Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1809/2023 15.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X7 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil Polad oğlunun və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhər ZDŞ İK-nin xx.xx.1959-cu il tarixli 30 saylı qərarı ilə ayrılmış 600 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, X9 qəsəbəsində yerləşən 600 kv m torpaq sahəsi üzərində mərhum atası X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsini Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçıların nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər ZDŞ İK-nin xx.xx.1959-cu il tarixli 30 saylı qərarı ilə ayrılmış 600 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, X9 qəsəbəsində yerləşən 600 kv metr torpaq sahəsi iddiaçıların mərhum ataları X4 məxsus olmuşdur. Belə ki, onlar uşaqlıq dövrlərindən bəri həmin torpaq sahəsinin ailələrinin istifadəsində olduğunu görmüşlər. Torpaq sahəsinə dair mərhum ataları X5 Azərbaycan SSRİ vaxtından müxtəlif vergi və digər ödənişləri etmişdir. Onun vəfatından sonra da iddiaçılar bu günə qədər bələdiyyəyə torpaq vergisi ödəyirlər. Mərhum ataları X5 xx.xx.2003-cü ildə, mərhum anaları X6 isə xx.xx.2009cu il tarixdə vəfat etmişdir. Onlar torpaq sahəsinə dair rəsmi sənədləri əldə etmək üçün Arxiv İdarəsinə müraciət etmişlər. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filalının 842 nömrəli xx.xx.2022-ci il tarixli arxiv çıxarışında qeyd olunur ki, Sumqayıt şəhər zəhmətkeşləri deputatlarının Şurasının icraiyyə Komitəsinin iclasının xx.xx.1959-cu il tarixli, 30 saylı protokolu ilə, Nasosnu qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün mərhum ataları X1 600 kv m ölçüsündə torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə bitişik digər 1900 kv m torpaq sahəsi də mərhum babaları X8 məxsus olmuşdur. Buna dair də arxiv çıxarışı da var və hər iki torpaq sahəsinin birlikdə (bitişik) plan ölçüsü də mövcuddur. Onlar mərhum atalarına məxsus olmuş 600 kv m torpaq sahəsinin plan ölçüsünün yenidən çəkilməsi ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinə müraciət etdikdə cavab olaraq rəsmi qaydada bildirilmişdir ki, vərəsəlik məsələləri həll edildikdən sonra məsələyə yenidən baxılacaqdır. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, ərizəyə üzərində hüquqlar dövlət qeydiyyatına alınması nəzərdə tutulan torpaq sahəsinin yerləşmə mövqeyini əks etdirən müvafiq texniki sənəd əlavə olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü sənədi əlavə olunmalıdır. Eləcə də, Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən sözügedən əmlaka müayinə baxışı keçirilən zaman 0,0728 ha zəbt torpaq sahəsinin olduğu müəyyən edilmişdir. İş materiallarında olan: -Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 842 saylı arxiv arayışdan görünür ki, Sumqayıt Zəhmətkeşləri Deputatlarının Şurasının iK_nin xx.xx.1959cu il tarixli 30 saylı protokolu ilə fərdi yaşayış evinin tikintisi üçün Nasosnı qəsəbəsində 600 kvm torpaq sahəsi X4 ayrılmışdır. -Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 843 saylı arxiv arayışdan görünür ki, Nasosnı qəsəbəsi XDS İK-nin 13 nömrəli xx.xx.1988-ci il tarixli protokolundan çıxarışdan görünür ki, Balıq zavodu, 1955 kv m torpaq sahəsində yerləşən yaşayış sahəsi 15.6 kv m olan yaşayış evi X4 məxsusdur. - AZ-İ № 065486 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2003-cü ildə vəfat etmişdir. -Məhkəmənin sorğusuna əsasən DƏDKR 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş cavab məktubundan görünür ki,daşınmaz əmlkaın yerində baxış zamanı tərtib olunmuş müayinə aktının surəti məhkəməyə təqdim olunmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlaını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması barədə) müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 3-cü bəndinə əsasən torpaq sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Göstərilən Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun : Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. [3] 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar... Maddə 9-1.1. Daşınmaz əmlaka sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər (o cümlədən müqavilə, ər-arvadın ümumi əmlakdakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə, qanun və ya vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi, bölgü planı, nisyə alqı-satqı müqaviləsi üzrə son ödəniş barədə bildiriş və s.) əsasında hüquqlarının “bir pəncərə” prinsipi əsasında dövlət qeydiyyatı aşağıdakıları nəzərdə tutur: 9-1.1.1. informasiya sistemində avtomatlaşdırılmış qaydada əks olunan hüquqların dövlət qeydiyyatı barədə elektron sənədlərdən notarius tərəfindən istifadə edilməsi; 9-1.1.2. hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin elektron nüsxələrinin notarius tərəfindən informasiya sistemləri vasitəsilə ötürülməsi; 9-1.1.3. hüquqların dövlət qeydiyyatı üçün tələb olunan ödənişlərin notarius tərəfindən aidiyyəti üzrə köçürülməsi. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.1-1. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9-1-ci maddəsinin tələbləri tətbiq olunur. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Cavabdeh onzibati orqanın təqdim etdiyi müayinə aktından görünür ki, mübahisəli torpaq sahəsi yerində 0.1328 ha təşkil edir, üzərində bir mərtəbəli fərdi yaşayış evi vardır. Torpaq sahəsinin yerləşməsini təsdiq edən hər hansı sənəd təqdim olunmamışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər ZDŞ İK-nin xx.xx.1959-cu i8l tarixli 30 saylı protokol qərarı ilə iddiaçıların mərhum atasına 600 kv m torpaq sahəsi ayrılmışdır. Lakin həmin torpaq sahəsinin məhz onların istifadəsində olan torpaq sahəsi olması, faktiki olaraq ayrılmış torpaq sahəsini harada yerləşməsini, yəni onun döngə nöqtələrinin koordinatları, dəqiq yerləşmə planı, planöcizgisi barədə sənəd nə iddiaçıların atasına, nə də arxivə təhvil verilməmişdir. Məhkəmə hesab edir ki, torpaq sahəsinin mövcudluğunu müəyyən etmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edənə sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və s.əks olinmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıların idida tələbinin qanuni əsasları müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 69, 70, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1809/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1809/2023
15.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver