X7 bələdiyyəsinin 24 dekabr 2003-cü il tarixli, 239 nömrəli sərəncamına əsasən ona məxsus Quba şəhəri, “Qəçrəş yolu” yaşayış massivinin sol tərəfindən 500 kv.m torpaq sahəsini alıcı İddiaçı satmışdır.
6. 10 noyabr 2004-cü il tarixli, 4Ə-691 reyestr nömrəli müqavilədən görünür ki, satıcı X6 bələdiyyəsinin 1 mart 2004-cü il tarixli, 39 nömrəli sərəncamına əsasən ona məxsus Quba şəhəri, “Qəçrəş yolu” yaşayış massivinin sol tərəfindən 500 kv.m torpaq sahəsini alıcı İddiaçı satmışdır.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 25 iyun 2024-cü il tarixli, 3-21-3-34/2-6792/2024 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, ərizəyə əlavə edilmiş Quba rayon dövlət notariat kontoru tərəfindən təstiq olunmuş 10 noyabr 2004-cü il tarixli, 4Ə-691 reyestr nömrəli müqaviləsinə əsasən yarımçıq tikili alqısatqı predmeti olmuşdur. Bildirilmişdir ki, göstərilən alqı-satqı müqaviləsində 0,05 ha torpaq sahəsi üzərində satıcı tərəfin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Göstərilən halda həmin torpaq sahəsi alqı-satqı predmeti deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur.
8. 31 oktyabr 2025-ci il tarixli, 8İ-14150 reyestr nömrəli ərizədən görünür ki, X19 10 noyabr 2004-cü il tarixdə, ona məxsus olmuş ünvan 3i ünvanında yerləşən Quba bələdiyyəsinin 24 dekabr 2003-cü il tarixli, 239 nömrəli 0,05 ha torpaq sahəsini Quba rayon Notariat kontorunda rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında İddiaçı satmışdır. Qeyd olunan torpaq sahəsinə dair İddiaçı adına mülkiyyət hüququnun rəsmiləşdirilməsinə və onun adına dövlət reyestrindən müvafiq çıxarışın verilməsinə etiraz etmir, bununla bağlı gələcəkdə heç bir iddia və tələbi olmayacaq.
9. 31 oktyabr 2025-ci il tarixli, 8İ-14148 reyestr nömrəli ərizədən görünür ki, X14 10 noyabr 2004-cü il tarixdə, ona məxsus olmuş ünvan 3i ünvanında yerləşən Quba bələdiyyəsinin 1 mart 2004-cü il tarixli, 39 nömrəli 0,05 ha torpaq sahəsini Quba rayon Notariat kontorunda rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında İddiaçı satmışdır. Qeyd olunan torpaq sahəsinə dair İddiaçı adına mülkiyyət hüququnun rəsmiləşdirilməsinə və onun adına dövlət reyestrindən müvafiq çıxarışın verlməsinə etiraz etmir, bununla bağlı gələcəkdə heç bir iddia və tələbi olmayacaq.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
10. Azərbaycan Respublikası Dövlət X17 23 sentyabr 2025-ci il tarixli, 3-48-DA-6F/2- 4xx-xx/2025 nömrəli məktubu ilə aşağıdakı sənədlərin surəti qoşma şəklində göndərilmişdir: - Quba bələdiyyəsinin 24 dekabr 2003-cü il tarixli, 239 nömrəli sərəncamı (§1); - B-16 saylı torpaq sahəsinin situasiya planı (§2); - Quba bələdiyyəsinin 1 mart 2004-cü il tarixli, 39 nömrəli sərəncamı (§3); - B-15 saylı torpaq sahəsinin situasiya planı (§4).
11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 26 sentyabr 2025-ci il tarixli, 3-16-5/2-87372/2025 nömrəli məktubundan görünür ki, arxivə təhvil verilmiş 4Ə-691 və 4Ə-692 reyestr nömrəli müqavilələrin 18 dekabr 2004-cü il tarixdə digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Qoşma şəklində aşağıdakı sənədlərin surəti göndərilmişdir: - 18 dekabr 2004-cü il tarixli, 229116 nömrəli, 4Ə-691 reyestr nömrəli müqavilədən görünür ki, satıcı X3 şəhəri, M.Əcəmi, ev 11 ünvanında yerləşən mənzili alıcı X2. - 18 dekabr 2004-cü il tarixli, 229119 nömrəli, 4Ə-692 reyestr nömrəli müqavilədən görünür ki, satıcı X4 rayonu, İİ Nügədi kəndində yerləşən ünvanında yerləşən əmlakı alıcı X1.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri:
12. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qəçrəş yolu” yaşayış massivinin sol tərəfindən fərdi evin tikintisi üçün 500 kv.mdən ibarət B-16 saylı torpaq sahəsinə və “Qəçrəş yolu” yaşayış massivinin sol tərəfindən fərdi evin tikintisi üçün 500 kv.m-dən ibarət B-15 saylı torpaq sahəsinə iddiaçının hüquqlarını dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi işin hallarına (§1-9) istinad edilərək onunla əsaslandırılmışdır ki, qeyd olunan torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə əlaqədar iddiaçı tərəf cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətin icrası təmin edilməmişdir. Qeyd edilir ki, X14 yaşayış evinin tikintisini başlamış, lakin müəyyən maddi imkansızsızlıq səbəblərindən fərdi yaşayış evinin tikintisi başa çatdırılmamış və ev yarımtikili vəziyyətdə qalmışdır və indi də mövcuddur. Daha sonra qeyd edilən ərazi iddiaçıya satılmış, həmin vaxtdan yarımtikili ev iddiaçının istifadəsi və sərəncamındadır. Onun tərəfindən tikinti işləri davam etdirilmiş, lakin yenə də tamamlanmamışdır. Göründüyü kimi cavabdehin təqdim edilmiş ərizənin təmin etməməsi iddiaçının hüquqlarının pozulması ilə yanaşı qanunlara ziddir.
14. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13, 25, 29, 60, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1, 139-1.1.3, 152.1, 152.2, 152.3, 152.4, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 14.1, 14.3, 16.2, 58.1, 59.1.5, 67.1, 67.2, 67.3, prosessual hüquqi əsası kimi isə İPM-in 2.2, 13, 14.1, 33.1, 33.2, 35.1, 70.1, 70.3, 74-cü maddələrinə istinad edilmişdir.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
16. Məhkəmənin 29 avqust 2025-ci il tarixli, 2-1(118)-1803/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması” tələbinə dair iş üzrə X14 və Paşayev (Orucov) Dəyanət Adil oğlu (bundan sonra – “üçüncü şəxslər”) məhkəmə icraatına üçüncü şəxslər qismində (adi cəlbetmə) cəlb edilmişdirlər.
17. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri:
18. Cavabdeh orqan iddia tələbinə qarşı etiraz təqdim edərək, imtina məktubunda (§7) göstərilən hallara istinad etmiş, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
19. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2, 11.1, 15-ci maddələrinə istinad edilmişdir.
c) Tərəflərin iştirakı və izahatları:
20. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
23. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
24. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
25. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsi və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
a) İddianın mümkünlüyü:
26. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
27. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
28. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
29. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
30. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
b) Tətbiq edilən hüquq:
31. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (-)
32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır;
Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. (-)
Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;
Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi (-) 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. (-)
Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-)
33. TM-in müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur: Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
Maddə 55.Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: (-) hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; (-)
Maddə 66.Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
Maddə 67.Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. (-)
Maddə 68.Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
34. MM-in müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-)
Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar
139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı (-)
35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.
36. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
37. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 52. Məhkəmə baxışının hədləri
Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)
Maddə 68. Məhkəmə qərarının əsası
68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)
c) Məhkəmənin mövqeyi
38. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
39. Qanunvericiliyin tələbindən göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir.
40. İddiaçı tələbinin əsası kimi bildirir ki, 10 noyabr 2004-cü il tarixli 4Ə-691 və 4Ə-692 nömrəli alqı-satqı müqavilələrə əsasən X7 bələdiyyəsinin 24 dekabr 2003-cü il tarixli, 239 nömrəli sərəncamı, X14 isə Quba bələdiyyəsinin 1 mart 2004-cü il tarixli, 39 nömrəli sərəncamı ilə onların hər birinə ayrılmış 0,05 ha torpaq sahələri üzərində yerləşən yarımçıq tikili iddiaçıya satılmış, qeyd edilən sənədlərin mövcud olduğuna baxmayaraq, cavabdeh tikilinin altında yerləşən torpaq sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasından əsassız olaraq imtina etmişdir.
41. Cavabdehin imtinası isə onunla əsaslandırılmışdır ki, Quba rayon dövlət notariat kontoru tərəfindən təstiq olunmuş 10 noyabr 2004-cü il tarixli, 4Ə-691 reyestr nömrəli müqaviləsinə əsasən yarımçıq tikili alqı-satqı predmeti olmuş, göstərilən alqı-satqı müqaviləsində 0,05 ha torpaq sahəsi üzərində satıcı tərəfin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamış, bu halda həmin torpaq sahəsi alqı-satqı predmeti deyildir.
42. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Quba bələdiyyəsinin 24 dekabr 2003-cü il tarixli, 239 nömrəli sərəncamı ilə üçüncü şəxs D.Orucova, 1 mart 2004-cü il tarixli, 39 nömrəli sərəncamı ilə isə üçüncü şəxs R.Bağırovaya hər birinə 0,05 ha torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamlar əsasında torpaq sahələri üzərində tikinti işləri başlanılmış, başa çatdırılmamış, yarımçıq tikili isə 10 noyabr 2004-cü il tarixli, 4Ə- 691 və 4Ə-692 nömrəli alqı-satqı müqavilələrə əsasən üçüncü şəxslər tərəfindən iddiaçıya satılmışdır.
43. Məhkəmə hər iki tərəfin istinad etdiyi halları araşdırmaq məqsədi ilə, müvafiq sorğular ünvanlamış, Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin təqdim etdiyi sənədlər ilə müəyyən etmişdir ki, qeyd edilən 4Ə-691 və 4Ə-692 reyestr nömrəli alqı-satqı müqavilələr üçüncü şəxslər və iddiaçı arasında deyil, digər şəxslər arasında bağlanılmışdır. Odur ki, iddiaçı tərəfin istinad etdiyi alqı-satqı müqavilələrin həqiqiliyi öz təsdiqini tapmamışdır.
44. Bundan başqa, üçüncü şəxslər tərəfindən təqdim edilmiş ərizələr ilə mübahisə predmeti olan torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasına etiraz edilmədiyi bildirilsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, alqı-satqı predmeti olan yarımçıq tikilinin altında yerləşən və müvafiq sərəncamlarla ayrılmış torpaq sahələri üzərində üçüncü şəxslərin mülkiyyət hüquqları qeydiyyata alınmamışdır.
45. Bu səbəbdən də, məhkəmə cavabdeh orqanın imtina dəlillərini əsaslı hesab edərək bildirir ki, qanunvericiliyə uyğun qaydada təsdiq edilməmiş, həmçinin mübahisələndirilən torpaq sahələri deyil, üzərində yerləşən yarımçıq tikiliyə dair bağlanılmış alqı-satqı müqavilələr, torpaq sahələri üzərində satıcıların mülkiyyət hüquqları qeydiyyata alınmadığını da nəzərə alaraq, mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsas hesab edilə bilməz.
46. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
47. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddianı sübuta yetirə bilməmiş, tələbi ilə bağlı mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir.
48. Beləliklə, məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. İmtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz.
49. Məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
50. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Könül Həbibova