Məhkəmə qərarları › İş №2-1(118)-1806/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1806/2021

06.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1806/2021 06.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi ilə, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “21.05.2021-ci il tarixli, 12995 nömrəli xəstəlik haqqında şəhadətnamədə göstərilən xəstəliyin səbəb əlaqəsinin dəyişdirilərək “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə göstərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddiasına Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasına qarşı “21.05.2021-ci il tarixli, 12995 nömrəli xəstəlik haqqında şəhadətnamədə göstərilən xəstəliyin səbəb əlaqəsinin dəyişdirilərək “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə göstərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 12.05.2017-ci ilin oktyabrından 2021-ci ilin iyun ayınadək AR Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olmuşdur. 2017-ci ildə AR Müdafiə Nazirliyində hərbi həkim komissiyasından keçərək hərbi xidmətə yararlı sayılmışdır. Hərbi xidmətə N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi başlamış və həmin hərbi hissədə xidmət etmişdir. 2021-ci ilin mart ayında SQ Baş Klinik Hospitalında büzdümün dermoid sistinə görə müayinə olunarkən iddiaçıda “insanın immun çatışmazlığı virusu” aşkar olunmuşdur. 21 may 2021-ci il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirimiş və ona “insanın immun çatışmazlığı virusuna yoluxma” diaqnozu qoyularaq “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” sayılmış və həmin xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi ümumi xəstəlikdir” kimi göstərilmişdir (əsas: 21.05.2021-ci il tarixli, 12995 nömrəli xəstəlik haqqında şəhadətnamə”). İddiaçıda aşkar olunan xəstəliyin (insanın immun çatışmazlığı virusu) səbəb əlaqəsi dəyişdirilərək “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə göstərilməlidir. Belə ki, Hərbi Həkim Ekspertizası Haqqında Əsasnamədə yazılıb: Maddə 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: e) “Ümumi xəstəlikdir” qərarı aşağıdakı hallarda çıxarılır: əgər şəhadətləndirilən şəxsdə xəsarət, xəstəlik onun onun hərbi xidmətə (hərbi toplanışa) çağrılmasına, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmətkeçmə (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmamışsa. İddiaçıya verilmiş 21.05.2021-ci il tarixli, 12995 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, o, 2017-ci ildə hərbi xidmətə çağrılmış, xəstəlik isə onda 2021-ci ilin fevral-mart aylarında, yəni xidmət etdiyi dövrdə aşkar edilmişdir. 2017-ci ildə iddiaçı hərbi xidmətə daxil olarkən hərbi həkim komissiyasında hərtərəfli müayinədən keçmiş və adı çəkilən xəstəliyin əlamətləri iddiaçıda aşkar olunmamışdır. Deməli, bu xəstəlik onda hərbi xidmət dövrü qazanılmışdır. 21.05.2021-ci il tarixli, 12995 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”də göstərilən xəstəliyin “insanın immun çatışmazlığı virusu ilə yoluxma” səbəb əlaqəsinin dəyişdirilərək “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə göstərilməsi barədə qərar qəbul edilməsi xahişi ilə iddiaçı 2021-ci ilin 01 sentyabr tarixində cavabdehə ərizə ilə müraciət etsə də müraciətinə 01.09.2021-ci il tarixli 1412 nömrəli məktubla imtina cavabı verilmişdir. Lakin həmin imtina tamamilə əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin ounmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 20.09.2021-ci il tarixli, 2-1(118)-1806/2021 saylı sərəncamı və vətəndaş İddiaçı iddia ərizəsi Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasına (MN MHHK) daxil olmuş və araşdırılmışdır. Araşdırmanın nəticəsi olaraq qeyd olunmalıdır ki, 21.05.2021-ci il tarixdə MN Mərkəzi Hərbi Poliklinikanın hərbi-həkim komissiyası tərəfindən M.Əlizadədə müəyyən edilmiş “İnsanın immun çatışmazlığı virusu ilə yoluxma” diaqnozu ilə olan xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2. bəndinin e yarımbəndinə əsasən “ÜMUMİ XƏSTƏLİKDİR” kimi təyin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə edilmiş “Hərbi-həkim eskpertizası haqqında Əsasnamənin” 1.8. bəndinə əsasən, şəhadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam aparılmasına, müayinələrin nəticələrinə görə həkim-ekspert sənədlərinin hazırlanmasına, rəsmiləşdirilməsinə və hərbi-komissiyasına təqdim edilməsinə görə məsuliyyət müayinə aparılan tibb bölməsinin üzərinə düşür. Hər bir həkim-mütəxəssis hərbi-həkim ekspertizası ilə əlaqədar verdiyi əsaslılığına və obyektivliyinə görə məsuliyyət daşıyır”. Xəstəlik ilk dəfə iddiaçıda 2021-ci ilin fevral-mart aylarında SQ ВKH-da müayinə zamanı aşkar edilmişdir. Diaqnozu dəqiqləşdirmək üçün o, Respublika QİÇS-lə Mübarizə Mərkəzinə göndərilmişdir. Qan nümunəsi müayinə olunmuş və nəticəsi müsbət olduğundan 23.04.2021-ci il tarixdə qeydiyyata götürülmüşdür. İddiaçı 12.04.2021-ci ildən 24.04.2021-ci ilə kimi MN Mərkəzi Hərbi Poliklinikasında müayinələrdə olmuş, SQ Baş Klinik Hospitalın infeksionisti ilə konsultasiya aparılmışdır. Müayinə nəticəsində onda yoluxma təyin edilmiş, N saylı hərbi hissə komandirinin 12.04.2021-ci il tarixli 1023 saylı göndərişinə əsasən 21.05.2021-ci ildə MN Mərkəzi Hərbi Poliklinikanın hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda təyin edilmiş yoluxmaya görə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “xəstəliklər cədvəli”nin 5 “b” maddəsinin İİİ qrafasına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” sayılmış və yoluxmanın hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi Həkim ekspertizası haqqında” Əsasnamənin 7.2-ci bəndinin e) yarım bəndinə əsasən “ümumi xəstəlikdir” kimi təyin edilmişdir. İddaçıya aid tibbi sənədlər MN MHHK-nın həkim mütəxəssisi-terapevti tərəfindən araşdırılmış və İddiaçı yoluxmanın olduğu təsdiq edilmişdir, yoluxmanın hərbi xidmətlə əlaqəsinin düzgün təyin edildiyi müəyyən edilmiş, N.Əlizadədə yoluxma olduğu nəzərə alınmış və 11.06.2021-ci ildə MN Mərkəzi Hərbi Poliklinikanın hərbi-həkim komissiyasının qərarı MN MHHK tərəfindən təsdiq edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazla eyni məzmunlu izahat verərək təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İş materiallarrına aşağıdakılar daxildir: İddiaçıya məxsus şəxsiyyət vəsiqəsi və şəxsi vəsiqə ilə müəyyən olunur ki, o, xx.xx.1992-ci ildə Quba rayonunun Səbətlər kəndində anadan olmuş, Abşeron rayonunun Hökməli qəsəbəsində qeydiyyatdadır və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur.. İşdə olan 12995 nömrəli “Xəstəlik haqqında” şəhadətnaməyə əsasən iddiaçıya xəstəliyin səbəbi olaraq “ümumi xəstəlikdir” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının 1412 saylı, 01.09.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının xəstəliyinin “ümumi xəstəlikdir” kimi düzgün təyin edildiyi və dəyişdirilməsi üçün hər hansı əsasın olmadığı müəyyən edilmişdir. Məhkəmə sorğusu nəticəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının 10.11.2021-ci il tarixli məlumatı ilə müəyyən olunur ki, iddiaçıya dair 19.12.2016-cı il tarixli 979 nömrəli hərbi həkim komissiyasının müayinə vərəqəsinə əsasən “hərbi xidmətə yararlıdır” qərarı verilmişdir. İddiaçıya aid N nömrəli Hərbi Hissənin tibbi xidməti baş leytenantının verdiyi tibbi xasiyyətnaməyə əsasən iddiaçı xidmət etdiyi müddət ərzində N nömrəli hərbi hissənin tibb bölüyündə tibbi təminatdadır və müalicə müəssisələrində stasionar müalicədə olmamışdır. 18.05.2021-ci il tarixli xəstəlik haqqında şəhadətnaməyə əsasən iddiaçıya dair “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” və “xəstəlik ümumi xəstəlikdir” qərarı verilmişdir. Müayinə vərəqinə əlavəyə əsasən iddiaçının heç bir şikayəti yoxdur. İddiaçının deməsinə görə xəstəlik ilk dəfə 2021-ci ilin fevral ayında “büzdümün dermoid sisti” daiqnozu ilə əlaqədar müayinə zamanı aşkar olunmuşdur. Xəstəliyin ümumi xəstəlik olması müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Qeyd edilməlidir ki, məcburetmə haqqında iddia vasitəsilə iddiaçı məhkəmə qarşısında inzibati orqandan “İnzibati icraat haqqında” Qanunun 2.0.10-cu maddəsində nəzərdə tutulmuş mənada onun üçün əlverişli vəziyyət yaradan inzibati akt qəbul edilməsini, yəni özünün hüquqi vəziyyətinin genişləndirilməsini tələb edə bilər. Eyni zamanda məcburetmə haqqında iddia onunla səciyyələnir ki, şəxs həmin Qanunun 28.1.1ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi üçün ərizə ilə inzibati orqana müraciət etsin və inzibati orqan həmin ərizəni rədd etsin. Hazırkı iddiaçının tələbi xəstəliyin səbəbli əlaqəsinin dəyişdirilməsi ilə bağlıdır. Xəstəliyin səbəbli əlaqəsinin dəyişdirilməsi isə iddiaçının hüquqi vəziyyətinin bilavasitə genişləndirilməsinə gətirib çıxaracağı nəzərə alındıqda məhkəmə hesab edir ki, hazırkı iddia növü məcburetmə haqqında iddia növünə uyğundur. İPM-in 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi 01.09.2021-ci il tarixli imtina cavabından sonra iddia ərizəsini 01.09.2021-ci il tarixdə poçt xidmətinə təqdim etmiş, iddia ərizəsi 02.09.2021-ci il tarixdə qeydiyyata alınmış, beləlikə 30 günlük iddia müddətini ötürməmişdir. Bununla da, iddianın mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: -1.2-ci bəndinə görə Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra - digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və gömrük orqanlarında (bundan sonra - orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra - vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. -1.3-cü bəndinə görə Hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra - şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkim-uçuş komissiyaları) yaradılır. -1.7-ci bədinə əsasən Hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) qərarları «Xəstəliklər cədvəli»nə və vətəndaşların sağlamlıq vəziyyətinə əlavə tələblər cədvəlinə uyğun olaraq, hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) iclasda iştirak edən üzvlərinin səs çoxluğu ilə qəbul olunur. -7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. -7.2-ci bəndinə görə Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır» qərarına aşağıdakılar aiddir: -əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; -əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; -əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; -əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. e) «Ümumi xəstəlikdir» qərarı aşağıdakı hallarda çıxarılır: -əgər şəhadətləndirilən şəxsdə xəsarət, xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmətkeçmə (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmamışsa; -əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədi ilə özünə yetirmişsə; -əgər şəhadətləndirilən şəxsin xəstəliyi hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra yaranmışsa və xəstəliyin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət dövrünə aid etməyə əsas yoxdursa. İşin yuxarıda sadalanan normalarından müəyyən olunur ki, hərbi qulluqçuların şəhadətləndirilməsi üzrə müvafiq qərarın qəbul olunması hərbi-həkim komissiyasının səlahiyyətindədir. Xəstəliyin səbəbli əlaqəsi ç) «Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır» qərarı əsasən xəstəlik: 1. hərbi xidmət keçmə dövründə yarandığı, 2. hərbi xidmətə daxil olana qədər yaransa da xəstəlik hərbi xidmət dövründə xidmətə yaralılıq kateqoriyasını dəyişən dərəcəyə çatdığı, 3. xəstəliyin başlanğıcının hərbi xidmət dövründə yaranmaqla hərbi xidmət başa çatdıqdan 1 il ərzində təyin edilmiş xəstəlik olduğu halda qəbul edilir. Xəstəliyin səbəbli əlaqəsi e) «Ümumi xəstəlikdir» qərarının təyin edilməsi üçün xəstəlik: 1. hərbi xidmətə daxil olana qədər yaranmalı, hərbi xidmət dövründə xidmətə yararlılığın dəyişən dərəcəyə çatmamalı, 2. şəxs hərbi xidmətdən yayınmaq məqsədilə özünə xəsarət yetirməli; 3. başlanğıcı hərbi xidmət dövrünə aid edilməyən, hərbi xidmət başa çatdıqdan sonra aşkar olunan xəstəlik olmalıdır. Hazırkı işin yuxarıda qeyd edilən faktiki hallarından müəyyən olunur ki, iddiaçı 12.05.2017-ci ildən müddətdən artıq hərbi xidmətdə olmuşdur. Xəstəlik ilk dəfə 2021-ci ilin mart ayında Baş Klinik Hospitalda müayinə zamanı aşkar edilmişdir. İddiaçıda aşkar olunmuş diaqnozun dəqiqləşdirilməsi ilə bağlı Respublika QİÇS-lə Mübarizə Mərkəzinə göndərilmiş, qan nümunəsinin nəticəsi müsbət olduğundan 23.04.2021-ci il tarixdə qeydiyyata götürülmüşdür. Daha sonra Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Poliklinikasının 12.04.2021-24.04.2021-ci il tarixlərdə müayinələrində olmuş, nəticədə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyası tərəfindən 21.05.2021-ci il tarixli qərarı ilə tibbi şəhadətləndirilmiş, onda aşkar olunmuş insanın immunçatışmazlığı virusu ilə yoluxma diqanozu xəstəliyin səbəbli əlaqəsi «Ümumi xəstəlikdir» qeyd edilməklə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq bu nəticəyə gəlir ki, hazırkı iş üzrə iddiaçıda aşkar olunmuş xəstəliyin səbəbli əlaqəsinin e) “ümumi xəstəlik” kimi seçilməsinin yuxarıda qeyd edilən əsasları müəyyən olunmur. Belə ki, iddiaçının insanın imumunçatışmazlığı virusu ilə yoluxmasının məhz hərbi xidmət dövründə baş verməsinin sübutudur ki, iddiaçı hələ 2017-ci ildə müddətdən artıq hərbi xidmətə qəbul edilərkən tibbi müayinədən keçmiş və onda qeyd edilən xəstəlik aşkar edilməmiş, iddiaçı sağlam şəkildə hərbi xidmətə qəbul edilmişdir. Eyni zamanda təqdim olunmuş tibbi sənədlərdən də müəyyən olunur ki, iddiaçı xidmət etdiyi dövrdə səhhəti ilə bağlı xidmət etdiyi hərbi hissənin tibb məntəqəsinə müraciət etməmiş, tibbi şəhadətləndirilməmişdir. Eyni zamanda iddiaçıda başlanğıcı hərbi xidmət dövrünə aid edilməyən və hərbi xidmət başa çatdıqdan sonra yaranmış xəstəlik aşkar olunmamışdır. Qeyd edildiyi kimi iddiaçıda xəstəlik bilavasitə hərbi xidmət dövründə aşkar edilmiş, bundan sonra iddiaçı xəstəliyə görə ehtiyata buraxılmışdır. Beləliklə, iddiaçıda aşkar olunmuş xəstəliyin hərbi xidmət keçmə dövründə yarandığının müəyyən olunması xəstəliyin səbəbli əlaqəsinin ç) «Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır» kimi qeyd olunması nəticəsinə gəlməsinə əsas verir. Cavabdehin iddiaya etirazının dəlili ilə razılaşmayaraq məhkəmə qeyd edir ki, iddiaçıda xəstəliyin deyil, yoluxmanın olduğunun müəyyən edilməsi onun barəsində verilmiş səbəbli əlaqənin düzgün müəyyən edildiyi qənaətinə gəlməyə əsas vermir. Belə ki, Əsasnamənin “Xəstəliklər Cədvəlində” 5-ci bölmədə “Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi” qrafasında İnsanın immunçatışmazlığı virusunun (İİÇV) törətdiyi xəstəlik: a) xəstələr (qazanılmış immunçatışmazlığı sindromu - QİÇS) və b) İİÇV-lə yoluxmuşlar qeyd edilmişdir. Qeyd edilmişdir ki, qanyaratma sisteminin, digər orqanların patoloji dəyişiklikləri ilə müşayiət olunan anadangəlmə və qazanılmış immunçatışmazlığı halları olduqda hərbi xidmətə, hərbi-uçot ixtisasları üzrə xidmətə yararlılıq kateqoriyası zədələnmiş orqanın və ya orqanlar sisteminin funksiyalarının pozulma dərəcəsindən asılı olaraq «Xəstəliklər cədvəli»nin müvafiq maddələri üzrə təyin edilir. Göründüyü kimi xəstəliklər cədvəlində qanunverici yoluxma və xəstəlik kateqoriyaları arasında fərq qoymamış, hərbi qulluqçunun hərbi xidmətə yararlılığının, səbəbli əlaqənin təyin edilməsində insanın immunçatışmazlığı virusu ilə yoluxmanı, eləcə də həmin virusun törətdiyi xəstəliyi nəzərə almışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı barəsində verilmiş 21 may 2021-ci il tarixli, 12995 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”də “insanın immun çatışmamazlığı virusu ilə yoluxma” diaqnozu ilə olan xəstəliyin səbəbli əlaqəsinin dəyişdirilərək “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə göstərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı barəsində verilmiş 21 may 2021-ci il tarixli, 12995 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”də göstərilən xəstəliyin səbəbli əlaqəsinin dəyişdirilərək “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi göstərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar