Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1805/2021 01.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 1140 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reystrindən mülkiyyət hüququ haqqında çıxarış verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 1140 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reystrindən mülkiyyət hüququ haqqında çıxarış verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qasımov X4 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 96 ünvanında yerləşən qeyri-yaşayış binasının mülkiyətçisidir, həmin bina onun xüsusi mülkiyyətindədir və bu məqsədlə ona 30.12.2014-cü il tarixli RX seriyalı ******* №-li Reyestrdən çıxarış verilmişdir. Bildirir ki, Abşeron rayon Xırdalan Bələdiyyə sədrinin 29 noyabr 2006-cı il tarixli 395 nömrəli qərarı ilə abşeron rayonu, Xırdalan bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən Quşçuluq yaşayış massivində Abşeron rayon Korperativ Cəmiyyəti üzrə 16 iyul 2004-cü il tarixli 13 saylı sərəncamla X1 tikililərin yerləşdiyi 1140 kv m torpaq sahəsinin ona sahibkarlıqla məşğul olmaq üçün tikinti məqsədilə satılması, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən hazırlanmış sənədlərin nəzərə alınması, 1140 kv m torpaq sahəsinin X1 (10.12.2013-cü il tarixdə vəfat etmişdir - Ölüm haqqında şəhadətnamə əlavə olunur) torpaq sahəsinin satılması qərara alınmışdır. Həmin qərarı icrası məqsədi ilə A.Mahmudova ilə Abşeron rayon Xırdalan bələdiyyəsi arasında 11.12.2006-cı il tarixli, 3846 Ne-li torpaqların alqı-satqısına dair akt imzalanmışdır. Həmin akta əsasən Xırdalan bələdiyyə ərazisində yerləşən 1140 kv. m. torpaq sahəsinin A.Mahmudovaya satılması müqabilində A.Mahmudova tərəfindən Xırdalan bələdiyyəsininin AKT-da qeyd olunan hesab nömrəsinə 228 manat məbləğində vəsait köçürülmüşdür. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Azbəyim Mahmudovaya 15.12.2006-cı il tarixində Abşeron rayonu Xırdalan bələdiyyəsi ərazisində 1140 kv.m. sahəsi olan torpaq sahəsinə dair 1561 №-li plan və ölçü tərtib edilmişdir. Daha sonra həmin torpaq sahəsində yerləşəyən qeyri-yaşayış binasına 30.12.2014cü il tarixində RX ******* № ilə İddiaçı adına (A.Mahmudovanın əri) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Hesab edir ki, A.Mahmudovanın istifadəsinə verilən qeyd olunan torpaq sahəsinə dair mülkiyyət hüququ haqqında dövlət reyestrindən çıxarışın verilməsi zərurəti yaranmışdır. İddiaçının mülkiyyətində olan torpaq sahələrinə çıxarışların verilməsi üçün cavabdeh inzibati orqana 18.06.2021-ci il tarixli ərizə ilə müraciət olunmuşdur. Ərizəsinə cavab olaraq 13.07.2021 -ci il tarixli (bizə təqdim olunduğu tarix 27.07.2021) məktubla imtina cavabı verilmişdir. Cavabdeh inzibati orqanının 13.07.2021-ci il tarixli məktubundan aşağıdakılar qeyd olunmuşdur ki, araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 96 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətindən olmaqla Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlarına aid olması məlum olmuşdur. Bu səbəbdən ərizənin icrasından imtina edilmişdir.” İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın imtina cavabının heç bir hüquqi və faktiki əsası yoxdur. Cavabdeh inzibati orqan çıxarışın verilməsinin mümkün olmadığını hüquqi cəhətdən əsaslandırmamış, hansı qanunvericilik normasına əsasən çıxarışın verilməsindən imtina edildiyini qeyd etməmişdir. Cavabdehin qanunsuz imtinası inzibati icraatın əsas prinsiplərindən olan mötəbərlik prinsipinin pozulması ilə tərtib edilmişdir. Belə ki, həmin prinsipin mahiyyətinə əsasən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin həqiqətə uyğun olmadığını sübut etmək vəzifəsi cavabdeh inzibati orqanın üzərinə düşür. Cavabdeh inzibati orqana ünvanlanmış müraciətə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, mübahisəli torpaq sahələri alqısatqı müqavilələri əsasında iddiaçının mülkiyyətinə keçmiş, torpaq sahələrinə dövlət orqanları tərəfindən plan və ölçü, mülkiyyət hüququ haqqında aktı təqdim edilmişdir. Məhz həmin sənədlər daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun tələblərinə əsasən mülkiyyət hüququ haqqında çıxarışın verilməsi üçün əsasdır. Həmin sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyi üçün mötəbərlik prinsipinə əsasən iddiaçıya torpaq sahələrinə dair mülkiyyət hüququ haqqında çıxarış verilməli idi. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 1140 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reystrindən mülkiyyət hüququ haqqında çıxarış verilməsini istəyir. İddiaçı, mərhum X1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 1140 kv.m torpaq sahəsi üzərində birbaşa öz mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reystrindən mülkiyyət hüququ haqqında çıxarışın verilməsini istəyir. Belə bir halın mövcudluğu isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsində deyilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunun bu normasına əsasən, hər hansı əsasla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində vəfat etmiş şəxsin mülkiyyət hüququna dair çıxarış tərtib olunması qanunda nəzərdə tutulmamışdır. Qanun bu vəziyyətdə belə bir tənzimləmə qaydasını müəyyən edir ki, qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında mərhumun vərəsəsinə arayış verir və bu arayış, miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı (çıxarışın verilməsi) üçün əsasdır. Bundan əlavə “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 1.2-ci bəndinə əsasən, bu Təlimatla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra - Xidmət) ərazi idarələri tərəfindən daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (bundan sonra - arayış) yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Təlimatın 7.2-ci bəndində deyilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, mövcud hüquqların qeydiyyatı ilə bağlı fərqli tənzimləmələr mövcuddur. Məhkəmə praktikasında “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a uyğun olaraq mübahisələrin həlli mövcud olsada, hazırda yuxarı instansiya məhkəmələrində bu çür mübahisələrin həllinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22-ci maddəsinə uyğun olaraq həll edilməli olması mövqeyi formalaşdığına görə, hüquqi müəyyənlik prinsipi baxımından məhkəmə hesab edir ki, bu çür mübahisələr “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə uyğun həll edilməlidir. Hazırkı iş üzrə iddiaçı ölmüş şəxsin adına arayış verilməsini tələb etmədən torpaq sahəsinə birbaşa öz adına çıxarışın verilməsini istəyir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununla cavabdeh inzibati orqana bu cür səlahiyyət verilmədiyinə görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamlıdır. İddiaçıya izah edilsin ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22-ci maddəsinə uyğun olaraq cavabdeh inzibati orqana təkrar müraciət edə bilər, inzibati orqan imtina vəya hərəkətsizlik edərsə, məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1805/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1805/2021
01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver