Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-181/2022 11.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin 11 saylı regional ərazi filialına qarşı iddia qaldıraraq cavabdehin 01 iyul 2021-ci il tarixdə **********8 saylı imtinasının əsassız hesab olunması və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz edilməsini və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 11 yanvar 2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin 11 saylı regional ərazi filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının 65 yaşı var. Yaşa görə əmək pensiyası almaq üçün sənədlərini DSMF-nin 11 saylı Regional Ərazi İdarəsnə təqdim etmişdir. Ərazi idarəsi ərizəsinə baxılmaq üçün DSMF-nin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına göndərmişdir. 01 iyul 2021-ci il tarixdə **********8 saylı imtina və əmək kitabçasında öz əksini tapan sığorta stajı cəmi 13 il 7 aydır. Bu da qanunda nəzərdə tutulduğundan az olduğuna görə ona pensiya təyin olunmasından imtina olunur. Hesab edir ki, DSMF-nin 11 saylı Regional Ərazi idarəsinin ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina etməsi əsassızdır. Belə ki, o, xx.xx.1956-cı il tarixdə Ağsu rayonu Qarabağlı kəndində anadan olmuşdur. 24 may 1971-ci ildə S.Ə.Şirvani adına sovxozda işə qəbul olunmuş, 4 il orada işləmiş və sonra hərbi xidmətə çağrılmışdır. 1975-ci ordu sıralarına çağrılmış və 1977-ci ildə hərbi xidmət başa çatdıqdan sonra yenidən həmin sovxozda işə qəbul olunmuşdur. Mərkəzin verdiyi imtinadan görünür ki, onun Mərkəz tərəfindən qəbul edilən sığorta stajı 13 il 7 aydır. Yəni, yaşa görə ona əmək pensiyası təyin edilməsi üçün 11 il 5 ay sığorta stajı çatmır. Lakin bu staj hesablanarkən onun 1992-1997-ci illərdə Şamaxı rayon Maddi texniki təchizat və mexanikləşdirmə müəssisəsində işlədiyi illər, S.Ə.Şirvani adına üzüm istehsalı və emalı müəssisəsində işlədiyi 1997-1999-cü illər, S.Ə.Şirvani sovxozu, H.Aslanon kolxozunda, Saatlı rayonu “Ulduz” kolxozunda işlədiyi dövrlər pensiyasına hesablanmamışdır. Amma o həmin illərdə işləmişdir. Sənədləri arxivə təhvil verilməmişsə bunda onun bir günahı yoxdur. Onun hesabına sığorta haqqları köçürülmüşdür. Bu illər də hesablanacağı təqdirdə onun 27 il sığorta stajı olmalıdır. Bu da ona pensiya təyin olunmasına tam əsas verir. İş üzrə keçirilmiş şifahi məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı 03.06.2021-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin olunması tələbi ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqanın 13.07.2021-ci il tarixli qərarı ilə vətəndaşın müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası qismində ərizəçinin 13 il 07 ay sosial sığorta stajının mövcud olması və qanunvericiliklə müəyyən olunmuş minimum pensiya məbləğində pensiya təminatına imkan verən pensiya kapitalının olmamasıdır. Vətəndaşın işlədiyini iddia etdiyi 1992-1997, 1997-1999-cu illər üzrə dövlət sosial sığorta stajına daxil edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. 01.07.2021-ci il tarixdən kişilər üçün yaşa görə əmək pensiyasının təminatına imkan verən yaş həddi 65 yaş müəyyənləşdirilmişdir. Belə ki, vətəndaş cavabdehə müraciəti tarixində qanunvericiliklə tələb olunan müvafiq yaş həddinə çatmışdır. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyaların təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.2.7-ci maddəsinə əsasən “pensiya (pensiya, sosial yardımvə müavinətlər” sektorunun əməkdaşı (müvafiq sahə üzrə ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 01 yanvar 2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir.” Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X8 Şamaxı rayon Regional ASAN Xidmət Mərkəzinə ünvanlanmış 17 may 2021-ci il tarixli məktubunun mətni aşağıdakı məzmunda qeyd olunmuşdur: “X1 sorğusu ilə əlaqədar bildiririk ki, X10 filialında saxlanılan Şamaxı rayon S.Ə.Şirvani adına Üzüm İstehsalı və Emalı Müəssisəsinin 1997-1999-cu illər üzrə, Şamaxı rayon Maddi-texniki Təchizat və X3 1992-1997-ci llər üzrə sənədlərinə baxış keçirildi və vətəndaş haqqında məlumat aşkar edilmədi.” Yuxarıda qeyd edilənlərdən aydın olur ki, iddiaçının sözügedən illərdə mübahisələndirilən müəssisələrdə işləməsinə dair iddiası mötəbər sübutlarla təkzib olunur, əsassızdır. Belə ki, sosial sığorta stajının kifayət etməməsi səbəbindən vətəndaşa yaşa görə əmək pensiyasının təyinatından imtina etməklə cavabdeh inzibati orqan qanunvericilik hədlərində davranmışdır. İş üzrə keçirilmiş şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: - AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 01 iyul 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X8 29 iyun 2020-ci il tarixli 37 saylı arxiv çıxarışından görünür ki, İddiaçı S.Ə.Şirvani adına sovxozun 64 saylı, 24 may 1971-ci il tarixli əmri ilə Şamaxı rayonu 24 may 1971-ci il tarixdən sovxoza fəhlə qəbul edilmiş, 53 saylı, 17 aprel 1975-ci il tarixli əmrlə işdən azad edilmiş, həmin sovxozun 111 saylı, 07 sentyabr 1977-ci il tarixli əmri ilə sovxoza fəhlə qəbul edilmiş, 149 saylı, 27 noyabr 1978-ci il tarixli əmri ilə işdən azad edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Arxivinin Şirvan filialının 222 saylı, 24 may 2021-ci il tarixli arxiv arayışında İddiaçı Əsədulla oğlunun ARDA Şirvan filialında mühafizə olunan Saatlı rayon “Ulduz” kolxozunun 1988-1989-cu illərə aid kolxoz üzvlərinin hesablaşma kitabında 1988-ci ildə 226, 1989-cu ildə 115 adam günü işlədiyi qeyd edilmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Ağsu rayon İcra Hakimiyyəti Ağsu rayon Dövlət Arxivinin 30 mart 2021-ci il tarixli 24 saylı arxiv arayışında İddiaçı Əsədulla oğlunun 1990-1991-ci illərdə S.Ə.Şirvani və H.Aslanov adına sovxozun fermasında işləyərkən aldığı əmək haqlarının aylar üzrə məbləğləri qeyd olunmuşdur. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X8 37 saylı, 29 iyun 2020-ci il tarixli arxiv arayışında iddiaçının 1971-1975-ci illərdə Şamaxı rayonunun Mirikənd kəndi S.Ə.Şirvani adına sovxozda, 1977-1978-ci illərdə Şamaxı rayonu S.M.D-də işlədiyi qeyd olunmuş və onun həmin dövrlərdə aldığı əmək haqqlarının miqdarı göstərilmişdir. - S.Ə.Şirvani adına Üzüm İstehsalı və Emalı müssisəsinin yerli aqrar islahat komissiyasının sədri tərəfindən tərtib edilmiş 10 yanvar 1997-ci il tarixli protokolda İddiaçı Əsədulla oğluna 1997-1999-cu illərdə hesablanmış əmək haqqlarının aylar üzrə məbləği qeyd edilmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X8 17 may 2021-ci il tarixli arxiv arayışında İddiaçı Əsədulla oğlunun 1992-1997-ci illərdə Şamaxı rayonunun Madditexniki təchizat və Mexanikləşdirilmiş İstehsalat birliyində işlədiyi, həmin illər üzrə aldığı əmək haqlarının aylar üzrə məbləği qeyd olunmuşdur. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X8 Şamaxı Regional ASAN Xidmət Mərkəzinə ünvanladığı 17 may 2021-ci il tarixli məktubunda İddiaçı X10 filialında saxlanılan, Şamaxı rayon S.Ə.Şirvani adına üzüm istehsalı və emalı müəssisəsinin 1997- 1999-cu və Şamaxı rayon Mexanikləşdirmə müəssisəsinin sənədləri tam təhvil verilmədiyi üçün sorğunu tam cavablandıra bilmədiklərini qeyd etmişlər. - İddiaçıya məxsus ******* saylı hərbi biletdə İddiaçı Əsədulla oğlunun 08 may 1975ci ildən 11 may 1977-ci ilədək hərbi xidmətdə olmuşdur. - İddiaçıya məxsus əmək kitabçasında onun 19.11.1978-ci ildən 03.12.1980-ci ilədək, 05.12.1980-ci ildən 13.11.1982-ci ilədək, 05.05.1982-ci ildən 24.03.1987-ci ilədək, 14.01.1988-ci ildən 02.10.1989-cu ilədək, 20.03.1990-cı ildən 26.04.1991-ci ilədək, 05.05.1992-ci ildən 19.03.1993-cü ilədək, 01.04.1993-cü ildən 02.01.1997-ci ilədək,10.01.1997-ci ildən 20.12.1999-cu ilədək işlədiyi qeyd edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddia öhdəliyin icrası haqqında iddia növünə daxil olmaqla iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsini istəyir. Cavabdeh iddiaçının 25 il sosial sığorta stajına malik olmamasını əsas gətirərək ona pensiya təyin edilməsindən imtina edir. Eyni zamanda 24 may 1971-ci ildən 17 aprel 1975-ci ilədək, 07 sentyabr 1977-ci ildən 27 noyabr 1978-ci il tarixə kimi S.Ə.Şirvani adına sovxozda işlədiyi dövrlər və Azərbaycan Respublikası Dövlət Arxivinin Şamaxı filialının 17.05.2021-ci il tarixli arayışında qeyd olunan 1997-1999-cu illərdə S.Ə.Şirvani adına üzüm istehsalı və emalı müəssisəsində, 1992-1997-ci illərdə Maddi texniki təchizat və mexanikləşdirmə istehsalat birliyində işlədiyi dövrlər sosial sığorta stajı kimi nəzərə alınmamışdır. İddiaçının əmək kitabçasında qeyd olunan dövrlərlə bağlı hər hansı bir mübahisə yoxdur. Məhkəmə hesab edir ki, cavabdehin yuxarıda qeyd olunanları əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»yə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Yuxarıda istinad olunan normalardan göründüyü kimi, iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik əmək stajının əmək kitabçası ilə yanaşı digər sənədlərə əsasən müəyyən edilməsi qaydasını da təsbit etmişdir. İddiaçının işləmiş olduğu dövrdə qüvvədə olmuş hüquq normalarına görə, arxiv müəssisələri tərəfindən verilmiş arayışlar iş stajının müəyyən edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. İstinad edilən hüquq normalarının məzmunundan da göründüyü kimi, əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin tələb olunması nəzərdə tutulmuşdur. Həmçinin yuxarıda qeyd edilən arxiv arayışlarında iddiaçının işlədiyi dövrlərdə əmək haqqı aldığı qeyd edilmişdir ki, buda iddiaçının həmin dövrlər də ödənilən əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiq edir. Cavabdehlə iddiaçı arasında ona məxsus əmək kitabçasında qeyd olunan iş stajı ilə bağlı hər hansı bir mübahisə mövcud deyildir. Məhkəmə cavabdehin “X10 filialında saxlanılan Şamaxı rayon S.Ə.Şirvani adına Üzüm İstehsalı və Emalı Müəssisəsinin 1997-1999-cu illər üzrə, Şamaxı rayon Madditexniki Təchizat və X3 1992-1997-ci llər üzrə sənədlərinə baxış keçirilməsi və vətəndaş haqqında məlumat aşkar edilməməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X8 Şamaxı Regional ASAN Xidmət Mərkəzinə ünvanladığı 17 may 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı X10 filialında saxlanılan, Şamaxı rayon S.Ə.Şirvani adına üzüm istehsalı və emalı müəssisəsinin 1997-1999-cu və Şamaxı rayon Mexanikləşdirmə müəssisəsinin sənədləri tam təhvil verilmədiyi üçün sorğunu tam cavablandıra bilmədiklərini qeyd etmişlər. Şamaxı rayon S.Ə.Şirvani adına üzüm istehsalı və emalı müəssisəsinin 1997-1999cu və Şamaxı rayon Mexanikləşdirmə müəssisəsinin sənədlərinin qeyd olunan dövrlərdə arxivə tam olaraq təhvil verilməməsi cavabdeh inzibati orqan tərəfindən iddiaçının təqsiri kimi qəbul oluna bilməz və iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Beləliklə qeyd olunan iddiaçıya məxsus əmək kitabçasındakı iş stajı ilə yanaşı, onun arxiv arayışlarında qeyd edilən dövrlər də nəzərə alındıqda iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sosial sığorta stajı mövcud olur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-181/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-181/2022
11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver